Birinci hissə, 2. Zabil
İtib-eləməmişdim. Ortancıl qardaşımla kənddəydik. Anam da Qənbərlidən Cinliyə gəlmişdi. Biz kənddə qalıb həm həyət-bacaya göz olur, həm də heyvan saxlayırdıq. Kənddə yalnız kişilər qalmışdı. Hamı ailəsindəki arvad-uşağı Qənbərliyə, ya da Çulluya aparmışdı. Anam da Qənbərlidə əmimgildə qalırdı. Ara sakitləşəndə gəlib evə baş çəkir, yır-yığış edir, yemək hazırlayır, bostan belləyir, inək sağır, həyətdəki meyvələrdən mürəbbə bişirir, axşam düşəndə geri qayıdırdı.
Gün əyilmişdi. Atam kənddə deyildi. Heyvanları örüşdən mən gətirəcəkdim. Qardaşım anamı kəndin ayağından Qənbərliyə ötürüb geri qayıtmalı, mal-qaranı yerbəyer etməliydi. Uzaqdan atışma səsi gəlirdi. Biz bu səslərə öyrəşmişdik. Xoşbəxtlikdən Fərrux dağı kəndimizi mərmidən qoruyurdu. Fərrux sıx meşələrə bürünmüş yamyaşıl bir dağ idi. Böyük qardaşım bu dağ uğrunda gedən döyüşlərdə iştirak eləmişdi. Əgər o və dostları olmasaydı, Cinlini çoxdan alardılar.
Deyilənə görə, böyük qardaşıma güllə dəymirdi. Səngərdən çıxıb düşmənin üstünə yeriyir, düşmən nə qədər atəş açır, onu vura bilmir, axırda silahını qoyub qaçmağa məcbur olurdu. Fərrux dağını da düşməndən beləcə almışdı. Gözünü qırpmadan... Düz üstlərinə gedə-gedə...
O, indi Abdal tərəfdə vuruşurdu. Anam onun üçün dua edir, bəzən gizli-gizli ağlayırdı. Axırıncı gün atışma səslərini eşidəndə də çoxlu dua etdi, əllərini göyə açıb Allaha yalvardı. Anam dua edəndə üzünü Yeddixırman dağına tuturdu. Yeddixırman qiblə tərəfdəydi.
Qardaşım anamı kəndin ayağından Qənbərliyə tərəf keçirib geri qayıtmamış həyətimizə yad adamların doluşduğunu gördüm. Evimizi zəncirvari mühasirəyə alan qara paltarlıları əvvəl öz əsgərlərimiz sandım. Uşaq idim. On bir yaşım vardı. Yaxşı ki, onlara tərəf çıxmamışam. Hava qaraldığından məni görmədilər. Qaçıb bağımızdakı ağacların arxasında gizləndim. Asta addımlarla lap yaxınımdan keçdilər. Avtomatları evimizin qapısına, pəncərəsinə, tövləmizin dəhlizinə tuşlamışdılar. Birdən od yağdırmağa başladılar. Mən silahın bu qədər güclü səs çıxardığını ilk dəfə görürdüm. İçim şüşə qab kimi çilikləndi, qulaqlarım uğuldadı. Həyətimiz alovların içində görünmürdü. Səsdən evimizin pəncərələri titrəyir, güllə dəyən yerlərdən suvaq qopub tökülürdü. Qorxsam da, özümü itirmədim, ağacların arasından üzümlüyə keçib var gücümlə Xaçın çayına tərəf götürüldüm.
Tənəklərin arasıyla qaçırdım. Bir-iki dəfə ayağım ilişdi, yıxıldım. Buna heç yıxılmaq da demək olmazdı. Uçdum. Əl-ayağımın cızılmasına məhəl qoymadan tez ayağa qalxıb təzədən qaçmağa başladım. Qorxudan ağlaya bilmirdim. Dilim-dodağım qurumuşdu. Birdən arxadan addım səsləri eşitdim. Daha bərk qaçmağa başladım. Mən möhkəm qaçdıqca addım səsləri də artırdı: “Tap-tup! Tap-tup”. O səslərin mənə çatmaması üçün sürətimi getdikcə artırırdım.
Özümü sahildəki xəndəkdən çaya atanda “taptup”ların sinəmin altından gəldiyini anladım. Ürəyim heç vaxt belə bərkdən döyünməmişdi. Döş qəfəsimdə davul çalırdılar.
Suyun soyuqluğu məni ayıltdı, ölümdən xilas olduğumu anlayıb toxtadım. Az keçməmiş başqa bir təhlükəylə üzləşdim: çay məni aparırdı! Əl atıb nədənsə tutmağa çalışırdım və hər dəfə əlim boşa çıxırdı. Suyun axarıyla gedə-gedə bir-neçə dəfə çabaladım, ayağım yerə dəydi, başımı qaldırıb üz-gözümün suyunu sildim, dərindən nəfəs alar-almaz təzədən suya batdım. Çayın axarı məni aparıb nisbətən dayaz yerə çıxaranda hər iki ayağımı yerə dirəyib ayaq üstdə durmağa çalışdım. Alınmadı. Bu dəfə özümü axara buraxdım və ayağım yerə dəydikcə təkanla qarşı sahilə tərəf atılmağa başladım. Beş-altı həmlədən sonra su sinəmdən aşağı endi, ayağa durub bir az nəfəsimi dərdim və o taya çıxdım. Ürəyimin guppultusu səngiməmişdi.
Çayın bu sahili mənə yad gəlirdi. Hara gedəcəyimi bilmirdim. Qeyri-ixtiyari kəndimiz tərəfə baxdım, evlərə iki-bir, üç-bir od vurmuşdular. Yəqin, qardaşımı da öldürüb alovların içinə atmışdılar. Nə yaxşı anam tez çıxmışdı, yoxsa onu da vurardılar.
Xaçının sahilində in-cin gözə dəymirdi. Yiyəsizlik də bir yandan qorxudurdu məni. Qaranlığın sirli vahiməsinə baxa-baxa “Ay ana!” deyib pıçıldadım və çay aşağı ayağım tutduqca qaçdım.
Xaçının sağ sahilində yerləşən Qənbərli kəndini tanıyırdım, ancaq ora getməyə ürək eləmədim. Su anbarının yanından rayon mərkəzinə gedən yola tərəf irəlilədim. Mal-heyvanını qovalayan bir dəstə adamla rastlaşdım. Onlara Cinlidən Cahangir kişinin oğlu olduğumu, ermənilərdən qaçdığımı söylədim. Səsim özümə qəribə gəldi. Deyəsən, öz səsimi eşitmirdim. Adamların da ağzı yalandan açılıb-yumulur, səsləri çıxmırdı. Onlar mənim çaşdığımı görüb əl işarəsi ilə Çullunu göstərdilər. Mən oraları təxminən tanıyırdım və qohumların Çulluya getdiyini bilirdim.
Uzaqdan işıqları görünən Çullu təhlükəsiz yerdəydi. İti addımlarla işıqlara tərəf getdim. Yol qurtarmaq bilmirdi. Qaranəfəs olmuşdum. Çulluya getmək üçün anbarın altındakı körpüdən keçib yuxarı qalxmalıydım.
Kəndin girəcəyində qohumların doğma səsini, hayharayını eşidəndə sevindiyimdən ağladım və qışqıra-qışqıra onların üstünə qaçdım.
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-birinci-hisse-2-zabil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əvvəl yandım, sonra göynədim, axırda ağrıdım. Nəfəsim sinəmə tıxanıb qaldı. Aləm yavaş-yavaş qaraldı. Müharibənin alovları söndü, səsləri kəsildi, yalnız Murova tərəf dikələn, bir az da Yeddixırmana bənzəyən, bəlkə də, Yeddixırmanın özü olan qarşı dağın başında bir ovuc işıq qaldı. O işığı görən kimi tanıdım; mənim gümüşü işığım...
Dördüncü hissə, 57. QırğıBölüyün həyətindəki daşın üstündə oturan hərbi geyimli adama yaxınlaşdım. Üzünü çevirdi. Qaçıb əllərindən tutdum. Dedim, bilsəydim məni bu qədər gözləmisən, hospitaldan qaçıb gələrdim. Bağışla məni! Anlamamışam. Qarmonçalandan nə gözləyirsən?Bir də baxdım, nə bölük, nə həyət, nə daş? Evdəyəm, divanda uzanıb ağlayıram. Qəfil içəri girdi. Dedim, qapı arxadan bağlıdır, içəri necə keçdin? Güldü. Məni qucaqladı. Gözümün yaşını sildi. Onu köksümə sıxıb hönkürdüm. Birdən yoxa çıxdı. Əlimi sinəmə atdım. Yaş idi. Həyat yoldaşım mətbəxdən gəldi: “Sən kiminlə danışırdın? Sinən niyə yaşdır? Aman Allah! Qapının cəftəsini indicə vurmuşdum, kim açıb belə?”
Dördüncü hissə, 58. KomandirDağın başındakı gümüşü işıq yavaş-yavaş böyüyürdü. Deyəsən, mənə tərəf gəlirdi. Ürəyimin üstündəki şiddətli ağrıdan xilas olmaq üçün ona tərəf çırpınırdım. İşıq böyüyüb-böyüyüb nəhəng haləyə çevrildi. Ona doğru getmək istədim, ağırlaşmış bədənimi qaldıra bilmədim. Əlimi əlimdən, qolumu-qolumdan, ayağımı-ayağımdan sıyırıb çıxarmağa çalışdım. Bədənimdən sıyrılsam, canımı o ağrıdan qurtarardım.
Dördüncü hissə, 59. SevincO gecə yuxuda gördüm; Aqşinə öyrətdiyi kimi, mənə əl eləyib gülümsündü.Dərman atmışdım. Ağrılarını hiss eləmədim. Adam sevdiyinin ən ağır anında necə mışıl-mışıl yata bilər? Adam necə daş olar?
Başqa şairlərin şeirləri
Dindirməyin halı müşgül olmuşam,Fələk məni başdan salıb ayağa.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Məhəbbətin varsaBəyəndiyin yola sən yönəl etiqadla get,Xətər gəlməz adına,