Komandir doğru qərar vermişdi. Nə qədər bədənimizdə hey-hərəkət vardı, qayıtmalıydıq. Onun söylədiyinə görə, qarşıda uzun bir dərə, dik bir yoxuş vardı. Ən çətin və təhlükəli yer sayılan Canavar yalını aşsaq, bizim postlara çatardıq.

Tuneldən çıxıb dərə boyu asta-asta addımladıq. Etirazımıza baxmayaraq, öndə komandir gedirdi. Əslində, içimin dərinliklərində buna razıydım. Komandirin öndə olması daha ürəkli hərəkət etməyimizə imkan yaradırdı.

Yol narahat... Biz yorğun... Üstəlik ac...

Komandirin arxasınca gedən Gizir Səfərovun qaraltısı ayı kimi sağa-sola aşırdı, elə bil ayaqlının altında yumru nəsə vardı. Arada daşların dibindən yeyilən, bəzən yeyilməyən otlar qoparıb ağzına atırdı:

“Kaş çinli olaydıq.”

“Elə niyə?”

“Əlimizə keçəni yeyərdik.”

“Ac qalsaq yeyərik.”

“Köpəkuşağı xoşa-xoşluqla ilan-qurbağa yeyirlər! Adam deyillər, vallah!”

Ayaqlarımın göynərtisindən bilirdim ki, dərim soyulub, corablarıma yapışıb. Batinkanı çıxarsam, bəl-kə, içindən qan süzülərdi. Dizim bükülürdü. Mən beləydimsə, demək, hamının gücü tükənmişdi. Bircə komandir şux yeriyirdi.

Əsgər Mazanov bir dəfə yıxıldı. Bu, təsadüf deyildisə, pis əlamət sayılırdı. Ağsaqqal hələm-hələm dizini yerə qoymazdı.

Canavar yalına millənəndə vəziyyət daha da qəlizləşdi. Həm havamız çatmır, həm də hərəkət etdiyimiz yer daha da sərtləşirdi. Qaya, daş, tikan, qumsal - qaya, daş, tikan, qumsal - qaya, daş, tikan, qumsal... Üstəlik zil qaranlıq! Bəzən addım atanda ayağımız altımızdan çıxır, qeyriiradi qışqırmaq istəyirdik. Sürüşüb hara düşəcəyimizi bilmirdik. Qayadan, yarğandan, qumsaldan uçub getmək təhlükəsi vardı. Adam yorğun olanda çox səs-küy salır. Komandır bunu hiss edib dəstəni saxladı, geri qayıtdı, hamıya bir-bir yaxınlaşıb xəbərdarlıq etdi. Biz dözüb səs-küy salmadan bir az da getsək, düşmən postlarının qənşərindəki təhlükəli ərazini adlayardıq.

Əsgər Rəfiyev iki-üç dəfə yıxılıb yerindəcə qaldı. Hər dəfə özümü yetirib qaldırdım. Son dəfə yıxılanda qalxmaq istəmədi:

“Mən bitdim, məni burda qoyub gedin.”

Dərindən nəfəs ala-ala əlavə etdi:

“Narahat olmayın, siz çıxıb gedəndən sonra özümü vuracam, əsir düşməyəcəm.”

“Axmaq, nə danışırsan?” - az qala şillələyəcəkdim.

Komandir geri qayıtdı. Uşaqlara dayanmamaq əmri verilmişdi. Dağın başında görüşəcəkdik. Lakin mən getmək istəmədim. Komandir israr edincə bir az aralanıb onları gözlədim. Gizir Səfərov da getməmişdi.

Komandir Rəfiyevə ürək-dirək verirdi:

“Olan şeydir. Bir az dincini al, hərəkət edəcəksən. Hamımız yorulmuşuq.”

“Yox, komandir, yorğunluqdan deyil, ürəyim üzülür. Gedə bilməyəcəm.”

“Gedəcəksən. Qorxma. Dərindən nəfəs al. Həyəcanlanma. Lap az qalıb.”

“Az qalmayıb. Məni aldadırsınız.”

“Nədən bilirsən az qalmayıb?”

“Hiss edirəm. Hələ yolu yarılamamışıq. Dağın başı,

Allah bilir, hardadır. Siz gedin. Mən ayağa qalxa bilsəm, gələcəm.”

Komandir Əsgər Rəfiyevlə çox əlləşdi, birtəhər ayağa qaldırıb on-on beş addım gətirdi. Rəfiyevin dizləri altında durmurdu. Komandir qolunu buraxsa, yıxılacaqdı. Birdən Gizir Səfərov qaça-qaça Rəfiyevə yanaşdı, başını paçasına salıb qaldırdı və yoxuş yuxarı qaçmağa başladı. Bu, inanılmaz idi!

Arxalarınca gedib Gizir Səfərovun üzüqoylu düşdüyünü, Rəfiyevin onun boynuna mindiyini gördük. Səfərov elə dərindən və tez-tez nəfəs alırdı ki, Rəfiyevi çiynində qaldırıb-yendirirdi. O halıyla zarafatından qalmırdı:

“Gərək səni Dəmirçidamda qoyaydıq. Gələn dəfə gələndə aparardıq.”

Rəfiyev dinmirdi. Onun danışmağa da taqəti qalmamışdı. Komandirlə Rəfiyevin qollarından yapışdıq. Gizir Səfərov ayağa qalxdı. Az qala bizi də özüylə qaldıracaqdı. Rəfiyev çiynində yoluna davam elədi. Biz yanlarınca gedirdik.

“Söz ver ki, nə desəm, edəcəksən, yoxsa səni aparmaram.” - Səfərov deyirdi.

“Aparma. Vaapşe danışdırma məni.” - Rəfiyev bir az toxtamışdı.

Üzüyuxarı daha da dikləşən daşlıqda Gizir Səfərov dizlərini yerə qoydu, Rəfiyevi çiynindən düşürdü və uzandı. Mən ömrüm boyu belə nəfəs alan adam görməmişdim. Sinəsi az qala partlayacaqdı:

“Komandir, dağın başına az qalıb, hərəmizə bir güllə vurun, çıxın gedin.” - nəfəs-nəfəsə qalmışdı - “Mən qocalmışam, bu da ki, əvvəldən bir işə yaramır.”

“Lazım olsa, onu da edərik, narahat olma” - komandirin cavabı gözlənilməz olsa da, soyuqqanlı və təmkinli danışmağı xoşuma gəldi, Gizir Səfərov şirin-şirin güldü. Onun alov kimi püskürən nəfəsi qaranlığı yavaş-yavaş qovurdu. Üfüq ağarmağa başlamışdı. İlk dəfəydi səhərin açılması mənə bu qədər pis təsir edirdi. Bircə saat yubansaydı...

Uşaqlar bizdən xeyli aralanmış, təhlükəli ərazidən keçib getmişdilər. Komandirin təkidinə baxmayaraq, onları tərk eləmək istəmirdim. Ancaq o, üzünü bozartdı:

“Sənə əmr edirəm, Çavuş Əsədov! Təcili kəşfiyyat qrupunun yanına qalx və onları bizim posta qaldır!”

Dinməz-söyləməz aralandım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, 37. Kapitan Rəşidov

Qızıl dağlarındakı əməliyyatın belə tez və bu qədər uğurlu alınacağını gözləmirdim. Kiçik leytenant Orucov yenə xarüqə yaratmışdı.Ermənilər hərbçilərin deyil, fəhlələri gətirən maşının minaya düşdüyü haqqında xəbər yaydılar. Özü də hadisə Kəlbəcər ərazisində deyil, Zod tərəfdə olubmuş. Yəni bizimkilər dövlət sərhədini pozaraq müharibədə guya iştirak etməyən Ermənistanın ərazisinə müdaxilə edib, dinc sakinləri öldürübmüşlər. Lakin biz kəşfiyyat məlumatlarına əsasən dəqiq bilirdik ki, fəhlələr ora saat 8-dən tez gəlmirlər. Hərbçilər onlardan əvvəl gəlib, yolu və qızıl mədənlərini qoruyan gözətçi məntəqələrini gecə növbəsindən təhvil alırlar.

20183 dəq
Dördüncü hissə, 1. Kapitan Rəşidov

Bölüyə gedəndə bütün hazırlıqlar görülmüşdü. Orucov seçdiyi uşaqların içərisində köhnələrdən Gizir Əsədov, Çavuş Rəfiyev, Çavuş Hüseynov və Əsgər Şabanov vardı. Məncə, qrup yaxşı seçilmişdi. Briqadanın kəşfiyyat xidmətinə tabe olan digər taqımlardan əsgər gətirməyə ehtiyac qalmırdı.Kəşfiyyat qrupunun uşaqları ilə əməliyyatı bir daha müzakirə edib, tapşırıqlarımı verdim. Axırda Karta Sabirdən Lev çayının sahilində qoyduğu səliqəsiz nöqtələrin mənasını soruşdum. Aydın bir cavab vermədi. Əvəzində xəritəni ən incə detallarınacan gözdən keçirən kəşfiyyatçılara baxıb güldü:

20181 dəq
Dördüncü hissə, 2. Komandir

“Cabir postu” haqqında Murovda kədərli bir əhvalat dolaşırdı. Deyilənə görə, Cabir adında komandir əsgərləriylə postdaymış. Əsgərlər çimmək üçün icazə istəyirlər, o da səhvən hamısını birdən yola salır. Komandirin tək qaldığını görən düşmən hücuma keçir. Cabir təkbaşına postu axıracan qoruyur, ağır yaralansa da, mövqeyini tərk etmir. Bizimkilər özlərini çatdırıb düşməni geri oturdanda Cabirin səngərdə həlak olduğunu görürlər.Hər dəfə o posta qalxanda Cabirin düşdüyü vəziyyəti düşünür, düşmənin hardan, necə gəldiyini xəyalımda canlandırır, özümü, əsgərlərimi qəhrəman komandirin yerinə qoymağa çalışırdım. Oxşar vəziyyətə düşsək, biz də axıracan vuruşardıqmı? Vuruşardıq. Buna əminəm.

20181 dəq
Dördüncü hissə, 3. Qırğı

Səhər saat 5 radələrində ön xətti təmizləmək üçün çıxan iki sapyor təxminən bir saatdan sonra geri qayıtdı. Onlar minaaxtaran nizələr əllərində Kapitan Rəşidovun qarşısında fağır-fağır dayandılar:“Ön xətt açıqdır, gedə bilərsiniz!”

20181 dəq

Başqa şairlərin şeirləri