Yoldaşa sevgini başa düşürəm, lakin əmr də əmrdir! Hərə öz başıyla hərəkət eləsə, aləm qarışar. Gizir Səfərovda da, Çavuş Əsədovda da, arada sevimli Ağsaqqalımız Əsgər Mazanovda da belə saymazlıq olurdu. Murova gələn gündən məndən yaşca böyük əsgərlərlə problem yaşayırdım. Nə qədər qoçaq olsalar da, qayda-qanunu başa düşmürdülər. “Döyüşçü “ustav” hərləmir” deyə yanlış bir qənaətləri vardı. İndən belə xasiyyətlərini dəyişəsi deyildilər. Amma yenə də, yenə də məni eşitməliydilər. Mən bu adamların hər biri üçün cavabdeh idim. Başlarına bir iş gəlsə, özümü bağışlamazdım.

Qırğı gedəndə yüküm bir az azaldı. İndi qalırdı Gizir Səfərovla köməkləşib Rəfiyevi təhlükəli zonadan çıxarmaq. Səfərovsa özünü taqətdən salmışdı, yeriyə bilmirdi. Tərs kimi hava ağaranda düşmən postunun qarşısında olduğumuzu gördüm. Düzdür, onlar bir az aşağıda idilər, bizi görə, görsələr də, rahat nişan ala bilməzdilər. Lakin qalxıb növbəti yamacı aşmaq istəsək, hardasa otuz-qırx metr açıq nişangaha çıxacaqdıq.

“Yaxınlıqda düşmən postu var, səssiz və hərəkətsiz olun!”

Beş dəqiqədə bir qarış məsafə qət etmək şərtiylə tədricən irəli çıxıb ətrafı müşahidə etdim. Bizi görə, hiss etdirmədən ardımızca gələ bilərdilər. Bircə təsəllim vardı: qalxdığımız Canavar yalı bizim nəzarətimizdəydi. Uşaqlara lazımı təlimatı vermişdim. Onlar posta çatıb kömək göndərəcəkdilər.

Açıq ərazini səkkiz yaza-yaza sürətlə keçmək olardı, lakin buna nə Səfərovun, nə Rəfiyevin taqəti çatardı.

Səfərovdan gedə bilib-bilməyəcəyini soruşdum. Cavabı bu oldu:

“Bəs İrəfiyev?”

“Sən öndə, mən arxada, onu müşayiət edərik, keçər.”

Razılaşdı. Yerindən qalxıb addımladı. O, demək olar, son qüvvəsini xərcləyirdi. Atəş nöqtəsini keçdi, lakin onu gördülər. İlk güllənin açılması ilə Gizir Səfərovun daşın arxasına yatması bir oldu. Başını azca çıxarıb cavab atəşi açdı. Bu vaxt postdan bir neçə adamın dərəyə qaçdığını gördüm. Çox deyildilər. Lap on nəfər gəlsəydi, dərslərini verəcəkdim.

Polkovnik Nəbiyevin qulağından iraq, atəşkəs pozulmuşdu.

Aclığın və yorğunluğun əldən saldığı Rəfiyev başını qucaqlayıb çığırırdı. Əslində, o, Gizir Səfərovun dediyi qədər qorxaq deyildi, sadəcə, bu dəfə belə alınmışdı.

Öz-özümə hesabladım: iki maqazin məndə, ikisi Rəfiyevdə, üstəlik hərəmizdə bir qumbara. Azı bir saat müdafiə oluna bilərik. Gizir Səfərov da tutduğu əlverişli mövqedən bizi qoruyar.

Postdan davamlı güllələr yağdıran pulemyotçunun durduğu yeri nişan alıb beş-altı güllə atdım. O, bir neçə dəqiqə susdu. Demək, hava məsafəsi elə də uzaq deyildi. Biz Gizir Səfərovla eyni vaxtda postu güllə yağışına tutsaq, Rəfiyev qaçıb gedə bilərdi. Əgər bacarsaydı...

“Rəfiyev, özünü cəmləyib Səfərovun yanına aşa bilərsən?”

“Yo-o-x!”

Səsinin titrəməsindən vəziyyəti anladım. Səfərov yuxarıdan qışqırdı:

“Komandir, sən məni müdafiə elə, Rəfiyevi cıxardım.”

“Öküzlük eləmə! Sənin gəlib-qayıtmağındansa, mənim bir istiqamətə hərəkətim daha doğrudur.”

“Səni riskə ata bilmərəm!”

“...”

“Rəfiyev ətlik danalar kimidir. Ağırdır.”

İki daşın arasında zarafatından qalmırdı. Amma bu dəfə bizə ruh vermək üçün candərdi danışırdı. Rəfiyevin səsi də eşidildi arada:

“Görürlər danaya kim oxşayır...”

Haqlıydı. Gizir Səfərov danaya daha çox oxşayırdı.

“Qırğı” gələcək!” - düşmən postuna daha üç güllə göndərib dedim.

“Onda o qeyrət nə gəzir!” - Gizir Səfərov da üç güllə atdı. Bizimlə bir yerdə silahlarımız da söhbətləşirdi. Növbəti güllələr sağ cinahımızdan, düşmən postunun daha rahat göründüyü yerdən açıldı. Təkcə Qırğı yox, Ağsaqqal da qayıtmışdı.

“Gülləyə qənaət edin!” - Qırğı ilə Ağsaqqalın dayanmadan atəş açdığını görüb qışqırdım, ancaq məni eşitmədilər. Bir də baxdım, Gizir Səfərov bizə tərəf qaçır.

“Avara! Hara gəlirsən?!” - pulemyot yerləşən nöqtəni güllə yağışına tutdum. Bircə pulemyotdan ehtiyat edirdim. Əclaf üstümüzdəki açıq ərazini kotan kimi şumlayır, xırda daşları iki-üç metr havaya qaldırırdı. Bizim açdığımız atəşlər də düşmən postunu toz-torpağa bürüyürdü.

Gizir Səfərov komandirliyi öz əlinə almışdı və məndən icazəsiz əməliyyat keçirirdi. Bu qalınlığı igidliyə də bağışlamaq olmazdı. Ona bərk hirslənmişdim. Hələ əmr də verirdi:

“Atəş açın, çıxırıq!!!”

Ona tabe olmağa məcbur idim. Yenə atəş başladı. Birinci maqazinin son güllələrini pulemyotçuya sıxdım, başını qaldırıb atəş açmasına aman vermədim. Gizir Səfərov Rəfiyevi çiyninə alıb atəş tutan ərazidən o üzə aşdı və qışqırdı:

“Bir azdan səni çıxarırıq, komandir, hazırlaş!” - dalınca yenə xuruşu tutdu - “Sağ-salamat qaça biləcəksən?”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, 11. Kapitan Rəşidov

“Cabir postu”nda səksəkə içində gözləyirdim. Mənə elə gəlirdi, kəşfiyyatçılar açığa çıxıblar. Ancaq qəlbimin dərinliyində Orucova inanırdım. İndiyəcən uğursuz əməliyyatı olmamışdı. Onun kitabına məğlubiyyət sözü yazılmamışdı. Gündüz geri qayıtmaq barədə özünün qərar verməsini də buna görə məsləhət gördüm. Əslində, mən əməliyyatın rəhbəri kimi onlara gizlənmək əmri verməliydim. Gündüz hərəkət eləmək olmazdı. İllah da hərbi hissənin yaxınlığında. Lakin Orucov qayıtmaq istəyirdisə, demək, nəsə bilirdi.Üçüncü rabitə əlaqəsinə girəndə ürəyim toxtadı: “Qarpız bostanındayıq, gəlirik”. Demək, Qonurdağı aşmışdılar. Böyük təhlükə adlamışdı. Bir var hərbi hissənin mühasirəsinə düşsünlər, bir var Murovdakı postların. Məsafə yaxın, düşmən sayca az olduğu üçün postlarla baş eləmək daha asan idi. Hücuma keçib mühasirəni yarmaq olardı.

20181 dəq
Dördüncü hissə, 12. Komandir

Yağış bizi Ağ çınqıl yoxuşuna dikələndə tutdu. Uşaqların biri sürüşüb çaya düşdü. Maral olmasa, bilməyəcəkdik bəlkə. “Kimsə yıxıldı” - dedi. Bu vaxt əsgər başını çıxarıb bir dəfə çığırmağa imkan tapdı. Qırğı ilə özümüzü yetirib avtomatı uzatdıq, yapışdı, dartıb çıxartdıq. Silahı suda qalmışdı. Qırğı özünü selə vurdu, suyun altına girib nə qədər axtardısa, tapmadı. Maral suya atılıb silahı çıxartdı. O, əsgər selə yıxılan yeri yadında saxlamışdı.Şıdırğı yağışın qara məhlula çevirdiyi qatı qaranlığı yara-yara üzüyuxarı addımladıqca xırda çınqıl ayağımızın altında aşağı axırdı. Nə qədər gedirdik, çaydan aralanmırdıq. Selin qıjıltısı bütün səsləri batırırdı. Çınqılla birlikdə axıb çaya düşsək, salamat qurtara bilməzdik. Uşaqlar fərqində deyildilər: sel bizi aparırdı. Kəşfiyyatda olduğumu unudub qışqırdım:

20182 dəq
Dördüncü hissə, 13. Kapitan Rəşidov

Dördüncü rabitə əlaqəsi vaxtı Orucovu başa düşmədim. Dedi, Qamış yüksəkliyinə doğru dərənin içiylə gəlirik? Gündüz vaxtı, dərənin içiylə? Heç olmasa, nəzərə çarpmayan yerlərdən bir-bir, iki-iki keçmək olmaz? Sizi görərlər axı. Cavab qısa oldu:“Qələt eləyərlər!”

20181 dəq
Dördüncü hissə, 14. Komandir

Çəkib gətirdiyim video mənə görə adi kadrlar idi, ancaq bütün briqadada səs-küy saldı və dediyim kimi, qarşımdakı bütün sədləri aşırdı. Bir neçə ayın içində kiçik leytenantdan kapitan rütbəsinə yüksəldim, kəşfiyyat bölüyünün komandiri oldum. Üstəlik, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edildim. Ən vacibi, “101”-də hamam tikdirə bildim. Təkcə bizim bölüyün uşaqları deyil, digər əsgərlər də çimməyə gəlirdilər. Heç kimə yox demirdik. Bircə şərtlə - hərə öz odununu gətirsin! Təmiz əsgər görəndə özümdən asılı olmadan xoşbəxt olurdum.Daha məni “Alay komandirinin oğlunu girov gətirən kəşfiyyatçı” kimi yox, “Ermənilərin “razvod”unu videoya çəkən zabit” kimi tanıyırdılar. Və bu söhbət girov söhbətindən çox yayılmışdı. Görünür, çəkiliş ilk hadisə olduğu üçün insanlarda daha böyük maraq yaratmışdı.

20181 dəq

Başqa şairlərin şeirləri