Üçüncü hissə, 34. Komandir
Seyfəli poliqonunda çadırların qarşısında dayanıb zabitlərlə söhbət edirdim. Deyəsən, Gizir Səfərov haqlı idi. Böyük Mərzə əməliyyatından sonra adım-sanım hər yana yayılmışdı. Qardaşım Zabilin Sumqayıtda haqqımda danışdığı əfsanə uşağın öz təxəyyülü deyilmiş. Peşəkar hərbçilər də çox şeyi şişirdib danışırdılar. Lakin zəhmətimizi kiçildənlər də vardı. Guya atəşkəs olduğu üçün belə əməliyyatlar eşidənlərə maraqlı gəlirdi, halbuki əvvəllər çox olmuşdu. Mən bir söz demirdim. Kiminsə səhvini tutmaq ağlımın ucundan da keçmirdi. Olan olmuşdu və keçib getmişdi. Bugünümüz və sabahımız daha maraqlıydı.
Zabitlərlə danışa-danışa gözüm adam axtarırdı. Kəşfiyyat bölüyünə əsgər tapmalıydım. Elə bil, çadırların arasında köhnə tanışım vardı, görən kimi üzdən tanıyacaqdım. Əslində, elə bu cür idi. Kəşfiyyatçılıq bacarığı olan əsgəri yüz addımdan tanıyırdım və özümə çox yaxın hesab edirdim. Söhbətimiz də o saat tuturdu.
Tanrının kəşfiyyat üçün yaratdığı xüsusi adamlar var. Komandir onları yüzlərlə əsgərin içindən tapıb üzə çıxarmalıdır. Bəs necə? Hansı prinsiplərlə? Bu suala uzunuzadı cavablar verə bilərəm, lakin ən əsası hissiyyatdır. Mən kəşfiyyatçını hiss edirəm. Bunun üçün gözlərinin içinə bir dəfə baxmağım kifayətdir.
Zabitlərin arasında həmyerlim Leytenant Poladovla rastlaşdım. Onun alov saçan gözlərini görəndə həm sevinir, həm də sıxılırdım. Ağdam alınanda üç igid qardaşını şəhid vermiş, Qurana əl basıb onların qanını alacağına and içmışdı.
Biz tərəflərdə ilk kəşfiyyat bölüyünü Poladov yaratmışdı. O qədər qəhrəmanlıqlar göstərmişdi ki, hərbi təhsili olmadan ona zabit rütbəsi vermişdilər.
Ağdamın ağır günlərində onun, qardaşlarının, ümumiyyətlə o doğma torpaqlar üçün canını sipər edən yüzlərlə igid oğlanın yanında olmadığım üçün xəcalət çəkirdim. Onda mən təhsil almaq üçün Bakıya getmişdim. Ağdamın alınacağı yuxuma da girməzdi. Yoxsa, yəqin ki, indi Poladovun üzünə şax baxa bilərdim. Ancaq o, deyəsən, belə düşünmürdü:
“Keçirdiyin əməliyyatları eşitdikcə ürəyim dağa dönür!”
Əlimi sıxıb məni qucaqladı:
“Səni Ergidə bir dəfə görmüşdüm. Amma Murovdakı igidliyini eşidəndə həmin adam olduğunu bilmirdim. Şəklini görəndə tanıdım.” - gülümsündü.
Mən onu Ergidə gördüyümü xatırlaya bilmədim. Müharibədə belə şeylər olur. Kənardan köməyə gələn daha çox diqqət çəkir və yadda qalır.
Leytenant Poladov yenə Ağdamdaydı və özü yaratdığı kəşfiyyat bölüyünə komandirlik edirdi.
Dediyi xoş sözlərə görə minnətdarlığımı bildirib, susdum, deməyə başqa söz tapmadım. Onunla rastlaşmağım məni xeyli qüssələndirmiş, Ağdamla bağlı ən həzin xatirələri yadıma salmışdı.
“Məni burda gözlə” deyib aralandı, iki-üç dəqiqə keçməmiş balacaboy, dolu bədənli bir gizirlə geri qayıtdı. Gizirin gözlərinə baxanda məni ildırım vurdu. Bu, kəşfiyyatçı doğmalığı deyildi, nəsə başqa bir şey idi. Bu gözləri hardasa görmüşdüm və yaddaşımın dərinliyinə qazılmışdı. İndi qəfil rastlaşanda içimdə qumbara partladı elə bil.
“Tanıyırsan bu oğlanı?” - Poladov gülə-gülə mənə baxdı. Sual məni lap çaşdırmışdı. Səs çıxarmadığımı görüb üzünü gizirə tutdu:
“Sən necə, xatırlamırsan bu adamı?”
Gizir mənə çox doğma gələn, hətta içimdə partlayış törədən gözlərini gözlərimə zilləyib susdu. İri, qara gözləri yaddaşımın ən qaranlıq künclərini işıqlandırırdı.
“Tanımadım!” - xorla cavab verdik.
“Orucovdur. Kəşfiyyatçı. Murov.”
Gizirin iri gözlərində işıq dolaşdı:
“Ooo! Murov qartalı! Tanışlığımıza şadam! Sizin haqqınızda çox eşitmişəm.”
Bu sözü ilk dəfə eşidirdim. Murov qartalı! Mənə bir az yüngül kimi gəldi. Dərhal Səfərovun məclisdəki sözlərini xatırladım. O da nəsə qırğıdan-qartaldan danışırdı.
“Daha yaxşı xatırla!” - Poladov gizirin qolunu buraxmamışdı hələ.
Gizir təəccüblə gah ona, gah mənə baxırdı.
“Siz görüşmüsüz! Yaxşı fikirləşin.” - Poladov bu dəfə ikimizə də müraciət etdi.
Yenə mat-mat bir-birimizin üzünə zilləndik. Birdən yaddaşımın dərinliyində gur işıq parladı və adamı tanıdım: Ergi düzündə atəş altından çıxardığım yaralı idi, üzünü qan örtdüyü üçün bircə gözləri yadımda qalmışdı.
Giziri tanıdım, ancaq özümü o yerə qoymadım. Gizirsə gözlərini qıyıb mənə baxdıqca baxırdı. Hardasa gördüyünə əmin idi, ancaq tapa bilməzdi. Çünki məni görəndə halı özündə deyildi.
Poladov dözmədi. Bir kəlmə “Ergi” söylədi. Gizir yenə yadına sala bilmədi. Yalnız bunları dedi:
“Həəə... Orda başımdan yaralanmışdım...”
“Səni ölümdən xilas edən bu oğlandır!”
Gizir ən doğma adamını tapmış kimi sevindi və boynuma sarıldı. Sonra çiyinlərimdən tutub özündən araladı və üzümə diqqətlə baxdı. Gülümsədi. Gözləri yaşardı. Nəsə demək istədi. Dodaqları titrədi. Heç nə deyə bilməyəcəyini görüb məni ikinci dəfə sinəsinə sıxanda onun çiyninin üstündən axtardığım əsgəri gördüm. Qarayanız, şüvərək, qayış kimi bir oğlan idi. İri addımlarla atəş təlimi keçirilən yerə gedirdi. Gözdən itəcəyindən qorxub gizirin əlindən çıxmağa çalışdım. O, ayrılmaq istədiyimi görüb məni buraxdı və təəccüblə Poladovun üzünə baxdı. Mən tələsik “Görüşərik” deyib aralandım.
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-ucuncu-hisse-34-komandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Günorta dərsdən qaldığımız yataqxanaya qayıdırdım. Yağışlı bir payız günüydü. Binaların arasındakı ağaclar saralmış yarpaqlarını sağa-sola səpələmişdi. Yağışda islanan yarpaqların qoxusu Fərrux meşəsini yadıma salırdı. Xəyalım bu vaxtlar cır armud qoxusuyla adamı bihuş edən Fərrux meşəsindən Yeddixırmana keçdi, dağın zirvəsindəki vışkanın başına dolanıb Çulluya endi. Qohumların kəndin çıxacağına toplaşıb anamı gətirən maşını gözləməsini xatırladım. Ağlayan qadınların sifəti gözlərimin önündə canlandı. Dəsmalının ucunu ağzına tutan yaşlı qadının qoz ləpəsinə bənzəyən yanaqları elə hey titrəyirdi. Kolanı dərəsi, Xaçın çayının soyuqluğu, təngnəfəs qaçdığım üzümlük, atamın qaralmış sifəti... Çoxdandır oraları belə xatırlamırdım. Məhəlləmizə sirli bir Qarabağ havası dolmuşdu.Payızın zəhmindən saralıb-solan ağacların altında bir hərbçi dayanmışdı. Əvvəl ona fikir vermədim. Buralarda kamuflyajlı adam görmək adi hal idi. Ancaq nədənsə bu, mənə çox doğma gəldi. Diqqətlə baxanda tanıdım və özümü saxlaya bilməyib qışqırdım.
Üçüncü hissə, 24. KomandirAtamın ağlaya-ağlaya çıxması məni də qəhərləndirdi. O, təkcə mənim gəlişimə sevindiyi üçün ağlamırdı. Bu göz yaşlarının içində çox şey vardı. Çox şey! Qaçıb onu qucaqlamaq, Yeddixırmanın qaşında gördüyüm, sonra Murovda - Ömər aşırımında və Yeddiqardaşda qarşıma çıxıb məni ən doğma insanlara, doğma torpaqlara bağlayan gümüşü işıqdan danışmaq istədim. Ancaq yaşadıqlarımı anlada bilməyəcəyimdən qorxdum. Bu, elə bir duyğu idi ki, haqqında yalnız susmaq olurdu.Atamı bağrıma basdım. Onun doğma qoxusu məni uşaqlığımın ən xoşbəxt anlarına apardı. Onda hər şeyimiz vardı. Bizi xoşbəxt edən heç nəyi əlimizdən almamışdılar. Atamı da heç vaxt ağlayan görməmişdim.
Üçüncü hissə, 25. ZabilHəmişə fikir vermişəm, görüşün ilk dəqiqələri çox həyəcanlı olur. Bu həyəcan, uzağı, beş dəqiqə çəkir. Sonra hamı sakitləşir və adam kimi söhbət etməyə başlayır. Mən qardaşımla oturub şirin-şirin söhbət eləməkdən ötrü bu həyəcanlı anların tez bitməsini istəyirdim. Amma bitmirdi. Yaxın-uzaqda yaşayan qohumlar onun gəldiyindən xəbər tutub özlərini yetirirdilər. Gələn-gələn özünü saxlaya bilməyib ağlayırdı. Əllərinə fürsət düşmüşdü. Qardaşımın belə qəfil gəlişiylə kəndimizlə anam təkrar yada düşmüşdü. Mən onda anladım ki, nə qədər torpağımız işğaldadır, heç bir dərdimizi unuda bilməyəcəyik. Hər dəfə bir bəhanə ilə faciəmiz təzədən başlayacaq, biz onu ilk dəfə yaşayırmış kimi təzədən ağlaşacağıq.Axırda atam özü təpindi qohumlara, uşağın üstünə ağlaşmayın dedi. Uşaq e! Məni gülmək tutdu. Yaxınlaşıb astaca qoluna toxundum:
Üçüncü hissə, 26. KomandirDoğmalarla söhbət eləmək həmişə mənə çətin gəlib. Bilmirəm hansı sözü seçəm, necə işlədəm. Mən doğmalara sevgisini ifadə edə bilməyən adamlardanam. Uca hislərin qarşısında susuram. Hərbi xidmətlə bağlı verilən suallarda da belədir. Cavab tapa bilmirəm. Ömür boyu əsgərlik xatirələrini danışan, hələ üstəlik bəzəyibdüzəyən adamlara həsəd aparmışam. Mənə qalsa, sevgidi, dostluqdu, kişilikdi - bunlar haqda danışmaq ayıbdı. Etməli olduğun işi niyə danışasan? Heç ağac deyir ki, baxın, necə meyvə gətirmişəm? Günəş deyir ki, sizə təmənnasız isti bəxş edirəm?İndi atamın qarşısında da belə tərk-silah olmuşam. Nə deyim, nə danışım? Hamısını özü bilir. Vaxtımın az olmasını da, bir az səhlənkarlığımı da, əslində, gəlmək və görmək istədiyimi də. Məndən olsa, doğmalarla üz-üzə oturub saatlarla bir-birimizə baxarıq. Mənim üçün bunun əvəzi yoxdur. Doğmalar həm də ona görə doğmadır ki, onlarla bu cür rahat ola bilirsən.