Üçüncü hissə, 8. Komandir
Ehtimal doğru çıxdı; sol tərəfki kənddə hərbi hissə vardı. Tankı görmədik, biz dərədən çıxıb boylanana qədər getmişdi. Havanın sərinliyinə qarışan tırıltı bir anlıq eşidilib itdi. Demək, kəndə yaxınlaşmaq olmazdı. Səhərəcən irəliləmək lazım gəlirdi.
Uşaqların yanına qayıdıb, bir az dincimizi aldıq. Gizir Səfərov qəfil siqaret yandırdı, onun üstünə atılıb alovu ovcumda sıxdım. Əlimin içi gizildəsə də, ovcumu açmadım. Səfərov xırıldadı.
Ona heç nə demədim, qumsal dərəni təzədən dəstələyib ağır-ağır addımladıq.
Səhərə yaxın dərənin tədricən bitdiyini gördüm. Əsas heyəti qumsallığın dərin yerində saxlayıb Qırğı və Maralla irəli getdim. Düzənliyə çıxanda qaranlıq canını işığa tapşırdı və qarşımızda göz işlədikcə ağ-mavi sulardan ibarət geniş dünya açıldı. Bir anlıq gümüşü işığın okeanına düşdüyümü zənn edib tilsimləndim. Gölün cazibəli nəhəngliyinə baxdıqca baxdım. Mənə elə gəldi, Yer kürəsinin sonuna gəlib çıxmışıq. Hər şey arxada qalıb. Müharibə də, qaçqınlıq da, vətən də! Burdan o yana nəinki insan, heç torpaq da yoxdur. Gölün sol kənarındakı taxıl zəmisi bura nə üçün gəldiyimi yadıma salıb məni öz aləmimə qaytardı.
Zəmi biçilib qurtarmamışdı. Demək, bir azdan adamlar gələcəkdi. Sahənin yaxınlığında, nisbətən hündürdə fermaya oxşayan tikililər vardı. Maralı dayandığımız yerdə qoyub Qırğıyla uçub-dağılmış evlərə yaxınlaşdıq. Tikilinin altındakı artezianda böyük su nasosu işləyirdi. Nasosu söndürsək, mütləq baxmağa gələn olardı və biz onu asanlıqla götürüb gedərdik. Bəs nasos suyu hərbi hissəyə vururdusa? Özümüzü yandıra bilərdik!
“Uşaqlar bir-bir mənim yanıma keçsinlər. Gündüz bu tikililərdə gizlənəcəyik, axşama Allah kərimdir.” - Qırğı əmrimi eşidən kimi dərənin Göyçə gölünə tərəf üzülən boğazına tərəf addımladı.
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-ucuncu-hisse-8-komandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İyirmi il sonra ilk dəfə səhər işə, axşam evə gəlmək səadəti mənə nəsib olmuşdu. Həyatımın qaydaya düşməsinə sevinirdim. Ən çox da ailəmə görə. Amma uzun çəkmədi.
Dördüncü hissə, 39. XanıDörd sapyorumuzun gecə saatlarında Sarıcalının üstündə erməni pusqusuna düşüb həlak olması xəbərini səhəri gün eşitdim. Gecə həyəcan siqnalı verib bizi qaldırdılar, təmas xətti ilə üzbəüz döyüş mövqeyi seçib hardasa dörd-beş saat uzanılı qaldıq. Səs-səmir yox idi. Səhərə yaxın bölüyə qayıdanda gecə dörd şəhid verdiyimizi söylədilər. İlk ağlıma gələn komandir oldu. Onun öz övladlarını itirən qədər sarsılacağını bilirdim.Əsgərləri övladlarından çox istəyirdi. Buna əmin idim. Bayramlarda bir həftə məzuniyyət götürür, üç gün keçməmiş geri qayıdırdı. Deyirdim, komandir, niyə belə tez gəldiniz? Deyirdi, uşaqları səngərdə qoyub evdə dincələ bilmirəm. Onun istirahət yeri səngərlər idi. Hərbi səhra paltarını heç vaxt əynindən çıxarmırdı.
Dördüncü hissə, 40. KomandirAləm idi Xanı! Hərdən elə şeylər danışırdı, deyirdim, bir gün səni tutacaqlar. Silah-sursatdan və hərbi qaydalardan başı çıxmayan əsgərləri, zabitləri ələ salırdı. İllah da qorxaqları. Özü qorxu nədir, bilməzdi. Günün hansı vaxtı təmas xəttini keçməyə qaldırsan, silahını götürüb qaçırdı. Elə bil, mal nobatına gedirdi. O, uzun müddət Mayor Poladovun kəşfiyyat bölüyündə xidmət etmiş, hərbi xidmət müddəti başa çatanda evə getməmişdi. Komandirinin xahişi ilə Xanıya gizir rütbəsi verib hərbi hissədə saxlamışdılar.Boynundan ağır yara almışdı. Hər dəfə söz düşəndə gözləri parıldayırdı. Bilmirdin ağlamaq istəyir, yoxsa qəzəbindən belə görkəm alıb. Əsgər yoldaşı ona görə həyatını qurban vermişdi. Xanı həmin hadisəni mənə danışanda onun niyə belə yanıqlı oxuduğunu anladım:
Dördüncü hissə, 41. Kapitan RəşidovTənbəllik eləmədən Bakıdan Ağdama yola düşdüm. Orucovla görüşüb bir şeyi dəqiqləşdirmək istəyirdim; vəzifə onu korlayıb, yoxsa yox?Qarovuldan xəbər verən kimi qərargahın girişinəcən gəldi, uzaqdan qollarını açdı: “Rəis, xoş gəlmisən!”