Bu günlərdə «Kaspi» qəzetəsində və «Şərqi-Rus» cəridəsində bu hər iki ruznamənin müdir və münşiləri öz məsləklərinin xaricində bir-birinin əleyhinə qələmə alıb nəşr etdirkləri «təib yollu» bəndləri oxuyub təəssüf etməkdəyiz.

Əlhəqq, öz zəhəramiz və məlaləngiz mübahisə və mücadilə və bəlkə mühakimələri gözdən keçirib, məhzun və məlul olmamaq namümkün və qeyri-təbiidir. İşbu dilduz və ciyərsiz hadisənin vüqusu və bu naraba və nagübara mücadilənin zühürü hər bir vicdan sahibi olan müsəlmanın və hər bir mətbuat aləminə məhəbbətlə xidmət edən üdəbanın xatirini parçalayıb, dağıdır və pərişan etməkdədir.

Ah! Nə təəssüfamiz sözlər!

Ah, nə möhnətafza fəqərzlər!!!...

Sultan Məhəmməd Xarəzmşahi ilə Xətanın sülhündən yeddi yüz il keçibdir. İnsan deyil ki, bu iyirminci əsrdə Məhəmməd ilə Əhməd və Əlinin mabeynlərində xüsumən vaqe olsun.

Bundan əlavə, indiki bu münəvvər əsrimizdə bəni-növi-bəşərin əfkarında sülhi- ümumi məsələsi doğulur. Bu surətdə cəngi-xüsusi və nazayi-xanəgi nəyimizə lazımdır? Gəl sülh edəlim, cəng və xüsumət nə gərəkdir?

  • İndi sən nəsən, nəçisən və kimsən?

  • Bu təəssüf ünvanlı bəndi haradan deyirsən və kimin tərəfindən deyirsən?

  • Bu məqaləni nə üçün yazırsan?

  • Kimə deyirsən və müxatibin kimlərdir?

Suallarına cavabım budur ki, məni-həqir, naməlum, adsız, sansız və şansız bir adamam. Bu təəssüf ünvanlı bəndi əvvəla xeyri-uxbanə vicdanım məni vadar etdiyi üçün və saniyən yazılan bəndlərdə taqətfərsa fəqərələrə hüzn və həsrət ilə baxan hamı müsəlman qardaşların tərəfindən deyirəm.

Bu məqaləni islahi-tərəfeyn üçün bitərəfanə xəyal ilə məhzi-ərz və mərəzdən xali bir hal ilə yazıram və müxatiblərimin əvvəlincisi «Şərqi-Rus»un möhtərəm sahibi-imtiyası Məmmədağa, ikincisi «Kaspi»nin izzətli müdiri Əlimərdan bəy, üçüncüsü elm və ədəb ilə iştihar və imtiyaz tapan Əhməd bəy Ağayev cənablarıdır.

Məktubumun əvvəlində Məmmədağadan qalibanə və məxsusanə təvəqqö eləmişəm ki, bu məqaləyə möhtərəm cəridəsində yer versin. İndi sizin hər üçünüzdən də niyazməndanə xahiş edirəm ki, bu məqaləni diqqətlə oxuyub, mizani-mülahizəyə alandan sonra əgər məruzatımı mütabiqi vaqe və həqiqətə məqrun və və xeyirxahlığa şamil görsəniz, mühərrirlik və ədiblik cənbəsinə və insaniyyətə şayan olan hiss və vicdanızla qəlbən və qalibən, canən və xəyalən bir-birinizlə müsalihə edib, bu ikidilli və süxənçin olan qələmin mücadiləsinə dil və könül bağlamayın və bu üzü qara mürəkkəbin vasitəsilə düruyə olan kağızda bir-birinizi xəcalət və dilgəran və bəlkə nəşiman və pərişan etməyin.

Mətləbi qələm ilə bundan artıq açıq və aydın yazmağa iqtidarım yoxdur.

Əlhasil, əgər mabeynizdə mühibbanə və bəradərənə müsalihə müqərrər olsa və minbəd (bundan sonra) bu təiblili kinayə və təqrizatınız «Nəsiyyən-mənsiyyən» qalsa, ol vaxt mən kəndimi izhar etməyim, ixlas və iradətlə insaniyyət naminə sizlərə səmimi düagü olaram. Ümum qədrdan və qədrşünas və maarifpərəst şəxslər də məsrurən və mütəşəkkirən sizlərdən razı və məmnun olarlar. Əgər Xüda nəkərdə (Allah eləməsin) hənuz qəlbləriniz kədərdən xali olmayıbsa «İnzər ila ma qalə və latənzər ila mən qalə» və «Vər nevişta əst pənd bər divar» məzmununa mültəfit olmayıb, deyəsiniz ki, «Bu vaiz ... və bu nasehi-xüdfüruş kimdir ki, bizlərə belə möizə və nəsihət eləyir?»

Onda məni lən və tənəyə müstəhəqq və şətəm və nasəzaya səzavar görəsiniz, ol vaxt mən öz məhəlli-iqamətimi və ism və adresimi tövzihən və məşruhən hər iki idarəyə yazaram. Tainki məni lənət və söyüşə layiq bilib, hər nə qədər ki, dilhaxınızdır söyün. Çünki mən dostların islahı və millətin səlahı üçün hər bir nifrin və naraba sözləri kəndi canıma nuş və guvara bilirəm. Mənim də qabaqca qəlbi nifrinim budur.

İndi mən sizin mühakimə məclisinizi nəinki yalnız özüm, bəlkə ümum xeyirxah və sülhpərvər müsəlmanlar tərəfindən birhəm edib, aləm-mənada bir məclis tərtib və sizin hər üçünüzü mütəvəqqeən və mütəvazeən o məclisə dəvət edib, hətta cənabi-mərahim adab Hacı Zeynalabidin Tağıyevə də zəhmət verib, bir neçə münviflər ilə o məclisə çağırıb, kamali-əcz və illah ilə qərəzsiz və riyasız və hər günə kinayədən xali qabaqca «Şərqi-Rus»un hörmətli müdirinə xitab edib, deyirəm ki:

  • Ey maarifin mühibbi Məmmədağa!

Mən səni uzaqdan-uzağa tanıyıb və görməz-bilməz bilirəm ki, sən həqiqi surətdə qəyur və tündməcac və hər bir əraz və mərəzdən ari və elmü ədəb düstarı bir şəxssən ki, ömrünü əvvəldən indiyə kimi kamalat və ədəbiyyat yolunda sərf edibsən. Heç bir vaxt elm və ədəb dairəsindən kənara düşməyib, kəndi səy ictihadın səmərəsindən və maarif və kamalata təbii olan meyl və rəğbətin sayəsində həmişə seyrü səyahətdə olub və müddətlərcə Firəngistanda əmrahi-övqat edib, ümum və fünuni-mütənəbbiədən kafi dərəcədə bəhrəmənd olub, neçə-neçə şərqi və qərbi dillərə dark olubsan. Xüsusən həkimi-haziq kimi bunu da dəryaf edibsən ki, mərizə (xəstəyə) müxtəlif bir müalicə edəndə qəl ( ) maddə olmaz. Əgərçi mərəzi təxfif tapıb, səhhətə mübəddəl olursa da, amma yenə müruri-zaman ilə o müzmin mərəz övd edib (qayıdıb) mərizi (xəstəni) həlak eylər. Yəni millətin cəhalət dərdinin dərmanı ülum və maarifdir. O ülum və maarif xəzinəsinin əvvəlincisi miftahı mükəmməl əlifbadır. Odur ki, neçə illərdir zəhmət çəkib, əlhəmdulah ki, axırda bu mükəmməl əlifbanın tərtibinə müvəffəq olmusan. Əlhəqq, bu əlifbaya əlibbayi-kəbir deyilsə, layiqdir. Zira ki, onun ilə hər bir lisanda olan kəlmə və kəlası düz yazıb, səhvsiz və dürüst oxumaq mümkündür. Axırda bu əlifbanın rəvac və intişarına və həm də millətin və mədəniyyətin izdiadına əvvəlinci vasitə ana dilində bir cəridənin ihdasıdır. Şimdi Allah tabarək və taalaya çox şükürlər olsun ki, onun da izn və intişarına müvəffəq olubsan.

İşbu təfsilatdan hasili kəlamım şudur ki, əgər «Şərqi-Rus»un sütunları qələm mücadiləsi ilə olsa və onun qiymətli səhifələri təriz və kinayə ilə zaye bulsa, ol vaxt cəridənin ədəbi-davamı, cəridənin ədəmi-davamında, əlifbanın ədəmi-intişarı əlifbanın ədəmi-intişarında əbnayi-millətin maarifdən məhrum olmağı məznun və bəlkə yəqindir.

Şimdi bu mühüm əmrin icabı üçün və işbu böyük, müfid, milli və mötəbər xəyalı qüvvədən felə gətirib, meydani-hüsula və zühura qoymaq üçün acizanə və müxlisanə mütəvəqqe olub, deyirəm ki:

  • İncimə, dur çal qələm, mən sənə qurban olum, şürüş və qovqa nədir, sülh və müdaraya bax!!!

Ondan sonra üzümü kamali-məhəbbətlə Əlimərdan bəyə tutub, deyirəm ki:

  • Ey millətin mayeyi-iftixarı və ey kamalat və ədəbiyyatın tərəfdarı Əlimərdan bəy! İllərcə zəhmət çəkib, ikmal vəch ilə elm və kamal təhsil edibsən, təhsildən fariq olandan sonra cənab Nəcəbbəy Vəzirovun ikinci komediyasında zikr olunan pəhləvanani-zəmanədən olmayıbsan, hər bir mənfəəti-şəxsiyyə və icrazi-nəfsaniyyədən sərfi-nəzər edib, ülum və maarif və ədəbiyyat tərəfdarlığını dəröhdə eylədin. Neçə illərdir ki, «Kaspi» qəzetəsinin müdiriyyətində zəhmətlər çəkibsən və o qəzetə rus lisanında olduğu üçün müsəlman aləminə bir para xain nəzərilə baxmayanlara və müsəlmanlar əleyhində bəzi mübhəfza və töhmətəngiz yazılan yalan xəbərlərə dövlət dili ilə cavab verib, biz Qafqaz müsəlmanlarının dövlətə və vətənə olan hüsni-sədaqətimizi isbat edib, hökumət nəzərinə yetiribsən. Bakı kimi şəhərdə neçə-neçə rus və müsəlman məktəblərinin təşkili xüsüsündə çəkilən zəhmətlərə və təşviqlərə sənin də iştirakın və iştihaqın olmağı məlumumuzdur. Hər bir təsisati-xeyriyyələrə, aclıq olsun, zəlzələ olsun, cəmiyyəti-xeyriyyə olsun əlindən gəldiyi qədər ianə cəm edib, göndərdiyin heç vaxt yadımızdan çıxmaz. Bu da məlumdur ki, «Şərqi-Rus» kimi türki dilində neçə-neçə cəridələr nəşr olunsa, həmkarlıq və həməfkalıq cənbəsilə hamıdan artıq şad və xoşnud olan sənsən, onun təkrarına hacət yoxdur.

..........süxən mərdi-süxəndana yaraşmaz.

Əlbəttə, rusca bilməyən və qəzetə oxumayan müsəlmanlardan «Şərqi-Rus» kimi tazə bir ruznamə çıxanda: «Heç olmasa bir alım, baxım, görüm, nədir, necədir və nə yazıblar» - deyənlərin əlində görüb, əgər oxuyub, anlamasa da, yenə sən bizlərdən artıq məsrur və məşuf olursan.

Məmmədağa cənab Hacının barəsində özünü haqlı görüb, bir şey yazmış olsa da, dübarə Şəfiqə xanımın təqrizi zimnində yazdığı təhsin və hüquqşünaslığı talafeyi-mafat və iltiyami-cərahat üçün kifayət deyilmi?!

Bəradərim Əlimərdan bəy! Sən elmin havadarısan, sən maarifin dustarısan, sən qəzetəni mədəniyyət vasitəsi bilib, qəzetə məşələsini əldə tutub, zülməti-cəhalətdə qalanları sərmənzili-səadətə yetirmək istəyirsən, əzizim!

Bəs bu nə inqilab və küdurətdir? Bu nə etiraz və ləcabətdir?

İzhari-kin şüari-dili-zarın olmasın, həmkar ilən cindal sənin karın olmasın.

Növbət cənabi-Ağayevə gəlincə o cənabın üzünü körməmişəm. Amma sözünü görmüşəm.

«Söz onun sahibinin güzgüsüdür» məfhumunca bilirəm ki, ona heç bir söz deməsəm də, o cənab özü bilir ki, mən nə demək istəyirəm.

Çünki nəvisəndə danət ke, dər name çist (ona görə ki, yazan bilir ki, məktubda nə yazılmışdır).

Amma onu özümə müxatəb fərz edəndə qəlbimdə bir mənəvi bəşşaşiyyət peyda olur. Odur ki, səfayi-xatir ilə deyirəm:

  • Ey ədəbi-süxənbər və ey ləbibi-maarifpərvərim Əhməd bəy!

Sənin dərəcəyi-danişinə və məratibi-kamalatına dost və düşmən səhhə qoyubdur.

«Ülviyyəti-əfkarda əngüştnümasan».

Sənin vücudun möhtərəm bir zat və zatın bir kitabxanəyi-həyatdır. Əfkarında vüsət və qələmində sürət çoxdur. Rəşəhati-qələmindən təravüt edən sətirlər ziraəti-maarifimizə bir barani-rəhmətdir. Yazdığın məqalələr ibrət aynası və məlif etdiyin risalələr qeyrət taziyanəsidir.

Sən dil ilə, əl ilə və qələm ilə milləti maarif və mədəniyyətə, əxlaq və insaniyyətə rəhnümalıq (hidayət) edirsən.

Bəs bu nə səhv nisyan və bu nə qüsur və nöqsandır?

«Bu bəzmin badənuşu məst olur, amma xarab olmaz».

Neçə illərdir ki, Krım «Tərcüman»ının yarım vərəq qəzetəsindən qeyri məgər milli dildə bizim cəridəmiz var idi?

İyirmi ildir ki, Krım «Tərcüman»ı nəşr olunur. Hələ indi də onun hər bir sütunu şayani-tənqiddir. İndiyə kimi «Tərcüman»ın» tənqidinə dair çox müfəssəl məqalələr yazılıbdır. Burada «Şərqi-Rus»un ihdasına nə üçün təşəkkür etməməliyəm, cənab Hazı Zeynəlabidin ağanın əqidəsi budur ki, kaş indi bizim yüzlərcə «Şərqi-Rus» kimi caridəmiz olaydı. Mən bu sözü Hacının tərəfindən iznsiz demirəm. Əlimdə isbatım vardır. Hacı əfəndinin islamiyyət, insaniyət, mədəniyyət aləminə olan meyl və rəğbəti və bu gün də sərf etdiyi himməti və səxavəti və fədakarlığı barəsində qələm çəkmək mənim vəzifəmin xaricindədir.

Günəşə işıq demək tövzihi-vazihat qəbilindəndir.

O cənabın cəmi ianə və xeyratı, ehsanatı, şərhi-halı və tərcümeyi-əhvalı müfəssəl risalələr və rusi, türki, xüsusən farsi qəzetəlrinin vasitəsilə nəşr olunduğu üçün burada təfsilə hacət yoxdur. Amma cənab Hacının məhz qəzetə xüsusunda olan meyli və qəzetəni fəvand və mənafeinə dair olan əqand və xəyalatı bir müfəssəl məqalə ilə «Şərqi-Rus»da ayrıca dərc olunacaqdır.

Əlhasil, etibar yolu ilə bir neçə dəqiqəlik təşkil etdiyim sülh məclisinin vacib ül-ehtiram əfradına bundan artıq zəhmətəfza olmağın və təğazası yoxdur. İndi cənabi-Hacı və hamı münsiflər bir əqidə və bir lisan ilə hər üçünüzə üz tutub:

  • Bundan sonra nə «Kaspi»də, nə «Şərqi-Rus»da bu günə məlal gətirən və küdurət artıran bəndlər nəşr olunmasın. Qonşularımızın hərəkətlərindən ibrət alayım. Qəzet yazan və qəzetə oxuyan, xüsusən «Kaspi»də və «Şərqi-Rus»da nəşr olan bəndləri oxuyan sair millətlərdən xəcalət çəkəlim. Dostları məhzun və düşmənləri məmnun etməyəlim. Tainki biganələr bizlərə gülməsin və yazıçılar sizdəri təməsgür və estehza etməsin.

Cəridələrdə həmişə ədəbiyyat bəhsində qələm mücadiləsi xoşnümadır. Mühavirati-elmiyyə, münazirati-fənniyyə və mübahisati ədəbiyyə ilə mücadiləyi-həsənə etmək mənfəətbəxşıdır.

«Əlaqə bir olucaq dilləri ittihad eylər» dəlildir ona.

Hamı birdən ayağa durub, sizi öpüşdürüb və barışdırıb və siz də hüzuri-qəlb və səfayi-xatir ilə mücafihə edən vaxtda Lisan ül-qeyb uca səs ilə deyir:

Biya ke, növbəti-sülh əst, dustiyü iradət,

Beşərte anke, nəkuim əz güzəştə hekayət.

Tərcüməsi:

Həl ki, sülh, dostluq və iradət vaxtıdır,

O şərtlə ki, keçmişdən danışmayaq.

Sidqi

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri