Bacarın gəlişi söylənci
Minellilər axşam bir səs eşitdi,
Döyüşlərdə tanış səs də güc olur,
İtiatın kişnərtisi tanışdı,
Döyüşlərdə tanış səs də güc olur.
Yol gəlmişdi Bacar üç gün, üç gecə,
Üstüağın yoxluğunu bilincə,
Nəriltisi çevrilmişdi sevincə,
Döyüşlərdə tanış səs də güc olur.
Üstüağ şah eşitmişdi bu səsi,
Bacarının iti qılınc tiyəsi,
Qılıncbatmaz, vurumtutmaz gövdəsi.
Döyüşlərdə tanış səs də güc olur.
Mindiyarın toplumları güclənir,
Minbaşılar sevincindən kövrəlir.
Acıqanın ac gözləri bərəlir.
Döyüşlərdə tanış səs də güc olur.
Bacar çıxır ilk döyüşə bizucla,
Ürək-dirək son yaraqdır topluma.
Deşik-deşik olur baş, döş, göz, qarın,
Ürək-dirək son yaraqdır topluma.
Acıqanlar on-on, yüz-yüz gəbərir,
Görməyibdir onlar belə bir əri.
Vurumbatmaz, qılınctutmaz önəri.
Ürək-dirək son yaraqdır topluma.
Qalxıb-enir qılınc, bizuc, toppuzlar,
Ayaq altda qalır qancıl, quduzlar,
Qanla dolur gözlər, döşlər, ağızlar,
Ürək-dirək son dayaqdır topluma.
Əmən çıxır qabağına Bacarın,
Dodaq əsir, döşü isə qabarır,
Bir vurumla Əməni qan aparır,
Ürək-dirək son dayaqdır topluma.
– Alçaq, mənəm bu döyüşdə Mindiyar,
İti olur doğruluğun qılıncı.
Üstüağı qaytar, ya da öl, gəbər!
İti olur doğruluğun qılıncı.
Mən gəlmişəm, Gücər oğlu Bacaram,
Bircə gündə toplumunu qıraram,
Asureli şəhər-şəhər yararam,
İti olur doğruluğun qılıncı.
– Bacar, məni kölə götür, öldürmə,
Asureli saqqalıma güldürmə,
Ölümümü Asurelə bildirmə,
İti olur doğruluğun qılıncı.
O atılıb lüt, ağacsız adaya,
O bağlanıb iplə qara qayaya.
Ancaq quşlar uça bilər oraya,
İti olur doğruluğun qılıncı.
– Mən gedərəm, o adanı taparam,
Ölkə şahsız qala bilməz, dağılar.
Üstüağ şah şah deyildir, ərəndir,
Ölkə şahsız qala bilməz, dağılar.
Bunu deyib Bacar uçdu atıyla,
Üstüağ şah, qara qaya adıyla.
O yol getdi buludların qatıyla,
Ölkə şahsız qala bilməz, dağılar.
Ağ buludlar ada-ada süründü,
Dəniz içrə qara qaya göründü,
İti daşlar, uçurumlar dərindi,
Ölkə şahsız qala bilməz, dağılar.
Yol göstərdi ona quşlar, buludlar,
Ana verən ağ lələkli qanadlar.
Göllər, çaylar, kəndlər, ellər, elatlar,
Ölkə şahsız qala bilməz, dağılar.
Üstüağ şah cır-cındırın içində,
Qayalara şahlıq etmək çətindir.
Sıçram-sıçram dalğalarla döş-döşə,
Qayalara şahlıq etmək çətindir.
O qırmışdı qalın dəmir ipləri,
Dolaşırdı suqırağı yerləri,
Yolu üstə qayaların çəpəri,
Qayalara şahlıq etmək çətindir.
Bacar onu görüb endi aşağı,
Nə geyimi, nə də şahlıq yarağı.
Qayaların tutuğuydu, qonağı,
Qayalara şahlıq etmək çətindir.
İki ərən görüşürdü harada,
At dırnağı toxunmamış adada,
Saxla qorxmaz ərənləri, yaradan,
Qayalara şahlıq etmək çətindir.
– Bacar, necə bu yerləri tapıbsan,
– Adam uca zirvələrdən ucadır,
Əmən şahı öz içində boğmuşam,
Adam uca zirvələrdən ucadır.
İnanırdım gələcəksən vuruşa,
Yaman olsun tanrı dönük Qaraşa.
Burdan gedək Qaraş üstə birbaşa,
Adam uca zirvələrdən ucadır.
– Manay çıxıb qabağına Körfəzdə,
Bu döyüşə çox çətin ki o dözə,
Tanrı özün güc ver, dözüm ver bizə,
Adam uca zirvələrdən ucadır.
Otur gedək, sən oraya, mən ora,
Bundan sonra Qaraş ilə mən varam,
Yoxsa bizi diz çökdürər bu yara,
Adam uca zirvələrdən ucadır.
Hardaydılar, görüşdülər harada,
Görüş yeri gözdə qalır, silinmir,
Qucaqlaşıb öpüşdülər, güldülər,
Görüş yeri gözdə qalır, silinmir.
Mindiyarın toplumları yürüşdə,
Asurelli küylənmişdi bu işdən,
Min-min adam itirmişdi döyüşdə,
Görüş yeri gözdə qalır, silinmir.
Qayıtdılar, gördülər ki, şah ölüb,
Asurelin başraqları əyilib,
Üstüağı özlərinə şah bilir,
Görüş yeri gözdə qalır, silinmir.
Üstüağ şah Asureli çapmadı,
Düz yolundan əyri yola sapmadı,
Qız, gəlinə kobud işlər yapmadı,
Görüş yeri gözdə qalar, silinməz.
Ağsaqqallar, başbilənlər gəldilər,
Yaxşılığa yaxşı olmaq gözəldir.
Üstüağa tay-tay qızıl verdilər,
Yaxşılığa yaxşı olmaq yaxşıdır.
Gəlib bağış verdi qızlar, gəlinlər,
Şah önündə eli borclu bilənlər,
Gülə-gülə göz yaşını silənlər,
Yaxşılığa yaxşı olmaq gözəldir.
Yükləndilər atlar, atlı daşqalar,
Neçə-neçə dörd təkərli qoşqular,
Bağışlandı şaha yeni qurğular,
Yaxşılığa yaxşı olmaq yaxşıdır.
Üstüağı ağız-ağız öydülər,
Əmən şaha dəli deyib söydülər.
Vuruşlara qol qoyanı döydülər,
Yaxşılığa yaxşı olmaq yaxşıdır.
Döndü malla, mal-qarayla Üstüağ,
İtkilərə toxdaqlıqdır hər ödənc.
Dilə-dişə düşdü Asur basdısı,
İtkilərə toxdaqlıqdır hər ödənc.
Bacar dedi: – Mən gedirəm Körfəzə,
Tapşırıram səni böyük Hörmüzə,
Acıqanam ipə-sapa gəlməzə,
İtkilərə toxdaqlıqdır hər ödənc.
Gərək gedim diz çökdürüm Qaraşı,
Gedim durum Manay ilə yanaşı,
Necə olur görüm onun savaşı,
İtkilərə toxdaqlıqdır hər ödənc.
Diri-diri gətirərəm mən onu,
Bitirərəm başladığı oyunu,
Yerə soxum onun Qaraş boyunu,
İtkilərə toxdaqlıqdır hər ödənc.
Bunu deyib İtiatı çapdı o,
Ağır gündə yardım tanrı işidir.
Dalda qoydu Asureli, İlamı.
Ağır gündə yardım tanrı işidir.
Fərat, Dəclə axarıyla yol aldı,
Gün get-gedə qızararaq saraldı,
Çayarası aralıqlar daraldı,
Ağır gündə yardım tanrı işidir.
Körfəz üstə yaralılar, ölülər,
Qana batıb bu döyüşdə ellilər,
Mindiyarda dəlilərlə yellilər,
Ağır gündə yardım tanrı işidir.
Ərqız Manay bir az solub, saralıb,
Onun qolu, çiyni, köksü yaralı,
Minellilər bir-birindən aralı.
Ağır gündə yardım tanrı işidir.
Bacar çıxır ortalığa lapbadan,
– Yaraşarmı tək qadını təkləmək?!
Mən Manaya arxa, əltut gəlmişəm,
Yaraşarmı tək qadını təkləmək?!
Qaraş, indi qabağıma çıxginən,
Qoyum səni bir vurumla pis günə,
Alım səni dəmir ipə, düyünə,
Yaraşarmı tək qadını təkləmək?!
– Mən Qaraşam, Bacar, çox da öyünmə,
Öz-özünə çox çırpınıb döyünmə.
Qurd dərinlə, toppuzunla sevinmə,
Yaraşarmı tək qadını təkləmək?!
Arielli arxamdadır, vuruşur,
Minellilər itiribdir duruşu,
Yaralılar bir-birinə qarışıb,
– Yaraşarmı tək qadını təkləmək?!
Vuruşdular, yastılandı yaraqlar,
Dəmir dözüm gətirməyir dəmirə.
Qalxdı iki qıçı üstə İtiat,
Dəmir dözüm gətirməyir dəmirə.
At tanıdı oğrusunu, boş başı,
Şıllaq atıb vurub yıxdı Qaraşı,
O qurtardı bunun ilə savaşı,
Dəmir dözüm gətirməyir dəmirə.
Arielli yürüş etdi, durmadı,
Minellini bu yürüşlər yormadı,
Bacar isə Arielli qırmadı,
Dəmir dözüm gətirməyir dəmirə.
Dedi: – Gedin yerinizdə oturun,
Mal-qaranı, ot-otlağı artırın,
Bu ocağı, qan-qadanı qurtarın,
Dəmir dözüm gətirməyir dəmirə.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-bacarin-gelisi-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Öc almağa yollanırdı Qızay da,Qadın öcü ağır kişi öcündən.
Turqa tanrı öyüdüYer üzünə bir də Zərdüşt gələcək,O, tanrının oğlu, tanrı yoludur.
Ağüzün sevgi söylənciKeçdi yüz gün Araz üstdə döyüşdənSevgi birdən gəlir,-demə!, Yalandır.
Muğanel söylənciMuğanelin yerincliyi Aranda,Hər bir yerin başbiləni yerincdir.
Başqa şairlərin şeirləri
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,