Qaraş bir də itkin düşdü, yox oldu,
Üzə çıxmaq üz istəyir dəmirdən.
Asureli, Arieli batırdı,
Üzə çıxmaq üz istəyir dəmirdən.

Axtardılar, aradılar, gəzdilər,
Boş-boşuna dolanmaqdan bezdilər,
Üz döndərib ondan, inam üzdülər,
Üzə çıxmaq üz istəyir dəmirdən.

Asurelə dönüb bir də o maymaq,
Sonevidir üstündəki yal-yaraq,
Azdırandır el-obanı yapalaq,
Üzə çıxmaq üz istəyir dəmirdən.

Bacar dedi: – Başçı seçin, baş olsun,
Adı-sanı Arieldə sayılsın.
Dediyinə sözsüz dəyər qoyulsun,
Üzə çıxmaq üz istəyir dəmirdən.


Hamı dedi: – Bacar olsun başçımız,
Yiyəsizə hər uca ad yiyədir.
Hexa qızı acığından dinmədi,
Yiyəsizə hər uca ad yiyədir.

Məniş dedi, aldadaram, yaxaram,
Acılayıb son gününə baxaram,
Əkbitənin dib daşına çıxaram,
Yiyəsizə hər uca ad yiyədir.

Bacar dedi: – Əltut ollam sizlərə,
Gedin bir az suqırağı düzlərə.
İnanmayın qan-qadalı sözlərə,
Yiyəsizə hər uca ad yiyədir.

Məniş dedi: – Yol taparam bu yolla,
Əkbitəndə Qaraşıma yer allam.
Şahlar kimi mən də qalxıb ucallam,
Yiyəsizə hər uca ad yiyədir.


Basar döndü ər qız Manay Başevə,
Başəy olsun gərək böyük basara.
Bacar isə suqırağı düzlərə,
Başəy olsun gərək böyük basara.

Qorxusundan Məniş üzə çıxmadı,
Bacar onun üzünə də baxmadı.
Tək olsa da Arieldən qorxmadı,
Başəy olsun gərək böyük basara.

Ocaq çatıb ət-soyutma etdilər,
Hind dilində oxudular, ötdülər,
Oynadılar, yoruldular, getdilər,
Başəy olsun gərək böyük basara.

Məniş gizli girib-çıxdı daxmaya,
Anasını saldı sıxma-boğmaya,
Nəsə qatdı çörək üstü yaxmaya,
Başəy olsun gərək böyük basara.

**Qalib


Burda gecə yatdı Bacar ac, susuz,
İlan vuran qorxar qara çatıdan.
Bir yol onu acılayan Mənişdi,
İlan vuran qorxar qara çatıdan.

Üç gün yatdı, ayılmadı yuxudan,
Məniş üzə çıxammadı qorxudan.
Çəkinirdi o, ağıdan, qarğıdan,
İlan vuran qorxar qara çatıdan.

İtiatı yaraladı, qovladı,
Qapısına gələnləri tovladı,
O, Bacarı yuxularkən ovladı,
İlan vuran qorxar qara çatıdan.

Yanıq əski tutdu gecə burnuna,
Tüstü gedib yatdı onun qanına,
Üç-üç quru ot döşədi yanına,
İlan vuran qorxar qara çatıdan.


Dedi:-şahı diz çökdürrəm bax, belə,
Güclülərə güc gəlməyə bic gərək.
Sonra özüm sağaldaram Bacarı,
Güclülərə güc gəlməyə bic gərək.

Çap get uzaq Uğurelə, İtiat,
Kişnə, qaplan nəriltisi sən ucalt,
Bacarının yuxusunu qov, azalt,
Güclülərə güc gəlməyə bic gərək.

At çaparaq Uğurelə birbaşa,
Dırnağını çırpdı yerə, dağ-daşa,
Qızçiçəyi o səslədi savaşa,
Güclülərə güc gəlməyə bic gərək.

Balasını alıb çıxdı Qızçiçək,
Görən Bacar nə yerdədir, nə gərək.
– Ay İtiat, çox iti ol, çap görək,
Güclülərə güc gəlməyə bic gərək.


Çıxdı yola çapa-çapa Qızçiçək,
Ürək duyur hər bir işi qabaqca.
Görən, nə var başındaca Bacarın,
Ürək duyur hər bir işi qabaqca.

– İtiatım, al belinə balamı,
Atıl, uç, keç uçurumu, yarğanı,
Keç qartalı, keç quzğunu, qarğanı.
Ürək duyur hər bir işi qabaqca.

İtiatım, balamı al böyrünə,
Məni çatdır o vuruşqan ərimə,
Onun çarpış, qarpış, çırpış yerinə,
Ürək duyur hər bir işi qabaqca.

İtiatım, tələs-tələs, usanma,
Ormanlarda, yaylalarda dayanma,
Onu mən tək tanrılar da duyammaz,
Ürək duyur hər bir işi qabaqca.


Məniş qorxdu, Qızçiçəkdən çəkindi,
Dilə tutdu, dil aldadar qadını,
Dedi;-Dayan, mən başına dolanım,
Dilə tutdu, dil aldadar qadını.

– Kəsi olum sənin kimi anaya,
Gəlib yaxşı yetişibsən haraya,
Sənin qadan dəysin dəli Manaya,
Dilə tutdu, dil aldadar qadını.

Basar çıxdı Manay bu son döyüşdə,
Bacar ona yardım etdi bu işdə,
Basıq Qaraş qaçıb itdi örüşdə,
Dilə tutdu, dil aldadar qadını.

El Bacarı başçı seçdi özünə,
Hamı baxır onun ərsoy sözünə.
Nədən indi yuxu dolub gözünə,
Dilə tutdu, dil aldadar qadını.


Diz qatdadı ər önündə Qızçiçək,
Nə dirrikdir, nə ölümdür yuxular.
Doğma ərim, gözünü aç, mənə bax,
Nə dirrikdir, nə ölümdür yuxular.

Bunca yatdın, yatağanım, daha dur,
Yol gözləyən Uğurelə söz buyur,
Dirriyini ölümündən sən ayır,
Nə dirrikdir, nə ölümdür yuxular.

Çox istidir, buraların yox qarı,
Bizi səslər qarlı dağlar diyarı.
Çənli yallar, durudaşlar diyarı,
Nə dirrikdir, nə ölümdür yuxular.

İgid ərim, yatmaq sənə yaraşmaz,
Ölüm gəlsə səndən, məndən soruşmaz.
Dirrik bunca ölüm ilə barışmaz,
Nə dirrikdir, nə ölümdür yuxular.


Tək yatmışdı körpə Tuncər yan evdə,
Tək qoymasın gərək doğma doğmanı.
Tuncər körpə yuxusunda gülürdü,
Tək qoymasın doğma gərək doğmanı.

Məniş getdi, oğurladı uşağı,
Düşmür dedi, bizim evə ayağı.
Atdı seyrək ormanlığa uşağı,
Tək qoymasın doğma gərək doğmanı.

Gəlib gördü bayılıbdır gənc ana,
Dedi, qatım gəlini də al qana,
Sonra atım mən onu da ormana,
Tək qoymasın doğma gərək doğmanı.

O, bıçağı endirərkən dəli tək,
Tutdu qanlı biləyindən Qızçiçək.
Dedi:-hanı körpəm, ay it, ay köpək,
Tək qoymasın doğma gərək doğmanı.


Onlar birdən yumruqlaşdı, tutaşdı,
Göydəngəlmə nəsə vardır qadında,
Bir o vurdu qılınc ilə, iki bu,
Göydəngəlmə nəsə vardır qadında.

Qızçiçəyin ana gözü alışdı,
Qılınc vurdu, Məniş ilə çarpışdı.
Birdən onun boğazından yapışdı,
Göydəngəlmə nəsə vardır qadında.

– Göz dikmisən-dedi; – şahlıq yerinə,
Niyə ağı içirmisən ərimə,
Boyayaram səni qana, irinə,
Göydəngəlmə nəsə vardır qadında.

Dur, su çilə, silkə, oyat Bacarı,
Sonra gətir, qoy yanıma artarı.
Məni üzən sulu çiçək çıxarır,
Göydəngəlmə nəsə vardır qadında.


– Tuncər, odur, yaxındadır, ağlayır,
Bağışlamaq analardan qalmadır.
Gümüş suyu içirt, Bacar ayılsın,
Bağışlamaq analardan qalmadır.

– Bu, yuxu yox, dərin-dərin quyudur,
Al, Bacarım, iç, qolbağın suyudur,
Bu, ölümə bənzər qara yuxudur,
Bağışlamaq analardan qalmadır.

İrişərək Bacar açdı gözünü,
Gördü birdən Qızçiçəyin üzünü,
O qatdayıb yerə qoydu dizini,
Bağışlamaq analardan qalmadır.

Onlar Məniş deyən yerə qaçdılar,
Quşa dönüb sanki qanad açdılar,
Tuncər deyib yarğanlardan uçdular,
Bağışlamaq analardan qalmadır.


Çox gəzdilər, tapmadılar Tuncəri,
Gecə keçdi, dan ağardı, gün çıxdı.
Yarğanları, ormanları busdular,
Gecə keçdi, dan ağardı, gün çıxdı.

Tuncər bala, hardan səni tapaq biz,
Qancılların caynağından qapaq biz,
İtiatla Uğurelə çapaq biz,
Gecə keçdi, dan ağardı, gün çıxdı.

Səs gəlmədi kolluqlardan, daşlardan,
İti gəlib yorğun keçən quşlardan,
Səs gəlmədi ətəklərdən, döşlərdən,
Gecə keçdi, dan ağardı, gün çıxdı.

Ata, ana yorularaq susdular,
Yerə, göyə, çaya qulaq asdılar,
Ağrılarda, acılarda azdılar.
Gecə keçdi, dan ağardı, gün çıxdı.


İlk balanı itirməyi daddılar,
Ağrı-acı yaxın olur hamıya,
Üzüntülər üzlərində göyərdi,
Ağrı-acı yaxın olur hamıya.

Yada salıb ağladıqca artarı,
Qızçiçəyin gur saçları ağarır,
Sızıltılar dara çəkir Bacarı,
Ağrı-acı yaxın olur hamıya.

Üç il keçdi, bir qız doğdu Qızçiçək,
Ad qoydular bu ağ qıza Qarçiçək.
Bundan sonra ağrı-acı nə demək,
Ağrı-acı yaxın olur hamıya.

Beş yaşında gözəl, göyçək, ərköyün,
Yaşayışı, gündəliyi toy-düyün,
On yaşında qaşlarında bir düyün,
Ağrı-acı yaxın olur hamıya.


Qarçiçəklə toxdamadı Qızçiçək,
Hər balanın öz qoxusu, öz yeri.
Tuncər deyib göz yaşını axıtdı,
Hər balanın öz qoxusu, öz yeri.

Paxıl Məniş qapıb onu itirdi,
Yoxsa tanrı göyə yardım apardı,
Yerindəcə qarçiçəyi bitirdi,
Hər balanın öz qoxusu, öz yeri.

Biri gəldi, yaramaza yarayan,
Tez-tez alın qırışını darayan,
Dedi; göydə ulduzları arayaq,
Hər balanın öz qoxusu, öz yeri.

O söylədi, Qızçiçək də inandı,
Bu deyimlər ölç-bis olub sınandı,
Hamıdan çox yenə ana yanandı,
Hər balanın öz qoxusu, öz yeri.


Qızı gəlib çatdı on beş yaşına,
Hamı birdən sevgiləşir bu yaşda.
Dağa-daşa, günə, aya boylanır,
Hamı birdən sevgiləşir bu yaşda.

Hərdən gizli, öz-özüylə danışır,
Açılmazlıq üz-gözündə sayrışır,
Gözəl olur danışığı, duruşu,
Hamı birdən sevgiləşir bu yaşda.

Öz-özüylə öz-özündən inciyir,
Dəniz kimi yoxdur bir an dincliyi,
Belə keçir yeniyetmə gəncliyi,
Hamı birdən sevgiləşir bu yaşda.

Yeniyetmə, yolsuz, başsız, gəzəri,
Hər bir sözdən, hər bir işdən küsəri,
İlk sevginin yeniyetmə kəsəri,
Hamı birdir, sevgiləşir bu yaşda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri