Bir gün ova çıxmış idi Qızçiçək,
Meşə dərin, yarğan dərin, çay dərin,
Gördü biri yatıb qaya üstündə,
Meşə dərin, yarğan dərin, çay dərin.

O yatmışdı üstüaçıq, bükülü,
O lüt idi, tək sağrısı örtülü,
Boyun əti, çiyin əti dartılı,
Meşə dərin, yarğan dərin, çay dərin.

Qarçiçəkdi sanki, yox, o deyildi,
Bu oğlandı, saçı kilkə kəkildi,
Köksü tuncdan, tunc dərisi çil-çildi,
Meşə dərin, yarğan dərin, çay dərin.

Ana onu öz qızına oxşadır,
Elə bil ki, cüt almadır, qoşadır,
O, ağ güldür, bu oğlansa başqadır,
Meşə dərin, yarğan dərin, çay dərin.


Birdən çıxdı qabağına bir ağ qurd,
Ovun cüyür-ceyranı var, qurdu var.
Qızçiçəyə diş qıcırtdı acıqla,
Ovun cüyür-ceyranı var, qurdu var.

O qorxmadı, qurd üstünə yeridi,
Qurd çəkilib daldalığa, kiridi,
Bu qurd ağdır, həm də çox-çox iridir,
Ovun cüyür-ceyranı var, qurdu var.

Qurd sıçradı irəliyə, at ürkdü,
Qurdun gözü göz deyildir, sönükdür,
Ağzındakı dişlər sökük-sökükdür,
Ovun cüyür-ceyranı var, qurdu var.

Qılınc qalxdı, endi qurdun çiyninə,
O batmadı qurdun qalın gönünə.
Qurd geyibdir qurd dərisi əyninə,
Ovun cüyür-ceyranı var, qurdu var.


Oxa tutdu, ox da onu tutmadı,
Yaraalmaz, dəmirbatmaz qurddu bu,
Dedi,-tutun onu iplə,-Qızçiçək,
Yaraalmaz, dəmirbatmaz qurddu bu.

Onu alıb aralığa tutdular,
Dəmirağac tutuğuna qatdılar.
Qızçiçəyin qabağına atdılar,
Yaraalmaz, dəmirbatmaz qurddu bu.

Tunc kökslü oğlan birdən ayıldı,
Bunu görüb qanlı gözü qıyıldı,
Nəriltisi uzaqlara yayıldı,
Yaraalmaz, dəmirbatmaz qurddu bu.

Cumub dəmir tutacağı qırdı o,
Kim var idi ovçulardan vurdu o,
Qızçiçəyi qova-qova yordu o,
Yaraalmaz, dəmirbatmaz qurddu bu.


Birdən şaq-şaq şaqqıldadı meşələr,
Meşənin də ağac-ağac dili var.
Bir sürü qurd bura gəldi yüyürək,
Meşənin də ağac-ağac dili var.

Qızçiçəyi Tuncər tutub saxladı,
Qollarını, qıçlarını bağladı,
Kimliyini birər-birər yoxladı,
Meşənin də ağac-ağac dili var.

– Bacar şahın arvadıyam, dirəyi,
Hələ yerə dəyməyibdir kürəyi.
Nədən, bilməm, tir-tir əsir ürəyim,
Meşənin də ağac-ağac dili var.

Oxşayırsan igid ərim Bacara,
Bir də itən körpə oğlum – artara,
Ah, ürəyim çırpım-çırpım qabarar,
Meşənin də ağac-ağac dili var.


Ağ qurd lapdan dilə gəldi, söylədi:
Dağ dağa yox, çatar adam adama.
Səni yaxşı tanıyıram, Qızçiçək,
Dağ dağa yox, çatar adam adama.

Uğurelin şah qadını olubsan,
Niyə belə qabarıbsan, dolubsan?
Oğul deyib, saralıbsan, solubsan,
Dağ dağa yox, çatar adam adama.

– Mən oğlumu itirmişəm gör haçan,
İtki çox-çox yaman olur, çox yaman.
Qoy azaltsın üzüntümü yaradan,
Dağ dağa yox, çatar adam adama.

Ondan sonra belə soldum, saraldım,
İyirmi il içrə belə qocaldım,
Körpəm itdi, ötkəmliyim azaldı,
Dağ dağa yox, çatar adam adama.


Ağ qurd baxdı, diş göstərdi qurdlara,
Diş qıcıtmaq "qancıl olun" deməkdir,
Dedi-Məni alçaldıbdır Üstüağ,
Diş qıcıtmaq qancıl olmaq deməkdir.

Əldən düşdü, Boz Qurd öldü bir axşam,
Mən Boz Qurdun balasıyam, ağ adam,
Öz atamın yerindəcə mən varam,
Diş qıcıtmaq qancıl olmaq deməkdir.

Mən Ağqurdam, Qızbax şahın elindən,
Böyük başçı Turər şahın belindən,
Qan ağlaram Üstüağın əlindən,
Diş qıcıtmaq qancıl olmaq deməkdir.

Mən sevirdim uşaqlıqdan Manayı,
Mən o qızın, o qız mənim öz tayım,
Getdi oldu Üstüağın şah payı,
Diş qıcıtmaq qancıl olmaq deməkdir.


Qızçiçəyə yürüş etdi neçə qurd,
Yedirtməzlər qurda-quşa qadını,
Tunc köküllü oğlan birdən bağırdı,
Yedirtməzlər qurda-quşa qadını.

Mənə Ağqurd Tuncər deyib ad qoyub,
Dil öyrədib, ad qazanıb, səs yayıb,
Başçı mənəm indi meşə, çöl boyu,
Yedirtməzlər qurda-quşa qadını.

Mən də səndə bir doğmalıq sezirəm,
Doğma yerlər, doğma üzlər gəzirəm,
Hərdən bu qurd tay-tuşumdan bezirəm,
Yedirtməzlər qurda-quşa qadını.

Buraxıram səni, qayıt yerinə,
Gözaydınlıq söylə Bacar ərinə,
Əltut olsun hamı biri-birinə,
Yedirtməzlər qurda-quşa qadını.


Tuncər, sağ ol, unutmaram bunu mən,
Bağışlamaq dirisidir bu ellər.
Oğul, sənə yaman qanım qaynadı,
Bağışlamaq dirisidir bu ellər.

Ağqurd dedi; -Parçalayın, dağıdın,
Adamları boğun, qanlar axıdın,
Tuncər dedi: – Öcü suça boğdurun,
Bağışlamaq dirisidir bu ellər.

Sağ ol, oğlum, Tuncər-dedi Qızçiçək,
Uğurelə gəlin, bir də görüşək,
Çöldə, düzdə yaxın olaq biz gərək.
Bağışlamaq dirisidir bu ellər.

Ağqurd dedi: – Qurdlar, onu gəmirin,
Qadın qanı şirin olur, sümürün.
Tuncər sıxdı əlindəki dəmiri.
Bağışlamaq dirisidir bu ellər.


Tuncər dedi: Ağqurd, doğmam, doğmacam,
Dil yanılar, ancaq ürək yanılmaz.
Doğmalıq var Qızçiçəyin üzündə.
Dil yanılar, ancaq ürək yanılmaz.

Ağqurd dedi: – Üstüağ şah qancılım,
Ürəyimə bir ox olub sancılıb.
Gərək onu mən öldürüm, dincəlim,
Dil yanılar, ancaq ürək yanılmaz.

Birdən yalda yalsız qaplan göründü,
Nərildəyib Tuncər yerdə süründü,
Yaralıydı, yara yeri irindi,
Dil yanılar, ancaq ürək yanılmaz.

Tuncər onu öz dilində çağırdı,
Yalsız qaplan ağrısından bağırdı,
Ox yarası qorxuludur, ağırdır,
Dil yanılar, ancaq ürək yanılmaz.


– Tumar-tumar, pişim-pişim qaplanım,
Ağrı-acı ağır olur güclüdə.
Döz, çıxarım oxu sənin sağrından,
Ağrı-acı ağır olur güclüdə.

Bunu deyib oxu çəkdi yaradan,
Üzə çıxdı sarı irin, qara qan,
– Dözümlü ol, dözümlü ol, a qaplan,
Ağrı-acı ağır olur güclüdə.

Qaplan qaçdı, gözdən itdi, yox oldu,
Bu yaxşılıq ərlikdən də çox oldu,
Qızçiçəyin qız ürəyi dağ oldu,
Ağrı-acı ağır olur güclüdə.

Qılıncını açdı verdi Tuncərə,
Sağ ol,-dedi, bu gənc yaşlı önərə,
Üz tutaraq sonra dedi göylərə,
Ağrı-acı ağır olur güclüdə.


Könlü işıq dolu döndü Qızçiçək,
Ürəyin də dib daşı var – işıqdır.
Nə görmüşdü, o, Bacara danışdı,
Ürəyin də dib daşı var – işıqdır.

Bacar baxdı Qızçiçəyə, sevindi,
İşıqlanıb ata kimi öyündü,
Könlü birdən çırpım-çırpım döyündü,
Ürəyin də dib daşı var – işıqdır.

Get, gör, kimdir igid Tuncər, get, ərim,
İyirmicə yaşı vardır Tuncərin,
Sənə bənzər, Qarçiçəyə gözləri,
Ürəyin də dib daşı var – işıqdır.

Düz deyirsən, Qızçiçəyim,-dedi-sən,
Gedib gəzib axtararam onu mən,
Tanıyaram gözlərindən, dilindən,
Ürəyin də dib daşı var – işıqdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri