– İtiatım, çapaq çölə, meşəyə,
Dirrik özü axtarışdır, tapıntı.
Çapaq, açaq yollardakı düyünü,
Dirrik özü axtarışdır, tapıntı.

İtiatım, çox bərk vurur ürəyim,
Ürəyimdən güc götürür biləyim,
Uğur deyir bizə küskün ürəyim,
Dirrik özü axtarışdır, tapıntı.

İtiatım, sənsən arxam, arxancım,
Sənsən itən oğulların tapıncı,
Uzaq olsun bizdən qancıl, yabançı,
Dirrik özü axtarışdır, tapıntı.

Qulac-qulac cığırları yumaqla,
Dərin-dərin meşələri daraqla,
Qaplanları, ilanları ayaqla,
Dirrik özü axtarışdır, tapıntı.


Baxdı daldan Qarçiçəklə Qızçiçək,
Göz yol çəkər, ürək isə doğmanı.
Get, qoşa gəl Uğurelə, Bacarım,
Göz yol çəkər, ürək isə doğmanı.

At tərpəndi, külək oldu, yel oldu,
Yıxdı kolu, kolcuqları, sel oldu,
Çapışından çaylar, göllər lil oldu,
Göz yol çəkər, ürək isə doğmanı.

Bacar çapdı, çapdı, getdi uzağa,
Gəlib çatdı Yastıdağa, Duzdağa,
Çapaq oldu neçə doğma oylağa,
Göz yol çəkər, ürək isə doğmanı.

Dörd bir yanda buz bulaqlar pıçıldar,
Sarıçəpkən şaq-şaqqını ucaldar,
Qaçar burda söz eşidər uçardan,
Göz yol çəkər, ürək isə doğmanı.


Gördü burda neçə göl var yanaşı,
Su vardırsa yerdə hər şey var demək.
Qara qaplan əyilərək su içir,
Su vardırsa yerdə hər şey var demək.

O su içdi, getdi yatdı qıraqda,
Bir səs gəldi qulağına uzaqdan,
Su içsə də o ac idi bayaqdan,
Su vardırsa yerdə hər şey var demək.

Tuncər gəldi, qaya üstdə göründü,
Meşə soyuq, sular gömgöy, dərindi,
Bunca suya atılmadı, sərindi,
Su vardırsa yerdə hər şey var demək.

Qara qaplan yaya dönüb, dartıldı,
Sıçrayaraq Tuncər üstə atıldı,
Meşələrə haray-həşir qatıldı,
Su vardırsa yerdə hər şey var demək.

Yuvarlandı ikisi də enişə,
Su başında ov güdməyir ərənlər,
Meşələr də ölçü-biçi saxlayır,
Su başında ov güdməyir ərənlər.

Gəmirişib, caynaqlaşdı ərənlər,
Dığırlandı ovu gizli güdənlər,
Durub baxdı bu çarpışı görənlər,
Su başında ov güdməyir ərənlər.

Tuncər onu boğazladı arxadan,
Yıxıb çəkdi öz üstünə arada.
Bir bıçaqla dinclik tapdı o qaplan,
Su başında ov güdməyir ərənlər.

Qan itirib qaplan tez-tez uladı,
Öz qanıyla otluqları suladı,
Ölən kimi Tuncər onu tolladı,
Su başında ov güdməyir ərənlər.


Bacar gördü bu vuruşu busqudan,
Güc yaşamaq ölçüsüdür meşədə.
Qarçiçəyə oxşayırdı bu igid,
Güc yaşamaq ölçüsüdür meşədə.

Bu kim idi – tunc kökslü gənc ərən,
Qızçiçəyin dediyidir bu, görən?
Qayıtmaram mən Tuncəri görmədən,
Güc yaşamaq ölçüsüdür meşədə.

Qurd sürüsü diddi qara qaplanı,
İzlədilər tunc kökslü oğlanı,
Dimdiklədi, yedi quşlar qalanı,
Güc yaşamaq ölçüsüdür meşədə.

Yırtıcılar gözdən itdi bir anda,
Görünmədi onlar çəndə, dumanda.
Meşə batdı qorxuncluğa dörd yandan,
Güc yaşamaq ölçüsüdür meşədə.


Meşə dinməz, dağ görünməz, yol itkin,
Yol bilməyən itkin düşər dumanda.
Gərək durub gözləyəsən günəşi.
Yol bilməyən itkin düşər dumanda.

İtiatı bir ağaca bağladı,
Özü düşüb hər bir yanı yoxladı.
Kimsə onu daldan tutub saxladı,
Yol bilməyən itkin düşər dumanda.

Ağqurd idi, ağ dəridən paltarı,
Üç gün idi izləyirdi Bacarı,
O yormuşdu yorta-yorta yolları,
Yol bilməyən itkin düşər dumanda.

Ayrı salıb onu İtiatından,
Yumruq ilə vurdu boynu ardından.
Bir də vurdu, bir də Tuncər adından,
Yol bilməyən itkin düşər dumanda.


– Səni kəsib Üstüağa yollaram,
Təkləməsən güc gəlməzsən şahlığa.
Qızçiçəyi, səni, bir də Tuncəri,
Təkləməsən güc gəlməzsən şahlığa.

Bayılıbsan, öləcəksən, bilirəm,
Qurd dərisi geyib sizə gülürəm,
Boz Qurd öldü, Ağqurd olub gəlirəm,
Təkləməsən güc gəlməzsən şahlığa.

Mən Tuncəri oğurladım, gətirdim,
Şaha qarşı acıqan tək yetirdim,
Bu iş üçün illərimi itirdim,
Təkləməsən güc gəlməzsən şahlığa.

Gərək Tuncər Üstüağla vuruşa,
Qurd sürüsü ona qarşı duruşar,
Başev gərək bir-birinə qarışa,
Təkləməsən güc gəlməzsən şahlığa.


Üstüağı gərək Tuncər öldürə,
Basıq olan öz içindən qırılar.
Tuncər onun uzaq, yaxın doğması,
Basıq olan öz içindən qırılar.

Tuncəri də boyayaram qanına,
Alt yer qatda o da gələr yanına,
Birə düşər Qızçiçəyin donuna,
Basıq olan öz içindən qırılar.

Mən Ağqurdam, ölən Boz Qurd yerinci,
Qurdlar bilmir bu dolambac gilinci,
Mən Alpanam, Qızbax eldə birinci,
Basıq olan öz içindən qırılar.

Bir də vurdu, Bacar bir də bayıldı,
Yala, düzə birdən bir sis yayıldı,
Diksinərək Bacar yenə ayıldı,
Basıq olan öz içindən qırılar.


Ağqurdu da Tuncər yol-yol güdürdü,
Çox gizlilər qapı açır güdükdə.
Nə demişdi Ağqurd, Tuncər eşitdi,
Çox gizlilər qapı açır güdükdə.

Tuncər gördü Ağqurd adı yalandır,
Ağqurd deyil, o, yalançı Alpandır.
Alpan deyil, o, yaralı qaplandır,
Çox gizlilər qapı açır güdükdə.

Çıxdı üzə, yırtdı çəni, dumanı,
O da daldan yaxaladı Alpanı,
Aldı qanlı caynağından baltanı,
Çox gizlilər qapı açır güdükdə.

Alpan dedi: – Tuncər, məni öldürmə,
Qurd yox, adam olduğumu bildirmə.
Üstüağı üstümüzə güldürmə,
Çox gizlilər qapı açır güdükdə.


Atan, anan-dedi:-səni atıblar,
Çox ağırdır, bala, oğul böyütmək.
Səni dişim-dırnağımla böyütdüm,
Çox ağırdır igid oğul böyütmək.

Tuncər dedi: – Ağqurd, başı pozuqsan,
Öz gecikmiş sevgin ilə yazıqsan,
Basar deyil, bundan sonra basıqsan,
Çox ağırdır igid oğul böyütmək.

Sən böyütdün, məni saldın düyünə,
Oğul gərək tutaq ola pis günə,
Sevgi səni döndəribdir düşkünə,
Çox ağırdır igid oğul böyütmək.

Bağışlaram səni Bacar ölməsə,
Öldürərəm səni yola gəlməsən,
Yaşadaram sürüləri bölməsən.
Çox ağırdır igid oğul böyütmək.


Tuncər dedi: – Azdırıbsan qurdları,
Basılmayan gücdür qurdun sürüsü,
Onlar daha Üstüağa uyuşmur,
Basılmayan gücdür qurdun sürüsü.

Çıxar ağ qurd dərisini, adam ol,
Sevgi yuxu, bu yuxudan sən ayıl,
Düz yol olsun gərək bizə gedən yol,
Basılmayan gücdür qurdun sürüsü.

Sən Minelin qolundansan, özündən,
Turər şahın görkəmi var üzündə,
Hamımızdan dözümlüsən dözümdə,
Basılmayan gücdür qurdun sürüsü.

Qurd dilini biz bilirik səninlə,
Sürülərə başçılıq et mənimlə,
Qoşul bizə gözlənilməz dözümlə,
Basılmayan gücdür qurdun sürüsü.


Bacar durdu qucaqladı Tuncəri,
Unudulmaz ata-bala görüşü.
Tuncər ata istisilə isindi,
Unudulmaz ata-bala görüşü.

Dedi: – Oğul, Tuncər balam, ərənim,
Ürəyinin gözlərilə görənim,
Qurd içində öz yerini bilənim.
Unudulmaz ata-bala görüşü.

İyirmi il oğul deyib qovruldum,
Göz yaşları oldum, yağdım, sovruldum,
Qaraş-Məniş bicliyilə sarsıldım,
Unudulmaz ata-bala görüşü.

Gedək, gedək, anan ilə görüş sən,
Alpandan da izin istə, soruş sən,
Minellə yox, Darvidellə vuruş sən,
Unudulmaz ata-bala görüşü.


Tuncər durdu, qucaqladı Bacarı,
Ata bütün arxasıza arxadır,
Dedi: – Atam nədən belə ikidir,
Ata bütün arxasıza arxadır.

Meşələrin bu çən, duman günündə
Öyünürəm iki ata önündə,
Mən Tuncərəm, böyük Minel yönündən,
Ata bütün arxasıza arxadır.

Alpan dedi: – Mən də düz yol tapmışam,
Tək qalmışam, el yolundan sapmışam.
Pis olmuşam, pis qurğular yapmışam,
Ata bütün arxasıza arxadır.

Bacar dedi: – İtiatım, gəl gedək,
Qızçiçəyi sevindirək biz gərək,
Sənin hələ bacın vardır, Qarçiçək,
Ata bütün arxasıza arxadır.


İtiatdan səs gəlmədi, kişnərti,
Meşə səsi səssizliyi udandır.
Bacar atı çox səslədi, hayladı.
Meşə səsi səssizliyi udandır.

Axtardılar, usandılar, qaldılar,
Baş sındırıb düşüncəyə daldılar,
Cığırlardan bir-bir soraq aldılar,
Meşə səsi səssizliyi udandır.

Yallı qaplan birdən kəsdi cığırı,
Ağız açdı, nərildədi, bağırdı.
Qarpışmağa güclüləri çağırdı,
Meşə səsi səssizliyi udandır.

Bacar cumub özün ona yetirdi,
Bir yumruqla dirriyini bitirdi.
Yallı qaplan duruşunu itirdi,
Meşə səsi səssizliyi udandır.


Yol getdilər onlar üç gün, üç gecə,
Yol itirsən, inancını itirmə.
Hər üçünün dözərliyi qurtardı,
Yol itirsən, inancını itirmə.

Uçurumlar, qayalıqlar, yarğanlar,
Ayı, qaban, qurd, ilanlar, qaplanlar,
Başsız atlar, oynaqlayan qulanlar,
Yol itirsən, inancını itirmə.

– Hey, hey, arxam, atam-anam İtiat,
Sən hardasan, kişnə, fınxır, səs ucalt,
Üstümüzdən sarsıntılı yükü at,
Yol itirsən, inancını itirmə.

Bir kişnərti eşidildi uzaqdan,
Bu boğuq səs səslənirdi bayaqdan,
At yorulub sanki düşüb ayaqdan,
Yol itirsən, inancını itirmə.


Çox qaçdılar, gölə, çaya batdılar,
Gəlib sonda Yastıdağa çatdılar,
Səs eşidib üzüquylu yatdılar,
Yol itirsən, inancını itirmə.

Qurdlar onu qovmuşdular, yorsunlar,
Yemək üçün yıxıb yerə vursunlar,
Qova-qova inancını qırsınlar,
Yol itirsən, inancını itirmə.

Daş ovuğa girib o da tələsik,
Şıllaq ilə qorunurdu hələlik,
Neçə qurdu aşırırdı bir təpik,
Yol itirsən, inancını itirmə.

Tuncər qalxıb qurd dilində bağırdı,
Ac qurdları öz yanına çağırdı,
İtiatdan tər su kimi axırdı,
Yol itirsən, inancını itirmə.


Bacar dedi: – İtiatım, yaxın gəl,
İgid atsız, at yiyəsiz olmasın.
Səni gəzib axtarırıq neçə gün,
İgid atsız, at yiyəsiz olmasın.

At ovuqdan çıxdı, üç yol kişnədi,
İtiata dağ-daş nədi, döş nədi,
O çapanda yüklü nədi, boş nədi,
İgid atsız, at yiyəsiz olmasın.

Tuncər qurdu – quşu yığdı talaya,
Qurd sürüsü döndü böyük alaya,
Dedi: – Gedib qayıdıram bir aya,
İgid atsız, at yiyəsiz olmasın.

Mən gələnə təzə yollar açınız,
Alpan olur sizin sürü başçınız,
Çən atınız, ildırımlar qamçınız,
İgid atsız, at yiyəsiz olmasın.


Alpan dedi: – Gözləyirəm səni mən,
Gəl başçısı ol alayın yenidən,
Qoşqu gətir, təkərləri dəmirdən,
İgid atsız, at yiyəsiz olmasın.

Bacar dedi: – Sənə qoşqu alaram,
Döyüşlərdə onu işə salaram,
Hamınıza birgə kəsi olaram,
İgid atsız, at yiyəsiz olmasın.

Tuncər dedi: – Mindiyarı aşaram,
Hər qoşquya iki yüz qurd qoşaram,
Döyüşlərdə sellənərəm, daşaram,
İgid atsız, at yiyəsiz olmasın.

Bacar dedi: – İtiatım, uç gedək,
Uğurelə bu gün çatım mən gərək,
Gedək ana, bacı ilə görüşək,
İgid atsız, at yiyəsiz olmasın.


Üzülüşüb yerdən, göydən getdilər,
Nə gözəlsən, doğma ocaq, doğma ev,
Oğlum gəlir anasıyla görüşə,
Nə gözəlsən, doğma ocaq, doğma ev.

İyirmi il gözü yolda var olmaq,
Tanrım, məni əldən saldı bu sınaq,
Gedək daha bir ocaqda qovuşaq,
Nə gözəldir doğma ocaq, doğma ev.

Qızıl ulduz, gümüş bulud yan-yana,
Uğureldə durub ağlar bir ana,
Oğlu gəlir, gedin deyin siz ona,
Nə gözəldir doğma ocaq, doğma ev.

İtiatım, çox özünü yorma sən,
Tərləsən də heç bir yanda durma sən,
Gur çayları qıçlarına sarma sən,
Nə gözəlsən, doğma ocaq, doğma ev.


Çəkimini ürəklərdən keçirib,
Tüstülənən qızıl dilli ocağım.
Ocaq çoxdur, sənin kimi yanmayır,
Tüstülənən qızıl dilli ocağım.

Ver aparım buzlaqlara istini,
Gözlərimin qarasında tüstünü,
Bulud, duman qoy almasın üstünü,
Tüstülənən qızıl dilli ocağım.

Al günəşdən bir qırıqsan, düşübsən,
Alovlanıb, yapıqlanıb şaşıbsan,
Tək qalanda öz-özünü eşibsən,
Tüstülənən qızıl dilli ocağım.

Tanrım, mənim yerim-yurdum, qoruncum,
Qızıl saçlı, yun saçaqlı yapıncım,
Ey yiyəsiz illərimin tapıncı,
Tüstülənən qızıl dilli ocağım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri