Tuncər söylənci
Çəkib dirrik cızığını,
Bir, bölünüb iki yerə,
Biri varlı, biri yoxsul,
Bir, bölünüb iki yerə.
Başev, boş ev üz-üzədir,
Yaxşı, yaman diz-dizədir,
Gecə, gündüz göz-gözədir.
Bir, bölünüb iki yerə.
Nə vardırsa ikilidir,
Sökülüdür, tikilidir,
Yüngül, ağır çəkilidir,
Bir, bölünüb iki yerə.
Bir olanlar yazıq olub,
Hər addımda geri qalıb.
Dörd bir yandan vurum alıb,
Bir, bölünüb iki yerə.
Yaşa görüm bu dirriyi,
Yaşamaqdan çətin nə var.
Öndə dağdır, arxa yarğan,
Yaşamaqdan çətin nə var.
Sevinc varsa bir anlıqdır,
Ağrılardan iç yanıqdır,
Göz yaşları bulanlıqdır,
Yaşamaqdan çətin nə var.
Aldadırsan, aldanırsan,
Boş-boşuna dolanırsan,
Öz sonuna yollanırsan,
Yaşamaqdan çətin nə var.
Söylə, niyə, tanrı ata,
Çomurlara bata-bata,
Yaşamaqdan doymur adam,
Yaşamaqdan çətin nə var.
Tuncər baxdı anasına,
Cüt sığaldır ata, ana,
İki quşdur bir yuvada,
Cüt sığaldır ata, ana.
Biri sərtdir, biri kövrək,
Biri sevgi, biri dilək,
Ovuc-ovuc, ətək-ətək,
Cüt sığaldır ata, ana.
Uşaq üçün qoşa yoldur,
Sevinc azdır, yanğı boldur,
Biri sağdır, biri soldur,
Cüt sığaldır ata, ana.
İki kökdür, yapışıqdır,
Süd bal ilə qarışıqdır,
Bala üçün sarmaşıqdır,
Cüt sığaldır ata, ana.
Beş ay qaldı, Tuncər soldu,
İlk yuvanın çəkimi var,
O darıxdı dağlar üçün,
İlk yuvanın çəkimi var.
Sıx meşələr, sərt qayalar,
Solğun gülən gül boyalar,
Tarım duran göy talalar,
İlk yuvanın çəkimi var.
Bulaq susur, çay danışır,
Maral, ceyran, kəl çapışır,
Xallı qaplan, qurd qarpışır,
İlk yuvanın çəkimi var.
Ata, ana, dinclik, qayğı,
O, dinclikdən əzgin, yorğun,
Nə durmusan, dağlar oğlu,
İlk yuvanın çəkimi var.
– Alpan ata, gözlə məni,
Yaxşılıqlar unudulmaz,
Qurd balası böyüdübsən,
Yaxşılıqlar unudulmaz.
Başev məni sıxır yaman,
Beş ay burda mən qalandan,
Sevinirəm mən yalandan,
Yaxşılıqlar unudulmaz.
Hamı burda boş dolanır,
Əl sallanır, qol sallanır,
Burda sözdən dağ qalanır,
Yaxşılıqlar unudulmaz.
Baca tapsam, qaçacağam,
Göydə qanad açacağam,
Yastıdağa uçacağam,
Yaxşılıqlar unudulmaz.
Hər şey vardır burda bol-bol,
Yox özü də bir varlıqdır.
Nə deyirsən, gətirirlər,
Yox özü də bir varlıqdır.
Unutmuşam qurd basmağı,
Ov edərkən yol azmağı,
Ac qalmağı, quş busmağı,
Yox özü də bir varlıqdır.
Burda hər an hamı gülür,
Ancaq "gətir", "götür" bilir,
Baxışları ölü-ölü,
Yox özü də bir varlıqdır.
Adam azdır, yaltaq çoxdur,
Araçılar sıxdan sıxdır,
Hər şey vardır, heç nə yoxdur,
Yox özü də bir varlıqdır.
– Niyə tutqun gəzir balam,
Tutqun adam küskün olar,
Atan sənə kəsi olsun,
Tutqun adam küskün olar.
İyirmi il səni gəzdik,
Əlimizi səndən üzdük,
Ayrılığa yanıb dözdük,
Tutqun adam küskün olar.
Körpə idin, Tuncər adın,
Qundağını Məniş qadın
Kolluqlara alıb atdı,
Tutqun adam küskün olar.
Tanrı yazıq gördü bizi,
Birləşdirdi üçümüzü,
Tutqun gəzmə, iki gözüm,
Tutqun adam küskün olar.
Məniş bizlə acıqandır,
Acıqana bağış yoxdur,
Qabağında sürünsə də,
Acıqana bağış yoxdur.
Atan üç yol dara düşdü,
Düz yolunda o ilişdi,
Ölüm idi, tez sovuşdu,
Acıqana bağış yoxdur.
Çinel, Hindel, Asur başı
Əlləşdilər çox, yanaşı,
Dayandılar bizə qarşı,
Acıqana bağış yoxdur.
Keçmişini daha unut,
Ürəyini bir az ovut,
Sən atanın yerini tut,
Acıqana bağış yoxdur.
– Doğma anam, göz bəbəyim,
Ana dözüm nağılıdır.
Sən dib daşım, dirriyimsən,
Ana dözüm nağılıdır.
Mən çaparam, Başev yorğa,
Ata döşək, ana yorğan,
İki qoruq, iki qalxan,
Ana dözüm nağılıdır.
Bu dinclikdə necə qalım,
Gücdən düşür əlim, qolum,
Yol ver, ana, qadan alım,
Ana dözüm nağılıdır.
Könül quşum, uç uzağa,
Əkbitənə, Yastıdağa,
Anam dözər ayrılığa,
Ana dözüm nağılıdır.
Uğur söylə, ana, mənə,
Uğurludur ana sözü,
Bir uğuru yüz edərəm,
Uğurludur ana sözü.
Sən yol göstər, uçar olum,
İgidlikdə Bacar olum,
Ürəklərə açar olum,
Uğurludur ana sözü.
Qurd toplumum basılmazdır,
Minel oğlu sarsılmazdır,
Güzgü könlüm cızılmazdır,
Uğurludur ana sözü.
Əkbitənim, Uğurelim,
Ora gedim, bura gəlim,
Ya öldürüm, ya da ölüm,
Uğurludur ana sözü.
Bacar gəldi, Başev qalxdı ayağa,
Dağ önündə susqun durur yoxuşlar,
Susdu hamı, danışmadı Qızçiçək,
Dağ önündə susqun durar yoxuşlar.
Alnındaydı Qızuçarın lələyi,
Qayaquşdan güc almışdı biləyi,
Çırpınırdı Tuncər adlı ürəyi,
Dağ önündə susqun durar yoxuşlar.
Çal saqqalı sıxdı, ipək yatımda,
Qartal baxış qara qaşlar altında,
Qurd dərisi boz çuxası altında,
Dağ önündə susqun durar yoxuşlar.
Üstündəydi tunc toxunma geyimlər,
Qaşlarının arasında düyünlər,
Qabarıq döş, iri, enli çiyinlər,
Dağ önündə susqun durar yoxuşlar.
– Tuncər, oğlum, – dedi: bir az bəri gəl,
Enli qanad qartal evə sığışmaz.
Şiş qayalar, boz buludlar oylağı,
Enli qanad qartal evə sığışmaz.
Sən Gücərdən, Qızuçardan gəlməsən,
Atan üçün, anan üçün hər nəsən,
Sev Başevi, ancaq könül vermə sən,
Enli qanad qartal evə sığışmaz.
Mən görürəm tutqunluqda sınırsan,
Yastıdağı, Şişqayanı anırsan,
Bu Başevi dustaq, tutu sanırsan,
Enli qanad qartal evə sığışmaz.
Düşüncəndə boz cığırlar kəsişir,
Qurd toplumun ular-ular gəzişir,
Sənsiz qalıb orda yellər əsişir,
Enli qanad qartal evə sığışmaz.
Tanrı bizə tapşırıbdır, sən də bil,
Harda olsan od-ocağı qoru sən.
Deyib böyük Ahur-məzda, Sərtiş ər,
Harda olsan od-ocağı qoru sən.
Su, od, bitki, dilli, dilsiz uludur,
Hər yer dilli, dilsizlərlə doludur,
Minellinin yolu günəş yoludur,
Harda olsan od-ocağı qoru sən.
Hara getsən, öndər, önər, xaqan ol,
El işində əskilən yox, artan ol,
Öz ardınca yüz minləri dartan ol,
Harda olsan od-ocağı qoru sən.
Xançuya get, Düzər sənin qardaşın,
Əkbitəndə Üstüağ şah yoldaşın,
Pis olsa da sən doğma say Qaraşı,
Harda olsan od-ocağı qoru sən.
Gözə çarpan nəyim varsa sənindir,
Balasına ata yardım, tutəldir.
İtiatım, alınbağım var olsun,
Balasına ata yardım, tutəldir.
Alınbağı verib mənə quş nənən,
Ala, onu bağışladım mən sənə,
Qoy İtiat qalsın yenə pis günə,
Balasına ata yardım, tutəldir.
Ayırıbdır tanrı özü yer bizə,
Bəriboğaz ucqarından Körfəzə,
Mindiyardır dənizlərdən dənizə,
Balasına ata yardım, tutəldir.
Tuncər oğlum qoy qorusun bunları,
Bax, bunlardır Mindiyarın öz varı,
Get, üstündə qanad gərsin qoy tanrı,
Balasına ata yardım, tutəldir.
– Ata, mənə uğur dilə tanrıdan,
Harda olsa oğul, elin oğludur.
Mən gücümü qoyacağam bu yolda.
Harda olsa oğul, elin oğludur.
Yelçəkəndən Yeləsənə bizimdir,
Minellilər burda düzüm-düzümdür.
Bu torpaqlar mənim tanrım, gözümdür,
Harda olsa oğul, elin oğludur.
Məniş, Qaraş, Hindel, Çinel acıqan,
Mən çoxunu götürərəm aradan,
Yürüşümü başlayaram buradan,
Harda olsa oğul, elin oğludur.
Atam böyük Bacar, anam Qızçiçək,
Onlar kimi igid olum mən gərək,
Tuncər dedin, daha basıq nə demək,
Harda olsa oğul, elin oğludur.
O bağladı ağ lələyi alnına,
Göstərişdir öyüdü də atanın.
Bir qalıncdır ondan sənə nə qalsa,
Göstərişdir öyüdü də atanın.
Sevinc aldı Qızçiçəyi, Bacarı,
Oğul ata qayğısıyla ucalır.
Tuncər oldu yerin-göyün uçarı.
Göstərişdir öyüdü də atanın.
Tuncər çapdı Yastıdağa atıyla,
Uçur gedir Qızuçarın adıyla.
Uçur-uçur buludların qatıyla,
Göstərişdir öyüdü də atanın.
Bu Yastıdağ, Qoşadəniz, Şişqaya.
Gözəllikdir, gözəllikdən kim doyar,
Gəlir çatır Durugölə, Ağçaya,
Göstərişdir öyüdü də atanın.
Ancaq onu qarşılayan olmadı,
Səssizlikdə yuxulayır dağ, meşə,
Nə Alpan var, nə qaplan var, nə Ağqurd,
Səssizlikdə yuxulayır dağ, meşə.
Hanı qurdun ulartısı, çarpışı,
Qaplanların, ceyranların çapışı,
Ayıların oynaqlığı, qapışı,
Səssizlikdə yuxulayır dağ, meşə.
– Dilə gəlin, axmazlaşan bulaqlar,
Boş, kimsəsiz, yol gözləyən yaylaqlar,
Kül altında kösövləşən ocaqlar,
Səssizlikdə yuxulayır dağ, meşə.
Ögey atam, Ağqurd Alpan, görün bir,
Boz qurdlarım, siz səs-səsə verin bir,
Gəlin, Tuncər başçınızı görün bir,
Səssizlikdə yuxulayır dağ, meşə.
Bir yaralı qurd ulayır talada,
Arxa dayan səni arxa bilənə.
"Yaralandım mən Əkbitən çölündə",
Arxa dayan səni arxa bilənə.
"Qaraş yenə çıxıb böyük yürüşə,
Ağqurd Alpan gedib onla döyüşə.
O, Qaraşla hər gün durur döş-döşə,
Arxa dayan səni arxa bilənə".
"Gəlib yenə Əkbitəni tutmağa,
Üstüağın şahlığına çatmağa,
Asurelin toplumuyla artmağa,
Arxa dayan səni arxa bilənə.
Üstüağı tutuq edib bağlayıb,
Onu dəmir dustaqlıqda saxlayır,
Kimi görür, qılınclayır, oxlayır,
Arxa dayan səni arxa bilənə.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-tuncer-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ox dalınca Alan getdi Batıya,Dörd bölgəyə bölünübdür yaranış.
Alanərlə minbaşının görüş söylənciEnib girdi dərinliyə Alan da,Dayaz-dərin, alçaq-hündür, bitişik.
Çatanər söylənciOx dalınca Çatan getdi durmadan,Ad dəyişir, ancaq el, yol dəyişmir.
Qaplanər söylənciQaplan getdi ox dalınca uzağa,Gedən yeri, yolu gərək biləsən.
Başqa şairlərin şeirləri
Şəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
ای از لب تو تنگ شکر آمده به تنگروی تو کرده لاله و گل را خجل به رنگ
Qəzəl: Köksümdə könül işrəti peykanın üçündürKöksümdə könül işrəti peykanın üçündür,Cismimdə bu can ülfəti qurbanın üçündür
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri