Allah, kömək elə dünya yenə dəQalsın öz rəngində, öz çəkisində.Allah, kömək elə bir az da mənə,Danışım bəşərin ilk sevgisindən.

Allah, kömək elə göstərə bilim,Körpə illərini türk xalqlarının.Allah, kömək elə güclənsin dilim.Tapım Mindiyarın bayraqlarını.

Allah, kömək elə yollar dumandır,İtən tarixləri arayım, tapım,Allah, kömək elə mənə, amandır,Haqqımı haqsızın ağzından qapım.

Allah, kömək elə üzünü görümİlk beli torpağa vuran babamın.Allah, kömək elə borcunu verimSəkkiz min il qabaq itən atamın.

Sənə ilk inanan, ilk kölə mənəm,Mənə əta elə ilkinliyimi,Zərdüşt peyğəmbəri axtarım yenə,Bir azca azaltsın çətinliyimi.

İlk şahım, ilk atam, ilk anam hanı?Onları gəzirəm, kömək ol mənə.Çıxıram görməyə böyük dünyanı,Göstər bu yollarda doğru yol mənə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq