Buzər idi başev adı axsaqın,
Basar olar kim özünə inansa.
O ucadan dedi yola düşəndə,
Basar olar kim özünə inansa.

– Mən özümü Mindiyara yetirrəm,
Başın üzüb Tunqun, işin bitirrəm,
Turparı da, Besyarı da gətirrəm,
Basar olar kim özünə inansa.

Qanlı gədik, qorxunc çökək sıx meşə,
İki toplum birdən gəldi döş-döşə,
Tunq göndərdi Gücdəbiri döyüşə,
Basar olar kim özünə inansa.

Buzər dedi: – Gəldim, görüm Besyari,
Verin mənə Tunqu, bir də Turparı,
Tutuq kimi Parsdiyara aparım,
Basar olar kim özünə inansa.

Gücdəbirin səsi aldı gədiyi,
– Vayzaqlama – dedi- Parsel köpəyi,
Yiydir səndən tunqun bircə kirpiyi,
Sən nəsən ki, bulanlıq su köpüyü,
Daryaş şahın uzdə qanlı örtüyü,
Onun yoxsul başevinin pişiyi,
Basar olar kim özünə inansa.

Buzər dedi: – Çıxsa Turpar ortaya,
Toplum onun önündə diz qatdayar,
Alaq, gedək onu, burdan atdayaq,
Yoxsa Alpis yenə gələr, xortdayar,
Qan eyləyər, yer şaxtadan çatdayar,
Basar olar kim özünə inansa.

Turpar yaraq gəzdirsə də, vuruşmur,
Güləşçidir, ona vuruş yaraşmır,
O çox gəncdir, hər qancılla savaşmır,
Diyar, ölkə işlərinə qarışmır,
Basar olar kim özünə inansa.

– Besyarı ver, öz tərkimə götürüm,
Onu doğma şah ərinə yetirim,
Bu döyüşü başlamadan bitirim,
Basar olar kim özünə inansa.

– Qılınc nədir, dadmamısan sən hələ,
Turpar, Besyar adı çəkmə çox belə,
Ölü, yara apararsan Parselə,
Basar olar kim özünə inansa.
İki ərən əl atdılar yarağa,
Vuruş üçün çəkildilər otlağa.
Ox tuşlandı başa, döşə, qırtlağa,
Qan fışqırdı yara, döndü bulağa,
Basar olar kim özünə inansa.

Gücdəbirin ağır idi topbuzu,
Tutağını batırırdı quduzun,
Qan damırdı kirpiyindən qansızın,
Basar olar kim özünə inansa.

Gücdəbirin ox batmışdı çiyninə,
Işləmişdi ox ikiqat dərinə,
Bir də bir ox yəhərinin gönünə,
Basar olar kim özünə inansa.

Hərdən Buzər tövşəyirdi, aşırdı,
Aşa-aşa yenə coşub daşırdı,
Acığından tez-tez ordu şişirdi,
Qan axdıqca başçı heydən düşürdü,
Basar olar kim özünə inansa.

Bunu görüb Parsdiyarın toplumu,
Ayaqlayıb keçdi qanlı ölümü,
Pozdu susqun düzülüşü, qurumu,
Dəyişdirdi qılınc ilə dözümü,
Basar olar kim özünə inansa.

Vuruşanlar bir-birini söyürdü,
Qılınc vurub öz-özünü öyürdü,
Yaraqsızlar bir-birini döyürdü,
Basar olar kim özünə inansa.

Bu an bir səs eşidildi uzaqdan,
– Mən baxıram bu döyüşə bayaqdan,
Əl saxlayın, durun bir- bir qıraqda,
Mən Turparam, köküm iki dayaqdan,
Mən şah olmaq istəmirəm bu vaxtda,
Düşüb şahlıq Parsdiyarda ayaqdan,
Basar olar kim özünə inansa.
Gedin, deyin ögey atam Daryaşa,
Dirəməsin toplumları başbaşa,
Mən şah deyil, güləş üzrə başbaşam,
Öc olmasın daha qardaş qardaşa,
Basar olar kim özünə inansa.

Buzər dedi:- gəl, güləşək, lap indi,
Görək gücə üstün gələn güc kimdir,
Kim basılsa o basara çəkimdir,
Basar olar kim özünə inansa.

Mənlə gedər olacaqsan basılsan.
Mən olaram Parsdiyarda basarman,
Sən olarsan şahdan sonra ataman,
Basar olar kim özünə inansa.

Turpar, Buzər soyundular, durdular,
Güləşdilər, boyun, bel, qol burdular,
Tərlədilər, bir-birini yordular,
Basar olar kim özünə inansa.

Turpar tutdu, sıxdı, yordu Buzəri,
Gördü Buzər düşüb, ağır tərpənir,
Dik burnunun qıraqları göyərib,
O qaldırdı başı üstə Buzəri,
Basar olar kim özünə inansa.

Buzər dedi: – Yollan, qayıt Parselə,
Işlə, ək, biç, ver elinlə əl-ələ,
Sən özünü yorma, cırma bir belə,
De, şah olmaq istəmirəm mən hələ,
Basar olar kim özünə inansa.

Oturdular yerə bunu görənlər,
Öz-özünə gizli toxdaq verənlər,
Bu döyüşə çox könülsüz girənlər,
Basar olar kim özünə inansa.


Buzər döndü üzü qara döyüşdən,
Hamı sanır o güclüdür hamıdan.
Daryaş onu danışdırdı iki gün,
Hamı sanır o güclüdür hamıdan.

Biləndə ki, Turpar onu saymayıb,
Parsellini o yaxına qoymayır,
Daryaş nədir, ata nədir duymayır,
Hamı sanır o güclüdür hamıdan.

Deyir, Gərək Tunqər çıxa aradan,
Ona Tanrı gücü verib yaradan,
Qaplandan da güclü olub bu Qaplan,
Hamı sanır o güclüdür hamıdan.

Ağı verim gərək ona saralsın,
Öz içində yatıb sönüb qaralsın,
Çabalasın yer, göy ona daralsın,
Hamı sanır o güclüdür hamıdan.

Bir də Turqa bir toy-düyün qurum mən,
Lapdan gəlib daldan onu vurum mən,
Yarı Tanrı zirvəsində durum mən.
Hamı sanır o güclüdür hamıdan.

Onda gərək yaxın durum onlara,
Aramızda görünməsin heç ara,
Toy çalınsın, dinsin qopbuz, nağara,
Hamı sanır o güclüdür hamıdan.

Mən bu sayaq ancaq ona bataram,
Onu Alpis Altyerinə qataram,
Mindiyarın şahlığına çataram,
Hamı sanır o güclüdür hamıdan.

Onda Turpar gələr öpər əlimdən,
Besyarı da qucaqlaram belindən,
Mən özüm də qurtararam ölümdən,
Hamı sanır o güclüdür hamıdan.
Ancaq Turpar alçaltmışdı atanı,
Necə bir də gedim ona qatdanım,
Bir də məndən üz döndərsə, odlanıb,
Itildərəm, qaldıraram baltanı,
Öldürərəm sarı dimdik çolpanı,
Sağaldaram içimdəki yaranı,
Hamı sanır o güclüdür hamıdan.

O düşünüb sıtqayırdı, gülürdü,
Öc içində dirilirdi, ölürdü,
Qorxub hərdən düşüncəyə dalırdı,
Hamı sanır o güclüdür hamıdan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri