Ağ, gümüşü, sallaq bulud,
Hoppan-hoppan oynayırsan.
Qıvrılırsan, açılırsan,
Hoppan-hoppan oynayırsan.

Dağ başından qıvraq ötüb,
Qayalara qırov qatıb,
Eniş, yoxuş, düzə çatıb,
Hoppan-hoppan oynayırsan.

Yağışını ələ bura,
Külək hara, sən də ora,
Döşün ağdır, için qara,
Hoppan-hoppan oynayırsan.

Bu dağ mənim, o çöl sənin,
Göy üzündə keçir günün,
Dəyişdikcə boyun, enin,
Hoppan-hoppan oynayırsan.


Çay, haraya tələsirsən,
Gözü görməz tələsənin,
Al məni də öz tərkinə,
Gözü görməz tələsənin.

Çay, qarışım pıçıltıya,
Dönüm qorxunc gurultuya,
Bir ara ver sızıltıya,
Gözü görməz tələsənin.

Döşü sazlı gələn ozan,
Çay sözünü düzə yazan,
Qıvrıl-fırlan, açıl, uzan,
Gözü görməz tələsənin.

Aş yarğanı, uçurumu,
Keç qayanı, aşırımı,
Nağıl olsun hər qurtumun,
Gözü görməz tələsənin.


Tanrı günəş, dol köksümə,
Sənsiz yoxdur göy, yer, bulud.
Od, ocağım, inanışım,
Sənsiz yoxdur göy, yer, bulud.

Odunu ver, oda dönüm,
Ver alışım, qoyma sönüm,
Gün altında keçsin günüm,
Sənsiz yoxdur göy, yer, bulud.

Taxılımı göyərt, saralt,
Dirriyimdə bolluq yarat,
Sənsizləri yandır, qaralt,
Sənsiz yoxdur göy, yer, bulud.

Yağışların yağar-yağar,
Buludları sağar-sağar,
Dağ çayların axar-axar,
Sənsiz yoxdur göy, yer, bulud.


Hayanadır üzün belə,
Dayanışın dolanışı,
Nə gətirir, nə aparır
Dayanışın dolanışı.

Bir üzü yaz, bir üzü qış,
Köksü eniş, köksü yoxuş,
Gah qar tökür, gah da yağış
Dayanışın dolanışı.

Nə dili var, nə dilçəyi,
Dağlar, daşlar gəmirçəyi,
Alıb udur tez ölcəyin
Dayanışın dolanışı.

Dilliləri vuruşdurur,
Dilsizləri barışdırır,
Düz işləri qarışdırır
Dayanışın dolanışı.


Qaraş getdi Asurelə,
Özgə qapı döyər dönük.
Qarbaş dedi: – Getmə, utan,
Özgə qapı döyər dönük.

Asur şahın oğlu Əmən,
Tutdu onun sağ əlindən,
Dedi:-sənə əltutam mən,
Özgə qapı döyər dönük.

Sən haraya, mən də ora,
Od vuraram Mindiyara,
Üstüağla yenə varam,
Özgə qapı döyər dönük.

**Məişət

Qal burada, toplum tutaq,
Əkbitəni alıb, çataq.
Üstüağı oda qataq,
Özgə qapı döyər dönük.


Qaraş üç ay qonaq qaldı,
Qonaq üzüyola olar.
Verdi yelə öz yurdunu,
Qonaq üzüyola olar.

Baş qızışdı, göz alışdı,
Hər bir şeylə o barışdı,
O, Əməndən bərk yapışdı,
Qonaq üzüyola olar.

İnanmırdı şah Qaraşa,
Əl qatmırdı bu savaşa,
Birdən oxu dəyər daşa,
Qonaq üzüyola olar.

Başlananda böyük yürüş,
Dedilər ki, özün çarpış,
Üstüağla üzləş, vuruş,
Qonaq üzüyola olar.


Ağsaqqallar üz döndərdi,
Ağsaqqalı dinlə, eşit.
Əmən şaha yox dedilər,
Ağsaqqalı dinlə, eşit.

Biri dedi: – Bizə nə var,
Minellilər azğındırlar,
Çox deyilmi bu qırğınlar,
Ağsaqqalı dinlə, eşit.

Biri dedi: – Hurum gedib,
Hindeldə də belə olub,
Biri dedi: – Varım gedib,
Ağsaqqalı dinlə, eşit.

Biri dedi: – Qızıl məndən,
Çıxsın önə böyük Əmən,
Mindiyarı söksün dibdən,
Ağsaqqalı dinlə, eşit.


Qaraş dedi: – Başbilənlər,
Var, mal, ad-san yürüşdədir,
İndi gərək yürüş olsun,
Var, mal, ad-san yürüşdədir.

Qarbaş küsüb Üstüağdan,
Çəkişmə var orda çoxdan,
Varlıq orda yalan, saxta,
Var, mal, ad-san yürüşdədir.

Yüz min köçkün bizə baxır,
Gözlərindən alov yağır,
Lap bu gündür yürüş çağı,
Var, mal, ad-san yürüşdədir.

Mən şah olsam Mindiyara,
Son qoyaram qancıllara,
Birləşərik sıra-sıra,
Var, mal, ad-san yürüşdədir.


– Biz nə bilək düz deyirsən,
Yalan düzdən kəsərlidir,
Birdən bizi aldadarsan,
Yalan düzdən kəsərlidir.

Hindeldə də belə olub,
Bacar gəlib yurdu alıb,
İndi Hindel basıq qalıb,
Yalan düzdən kəsərlidir.

– Bacar mənə qılınc çəkməz,
Asureldə o, qan tökməz,
O buraya gözün dikməz,
Yalan düzdən kəsərlidir.

Asureldir mənim arxam,
Yoxsa kimdir mənə baxan,
Burdan səsim, sözüm çıxar,
Yalan düzdən kəsərlidir.


Şah düşündü, belə olsa,
Aldatmaq da girəvədir.
Mən Qaraşı aldadaram,
Aldatmaq da girəvədir.

Qoy çarpışsın, vuruş etsin,
Mindiyarın gücü bitsin,
İkisi də birdən getsin,
Aldatmaq da girəvədir.

Üstüağı gücdən sallam,
Bu döyüşdə üstün ollam,
Mindiyarı bütün allam,
Aldatmaq da girəvədir.

Mən Əmənəm, Asur oğlu,
Ölkədən çox vara bağlı,
Toplumlarım çoxlu-çoxlu,
Aldatmaq da girəvədir.


Güdükçülər yazı yazdı:
"Qardaş dönüb qancıl olub".
Üçcə günə soraq gəldi,
Qardaş dönüb qancıl olub.

Yüz min toplum yola çıxır,
Yaraqları iti, ağır,
Başraqları göyə qalxıb,
Qardaş dönüb qancıl olub.

Üstüağ şah, tələs bir az,
Yoxsa ölkə Başev qalmaz.
Soyuq keçir burada yaz,
Qardaş dönüb qancıl olub.

İki yandan gəlir toplum,
Körfəz yolu, dəniz yolu,
Qaraş, bir də Asur oğlu,
Qardaş dönüb qancıl olub.


Üstüağ şah toplum yığdı,
Tez-tov olar gecikənlər.
Atlı getdi Uğurelə,
Tez-tov olar gecikənlər.

Dedi, Bacar, Manay gəlsin,
Ölkə bilsin, tanrı bilsin,
Qaraş, Əmən gərək ölsun,
Tez-tov olar gecikənlər.

Manay dedi:-körfəz mənim,
Minbaşıya gərək dönüm.
Vuruşadır yolum-yönüm,
Tez-tov olar gecikənlər.

Yürüşümün on yaşı var,
O da burda gərək olar,
Mən ölərsəm, balam qalar,
Tez-tov olar gecikənlər.


On min toplum yola düşdü,
Görək tanrı nə göstərir.
Başçılardan biri Manay,
Görək tanrı nə göstərir.

Əynində ər geyimi gen,
Bu geyimdə kişi görkəm,
Sıçraq aslan kimi hərdən,
Görək tanrı nə göstərir.

Heç kəs bilmir bu, Manaydır,
Kişilərlə taybataydır,
Boydan kişi, üzdən aydır,
Görək tanrı nə göstərir.


Üstüağ şah yaraqlandı,
Dözüm gücdür yaraqlıda.
Tələsirdi, deyinirdi,
Dözüm gücdür yaraqlıda.

Bir gedişin işinə bax,
Qancıl yaxın, yaxın uzaq.
Qarbaş yoxdur, Bacar da yox,
Dözüm gücdür yaraqlıda.

– Ellərimiz, yerlərimiz,
Qoşaboğaz, qoşadəniz,
Bir az dözün, gəlirik biz,
Dözüm gücdür yaraqlıda.

İgidlərim, qaplanlarım,
Qaplan basan oğlanlarım,
Vurun, qırın cırtdanları,
Dözüm gücdür yaraqlıda.


Ağ başraqlar qanad açdı,
Başraq yurdun qanadıdır.
Yaraqlılar qanadlandı,
Başraq yurdun qanadıdır.

Dayanmadan, dincəlmədən
Çıxdı yola qırx min ərən.
Dan yerindən bir az erkən,
Başraq yurdun qanadıdır.

Qoşa boğaz dalda qaldı,
Qoşa dəniz hayla doldu,
Dan yerini al qan aldı,
Başraq yurdun qanadıdır.

Qarşılaşdı iki başraq,
Biri qara, o biri ağ,
Dindi qılınc, toppuz, tutaq,
Başraq yurdun qanadıdır.


Üstüağ şah qırdı, tökdü,
İti qılınc sağ, sol bilməz.
İki üzü, bir ağzı var,
İti qılınc sağ, sol bilməz.

Ox atanlar çəkilirdi,
Döş-baş, qarın sökülürdü,
Yüz-yüz yerə tökülürdü,
İti qılınc sağ, sol bilməz.

Qara başraq, Asurelli,
Qırılırdı əlli-əlli,
Şahı dikbaş, ağzı yelli,
İti qılınc sağ, sol bilməz.

Vurdu, getdi o başacan,
Döndü bir də bu başacan,
Dəniz qalxdı yarğanacan,
İti qılınc sağ, sol bilməz.


Əmən şahı boğdu acıq,
Dəlilikdir bu qan, qırğın,
Dedi, kəldir Üstüağ şah,
Dəlilikdir bu qan, qırğın.

Adamları çox seyrəldi,
Qan axdıqca göz bərəldi,
Dil tutuldu, üz qaraldı,
Dəlilikdir bu qan, qırğın.

Çox qorxutdu qan Əməni,
Dedi sallam tutuq səni.
Ölüşkəni, döyüşkəni,
Dəlilikdir bu qan, qırğın.

İp atdılar neçə kərə,
Üstüağı götürməyə,
İplər oldu pərən-pərən,
Dəlilikdir bu qan, qırğın.


O, çox getdi irəliyə,
Gərək arxan boş qalmasın.
Vura-vura, qıra-qıra,
Gərək arxan boş qalmasın.

Ötəratı yahaltdılar,
İp atdılar, ox atdılar,
Dar yolunu daraltdılar,
Gərək arxan boş qalmasın.

O özünə arxalandı,
Güc göstərdi, buğalandı,
Dörd bir yandan yaxalandı,
Gərək arxan boş qalmasın.

Tutuq düşdü axşam çağı,
Yaralıydı əl, ayağı,
Boynu, çiyni, alt dodağı.
Gərək arxan boş qalmasın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri