Yola düşdü Əkbitənə Sərtiş ər,
İnanc yoxsa, ordan çəkil, uzaq ol.
İnancına qol qoymadı varlılar,
İnanc yoxsa, ordan çəkil, uzaq ol.

Yazdıqları dağarcığa qalandı,
Sarı, ütük kirpikləri sulandı,
Ala gözün bəbəkləri bulandı,
İnanc yoxsa, ordan çəkil, uzaq ol.

İnanışda tanrıların düzgüsü,
Yazısında varlıların ürküsü,
Doğma yerlər, soyuq üzlər güzgüsü,
İnanc yoxsa, ordan çəkil, uzaq ol.

**övlad

Dedi,- sağ ol, doğma yerlər, doğma yer,
Mən gedirəm, mənə güc ver, uğur ver,
Çox sevdiyim a görgülər, a gör-gör,
İnanc yoxsa, ordan çəkil, uzaq ol.


– Subölən dağ, məndən küsmə, incimə,
Nədən doğma soyuq olur doğmaya.
Bir isti söz eşitmədim bu yerdə,
Nədən doğma soyuq olur doğmaya?

Hamı məni giley ilə yanladı,
Doğmalarım ələ saldı, danladı,
Bir qardaşım öydü məni, anladı,
Nədən doğma soyuq olur doğmaya?


Gəlib çıxdı Əkbitənə Sərtiş ər,
Yol yoldaşı küsü, giley, inanış.
Bu Baş kənddə heç kəs onu saymadı,
Yol yoldaşı küsü, giley, inanış.

Üstüağı o soruşdu hamıdan,
Bir qız oldu ona yolu tanıdan.
Qıza uğur dilədi o, tanrıdan,
Yol yoldaşı küsü, giley, inanış.

Başevlilər ona məhəl qoymadı,
İstəyini, diləyini saymadı,
Ürəyinin sözlərini duymadı,
Yol yoldaşı küsü, giley, inanış.

Odər ata ona hayan kəsildi,
O, Başevdə bir bucağa qısıldı,
Ağrıları kirpiyindən asıldı,
Yol yoldaşı küsü, giley, inanış.


Yığıldılar dörd yanına gələnin,
Hər gələndə yeni bir şey taparsan,
Şaman gəldi, suyabaxan, rəmlatan,
Hər gələndə yeni bir şey taparsan.

Sərtiş ərin saç-saqqalı sarıydı,
Ala gözlər bulaqdan da duruydu,
Başı iri, döşü-köksü quruydu,
Hər gələndə yeni bir şey taparsan.

Ağ köynəyi uzun idi, sürünmə,
Ayaqları, topuqları görünməz,
Beldə üç qat ip var idi hörülmə,
Hər gələndə yeni bir şey taparsan.

Yorğun idi, tutqun idi üzdəcə,
Qalın kürkü uzanırdı dizəcən,
Qollarının qıraqları büzməcə,
Hər gələndə yeni bir şey taparsan.


– Mən gəlmişəm tanrıların yanından,
Dirrikləri Ahur-məzda yaradıb.
Mən onların qulağıyam, gözüyəm,
Dirrikləri Ahur-məzda yaradıb.

Su, od, yer, göy, bitki, dilli, dilsizi,
Görünəni, görünməyən hər üzü,
Düşüncəni, düşüncədə hər sözü,
Dirrikləri Ahur-məzda yaradıb.

Mən onların göstərişi, yoluyam,
Tanrıların işığıyla doluyam,
Deyən dili, bir də vuran qoluyam,
Dirrikləri Ahur-məzda yaradıb.

Yaxşı, yaman iki əli tanrının,
Son sorğusu vardır ulu tanrının.
Odev, Dincev son özülü tanrının,
Dirrikləri Ahur-məzda yaradıb.


Su üstündə gəlib durdu Sərtiş ər,
– Yuyun, sonra tanrılarla danış sən,
Əl-üzünü, ayağını yudu o,
Yuyun, sonra tanrılarla danış sən.

Sonra durdu yavaş-yavaş ayağa,
Əllərini uzadaraq qabağa,
Gözlərini o zillədi ocağa,
Yuyun, sonra tanrılarla danış sən.

I üztut:
"İnanıram, inandırıb hamını,
Böyük Məzda inancımdır, tanrımdır,
Mən devlərdən, yamanlardan qopmuşam,
Böyük Məzda inancımdır, tanrımdır.

Baş əyirəm Espendaya yenidən,
Üz tuturam, yalvarıram sənə mən,
Ahur-məzda düşməz bir də dilimdən,
Böyük Məzda inancımdır, tanrımdır".

"Ahur-məzda yaradanı yaratdı,
Pisliklərə yeri-göyü daraltdı,
Yer altında günlərini qaraltdı,
Böyük Məzda inancımdır, tanrımdır.

Altı tanrı arxasında dayanıb,
Hamı onun işığına boyanıb,
Yer-göy onun sözlərilə oyanıb,
Böyük Məzda inancımdır, tanrımdır".

Yeddi bayram, beş üztutdan bəriyəm,
Yerdə ocaq odərlərin biriyəm,
Odla, suyla, bitkilərlə diriyəm,
Böyük Məzda inancımdır, tanrımdır".

II üztut:
"Böyük Aşa yaxşılardan yaxşıdır,
Böyük Aşa pisliklərə qarşıdır,
İstəklidir, istəklilər başıdır,
Dəyərlidir, dəyərlidir Aşamız”.
III üztut:
"Ayıryaman, öz ölçünlə bizi ölç,
Ahur-məzda, dəyərlini özün seç,
Biz sevirik səni, pisi bizə keç.
Kişilərə, qadınlara əl uzat".


Şaman dedi böyük elçi Sərtişə,
Tanrıların yanlışlığı olarmı?
Tanrı niyə özü pisi yaratdı?
Tanrıların yanlışlığı olarmı?

Odər dedi: – Tanrım oddur, ocaqdır,
Oddan butün çirkinliklər uzaqdır,
Odsevərlər tanrılar tək qoçaqdır,
Tanrıların yanlışlığı olarmı?

Nə veribsə dillilərə o verib,
Günəş çıxıb, hamı yerdən bar dərib.
Göyə çıxan göydə yalnız od görüb,
Tanrıların yanlışlığı olarmı?

Yaradan yox, yaranışdır od özü,
Onda tanrı gücü vardır ən azı,
Yaradan yox, yaşadandır od bizi,
Tanrıların yanlışlığı olarmı?


– Yaranarkən dirrik tanrı sözündən,
Pis doğulub yaxşılığın özündən.
Pislik edib bizə acıq üzündən,
Dirrik belə ikiliyə bölünüb.

– İnanmıram yaxşılıqdan pis ola,
Onda gərək pisdə yaxşı üz ola,
Belə desək, qardaş, bir az düz olar,
Dirrik belə ikiliyə bölünüb.

– Son sorğuda şah da birdir, kölə də,
Bizdən tanrı acıq alır hələ də,
Deyirsən ki, tanrı düzdür belədə.
Dirrik belə ikiliyə bölünüb.

– Pis adam yox, doğrusu, mən biləni,
Pislər varlı, yaxşılarsa dilənir,
Son sorğuya çəkir tanrı öləni,
Dirrik belə ikiliyə bölünüb.


Çıxıb önə, belə dedi rəmlatan,
– Suyun, odun tanrısı da çörəkdir.
Duruş olmaz varlıqlarda çörəksiz,
Suyun, odun tanrısı da çörəkdir.

Mən çörəyə baş əyirəm tanrı tək,
Bu çörəyə üztut qılaq biz gərək,
Həm samandır, həm də otdur bu çörək,
Suyun, odun tanrısı da çörəkdir.

Çörək olsa yaraqlı da vuruşar,
Adam bütün çətinliklə barışar,
O olmasa varlıq yanar, alışar,
Suyun, odun tanrısı da çörəkdir.

Falçı dedi;-Mən də sözə girirəm,
Yaranışı mən çörəkdə görürəm,
Üstünlüyü mən çörəyə verirəm,
Suyun, odun tanrısı da çörəkdir.


Sapdı, durdu öz yerindən Sərtiş ər,
– Yox, çörək də yaşadandır, tanrı yox.
Deyirsiniz tanrı göydə nə yeyir,
Yox, çörək də yaşadandır, tanrı yox.

Tanrı işıq axınıdır, göy deyir,
İşıq isə nə yeyilir, nə yeyir,
Yarananlar bu işığa baş əyir,
Yox, çörək də yaşadandır, tanrı yox.

Dirrik, varlıq öz yerinə dönəcək,
Adamlaşıb tanrı yerə enəcək,
Hamı bir dil, bir istəkdə dinəcək,
Varlıq ancaq yaxşıların olacaq.

Əriyəcək dağda dəmir, döşdə qar,
Yanacaqdır pislik gəzən adamlar,
Diriləcək ər ölənlər nə ki var,
Varlıq ancaq yaxşıların olacaq.


Şah çağırdı Sərtiş əri yanına,
"İnanışla adam dibdən dəyişir.
Bu gənc yeni inanışla gəlibdir,
İnanışla adam dibdən dəyişir.

Bu da yeni qurğusudur Mehcənin,
Girib yenə qılığına özgənin,
İstəyir ki başsız qoya ölkəni,
İnanışla adam dibdən dəyişir.

Nə deməkdir "Odev", "Dincev", "Son sorğu",
Kimə gərək inanışda bu qurğu,
Azdırmaqdır, aldatmaqdır, həm yuxu,
İnanışla adam dibdən dəyişir".

O baş əydi Üstüağa üç kərə,
Dedi: – Şahım, yalvarıram göylərə,
Göydən uğur diləyirəm sizlərə,
İnanışla adam dibdən dəyişir.


Ağ arxalıq, ağ darbalaq, ağ çuxa,
Ağ, al, sarı Mindiyarın görümü.
Bu boyalar sevimlidir bu yerdə
Ağ, al, sarı Mindiyarın görümü.

Qızıldandır söykənəcək, oturaq,
Sayrışırdı orda-burda yal-yaraq,
Ayaq üstə dayanmışdı çox qonaq,
Ağ, al, sarı Mindiyarın görümü.

– Subölənin sarı Sərtiş yazarı,
Odsevərlər ölkəsidir Mindiyar,
Yeni-yeni tapıntılar nə gərək,
Odsevərlər ölkəsidir Mindiyar.

Mən bilmirəm kimə, necə uyubsan,
İnanışa yeni ölçü qoyubsan,
Yazdığını orda-burda yayıbsan,
Odsevərlər ölkəsidir Mindiyar.

Yazdığında yer varlıya dar olub,
Odev, dincev yeni-yeni ad olub,
Son sorğuda varlı, yoxsul bir olub,
Odsevərlər ölkəsidir Mindiyar.


– Şahım, mən də bu ölkənin oğluyam,
Kimə gərək bunca ayrı-seçkilik.
Yerdə yoxsul öz yerini biləndir,
Kimə gərək bunca ayrı-seçkilik.

Gündə min-min qardaş qanı tökülür,
Ürəklərdən inanc, inam çəkilir.
Qanımızda öc tikanı əkilir,
Kimə gərək bunca ayrı-seçkilik.

Varlı, yoxsul ad yox, işlə ölçülür,
Bu yol ilə üstünlüklər seçilir,
Odev, dincev varlığına biçilir.
Kimə gərək bunca ayrı-seçkilik?

– Var qoymasa yürüşlərdə varlılar,
Bu ölkədən, bu varlıqdan nə qalar,
Hər varlının, hər yoxsulun yeri var,
Kimə gərək bunca ayrı-seçkilik.

– Siz deyəndən belə çıxır, varlılar
Tanrını da varla satın alarlar,
Onda elə var tanrıdır, tanrı var,
Kimə gərək bunca ayrı-seçkilik.

– Od, ocağı, suyu mənəm qoruyan,
Mənəm varlı-yoxsullara yarıyan,
Tanrıları öz yerində arayan,
Kimə gərək bunca ayrı-seçkilik.

– Biz pisliyə son qoyarsaq, Üstüağ,
Dirrik ilkin görkəmini alacaq,
Varda nə var, ilkinlərin olacaq,
Kimə gərək bunca ayrı-seçkilik.

– Sən tanrılar elçisisən, de görək,
İlkinliyə hansı yolla biz dönək,
İlkinliyin özünə də var gərək,
Kimə gərək bunca ayrı-seçkilik.


– Böyük şahım, Mindon oğlu Üstüağ,
Yaxşılıqdır pisi bizdən kürüyən.
İnanışda kəsi, üztut yaxşıdır.
Yaxşılıqdır pisi bizdən kürüyən.

Ağac əkmək, arx qazdırmaq, su çəkmək,
Od qorumaq, yol saldırmaq, ev tikmək,
Yer şumlamaq, yer sulamaq, yer əkmək,
Yaxşılıqdır pisi bizdən kürüyən.

Bizə qarşı quraqlıqdır, sel, yanğın,
Boş-boşuna yaxalaşma qan, qırğın,
Ev dağıdan, yertitrəmə, yel, çovğun,
Yaxşılıqdır pisi bizdən kürüyən.

Bunu böyük tanrı özü buyurub,
Pis çayırı yaxşı otdan ayırıb.
Çıxardasan gərək dibdən çayırı,
Yaxşılıqdır pisi bizdən kürüyən.


– Mən Üstüağ, Mindiyarın şahıyam,
Pis gizlənib yaxşılığın qoynunda,
Gərək hər gün yaxşılar da dəyişsin,
Pis gizlənib yaxşılığın qoynunda.

Biri Mehcə, öcdən şişib partlayır,
Biri Qaraş, üstümüzdən addayıb,
Hindel şaha gedib boyun qatdayıb,
Pis gizlənib yaxşılığın qoynunda.

İki min-min köçkün gəlib Hindeldən,
Artır onlar Mindiyarda il-ildən,
Biz onları danışdıraq nə dildə,
Pis gizlənib yaxşılığın qoynunda.

İndi bizə bir yol göstər, bilincim,
Qaraş olub köçkünlərə bir elçi,
Artır hər gün Əkbitəndə dilənçi,
Pis gizlənib yaxşılığın qoynunda.


– Mən istərəm dirrik, gör-gör bir olsun,
Bir yaranıb, birdir bütün dillilər.
Seçilməyir bir-birindən heç nədə,
Bir yaranıb, birdir bütün dillilər.

Tanrı bütün dilliləri bir görüb,
Ölkə deyil, bizə yer-göy ad verib,
Birdir göydə yerli, yersiz dəyəri,
Bir yaranıb, birdir bütün dillilər.

Köçkünlərə yardım buyur, yüksək ol,
Suçlarına, işlərinə gərək ol,
Elə əl tut dadlı-ballı tənək ol,
Bir yaranıb, birdir bütün dillilər.

İnanışla onlar birlik yaradar,
Şah hardadır onlar olar orada,
Onda sizə sağ ol deyər yaradan,
Bir yaranıb, birdir bütün dillilər.


Gedin, deyin bu sözləri onlara,
Hər bir dilli inanışla güclüdür.
Dinc oturub, dinc qalsınlar bu yerdə,
Hər bir dilli inanışla güclüdür.

Yer var, onlar Mindiyarda qalsınlar,
Qaraşa yox, sənə söykənc olsunlar.
Hindel şahdan öclərini alsınlar,
Hər bir dilli inanışla güclüdür.

Yazarım ol bundan sonra, təpərim,
Çək araya varlı, yoxsul çəpəri,
Dirrik vardır varlılardan ötəri,
Hər bir dilli inanışla güclüdür.

Manay gəldi, Sərtiş ərlə görüşdü,
Başev susdu, üzlər, gözlər dəyişdi.
Nə o bunla, nə bu onla deyişdi,
Hər bir dilli inanışla güclüdür.

Manay dedi: – Xoş gəlibsən, Sərtiş ər,
Şah nə desə el də elə tərpənər,
Minellisən, Mindiyarın oğlusan,
Şah nə desə el də elə tərpənər.

Bizi tanrı işığıyla çimizdir,
Kirpiklərə, gözlərə od damızdır,
Körpələri günəş ilə əmizdir,
Şah nə desə, el də elə tərpənər.

Yaşa burda, bizə yetkin ata ol,
Şaman, Odər arasında ortaq ol,
Baş aparan falçılara toxdaq ol,
Şah nə desə el də elə tərpənər.

Mən Manayam, Qızbax nənə qalıncı,
Üstüağın yürüşünün qoruncu,
Mindiyarın sıyırmaca qılıncı,
Şah nə desə el də elə tərpənər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq