Biri gəldi, arxasında köləsi,
– Heç kəs məncə oxşar deyil, bir deyil,
Mən varlıyam, qolugüclü, Sərtiş ər,
– Heç kəs məncə oxşar deyil, bir deyil.

Sorğu olsa, sən deyən tək o yolla,
Dincev bütün dolu olar yoxsulla,
Odev ilə dolar varlı oğullar,
Heç kəs məncə oxşar deyil, bir deyil.

Mən varlıyam, qoruyuram çoxunu,
Yaşadıram el istəyən qurğunu,
Qanlı olur hərdən taxıl yığımı,
Heç kəs məncə oxşar deyil, bir deyil.

Yazdığına inamım var buracan,
Bir sərçə var, bir də vardır çalağan.
Onda gərək varlı çıxa aradan,
Heç kəs məncə oxşar deyil, bir deyil.


– Yazdıqların gəlib bizə çatıbdır,
Yaranışda bir ölçü var, güdüm var.
Bizim eldə doğulsan da böyüksən,
Yaranışda bir ölçü var, güdüm var.

Yazdıqların düzlük, özlük gözləyir,
Tanrıları ürəklərə səsləyir,
Qaranlığı, yamanlığı pisləyir,
Yaranışda bir ölçü var, güdüm var.

Ancaq son gün sorğusunda sınıbsan,
Varlı, yoxsul sözünü bir sanıbsan,
Varlılarda ucalığı danıbsan,
Yaranışda bir ölçü var, güdüm var.

Bil ki, yoxsul acıqanla vuruşmaz,
El işinə, yurd işinə qarışmaz,
Varlı kimi ağır işdən yapışmaz,
Yaranışda bir ölçü var, güdüm var.


Biz varlıyıq, gəldik sənə "yox" deyək,
Varlı, yoxsul bir yazıya sığışmaz.
Dəyişəsən o yazını gərək sən,
Varlı, yoxsul bir yazıya sığışmaz.

Yüklənmişik biz dirriyin yüküylə,
Yaşayırıq el-obanın suçuyla,
Ağrı oldun bizə qorxu, ürküylə,
Varlı, yoxsul bir yazıya sığışmaz.

Son sorğuda üstünlüklər ver bizə,
Varlıları oxşa, ayır, həm bəzə,
Bizi qoyma yoxsullarla üz-üzə,
Varlı, yoxsul bir yazıya sığışmaz.

– Biz gəlmişik Əkbitənin özündən,
Çıxmamışıq Üstüağın sözündən.
Ya get burdan, ya da barış bizimlə,
Varlı, yoxsul bir yazıya sığışmaz.


– Dəyişmərəm yazdığımı, varlılar,
Hamı birdir yaranışın özündə.
– Varlı, yoxsul gecə-gündüz kimidir.
Hamı birdir yaranışın özündə.

– Gərək hamı bir inama bağlana,
Son sorğuda bir olarlıq saxlana.
Sözdə deyil, işdə hamı yoxlana,
Hamı birdir yaranışın özündə.

– Çıxardarıq Mindiyardan biz səni,
Varlı, yoxsul birdir yazıb, deyəni.
Varlını yox, yoxsulları öyəni,
Hamı birdir yaranışın özündə.

– Ahay, dayan, yekə-yekə danışan,
Tanrıların hər işinə qarışan,
El varına acgöz kimi daraşan.
Hamı birdir yaranışın özündə.


Mən basılmaz Gücər oğlu Bacaram,
Varlı, yoxsul bir doğulur, bir olmur.
Yolunuzu düz götürün, düz gedin,
Varlı, yoxsul bir doğulur, bir olmur.

Mən Sərtişin qoruncuyam, qılıncı,
Odur sözdə, düşüncədə tapıncıl.
Mən də ona vurumbatmaz yapıncı.
Varlı, yoxsul bir doğulur, bir olmur.

Onlar dinib deyişdilər-daşdılar,
Ölçüləri, güdümləri aşdılar.
Bizucları bir-birinə sancdılar,
Varlı, yoxsul bir doğulur, bir olmur.

Gücər oğlu Bacar qovdu çaparı,
Vurdu, yıxdı, kəsdi, tutdu onları.
Silkələndi dağın axar-baxarı.
Varlı, yoxsul bir doğulur, bir olmur.


– Dayan, Bacar, Gücər oğlu, güc ər qan,
Sözü gərək sözlə başa salasan.
Ağlamsındı, gülümsündü Sərtiş ər,
Sözü gərək sözlə başa salasan.

Vuruşumuz yamanladır yamanca,
Onda əl at toppuz, bizuc, qılınca.
Söz güləşdir, sözdə dözüm qalınca.
Sözü gərək sözlə başa salasan.

Qan axıtmaq olmaz, qardaş, boş yerə,
İnanışla yaraqlansın qoy hərə,
Onun ilə adam qalxar göylərə.
Sözü gərək sözlə başa salasan.

Sən söz Gücər, sən qol Gücər ərənsən,
Mən yazarı, sən yarağı görənsən.
Mən ağ kürən, sən bozumtul kürənsən,
Sözü gərək sözlə başa salasan.

– Mənim yurdum bəyənməyir yazarı,
Varlılar da mənə tez-tez qabarır.
Burda itib olacaqlar açarım,
Sözü gərək sözlə başa salasan.

Bir kökdəndir, bir addandır yaranış,
Yaranışın iç üzüdür inanış,
İnanışla güclü olur yaşayış,
Sözü gərək sözlə başa salasan.

Yazılarım qonub yatıb dillərə,
Himnim, qatım arxa olub ellərə,
Güc gətirdi ürəklərə, əllərə.
Sözü gərək sözlə başa salasan.

Hamı gərək ucalara inana,
İçi-çölü kəsi ola inama.
Yer qalmaya inanışda yamana,
Sözü gərək sözlə başa salasan.


Su üstündə gəlib durdu Sərtüz ər,
Yuyun, sonra tanrılarla danış sən,
Əl-üzünü, ayağını yudu o,
Yuyun, sonra tanrılarla danış sən.

Sonra durdu yavaş-yavaş ayağa,
Əllərini uzadaraq qabağa.
Gözlərini o zillədi ocağa,
Yuyun, sonra tanrılarla danış sən.

I üztut:

" İnanıram inandırıb hamını,
Böyük Məzda inancımdır, tanrımdır-
Mən devlərdən, yamanlardan qopmuşam,
Böyük Məzda inancımdır, tanrımdır.

Baş əyirəm Espendaya yenidən,
Üz tuturam, yalvarıram sənə mən,
Ahur-məzda düşməz daha dilimdən,
Böyük Məzda inancımdır, tanrımdır".


"Ahur-məzda yaradanı yaratdı,
Pisliklərə yeri-göyü daraltdı,
Yer altında günlərini qaraltdı,
Böyük Məzda inancımdır, tanrımdır.

Altı tanrı arxasında dayanıb,
Onlar tanrı işığına boyanıb,
Yer-göy onun sözlərilə oyanıb,
Böyük Məzda inancımdır, tanrımdır.

"Yeddi bayram, beş üztutun yeriyəm,
Yerdə ocaq odərlərdən biriyəm,
Odla, suyla, bitkilərlə diriyəm.
Böyük Məzda inancımdır, tanrımdır".

II üztut:

"Böyük Aşa yaxşılardan yaxşıdır,
Böyük Aşa pisliklərə qarşıdır,
İstəklidir, istəklilər başıdır.
Dəyərlidir, dəyərlidir Aşamız".

III üztut:

"Ahur-məzda, dəyərlini özün seç,
Ayıryaman, öz ölçünlə yeri ölç,
Biz sevirik səni, pisi bizə keç,
Kişilərə, qadınlara əl uzat"...


– Ey Sərtiş ər, mən dönürəm yurduma,
İnanışdan güclü varsa tanrıdır,
Öz gücümə inanıram bu işdə,
İnanışdan güclü varsa tanrıdır.

"Gəl" buyursan, harda olsam, gələrəm,
Gərək olsa, vuruşaram, ölərəm,
Bu yolunda sənə uğur dilərəm.
İnanışdan güclü varsa tanrıdır.

Mənim atım, sənin sözün uçardır,
Söz qapalı qapılara açardır,
Güc yerində sözdən güclü nə vardır,
İnanışdan güclü varsa tanrıdır.

Sözün çatar Uğurelə, Xançuya,
Toxdaq olar yolkəsənə, qoçuya,
İnanc olar min-min gəncə, qocaya,
İnanışdan güclü varsa tanrıdır.


Çapdı dağlar üzərindən İtiat,
Çəkər səni öz qoynuna doğulyer,
Gəldi, gördü ana olub Qızçiçək,
Çəkər səni öz qoynuna doğulyer.

Artarına Tuncər adı qoydu o,
Bələk iyi, süd qoxusu duydu o,
Bu sorağı Mindiyara yaydı o,
Çəkər səni öz qoynuna doğulyer.

Mənim Tuncər, mənim oğul artarım,
Çətin gündə inanılmış tutarım,
Dadlı-duzlu yuxularda yatarım,
Çəkər səni öz qoynuna doğulyer.

Böyü, atam, dur ananla yanaşı,
Doğma balam, doğul yerim, yurddaşım,
Ey gələcək ölkəbaşı, elbaşı,
Çəkər səni öz qoynuna doğulyer.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri