Həbəş, Misir söylənci
Uruyerin səsləncləri gurladı,
İnam gücdür, ancaq o da azalır.
Firon basıb dustaqlığa Catanı,
İnam gücdür, ancaq o da azalır.
Aldı Tunqər iyirmi min toplumu,
Yardı isti çöllərdəki boş qumu,
Dedi, mənəm Çatan şahın durumu,
Dedi, mənəm Firon şahın ölümü,
İnam gücdür, ancaq o da azalır.
Firon Tunqdan ilk görüşdə ürkmüşdü,
Yarıdolu tuluq kimi çökmüşdü,
Çatan şaha yeni biclik çəkmişdi,
İnam gücdür, ancaq o da azalır.
O qorxmuşdu, Tunq ölkəni tutacaq,
Onu böyük Turanına qatacaq,
Onun Firon buyuruğu yatacaq,
İnam gücdür, ancaq o da azalır.
Düşünmüşdü, Turan bizə iş açar,
Yaxşı olar bu Tunqərdən biz qaçaq,
Tək Çatandır bu qapıya tək açar,
İnam gücdür, ancaq o da azalır.
Öncə onu götürərəm aradan,
Sonra Tunqu çıxararam sıradan,
Qallam özüm basar kimi ortada,
İnam gücdür, ancaq o da azalır.
Tunq əl atsa bizə qarşı yarağa,
Həbəşləri verrəm onda qabağa,
Sonra Misri qaldıraram ayağa,
Inam gücdür, ancaq o da azalır.
Üztut ollam “Aman” tanrı adına,
Döyüşərəm onla addım addıma,
Çağıraram Balasqeli yardıma,
Inam gücdür, ancaq o da azalır.
Tunq çaparaq Çil-çilatı yormuşdu,
Yolu üstə beş min Həbəş durmuşdu,
Qabağına nə çıxmışdı, qırmışdı,
Vurub çayı, gölü, çəni yarmışdı,
Inam gücdür, ancaq o da azalır.
Firon kəsdi qabağını Tunqərin,
Ancaq nədən əsməkdəydi əlləri,
Çıxdı Tunqun qabağına öndəri,
Inam gücdür, ancaq o da azalır.
Dedi: – Qayıt,tez ol burdan geriyə,
Firon deyir, əgər gəlsə bəriyə,
Nil Turanı qabağından kürüyər,
Inam gücdür, ancaq o da azalır.
Tunqər dedi: – Verin oğlum Çatanı,
Yoxsa tutub yandıraram hər yanı,
Mən saymaram sənin kimi qabanı,
Inam gücdür, ancaq o da azalır.
Bunu deyib Tunqər vurdu bizucu,
Sora çəkdi qoşa tiyə qılıncı,
Öndər qaldı at üstündə ölümcül,
Inam gücdür, ancaq o da azalır.
Firon çıxdı irəliyə acıqlı,
Bir az kobud, bir azcana qılıqlı,
Üzü soyuq, gözü parlaq-işıqlı,
Inam gücdür, ancaq o da azalır.
Dedi: – Oğlun Çatan Nildə boğulub,
Yeri-yurdu, ev-eşiyi dağılıb,
O şəhərdə şahlıq yeri yığılıb,
Inam gücdür, ancaq o da azalır.
Tunqər dedi: – Mənim oğlum dustaqdır,
O, döyüşdə, Firon, səndən qoçaqdır,
Sənin payın burda qandır, yaraqdır,
Inam gücdür, ancaq o da azalır.
Yenə çıxdı irəliyə bir öndər,
Dedi: – Gündə bir dil bilən biləndər,
Çatan şahdan soraq tutsun birtəhər,
Inam gücdür, ancaq o da azalır.
Tunqər daha gözləmədi, bağırdı,
Toplumunu irəliyə çağırdı,
Vurdu, öndər yerə yatdı, çığırdı,
Inam gücdür, ancaq o da azalır.
– Hara qaçdı-dedi-tutun Fironu,
O düzəldib bu yalanı, oyunu,
Ipə keçsin gərək onin boyunu,
Inam gücdür, ancaq o da azalır.
Iki toplum cumdu biri-birinə,
Qan sıçradı üzə yağış yerinə,
Qan laxtası döndü alın tərinə,
Inam gücdür, ancaq o da azalır.
“Vurun”-“qırın”, çığır-bağır, sızıltı,
Son sızıltı, son söz, son səs, bağırtı,
Yaralarda zoqquldayan gizilti,
Inam gücdür, ancaq o da azalır.
Tunq sıranı qılınc ilə darayır,
Vurur, qırır, yarır, yorur, arayır,
Qalxır göyə acıqanın harayı,
Inam gücdür, ancaq o da azalır.
Bundan bir-bir, ondan isə yüz ölür,
Çoxu qaçır, haray çəkir,”Turq gəlir”,
“Döyüş bəsdir” səsləncləri yüksəlir,
Inam gücdür, ancaq o da azalır.
Külək vurur, qanlı bığ, saç yellənir,
Kəsik başlar, kəsik qollar hellənir,
Dörd bir yanda ac qurd, tülkü sülənir,
Inam gücdür, ancaq o da azalır.
Firon qaçır, tapılmayır izi də,
Qaçır gedir, toplumu da, özü də,
Nələr olur, gör, yungülcə küsüdən,
Inam gücdür, ancaq o da azalır.
Firon yeni toplum qatır döyüşə,
Yaraqlılar çatır sayda beş-beşə,
Gəlir özü Tunqər ilə görüşə,
Inam gücdür, ancaq o da azalır.
Deyir: – Qayıt, götür, apar Çatanı,
Sən düşübsən, o qorusun Turanı,
Bundan artıq pozma bizim aranı,
Inam gücdür, ancaq o da azalır.
Toplumundan çox qırılıb, az qalıb,
Sən də dincəl, üzün-gözün saralıb,
Üç bir yandan qaçan yolun daralıb,
Inam gücdür, ancaq o da azalır.
Tunq bağırdı: – Bizimkilər, irəli!
Beş öldürsün acıqandan hər dəli,
Durun, yıxın qalsanız da təkəlli,
Inam gücdür, ancaq o da azalır.
O, dolaq ip atdı, tutdu Fironu,
Keçdi ipə Firon şahın boyunu,
Atdan yıxdı, o leş yeyən quzğunu,
Inam gücdür, ancaq o da azalır.
Turq atanın səsi gəldi uzaqdan,
Tunqər yardım gözləyirdi bayaqdan,
Toplum yenə bərk yapışdı yaraqdan,
Inam gücdür, ancaq o da azalır.
Tunq, Turq, bir də Şimşəkqılınc, Şimşəkat,
Artdı yenə döyüş, vuruş, çathaçat,
Topuğacan qanlı palçıq, bathabat,
Inam gücdür, ancaq o da azalır.
Acıqanın sıraları yarıldı,
Atlar, qıçlar, qollar, başlar yoruldu,
Basar, basıq bir-birindən ayrıldı,
Inam gücdür, ancaq o da azalır.
Tutuq Firon gətirildi Başevə,
Qıvraq dünən dilənçiydi, bu gün şah.
Düstaqlıqdan çıxartdılar Çatanı,
Qıvraq dünən dilənçiydi, bu gün şah.
Tunqər, Turqər oturmuşdu yanaşı,
Firon isə qolubağlı evbaşı,
Çoxunun da dəyişmişdi göz başı,
Qıvraq dünən dilənçiydi, bu gün şah.
Tunqər dedi: – Çatan burda şah olsun,
Turqər dedi: – O, Firona tay olsun,
Firon dedi: – O ikinci say olsun,
Firon günəş, Çatan isə ay olsun,
Qıvraq dünən dilənçiydi, bu gün şah.
Tunqər dedi: – Çatan günəş, Firon ay,
Bundan sonra Turanındır bu saray,
Turanındır böyük Misir taybatay,
Qıvraq dünən dilənçiydi, bu gün şah.
Biri dedi, iki min il arası,
Tutuq olub burda onun babası,
Bu gün böyük başbaşıdır atası,
Firon olsun Çatan şahın qudası,
Qıvraq dünən dilənçiydi, bu gün şah.
Çox dedilər, danışdılar, neçə gün,
Düyün düşdü, açılmadı çox düyün,
“Bu doğrudur, bu ayrıdır, bu düzgün”,
Qıvraq dünən dilənçiydi, bu gün şah.
Firon dedi: – Bəsdir, getmə dərinə,
Mən batmışam utancaqlıq tərinə,
Mən qoyaram beş il onu yerimə,
Qıvraq dünən dilənçiydi, bu gün şah.
Tunqər dedi: – Güc veribsən yalana,
Sən bizimlə gedəcəksən Turana,
Pay verərsən orda olan qalana,
Qıvraq dünən dilənçiydi, bu gün şah.
Qızıl quşun səsi gəldi yaxından,
Ağır gündə hamı doğma qardaşdır.
Turqər çıxdı tər-tələsik qapıya,
Ağır gündə hamı doğma qardaşdır.
Turpar yazı göndərmişdi: – “Turq ata,
Mən burdayam, ata, lap-lap yaxında,
Tusər, beş min yaraqlı da yanımda,
Ağır gündə hamı doğma qardaşdır.
Eşitdik ki, döyüşdəsən, təklənib,
Sənə qarşı Firon beş qat köklənib,
Hərdən-birdən səni sancır, ərklənir,
Ağır gündə hamı doğma qardaşdır.
Gəldik bura toplumbaşı Tusərlə,
Dayanmışıq arxanızda təpərlə,
Üç min atlı, on təkərli çəkərlə”,
Ağır gündə hamı doğma qardaşdır.
Tunqər, Turqər çox üstünlük duydular,
Bunu Tunqa böyük yardım saydılar,
Çatan şahı burda Firon qoydular,
Ağır gündə hamı doğma qardaşdır.
Yazı yaman düşündürdü Tunqəri,
Bir də bir il bundan qabaq ötəri,
Öc almağa gələn güclü Tusəri,
Ağır gündə hamı doğma qardaşdır.
“Yaxşı olub, o, Tusəri gətirib,
Yaxşı, İran bizə yardım yetirib,
Öclü günü ondan qapıb götürüb”.
Ağır gündə hamı doğma qardaşdır.
On iki il Firon oldu Çatan şah,
Nə olsan da sən gərək ol ölkənə.
Turon-Misir yolu doldu, boşaldı,
Nə olsan da sən gərək ol ölkənə.
Su üstünə on dörd bərə saldırdı,
Suqırağı daş-tikinti qaldırdı,
Bataqlığı daşla, qumla doldurdu,
Nə olsan da sən gərək ol ölkənə.
Suda balıq, çöldə maral, quş artdı,
Sürü artdı, inək artdı, qoç artdı,
Az yaşayan adamlarda yaş artdı,
Yer becərən öküz artdı, xış artdı,
Nə olsan da sən gərək ol ölkənə.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-hebes-misir-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Turər kəsib acıqanın yolunu,Uzə düşən daha güclü vuruşar.
Yengisoy söylənciAna üç ay şahlıq etdi Başevdə,Çətin gündə qardaş gərək, güc gərək.
Uruyer söylənciSevinc dolu söylənc idi Uruyer,Dağ görəndə ürək dönüb dağ olur.
"Sev" tanrısı İştar söylənciBir ay çəkdi, sağaldılar qardaşlar,Sağalanda qol güclənir ikiqat.
Başqa şairlərin şeirləri
Mən elə kimsəyəm aşiqə bənzər,Könlüm əhli-haldı, dilim dərdi-sər,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Daş ürəklər gördüm, ölü baxışlarBir qələm dostumu apardı dünya,daş ürəklər gördüm, ölü baxışlar.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,