İzin istəyir, Düzər gedir döyüşə,
Bunca qardaş bağışlayar qardaşı.
Qabaqda da iki qardaş görüşü,
Bunca qardaş bağışlayar qardaşı.

Yüzər ağır yaralıydı başından,
Üç ox yeri vardı qanlı döşündə.
İki düyün görünürdü qaşında,
Bunca qardaş bağışlayar qardaşı.

“-Düzər gəlib özünü şah bilibdir,
Kral deyib Yüzər daha ölübdür.
Ya da məni öldürməyə gəlibdir,
Bunca qardaş bağışlayar qardaşı.


– Mindiyarın şahı sənsən, qardaşım,
Üstünlüyü tanrı sənə veribdir.
Mən də sənə əltutanam Xançuda,
Üstünlüyü tanrı sənə veribdir.

Yaralısan, toxda, dincəl neçə gün,
Acıqanı mən qıraram büsbütün.
Burda gərək Asurları kürüyüm.
Üstünlüyü tanrı sənə veribdir.

Ölsəm, yerinc göndər, şahım, Xançuya,
Minel şahı qılınc ilə qoruyar,
Dəyişməsin doğruluğu oğruya,
Üstünlüyü tanrı sənə veribdir.


Geydi Düzər geyimini Yüzərin,
Üzdən, boydan qardaş oxşar qardaşa.
At səyirtdi acığanın üstünə,
Üzdən, boydan qardaş oxşar qardaşa.

Bir yürüşdə vurdu, yıxdı yüzünü,
Gizlədirdi o, hamıdan üzünü.
Eşitmədi biri bircə sözünü,
Üzdən, boydan qardaş oxşar qardaşa.

Axşam düşdü, gerilədi acıqan,
Suqırağı al boyadı qızıl qan,
“Bu Yüzərdir, güc alıbdır tanrıdan”,
Üzdən, boydan qardaş oxşar qardaşa.


Sayın-sanlı kral idi Uranus,
Bu da tanrı vergisidir adamda.
Bilimliydi, göstərişi, öyüdü,
Bu da tanrı vergisidir adamda.

Ellər üçün həm oğuldu, həm ata,
Ölkəsindən çəkilmişdi qan-qada,
Qayğı görüb varlanırdı hər adam,
Bu da tanrı vergisidir adamda.

Gəmiləri dəniz-dəniz üzərdi,
Ən sevimli kürəkəni Yüzərdi,
Onun ilə yeyib, içib gəzərdi,
Bu da tanrı vergisidir adamda.


Qarşıladı gülər üzlə onları,
Yaxşı baxsan üzdə hər şey görünür.
Gülüşünün işığında duruluq,
Yaxşı baxsan üzdə hər şey görünür.

Kral üç gün qonaqladı, əylədi,
Günlərinə gözaydınlıq dilədi,
Dördüncü gün olanları söylədi,
Yaxşı baxsan üzdə hər şey görünür.

– Heç bilmirəm, necə deyim, nə üzlə,
Bir aydır ki, Ur döyüşür bizimlə,
Üstümüzə toplum gəlir dənizlə
Yaxşı baxsan üzdə hər şey görünür.


Bilən kimi Yüzər getdi döyüşə,
Tanrı onu bizə arxa göndərib.
Mən bilirəm siz Yüzəri gəzirsiz
Tanrı bizə onu arxa göndərib.

İndi Yüzər acıqanla vuruşur,
Uçan oxdur, iti, sıçraq yürüşü,
Bəyəndirir qılınc ilə barışı,
Tanrı bizə onu arxa göndərib.

Beş adada vuruş gedir, qan axır,
Yerdən, göydən sinələrə ox yağır,
Parıldayır onun göydə yarağı,
Tanrı bizə onu arxa göndərib.


Qırx ildir ki, Yüzər bizi qoruyur,
O,oğuldur hər bir işə yarayır,
Gəlir ağır döyüşlərdən harayı,
Tanrı bizə onu arxa göndərib.

Öz oğlumdan çox istərəm onu mən,
Bir an belə qılınc düşmür əlindən,
"Birel" sözü bitib qalıb dilində,
Tanrı bizə onu arxa göndərib.

Qırx min Minel yaraqlısı burada,
Dəmirdayaq, dəmir duruş sırada,
Biz harada, indi Yüzər harada
Tanrı bizə onu arxa göndərib.


" - Yüzər bizim içimizi biləndir,
İçdən çıxır ən qorxulu acıqan,
Nə olacaq o Minelə şah olsa,
İçdən çıxır ən qorxulu acıqan.

Burda deyən işlər bir az qarışdı,
Yüzər kövrək yerimizlə tanışdır,
Bir də gördün boğazımdan yapışdı,
İçdən çıxır ən qorxulu acıqan,

Kral belə çox düşünüb daşındı,
Gecə-gündüz yumruqladı başını,
Ölçüb-biçdi, işə saldı arşını,
İçdən çıxır ən qorxulu acıqan,


Dedi, gərək Yüzər çıxsın aradan,
Bizim kövrək yerimizi bilir o.
Mindiyarı başsız qoymaq gərəkdir,
Bizim kövrək yerimizi bilir o.

Qoy vurulsun döyüşərkən arxadan,
Qoy tollansın suya hündür qayadan,
Qoy doğransın dörd bir yerə ortadan,
Bizim kövrək yerimizi bilir o.

Qalsın burda hələ arvad-uşağı,
Saxlanılsın onlar girovsayağı.
Bu yol ilə dara çəkək qoçağı
Bizim kövrək yerimizi bilir o.


İndi belə düşünürdü Yüzər də,
Göz dikibdir Düzər mənim yerimə.
Gərək burda mən Düzəri öldürüm.
Göz dikibdir Düzər mənim yerimə.

Düşünürdü, Düzər məni qıracaq,
Yolum üstə bir gün çala quracaq,
Ya da məni kövrək çağı vuracaq,
Göz dikibdir Düzər mənim yerimə.

Biri getsin yanıyca at səyirtsin,
Daldan vurub lapdan onu bəyirtsin,
Sonra tutsun boğazından kiritsin,
Göz dikibdir Düzər mənim yerimə.


Düzər isə vuruşurdu qılıncla,
Gücü verib tanrı arı ürəyə,
Acıqanı qovlayırdı geriyə
Gücü verib tanrı arı ürəyə,

Doğrayırdı, dağıdırdı, qırırdı,
Sıraları at döyüşlə yarırdı,
Acıqanın son kökünə varırdı,
Gücü verib tanrı arı ürəyə,

Adalardan-adalara hay-cumu,
Dağılmışdı asurların qurumu,
Qaçmaqdaydı mən-mən deyən toplumu
Gücü verib tanrı arı ürəyə,


Qardaşlarda birdi üz-göz, saç-saqqal,
Oxşarlığın ikibaşlı sonu var.
Bir-birindən seçilmirdi qardaşlar
Oxşarlığın ikibaşlı sonu var.

Yüzər vurub çox dolanbac oyunu,
Oxşayaraq adamının boyunu,
Tapşırmışdı o satqındır, vur onu
Oxşarlığın ikibaşlı sonu var.

İki satqın, iki gizli göstəriş,
Hər ikisi Düzər üstə bir yürüş,
Nə olacaq görən Tanrı, bu gediş,
Oxşarlığın ikibaşlı sonu var.


Gəlib çatdı iki qancıl adaya,
Bir görümə tuşlanmışdı iki ox.
Həm, kralın, həm Yüzərin adamı,
Bir görümə tuşlanmışdı iki ox.

Lap yaxında gurlayırdı dalğalar,
Uğuldayıb səslənirdi qayalar,
Kölgə-kölgə sürünürdü qaralar
Bir görümə tuşlanmışdı iki ox.

Düzər yorğun, iri gözlər yuxulu,
Dəniz, qaya, gecə qanlı qorxulu
Qulağına birdən bir səs toxunur
Bir görümə tuşlanmışdı iki ox.


Bir bağırtı, ğur səs, bir söz, bir vurum,
Satqın oğru gecə ikən qan tökür.
"Satqın məni niyə vurdun arxadan,
Satqın oğru gecə ikən qan tökür.

Düzər aşdı yerə ağır yaradan,
Sonra qopdu o sıldırım qayadan,
Düzər qardaş belə çıxdı sıradan,
Satqın oğru gecə ikən qan tökür.

Bir bağırtı qayalarda partladı,
Qaranlığın qara bağrı çatladı,
Biri vurdu o birisi atladı
Satqın oğru gecə ikən qan tökür.


Sonra yeni bir bağırtı partlayır,
Qorxunc gecə bağırtıya bürünür.
"Get! Kralın göstərişi beləydi".
Qorxunc gecə bağırtıya bürünür.

İki satqın uzaqlaşıb gedirlər,
Qaranlıqda qaçıb gözdən itirlər,
Başçıları qabağında bitirlər,
Qorxunc gecə bağırtıya bürünür.

Satqın deyir gördüyünün düzünü,
Bu söz açır Yüzərşahın gözünü,
Düzər kimi o göstərir özünü,
Qorxunc gecə bağırtıya bürünür.


Təkcə Odər başa düşür oyunu,
Belə işlər tez-tez olur Başevdə.
Bilir gələn Düzər deyil, Yüzərdir.
Belə işlər tez-tez olur Başevdə.

Kral susur, ağlamsınır, yanıqlı,
Sözü, səsi, baxışları qılıqlı,
Bir az tutqun, bir az ürkək, sayıqlı
Belə işlər tez-tez olub Başevdə.

Arvad-uşaq Yüzər deyib ağlayır,
Səsdən evin damı-daşı laxlayır,
Bu, çoxunun ürəyini dağlayır,
Belə işlər tez-tez olur Başevdə.


– Yüzər mənim ürəyimdi, gözümdü,
Ürək getdi, gərək sən də gedəsən.
Mən Yüzərsiz yaşamaram, qalmaram,
Ürək getdi, gərək səndə gedəsən.

Bu üzüntü məni yıxar, aparar,
Şaxlığımı özlüyümdən qoparar,
Ürəyimdə Yüzər dağı qabarar,
Ürək getdi gərək sən də gedəsən.

Gərək gəzək, ölüsünü tapaq biz,
Sıldırımlı qayaları çapaq biz,
Dənizləri dalğalara qataq biz,
Ürək getdi gərək sən də gedəsən.


Çox gəzdilər, aradılar Düzəri,
Gedib Düzər tanrısının yanına.
Nə quruda, nə dənizdə tapıldı,
Gedib Düzər tanrısının yanına.

Başbilənlər çox yalvardı dənizə,
Odər ata əl uzatdı hörmüzə,
"Böyük tanrı, əltut yetir sən bizə",
Gedib Düzər tanrısının yanına.

Odər, Yüzər yola düşdü Minelə,
Günlər, aylar ötüb döndü bir ilə,
Ta axtarmaq, gəzmək olmaz bir belə,
Getdi Düzər tanrısının yanına.


Yüzər böyük Əkbitənə şah oldu,
Çox örtülü qala bilməz gizlilər.
Yüzər hər gün yamanladı kralı,
Çox örtülü qala bilməz gizlilər.

İki ölkə toplumları vuruşdu,
Qanlar axdı dənizlərə qarışdı.
Hərdən şahlar bir birilə barışdı,
Çox örtülü qala bilməz gizlilər.

Bir il keçdi, birdən Düzər göründü,
Çinel, Xançu sevinclərə bürundü.
Pislik düşdü qabağında süründü,
Çox örtülü qala bilməz gizlilər.


Düzər üç ay keçdi sudan, qurudan,
Tanrı özu düzü üzə çıxarır,
Dalğaları, qumluqları yardı o,
Tanrı özü düzü üzə çıxarır.

İki qardaş birləşmədi, ayrıldı,
İstəkləri yandı göyə sovruldu,
Əkbitəndə bunca şahlıq quruldu,
Tanrı özü düzü üzə çıxarır.

Dabanları, dırnaqları sürtülüb,
Paltarları cırıq-cırıq, yırtılı,
Bir az açıq, bir az üzü örtülü
Tanrı özü düzü üzə çıxarır.


Üç ay, dörd ay sürün-sürün, üzhaüz.
Bu, tanrının işi deyil, bəs nədir.
Çox ellərdə, obalarda toxdadı,
Bu, tanrının işi deyil, bəs nədir.

Yarasını dəniz özü sağaltdı,
Güllər, otlar ağrısını yoxaltdı,
Günəş damar istisini çoxaltdı
Bu, tanrının işi deyil, bəs nədir.

Bildi qardaş qol atıbdır bu işə,
Ta getmədi bir də onla görüşə,
Yox, demədi bunu tanış-bilişə,
Bu, tanrının işi deyil, bəs nədir.


Yüzər üzü dönük çıxdı qardaşa,
Baş ağardır, qan soyudur üzüntü.
Üzüntüsü çevrilmişdi qorxuya,
Baş ağardır, qan soyudur üzüntü.

Onu bir ay, üç ay, bir il gözlədi,
Suda, dağda, düzdə yer-yer izlədi,
Hərdən bir az öz-özünü pislədi,
Baş ağardır, qan soyudur üzüntü.

Yuxularda tez-tez onu görürdü,
Düzər onu yaxalayıb vururdu,
Qan-tər içrə yuxusundan dururdu,
Baş ağardır, qan soyudur üzüntü.


Suboğaza gəlib çatdı son döyüş,
Boğazları əldən vermək ölümdür.
Yük yoluydu, gəmi yolu Boğazlar,
Boğazları əldən vermək ölümdür.

Silkənirdi cağ-cağ gəmi çəkərlər,
Səslənirdi zinqrovlar, təkərlər,
Dumanlıydı yorğun gözlər təpərlər,
Boğazları əldən vermək ölümdür.

Başlarında tuncdan pipik papaqlar,
Çiyinlərdə qılınckəsməz qalpaqlar,
Parlayırdı gün altında yaraqlar,
Boğazları əldən vermək ölümdür.


Uranusun oğlu Qeysər qabaqda,
Göz qorxudur öndə döyüş sursatı.
Üç təkərli, dörd təkərli qoşqular,
Göz qorxudur öndə döyüş sursatı.

Uzun-uzun bizucları bükülməz,
Qabar-qabar döşlükləri sökülməz,
Beşbatmanlıq topbuzları çəkilməz,
Göz qorxudur öndə döyüş sursatı.

Qeysər gəlir, atası da dalında,
Yüz min toplum durur sağı, solunda.
Zınqrovlar atlarının yalında,
Göz qorxudur öndə döyüş sursatı.


Yüzər atda, Qeysər dəmir qoşquda,
Üzgörənlik, utançaqlıq basılar
İlk yaranı aldı Yüzər qaynından,
Üzgörənlik, utancaqlıq basılar.

Uşaqlıqdan Yüzər onla tanışdı,
Bu doğmalıq boğazından yapışdı,
Yüzər baxdı, ancaq Qeysər tutaşdı,
Üzgörənlik, utancaqlıq basılar.

İlk yaradan o sarsıldı, dəyişdi.
Toplumlarsa üç gün qalıb döyüşdü,
Balasqlılar boğazlara girişdi
Üzgörənlik, utancaqlıq basılar.


Daha duruş-durum başa gəlmədi,
Başsız qalan toplum duruş gətirməz.
Acıqanın əli-qolu açıldı,
Başsız qalan toplum duruş gətirməz.

Leş-leş üstdə, qan-qan üstə qalandı,
Qoşa boğaz, Qoşa dəniz alındı,
Dənizlərin göy gözləri bulandı,
Başsız qalan toplum duruş gətirməz.

Yaralıydı Yüzər, gedib tapdılar,
Acıqanın caynağından qapdılar,
Ata minib Əkbitənə çapdılar,
Başsız qalan toplum duruş gətirməz.


Bayqın qaldı Yühər, bir də durmadı,
Dərin olar doğmaların yarası.
Dedilər ki, yarasında ağı var,
Dərin olar doğmaların yarası.

Bu da doğma qaynatanın qurqusu,
Yarağına çəkib ilan ağısı.
Bu yarada vardır ölüm qorxusu,
Dərin olar doğmaların yarası.

Oğlu gəldi görüşünə Balasqın,
Üstü-başı qızıl, gümüş qotazda,
Odər onu yerinc qoydu bir azdan,
Dərin olar doğmaların yarası.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri