Yazışma söylənci
Cumər iki yol yoldaşı götürdü,
Uzaq yolun azmağı var yol boyu.
Muğəri də alıb ona qoşdular,
Uzaq yolun azmağı var yol boyu.
Qarçiçək də arıqlayıb solmuşdu,
O, Muğərdən qara soraq almışdı,
İki yolun ayrıcında qalmışdı,
Uzaq yolun azmağı var yol boyu.
Eşitdi ki, gətirdilər Muğəri,
Saçlarına getdi qızın əlləri,
«Əltut» deyib o çağırdı elləri,
Uzaq yolun azmağı var yol boyu.
Çıxdı yola, ürək kövrək, dil kövrək,
Çıxdı yola göz yaşıyla Qarçiçək,
Ağlayırdı onla bulud, çay, külək,
Uzaq yolun azmağı var yol boyu.
Ancaq Muğər ölməmişdi, sağ idi,
Ölə bilməz gözü yolda qalanlar.
Qarçiçəyin obasına qoydular,
Ölə bilməz gözü yolda qalanlar.
Neçə yerdən yaralıydı gövdəsi,
Ağarmışdı gözlərinin çevrəsi,
Qaralmışdı bəbəyinin görməsi,
Ölə bilməz gözü yolda qalanlar.
Qarçiçəyin üzü çalır sarıya,
Diz qatdayıb əl uzatdı tanrıya,
Dedi: – Tanrım, gərək onu qoruyaq,
Ölə bilməz gözü yolda qalanlar.
Qanlı ölüm, qanlı sıxma-boğmalar,
Qız əlində ovuşdurma, ovmalar,
Sonra gəldi süddən, otdan yaxmalar,
Ölə bilməz gözü yolda qalanlar.
Tanı şahın yazısına baxdı qız,
Sevən ürək yazı-pozu götürməz.
O sevmişdi bu yerləri, qalmışdı,
Sevən ürək yazı-pozu götürməz.
Dedi: – Mənim Tanı şaha yazım var,
Məndən qorxu çəkməsinlər qoy onlar.
Mənsiz qalsa məncə batmaz Mindiyar,
Sevən ürək yazı-pozu götürməz.
Göy ağacın üç qabığı yazılı,
Tək deyimlər, ayrı sözlər qızılı,
Sanki hamar daş altında basılıb,
Sevən ürək yazı-pozu götürməz.
Cumər gördü yazıları, duruxdu,
Ayırd edə bilməyərək darıxdı,
Nəsə demək istəyirdi, qarıxdı,
Sevən ürək yazı-pozu götürməz.
«Mindiyarın böyük şahı Tanı şah,
Minel birdir, burda oldun, ya orda.
Bacarığım, gücüm, könlüm onundur,
Minel birdir, burda oldun, ya orda.
Muğel yurdu, obaları yazıqdır,
Düşərlik var burda, hamı sınıqdır,
Çinellidən çoxu gözü qıpıqdır,
Minel birdir, burda oldun, ya orda.
Burda şaman, odər, ocaq – qoşadır,
Qoşalığı birel yerdə yaşadır,
Burda böyük tanrı böyük Aşadır,
Minel birdir, burda oldun, ya orda.
Böyük tanrı buyurur ki, adamlar,
Çox böyükdür, çox uludur Mindiyar,
Çox böyüyə, çox kiçiyə qorxu var,
Minel birdir, burda oldun, ya orda.»
«Mindiyarın böyük şahı Tanı şah,
Oğul dibdaş, qız köçəri, nədəndir.
Alınyazım mənim belə yazılıb,
Oğul dibdaş, qız köçəri, nədəndir.
Siz bu eli özünüzdən biliniz,
Üstümüzdə olsun hər an əliniz,
Hərdən ova, gəzintiyə gəliniz,
Oğul dibdaş, qız köçəri, nədəndir.
Bizim gözəl gəlinimiz Günaydır,
Doğmacamız on beş yaşlı Tuncaydır,
İşlərimiz, yurdlarımız qolaydır,
Oğul dibdaş, qız köçəri, nədəndir.
Sağaldıram burda çox-çox düşəri,
Sizin üçün göynəsə də içərim,
Burda yeni alınyolu seçərim,
Oğul dibdaş, qız köçəri, nədəndir».
«Mindiyarın böyük şahı Tanı şah,
Şah bir olsa uluslar da bir olar.
Orda-burda şahlıq edir yerinclər,
Şah bir olsa uluslar da bir olar.
Yerinc olsam buyuruqla Muğelə,
Mən yayaram od-ocağı çox yerə,
Aramızda buzlaq olmaz bir belə,
Şah bir olsa uluslar da bir olar.
Mənə qarşı burda böyük inam var,
Məni tanrı bilən min-min adam var,
İnan, həm də yoxla, deyib atalar,
Şah bir olsa uluslar da bir olar.
Sərtüzümüz məndən incik qalmasın,
Aramızda qoy soyuqluq salmasın,
İnamımız iki başlı olmasın,
Şah bir olsa uluslar da bir olar».
Bu üç yazı getdi, çatdı Tanıya,
Od üstünə su çiləndi elə bil,
Sərtüz gəldi, yazıları oxudu,
Od üstünə su çiləndi elə bil.
Dedilər ki, başbiləndir Qarçiçək,
Yerinc qoyaq orda onu biz gərək,
O qız ocaq işlərini görəcək,
Od üstünə su çiləndi elə bil.
Başbilənlər gərək yazı öyrənə,
Üztutdular, yalvarışlar söylənə,
Bu işləri tapşırınız siz mənə,
Od üstünə su çiləndi elə bil.
Buyurunuz, ev tikilsin ocağa,
Sığınacaq olsun elə, qonağa,
Ocaq evi dönsün hər gün sorağa,
Od üstünə su çiləndi elə bil.
Biz bu sayaq diz çökdürrük yamanı,
Ocaq kəsir yamanlığın kökünü,
Üztutdular, yalvarışlar Aşada,
Ocaq kəsir yamanlığın kökünü.
Kəsi olsa göy otlaqlar güllənər,
Yağış yağar, çay, göl, bulaq sellənər,
Sürü, naxır, ilxı bir-bir enlənər,
Ocaq kəsir yamanlığın kökünü.
Mən Sərtüzəm, Sarıdöşün yollusu,
Tanı şahın Suböləndə ellisi,
On min ilin dirisiyəm, ölüsü,
Ocaq kəsir yamanlığın kökünü.
Mən Sərtüzəm, doğulmuşam Aşadan,
Mənəm yerdə tanrıları yaşadan,
Onlar göydə, mənsə yerdə baş adam,
Ocaq kəsir yamanlığın kökünü.
Tanı dedi: – Keçmişləri yaşadaq,
Su buluddan, budaq kökdən yaranır.
Sərtüz dedi: – Keçmiş gəlsin yazıya,
Su buluddan, budaq kökdən yaranır.
«Vur»-deyəndə, bir ox çəkək, «vur» olsun,
«Qurd»-deyəndə, bir qurd çəkək, «Qurd» olsun,
«Yurd»-deyəndə, ocaq çəkək, «yurd» olsun,
Su buluddan, budaq kökdən yaranır.
Yazı olsa hər bir sözün tutumu,
Oxu-yazı atar ilkin addımı,
Şah da yazar hər görgüdə adını,
Su buluddan, budaq kökdən yaranır.
Sərtüz dedi: – Sözü çəkək görgüyə,
Yarpaq-yarpaq sözlər dönsün dərgiyə,
Yazı, oxu dibdaş olsun bilgiyə,
Su buluddan, budaq kökdən yaranır.
Tanı dedi: – Düşüncəni nə çəkək,
Düşüncəni çəkmək çətin, yazıda,
Sərtüz dedi: – Ya baş çəkək, ya alın,
Düşüncəni çəkmək çətin, yazıda.
Tanı dedi: – Bəs tanrını nə çəkək,
Gələ bilər tanrı sözü yazıya?
Sərtüz dedi: – Günəş çəkək, tanrıdır,
Düşüncəni çəkmək çətin, yazıda.
– Onda yazın bir buyuruq, bildirmə,
Sözü yazıb elə, yurda yetirmək,
Bundan sonra sözdən sözlük gətirmək,
Düşüncəni çəkmək çətin, yazıda.
Çəkin, sözlü dərgiləri yaransın,
Böyük ərlər axtarılsın, aransın,
Keçmişimiz sözlüklərdə qorunsun,
Düşüncəni çəkmək çətin, yazıda.
Başev iri boşqab aldı qızıldan,
Keçmişləri yey saxlayan yazıdır.
Gücər, Turər boşqablara yazıldı,
Keçmişləri yey saxlayan yazıdır.
Sonra Qızağ, Qızbax, Yüzər yazıldı,
Orda Duru nənə adı qazıldı,
Bu boşqablar göz önündən asıldı,
Keçmişləri yey saxlayan yazıdır.
Sonra Düzər, Qızod, Odər, İşdayaq,
Sonra Mindon, Bozqurd, Manay, Üstüağ,
Boşqablara adlar düşdü bu sayaq,
Keçmişləri yey saxlayan yazıdır.
Bacar, Tuncər, Qaraş, Yürüş, Tanı şah,
Durdu yazı boşqablarda baş-başa,
Savaşlar da yazılandı bir daşa,
Keçmişləri yey saxlayan yazıdır.
Tanı dedi: – Bir sözlük yaz bu dildə,
Hamı gərək bir anlaya sözlüyü.
Ən ulu söz, ən çevik söz bizdədir,
Hamı gərək bir anlaya sözlüyü.
Min-min sözdən Sərtüz sözlük yaratdı,
Min söz çəkib damı-daşı qaraltdı,
O yazdıqca sözlüklərdə söz artdı,
Hamı gərək bir anlaya sözlüyü.
Ən ulu söz, ən çevik söz nə çoxdur,
«Al, ver, tut , yar, ək, biç, ye, iç, vur, qır, dur,
Get, gəl, at, tut, çap, yor, öt, çat, çək,
tik,qur...».
Hamı gərək bir anlaya sözlüyü.
Ən ulu söz, ən çevik söz yığıldı,
Min-min sözdən qalın sözlük doğuldu,
Hər bir sözdən yeni sözlər sağıldı,
Hamı gərək bir anlaya sözlüyü.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-yazisma-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qarı Xaqan alıb qırdı Xançunu,Biri qurur, biri qırır, dağıdır.
Sərtüzlə görüş söylənciTanrıların göstərişi var idi,– Düzdə qalar düz yolunu azanlar,
Suböləndə vuruş söylənciBiri gəldi, arxasında köləsi,– Heç kəs məncə oxşar deyil, bir deyil,
İnanış söylənciYola düşdü Əkbitənə Sərtiş ər,İnanc yoxsa, ordan çəkil, uzaq ol.