Qarı Xaqan alıb qırdı Xançunu,
Biri qurur, biri qırır, dağıdır.
Düzər ölüm ayağında söylədi:
– Biri qurur, biri qırır, dağıdır.

Gedin, deyin Üstüağa, Bacara,
Gəlib çatsın bu qırğına çaparaq,
Yoxsa Çinel kükrəm-kükrəm qabarar,
Biri qurur, biri qırır, dağıdır.

Uğureldə başsız Başev laxladı,
Qarı Xaqan saxlancdan yük bağladı,
Gəldi Bacar, qabağını saxladı,
Biri qurur, biri qırır, dağıdır.

İki ərən nərildədi, qaynadı,
Qılınc göydə, atlar yerdə oynadı,
Göy qızardı, qanlı gözlər qanadı,
Biri qurur, biri qırır, dağıdır.


– Bacar sənsən? – dedi xaqan gülərək,
Döyüşlərdə yersiz gülən ağlayar.
Gecikibsən, mənim olub Uğurel,
Döyüşlərdə yersiz gülən ağlayar.

– Mən gəlirəm tanrıların yanından,
Onlar ilə danışmışam yaxından,
Axıdaram arxı yaman qanından,
Döyüşlərdə yersiz gülən ağlayar.

– Çıxmayıbdır heç kəs tanrı üzünə,
Çox inanma sən onların sözünə,
Öləcəksən, sonev qazdır özünə,
Döyüşlərdə yersiz gülən ağlayar.

– Lovğalanma, ay yarımçıq yamancıl,
Mindiyara, Uğurelə yabançı,
Düz başına enəcəkdir qılıncım,
Döyüşlərdə yersiz gülən ağlayar.


Üç gün onlar çarpışdılar at üstdə,
At çapışda, ər dözümdə bəllənər.
Qarı Xaqan bir yenilməz ər idi,
At çapışda, ər dözümdə bəllənər.

Qılınclaşdı, toppuzlaşdı, dilləşdi,
İki ərən toz-torpağa bələşdi,
Atlar qalxıb dırnaqlaşdı, əlləşdi,
At çapışda, ər dözümdə bəllənər.

Baxan dedi, Bacar dözməz sonacan,
Ağac kimi qasırğada sınacaq,
Uğurelli çapılacaq, yanacaq,
At çapışda, ər dözümdə bəllənər.

Ancaq tanrı güc göndərdi günəşdən,
Basar çıxdı Bacar gücdə, güləşdə,
Çinel ağzı açıq qaldı bu işdə,
At çapışda, ər dözümdə bəllənər.


Basıq gördü başçısını toplumlar,
Basıq olsa başçı, toplum döyüşməz.
Yığışıldı, geri döndü Çinelli,
Basıq olsa başçı, toplum döyüşməz.

Xaqan durub hönkür-hönkür ağladı,
Bacar onun qollarını bağladı,
Buxovladı, onu tutuq saxladı,
Basıq olsa başçı, toplum döyüşməz.

Çinellilər Bacar şaha baxdılar,
Xançu, Urmu, Uğureldən çıxdılar,
Ağlar-ağlar könülləri yaxdılar,
Basıq olsa başçı, toplum döyüşməz.

Səs yayıldı Hindel ilə Çinelə,
Böyük Bacar adı düşdü dillərə,
Güc artırdı Mindiyara, Minelə,
Basıq olsa başçı, toplum döyüşməz.


Üstüağ şah yazı yazdı Bacara,
Kim yurdunu uca tutsa ucalar.
Yerincimsən Uğureldə, Çineldə.
Kim yurdunu uca tutsa ucalar.

Böyük tanrı görüşünə çatıbsan,
Gözləncini istəyinə qatıbsan.
Ahur-məzda işığına batıbsan,
Kim yurdunu uca tutsa ucalar.

Ulu saxla ad-sanını Gücərin,
Sonevə qoy böyük ərən Düzəri,
Düzər səni bəsləyibdir, becərib.
Kim yurdunu uca tutsa, ucalar.

Göndərirəm toplumları yardıma,
Uyğun yaşa, Düzər, Turər adına,
Yardım elə qadınına, atına,
Kim yurdunu uca tutsa ucalar.


Əldən ələ keçən yerlər nə bilir,
Hər qarış yer suvarılıb qan ilə.
Ürmu, Xançu, Sudüz, Təbət alındı,
Hər qarıc yer suvarılıb qan ilə.

Göydən yağıb ox, yay, bizuc yağışı,
Çinel, Minel burda yüz yol boğuşub,
Gəzib burda anaların qarğışı,
Çinel, Minel burda yüz yol boğuşub.

Döyüşlərin, ölənlərin sayı yox,
Qan-qadadan yurd, elatın payı yox,
Yaraqlılar yorulubdur, heyi yox,
Çinel, Minel burda yüz yol boğuşub.

Tanrı, özün yardım göstər, barışaq,
Bir el olaq, bir-birinə qarışaq.
Biz hamımız bir başraqdan yapışaq,
Çinel, Minel burda yüz yol boğuşub.


Bacar durub düşünürdü beləcə,
Adam niyə qızıl qana susayıb.
Hərdən durub soruşurdu özündən,
Adam niyə qızıl qana susayıb.

Tanrı dedi, Sərtiş əri qoru sən,
Arxancımız ərənlərdən birisən,
Son kəsilə, qorunc ilə dirisən,
Adam niyə qızıl qana susayıb.

– Yamanlığı samanlığa təpərəm,
Yaxşılığı o yan, bu yan öpərəm,
İkisinə aralıqda çəpərəm,
Adam niyə qızıl qana susayıb..

Gedim gəzim, Sərtiş əri tapım mən,
Ölümlərin caynağından qapım mən,
Qılıncımı yamanlığa sapım mən,
Adam niyə qızıl qana susayıb.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri