Qırx il bunca şahlıq edir Ağüzər,
Şah ölkənin umu-küsü yeridir.
Qocalanda Tunqər alır şahlığı,
Şah ölkənin umu-küsü yeridir.

Alp Ər Tunqun Dörd oğlu var,üç qızı,
Oğlanlar nər,qızlar göylər ulduzu,
Şah olmaqdır hamısının yanqısı,
Şah ölkənin umu-küsü yeridir.

Sayan, Alan, Çatan,Qaplan,-adları,
Hamısı da Mindiyarın qurdları,
Uçar, sıçraq, qıvraqqanad atları,
Şah ölkənin umu-küsü yeridir.

İş-gücləri izləməkdir Daryaşı,
Parsdiyarın yorulmayan başbaşı,
Olub yazıq Parsdiyarın baş daşı,
Şah ölkənin umu-küsü yeridir.

Ata qoymur oğulları döyüşə,
Basarlaşa çox vuruşa, yürüşə,
Daryaş ilə özü çıxır döyüşə,
Şah ölkənin umu-küsü yeridir,

Alandadır parsdiyarın açarı,
Daryaşlını Yerincyerdən qaçırır,
Sanna ilə vurub, yıxır uçurur,
Şah ölkənin umu-küsü yeridir.

Qız toplumu,Sanna,bir də Balaşqər,
Çox artıbdır burda yorğa yerişlər,
On gündən bir gedir qanlı döyüşlər,
Şah ölkənin umu-küsü yeridir.

Tunqər yenə qarşılaşdı Daryaşla,
O əyilib dedi, ona yavaşdan:
– Sən dönüksən,satqın,qaçqın bu yaşda,
Şah ölkənin umu-küsü yeridir.

Daryaş dedi: – Qocalıbsan,düşübsən,
Parsdiyara yenə gəlib çaşıbsan,
Alanı da bu işlərə qoşubsan,
Şah ölkənin umu-küsü yeridir.
Daryaş çapdı, o yan, bu yan ox atdı,
Çil-çilatın yalmanını qanatdı,
Tunqun dörd yan-yövrəsini daraltdı,
Şah ölkənin umu-küsü yeridir.

Dedi: – Çoxdan şah olmusan,nə yaxşı,
Mənsə burda, Parsdiyarda minbaşa,
Sənə deyil,mənə şahlıq yaraşır,
Şah ölkənin umu-küsü yeridir.

Tunqər dedi: – Yekə-yekə danışma,
Yerinc, ölkə işlərinə qarışma,
Yoxsa ellər bir-biriylə barışmaz,
Şah ölkənin umu-küsü yeridir.

Diyar olsa Mindiyardan qopanlar,
Xərac verə onda gərək Parsdiyar,
Əlinizdən çıxar olan qalanlar,
Başınızın üstün kəsər yamanlar,
Şah ölkənin umu-küsü yeridir.


O qışqırdı, bu bağırdı ucadan,
Ağır sözdən qor götürür döyüşlər,
O, söz atdı, ağız dolu, bu söydü,
Ağır sözdən qor götürür döyüşlər.

Söyüşdülər, səsdən batdı qulaqlar,
İşə düşdü ən kəsərli yaraqlar,
Bir-birini qamarladı caynaqlar,
Səslənc ilə dalğalandı bayraqlar,
Boğazlarda xarıldadı qırtlaqlar,
Ağır sözdən qor götürür döyüşlər.

– Sən mənimçin lap dünənki uşaqsan,
– Sən bəyirən qoyun kimi inaqsan,
– Baş aparma, sən üç günlük qonaqsan,-
– Sən də el-el, yer-yer gəzən sarsaqsan,
Ağır sözdən qor götürür döyüşlər.

Qılınc endi, qalxan göyə tollandı,
Qılınc endi, qol keyəldi, sallandı,
Topbuz endi, Daryaş qana bulandı,
At dizəcən sarı quma quylandı,
Daryaş qalxan arxasından boylandı,
Bir də endi o,qalxanla çullandı,
Qaçdı, yenə Balasqelə yollandı,
Ağır sözdən qor götürür döyüşlər.

Qaçan görüb başçısını ellilər,
Yaraqları atdı yerə yerlilər,
Baş əydilər Tunqa başı yellilır,
Ağır sözdən qor götürür döyüşlər.


Balaşq, Sanna, Alan, Kumar, Eldəbir,
Ağır gündə göstərişi gözləmə.
Göstərişlər gözlənirdi Tunqərdən,
Ağır gündə göstərişi gözləmə.

Alan cumdu yaraqlılar içinə,
Gücü verdi qollarının gücünə,
Qılınc vurdu ikisinə, üçünə,
O başladı qılınc ilə biçinə,
Tunqər dedi: – Alan, dayan, kiçilmə,
– Gedim, ata, qoy Daryaşın dalınca,
Doğram-doğram edim onu qılıncla,
Ata dedi: – Getmə,bu yol boyunca,
Gizləniblər, gözləyirlər qancıllar,
Ağır gündə göstərişi gözləmə.


Daryaş çatdı Balasqelə üç günə,
Sınıq gedib sınıqçıya sığınar.
Ander yaxşı tanıyırdı Daryaşı,
Sınıq gedib sınıqçıya sığınar.

Üç yol idi o gəlirdi yardıma,
O, Parsdiyar, Parsel, Hindel adına,
Düşüb yenə Ander şahın ardına,
Sınıq gedib sınıqçıya sığınar.
Ander şahın Başevinin bəzəyi,

Onun oddan, qordan gözü, bəbəyi,
Başlığında durudaşdan lələyi,
Qız, qadının sevinc dolu ürəyi,
Qızıllanıb boynu, döşü, biləyi,
Sınıq gedib sınıqçıya sığınar.

Çini qablar masa üstdə düzülü,
Yeməklərdən elə bil bal süzülür,
Sallanmalar qırçın-qırçın, qızılı,
Dörd bir yanda neçə dildə yazılı,
Bir bucaqda Daryaş durub büzülüb,
Sanki qatdaq, əyri boynu üzülür,
Sınıq gedib sınıqçıya sığınar.

O Daryaşa acı-acı söz atır,
– Niyə bir yol acıqana batmadın,
Tapşırdığım sözü, yolu tutmadın,
Yaraq verdim döyüşlərə qatmadın,
Buna görə istəyinə çatmadın,
Sınıq gedib sınıqçıya sığınar.

Daryaş deyir: – Verdiklərin heç oldu,
Tunqər vurdu, hər döyüşdə güc oldu,
Bizimkilər çaşdı, qorxdu, qıc oldu,
Sınıq gedib sınıqçıya sığınar.

Bizə, Ander, tunc, qatlanmaz tutaq ver,
Altı atlı, dörd təkərli yaraq ver,
Qırx min qancıl, gözü qanlı qoçaq ver,
Sınıq gedib sınıqçıya sığınar.

Onda Tunqa, Mindiyara bataram,
Əkbitəni Darvideli tutaram,
Mindiyarı Balasqelə qataram,
Sınıq gedib sınıqçıya sığınar.


Daryaş tez-tez udqunurdu nədənsə,
Basar olmaq güc istəyir, bicləmə.
Onu saya qoymayırdı qonaqlar.
Basar olmaq güc istəyir, bicləmə.

Düşünürdü Hindel toplum göndərər,
Tunqu üzü sonevinə döndərər,
Onun sönməz alovunu söndürər,
Basar olmaq güc istəyir, bicləmə.

Bir qız tez-tez mahnı deyir, banlayır,
Ander yoğun qadınları yanlaylr,
Gəlib hərdən o, Daryaşı danlayır,
Yardım etsin gərək ona, anlayır,
Basar olmaq güc istəyir, bicləmə.

Daryaş deyir: – Bir də pis iş bulmayaq,
Minellini bu topluma salmayaq,
Keçmişdəki kimi basıq qalmayaq,
Basar olmaq güc istəyir, bicləmə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə