Turər öldü, Qızağ adı dilində,
Sevgi ölmür, solğun gülə çevrilir.
Basdırdılar arvadının yanında,
Sevgi ölmür, solğun gülə çevrilir.

Çinel, Hindel, Asureldən gəldilər,
Onlar Turu şahlar şahı bildilər,
Yaylıq tutub gözlərini sildilər,
Sevgi ölmür, solğun gülə çevrilir.

Ölüm böyük sevgilərə çatışdı,
Ölüm deyib onlar bir də tapışdı,
Sonevləri bir-birinə yapışdı,
Sevgi ölmür, solğun gülə çevrilir.


Ağlayırdı günəş, bulud, daş, divar,
Ağlamaqla ölü bir də dirilməz,
Qırğıatın yəhəriylə, yüyəni,
Ağlamaqla ölü bir də dirilməz.

Düzər, Yüzər, Qızbax çatdı qırxına,
Saçqırxdıya, başyolduya, qırğına,
Göz yaşları toxdaq ürək dağına,
Ağlamaqla ölü bir də dirilməz.

Ağla torpaq, ər oğlunu itirdin,
Onu doğdun şah yerinə gətirdin.
Şahlığını beş yüz ilə yetirdin,
Ağlamaqla ölü bir də dirilməz.


Yüzər dedi bundan sonra şah mənəm,
Şahlıq yeri ilk oğula verilir.
Odər dedi, Turər mənə söyləyib:
Şahlıq yeri ilk oğula verilir.

Gözü yaşlı Düzər bundan tutuldu,
Üz saraldı, qara qaşlar dartıldı,
Üzüntüsü üzüntüyə qatıldı,
Şahlıq yeri ilk oğula verilir.

– Kim Başevdə qoyub belə özülü,
Belə doğrul harda, haçan düzəlib?
Var Odərin bu işlərdə öz əli,
Şahlıq yeri ilk oğula verilir.


Düzər dedi, göydən baxır tanrılar,
Buyuruğu gərək tanrı buyursun.
Şah tanrının kölgəsidir Başevdə,
Buyuruğu gərək tanrı buyursun.

Düzər küsdü, Qızbax susdu burada,
Soyuq-soyuq sözlər gəzdi arada,
Bəs sən necə buyurursan, yaradan,
Buyuruğu gərək tanrı buyursun.

Düzər dedi, şah yerini mən alsam,
Qardaşıma bağışlaram nə qalsa,
Mən ona da baş əyərəm şah olsa,
Buyuruğu gərək tanrı buyursun.


Yüzər qılınc, Düzər balta qaldırır,
Qan atılır, göz tutulur bu yerdə.
Odər deyir, vuruşmayın, dinc durun,
Qan atılır, göz tutulur bu yerdə.

Göydə qılınc balta ilə toqquşur,
Qanlı gözlər, sərt baxışlar boğuşur,
Gələn gəlir bu səs-küyə yığışır,
Qan atılır, göz tutulur bu yerdə.

Odər atır ortalığa özünü,
Tutur ona, tutur buna üzünü,
Ata kimi deyir tanrı sözünü,
Qan atılır, göz tutulur bu yerdə.


Tanrım, buyur, özün söylə son sözü,
Yer üstündə boğur qardaş qardaşı.
Qoyma Minel ölkəsinə qan düşə,
Yer üstündə boğur qardaş qardaşı.

Odər, Düzər deyişərək dalaşır,
Çəkişmədən sözlər sap-sap dolaşır,
Yozmaçılar vay-vay deyib ulaşır,
Yer üstündə boğur qardaş qardaşı.

Yer üstündə bu dalaşlar gülüncdür,
Bu yer işi hər bir yerdə gilincdir,
Yersiz olmaq bu yerlərdə sevincdir,
Yer üstündə boğur qardaş qardaşı.


Yüzər küsdü, çıxıb getdi Başevdən,
Küsəyəndir çəkişmədə düz adam,
O düz idi, düz deyildi, nə bilmək,
Küsəyənlər çəkişmədə düz olur.

Son görüşdə sevinmədən, gülmədən
Küsüşdülər, ayrıldılar bilmədən,
Şah yerini bölüşdürüb bölmədən,
Küsəyəndir çəkişmədə düz adam.

Qızağ nənə, Turər ata hardadır,
Durun gəlin, ölkə, şahlıq dardadır,
Var hardadır, boğuşma da ordadır,
Küsəyəndir çəkişmədə düz adam.


Odər dedi, tanrı belə buyurur,
Odər tanrı elçisidir bu eldə.
Deyir Yüzər şah yerində otursun,
Odər tanrı elçisidir bu eldə.

Yüzər batı ölkəsində sayındır,
Onun batı toplumları qayımdır,
O tanrıya mənim kimi yaxındır,
Odər tanrı elçisidir bu eldə.

Turər deyib biz hər işdə bir olaq,
Nə gərəkdir şah seçdidə təmtaraq,
Get Yüzəri qaytar özün, sözə bax,
Odər tanrı elçisidir bu eldə,


Filip dedi, Odər ata düz deyir,
Hər şahlıqda hər oğulun yeri var,
Beş il sonra, on il sonra sən şah ol,
Hər şahlıqda hər oğulun yeri var.

O şah olsa biz qorxmarıq Balasqdan,
O, ölkəni qurtarıbdır qadadan,
Yoxsa ölkə bölünərdi ortadan,
Hər şahlıqda hər oğulun yeri var.

Öz qızını verib ona kral da,
Budur Minel ölkəsini ucaldan,
Aradakı gərginliyi azaldan,
Hər şahlıqda hər oğulun yeri var.


Yüzər hələ neçə qıraq dil bilir,
Dil doğmaca varlığıdır hər elin.
Yaranışı, dolanışı yatımlı,
Dil doğmaca varlığıdır hər elin.

Mənimsəyib Balasqdakı bilimi,
Bilimlərin, bilgilərin dilini,
Görə bilir yurdun içi, çölünü,
Dil doğmaca varlığıdır hər elin.

Turər onu göndərmişdi uzağa,
Döndərmişdi bir dolambac yumağa,
Dəyməyirdi adı-sanı qulağa,
Dil doğmaca varlığıdır hər elin.


Oturarsa şah yerində qardaşın,
Balasq bizim, Misir bizim olacaq.
Biri yovuq, biri qovuq olsa da
Balasq bizim, Misir bizim olacaq.

Mindiyarın açılacaq əl-qolu,
Üzümüzə gəmi yolu, su yolu,
Batı alver qaynağıdır dopdolu,
Balasq bizim, Misir bizim olacaq.

Sən Çineli yavaş-yavaş qamarla,
Yolu böyük qardaşına hamarla,
Get, Yüzəri yola gətir, tumarla,
Balasq bizim, Misir bizim olacaq.


Düzər yapıq, tez inanan ər idi,
Yaranışın kökü, dibi inancdır,
Yola düşüb getdi Yüzər dalınca,
Yaranışın kökü, dibi inancdır.

Suboğazdan Balasq bir gün yol idi,
Yollar dolu, axmaz idi, göl idi,
Gədikləri döşlü-daşlı yal idi,
Yaranışın kökü, dibi inancdır.

Odər onla at çapırdı yanaşı,
Gedirdi ki, boğsun dava-dalaşı.
Barışdırsın qardaş ilə qardaşı,
Yaranışın kökü, dibi inancdır.


Ocaq-ata geyimində ululuq,
İç işığı üzündədir ulunun.
Ağ çuxası, al papağı çəkimli,
İç işığı üzündədir ulunun.

Saqqalının dümağ ipək yatımı,
Düşünülmüş danışığı, addımı.
O, Minelin yerdə tanrı yardımı,
İç işığı üzündədir ulunun.

Atı ipək tikmələrdən çullanıb,
Al-qırmızı qotazları sallanıb.
Sıçraq atın gözləri də allanıb,
İç işığı üzündədir ulunun.


– Gəlmişik ki, biz Yüzəri aparaq,
İyid oğul hər bir işdə iyiddir.
Mindiyarın şahı olub indi o,
İyid oğul hər bir işdə iyiddir.

Biz gəlsək də sizin ilə görüşə,
Öncə gərək yola düşək döyüşə,
Yüzər kimi döyüşlərə girişək,
İyid oğul hər bir işdə iyiddir.

Yaxın, doğma sayır bizi Mindiyar,
Bizim, sizin olmalıdır nə ki var.
Gərək bizi ayırmasın tanrılar,
İyid oğul hər bir işdə iyiddir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri