İtmiş Manay söylənci
Ağqurd Alpan dedi: – Mənə izin ver,
Ağsaqqalsız, şahsız qalmaq çətindir.
Gedib gəzim, gedib tapım Manayı,
Ağsaqqalsız, şahsız qalmaq çətindir.
Doğmacalı uşağı var ərindən,
Qoy şah seçsin doğmaların birindən,
O otursun Üstüağın yerində,
Ağsaqqalsız, şahsız qalmaq çətindir.
Bacar dedi:-hər bir yana çapginən,
Axtar onu, harda olsa tapginən,
Gətir bura, öz yerinə çatginən,
Ağsaqqalsız, şahsız qalmaq çətindir.
Alpan dedi: – Odur mənim ürəyim,
Mənəm onun körpəsinin bələyi,
Mən olaram saçlarının örpəyi,
Ağsaqqalsız, şahsız qalmaq çətindir.
Yola düşdü Ağqurd Alpan yollara,
Ox görüncsüz atılanda boş gedər.
Yastıdağdan neçə qurd da götürdü,
Ox görüncsüz atılanda boş gedər.
Öncə bütün Ağüzeli dolandı,
Günlər aylar üzərinə qalandı,
Yaz yetişdi, duru sular bulandı,
Ox görüncsüz atılanda boş gedər.
Dirieli, Qobuyeri, Qaf dağı,
Sevindilər hara dəydi ayağı,
Bəslədilər hər bir yerdə qonağı,
Ox görüncsüz atılanda boş gedər.
Manay Çinel, Hindeldə də olmadı,
Misireldən keçdi, ancaq qalmadı,
"Manay" dedi, heç bir soraq almadı,
Ox görüncsüz atılanda boş gedər.
Asureldə eşitdi ki, o sağdır,
Sevgi, sevinc qucaqlaşar ürəkdə.
Bunu ona bir yaraqlı söylədi,
Sevgi, sevinc qucaqlaşar ürəkdə.
Dedi: – Onu Arieldə axtarın,
Boylu idi, Ağüz idi soy adı,
Onu alıb yana çəkdi bir qadın,
Sevgi, sevinc qucaqlaşar ürəkdə.
Vuruş içrə o doğurdu uşağı,
Laxta-laxta qanla dolu qucağı,
Ayaq altda qırılmışdı ayağı,
Sevgi, sevinc qucaqlaşar ürəkdə.
Ağrı içrə yumaqlaşan qız idi,
Ölməmişdi, ölüdən də pis idi,
Sağ qalmağın suçu çox-çox az idi,
Sevgi, sevinc qucaqlaşar ürəkdə.
Asurlunun adı, soyu Nəciydi,
Özgəsinin doğmalığı gözəldir,
O, Alpanı öz evinə apardı,
Özgəsinin doğmalığı gözəldir.
Çörək kəsdi, yemək yedi, su içdi,
Gecə yatdı, düşüncələr irişdi,
Bir gün qaldı, gecə oldu, gün keçdi,
Özgəsinin doğmalığı gözəldir.
Alpan dedi: – Qardaş, evin var olsun,
Bu ev yaxşı adamlara yer olsun,
Təki hamı sənin kimi ər olsun,
Özgəsinin doğmalığı gözəldir.
Ancaq gərək yola çıxım bu gün mən,
Gedim qızı alım qancıl əlindən,
Mənə böyük əltut oldun, Nəci, sən,
Özgəsinin doğmalığı gözəldir.
Başyolevdə üç yaraqlı göründü,
Düyün salar yola yolsuz adamlar.
Dedilər ki, Ağqurd Alpan sənmisən,
Düyün salar yola yolsuz adamlar.
Gözəl Manay gəlib bizə, qonaqdır,
Yaralıdır, bayqın, yarım oyaqdır,
Lap açığı, bir az dəli sayaqdır,
Düyün salar yola yolsuz adamlar.
Nəci dedi: – Yalan deyir gələnlər,
Varlı bilib səndən gəlir güdənlər,
Yolumuzun ortasında bitənlər,
Düyün salar yola yolsuz adamlar.
Alpan dedi: – Mən yaraqsız gəzirəm,
Yumruğumla başınızı əzərəm.
Üçünüzün başını bir üzərəm,
Düyün salar yola yolsuz adamlar.
Alpan alıb atdı çölə onları,
Yumruq hara, yaraq hara vuruşda.
Yaraqlılar yaraladı Alpanı,
Yumruq hara, yaraq hara vuruşda.
Bağladılar, atın üstə atdılar,
Onlar atı dallarıyca dartdılar,
Gedib Başev yaxınına çatdılar,
Yumruq hara, yaraq hara vuruşda.
Alpan dönüb geri baxdı, bağırdı,
Bu səs ilə qurdlarını çağırdı,
Qurd gözündən qanlı acıq yağırdı,
Yumruq hara, yaraq hara vuruşda.
Bunu görüb yaraqlılar çaşdılar,
Ovlarını qoyub yerdə, qaçdılar,
Çoxu dedi, bunlar itdir, acdılar,
Yumruq hara, yaraq hara vuruşda.
Alpan döndü, qurdlar onun dalınca,
Son ayaqda hər qurd iti dayaqdır.
Arxasınca beş caynaqlı yırtıcı,
Son ayaqda hər qurd iti dayaqdır.
Nəci dedi: – Gedək, səni ötürüm,
Quldurların gözlərindən itirim,
Lap aparım Manayına yetirim,
Son ayaqda hər qurd iti dayaqdır.
Yola çıxıb çapa-çapa getdilər,
Eniş-yoxuş arasında itdilər,
Gedib belə Mindiyara çatdılar,
Son ayaqda hər qurd iti dayaqdır.
– Gözəl Manay, görün, görək hardasan,
Ölübsənmi, qalıbsanmı, dardasan,
Hansı yerdə, hansı eldə, yurddasan,
Son ayaqda hər qurd iti dayaqdır.
Alpan getdi, görsün Manay hardadır,
El içində öz yeri var hərənin,
Maha görüb tanımışdı Alpanı,
El içində öz yeri var hərənin.
Maha ərsiz Darvidelli qız idi,
Yaranışa qarşı könlü buz idi,
Ancaq sözü, söz ölçüsü düz idi,
El içində öz yeri var hərənin.
Acı dili, sərt baxışı, boz üzü,
Qılığıyla danışığı bir quzu,
Düz çıxırdı hər yozması, hər yozu,
El içində öz yeri var hərənin.
O, Manayı dustaqlayıb güdürdü,
Körpəsinə gizli qulluq edirdi,
Tək olsa da öz yoluyla gedirdi,
El içində öz yeri var hərənin.
Düşünürdü, böyüdərəm uşağı,
Ananın yox, balanındır gələcək.
Şah balası şah olacaq ölkədə,
Ananın yox, balanındır gələcək.
Anasının gözü yarıqapıqdır,
Sağ ayağı topuğundan sınıqdır.
O, Ariel köçkünündən yanıqdır,
Ananın yox, balanındır gələcək.
Darvideldən dil verərəm uşağa,
Böyüdərəm, qaldıraram ayağa,
Şaha qarşı çevirərəm yarağa,
Ananın yox, balanındır gələcək.
Qaraş bizə söz vermişdi şah olsun,
Darvideldə ondan yerinc qoyulsun,
Arielli köçkün min-min yayılsın,
Ananın yox, balanındır gələcək.
Maha belə düşünürdü, anırdı,
Yaranışda uca zirvə,-düşüncə,
Çolaq Manay düşünürdü bambaşqa,
Yaranışda uca zirvə,-düşüncə.
Düşündükcə o saralıb, solurdu,
Sıxıntıdan hər gün beş yol ölürdü.
Körpəsini yazıq, ölmüş bilirdi,
Yaranışda uca zirvə,-düşüncə.
Necə qaçmaq, hara qaçmaq, nə sayaq,
Başev harda, Alpan, Tuncər çox uzaq,
Necə oldu, Başev necə olacaq...
Yaranışda uca zirvə,-düşüncə.
Bir yol vardır, qaçıb getmək buradan,
Necə çıxım qıpıq gözlə aradan,
Özün əl tut mənə, böyük yaradan,
Yaranışda uca zirvə,-düşüncə.
Günlər belə hellən-hellən ötəndə,
Günlə, ayla, illə yüyür, ayaqlaş.
Hər bir günün çəkimi var bir ilcə,
Günlə, ayla, illə yüyür, ayaqlaş.
Gün olur ki, aydan, ildən tutumlu,
Tutumuyla aydan, ildən yatımlı,
Neçə yönlü, neçə köklü, qurumlu,
Günlə, ayla, illə yüyür, ayaqlaş.
Günü uzat, bir ay elə yaşa sən,
Vermə ayı, ili yelə, boşa sən,
Günlə yaşa, vur dirriyi başa sən,
Günlə, ayla, illə yüyür, ayaqlaş.
Atıl günün oynaq, kəhər belinə,
Dön ayların sarı yelkən selinə,
Çat, gedişin çat-çapağan ilinə,
Günlə, ayla, illə yüyür, ayaqlaş.
Bir gün Maha Alpan ilə üzləşdi,
Hara getsən tapınc səni tapacaq.
O tanıdı Ağqurd Alpan atlını,
Hara getsən tapınc səni tapacaq.
Nəci dedi: – Bu qadındır mən deyən,
Bizi görüb niyə qaçır, o, nədən,
Arxasınca çap, atını səyirt sən,
Hara qaçsan tapınc səni tapacaq.
Maha qaçdı, Alpan onun dalınca,
Evə girdi, qapısı yox yalıncaq,
Alpan baxdı gördü Manay yarıcan,
Hara qaçsan tapınc səni tapacaq.
Dedi: – Manay, mənim sevgim, sevincim,
Solğun gülüm, qan çiçəyim, daş incim,
Mindiyarın Ağüzelli yerinci,
Hara getsən tapınc səni tapacaq.
– Ah, Alpanım, Ağüzelli qardaşım,
Son anda da sevimlini unutma.
İnanmazdım bir də səni görüm mən,
Son anda da sevimlini unutma.
Yürüşümdən sonra körpəm zay oldu,
Başev getdi, yaşayışım vay oldu,
Dirrik döndü, Maha mənə tay oldu,
Son anda da sevimlini unutma.
İndi daha gözəl Manay çolaqdır,
Darvidelli bir qadına qonaqdır,
Şahlıq yerim bu qaranlıq bucaqdır,
Son anda da sevimlini unutma.
Necə gəldin, necə tapdın buranı,
Sən toxtatdın qan hayqıran yaramı,
Varlığımda eniş-yoxuş yaranıb,
Son anda da sevimlini unutma.
– Çox ölkəni alt-üst etdim, aradım,
İtmişini tapacaqdır axtaran.
Manay-deyib mələr-mələr dolandım,
İtmişini tapacaqdır axtaran.
Sən mənimsən ayrı düşüb, qalsan da,
Qıçı çolaq, gözü qapıq olsan da,
Ölkə-ölkə məni itkin salsan da,
İtmişini tapacaqdır axtaran.
Gedək, Başev innən belə sənindir,
Başevin də şah qadını mənimdir,
Mənim solmaz gözəlimsən sən indi,
İtmişini tapacaqdır axtaran.
Körpən ölüb, özün sağsan, yaşa sən,
Sevgim böyük, vur sevgimi başa sən,
Dur mənimlə Əkbitəndə qoşa sən,
İtmişini tapacaqdır axtaran.
– Mən sınığam, sınıq sənə nə gərək,
– Sınıq yoxdur, qapıq yoxdur sevgidə.
– Bundan sonra el-obaya mən yükəm,
– Sınıq yoxdur, qapıq yoxdur sevgidə.
– Sənin sevgin məni bütün dəyişir,
Nə gözüm var, nə düz-doğru yerişim,
Kim görüb ki, sınıq, qapıq sevişib,
– Sınıq yoxdur, qapıq yoxdur sevgidə.
El içinə necə çıxım bu sayaq,
Başı sallaq, gözü qıpıq, utancaq,
Yoxdur daha söykənəcək, bir dayaq,
– Sınıq yoxdur, qapıq yoxdur sevgidə.
– Sən basılmaz bir igidsən, sayımlı,
Öz sevgində ardıcılsan, duyumlu,
Mən yıxılmış, sən dağ kimi durumlu,
– Sınıq yoxdur, qapıq yoxdur sevgidə.
– Ah, Alpanım, əl tut, durum ayağa,
– Sevgi bütün sınıqlara dayaqdır.
– Qaldır məni qollarının üstündə,
– Sevgi bütün sınıqlara dayaqdır.
– Axı necə Üstüağı unudum,
Onun böyük ürəyini qanadım,
Sınıb, daha yoxdur qolum-qanadım,
– Sevgi bütün sınıqlara dayaqdır.
Oğlum getdi, körpəm onun dalınca,
Ölmək yeydir bir tək qadın olunca,
Sənlə necə bir baş qoyum balınca,
Sevgi bütün sınıqlara dayaqdır.
Bayılıram, ürək məndən dönübdür,
Sarsılıram, içim sanki donubdur,
Sevgi məndə günəş idi, sönübdür,
Sevgi bütün sınıqlara dayaqdır.
Axtardılar, tapmadılar Mahanı,
Hər başlanğıc nəyin isə sonudur.
O, körpəni gizlətmişdi anadan,
Hər başlanğıc nəyin isə sonudur.
– Maha, getdim, sağlam yaşa, sağ ol sən,
Gör nə qədər borclu qaldım sənə mən,
Yolun düşsə Əkbitənə gələrsən,
Hər başlanğıc nəyin isə sonudur.
Mən gedirəm, Alpan mənə dayaqdır,
Pis ayaqda əldə iti yaraqdır,
Yaralıyam, o, yarama dolaqdır,
Hər başlanğıc nəyin isə sonudur.
Axtardılar, tapmadılar qaçqını,
Uçub gedən o yırtıcı quzğunu,
Qurmaqdaydı yeni, qanlı qurğunu,
Hər başlanğıc nəyin isə sonudur.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-itmis-manay-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çoxu getdi üzdən görsün Besyarı,Yaxşı baxsan içdə nə var üzdədir.
Anakarın ölüm söylənciBalasq, Yunan, Filip bir də İskəndər,Dəyişilir dünya özü bilmədən.
İskəndər söylənciÇıxdı ordan tərmə-tələs Anakar,Bəzən söz də dönüb olur əmanət.
İskəndərin yürüş söylənciKeçdi illər, səs çıxmadı qəbirdən,Daş ağırdır, o heç zaman danışmaz.
Başqa şairlərin şeirləri
— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,
Məni eşq əhlinin divanına divanə yazmışlarMəni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
Deyişmə— Xurşid:Aman Çoban, mən yarımı ararəm,