Manay şah söylənci
Manay şahın səsləncləri gurladı,
Ölkə gərək bir səs, bir söz tanıya.
Oturdu o, Üstüağın yerində,
Ölkə gərək bir səs, bir söz tanıya.
O and içdi Üstüağdan dönməyə,
Oturduğu şah yerindən enməyə,
Sevgisində, inamında sönməyə,
Ölkə gərək bir səs, bir söz tanıya.
– Qoy calaşsın Qoşaboğaz, Buzboğaz,
Bu sınıqlıq Mindiyara yaramaz,
Kişiləşim, yetkinləşim mən bir az,
Ölkə gərək bir səs, bir söz tanıya.
Hər gün, hər gün o üz tutdu tanrıya,
Gərək Turər soy-kökünə yarayam,
Otlaqları, ilxıları qoruyam,
Ölkə gərək bir səs, bir söz tanıya.
– Alım gərək Yürüşümün öcünü,
Öc qalarsa gəmirtdəyər ürəyi.
İki balam Mindiyarın kəsisi,
Öc qalarsa gəmirtdəyər ürəyi.
Bacar, Tuncər, Ağqurd Alpan söyləncim,
Gərək yerə qoymayalar qılıncı,
Qurd toplumu adamlardan adamcıl,
Öc qalarsa gəmirtdəyər ürəyi.
Ağqurd Alpan mənim Başev qonağım,
Maha sınıq ayağımın dayağı,
Özü igid, sevgisi od bulağı,
Öc qalarsa gəmirtdəyər ürəyi.
Sevgisini uşaqlıqdan saxlayıb,
Gərək onu hələ çox-çox yoxlayım,
Mən də qalım, öz sevgimdə dığlayım,
Öc qalarsa gəmirtdəyər ürəyi.
Manay gəzdi üç il qara geyimdə,
Qara torpaq çəkər qara geyimi.
Alpan dedi: – Çıx bu qara geyimdən,
Qara torpaq çəkər qara geyimi.
– Qara geymə, qara səni soldurur,
Ürəyimdə haray-həşir qaldırır,
Aramıza uçqun, yarğan saldırır,
Qara torpaq çəkir qara geyimi.
Yazıq sevgim hər gün ağlar, sızlayar,
O, uludur yer-yuvadan, qızıldan,
Şah yox, qız tək sevdim səni azından,
Qara torpaq çəkər qara geyimi.
Məni göndər döyüşlərə, ucalım,
Söylə, gedim acıqandan öc alım,
Hara getsəm sevgimizdən güc alım,
Qara torpaq çəkər qara geyimi.
– Qara geydim, üzüm qara olmasın,
Qız-qadını atmacalar tez tutur.
Mən də gərək bax, bu sayaq geyinim,
Qız-qadını atmacalar tez tutur.
Mən sınığam, mən çolağam, bükülü,
Qan üzümdən, dad ağzımdan çəkilib,
Üzüntüdən döşüm-başım sökülü,
Qız-qadını atmacalar tez tutur.
Məni sevmə, işin düşər düyünə,
Yox, tamarzı qalacaqsan ağ günə,
Məni sevmə, yalvarıram mən sənə,
Qız-qadını atmacalar tez tutur.
İgid, səni and verirəm tanrıya,
Gözəl demə mən çolağa, qarıya,
Sevgi yaşım çatıb mənim yarıya,
Qız-qadını atmacalar tez tutur.
– Uşaqlıqdan səni sevdim, el qızı,
Sevgi alın yazısıdır, sevgilim,
Səndən, məndən o asılı deyildir,
Sevgi alın yazısıdır, sevgilim.
Güc verilib qola, qıça, biləyə,
Güc göstərmək olmaz sevən ürəyə,
Mən sevgimdə bir dilənçi diləyəm,
Sevgi alın yazısıdır, sevgilim.
Söylə mənə, qılınc çalım, dağ çapım,
Gəzim, gəzim, sevgimizə yol tapım,
Ayağının yerlərini mən öpüm,
Sevgi alın yazısıdır, sevgilim.
Məni göndər Asur şahla vuruşa,
Sevgim dönsün dağ gövdəli duruşa,
Ölərəmsə könlüm sənə qovuşar,
Sevgi alın yazısıdır, sevgilim.
– Belə etsən, el də bizə inanar,
İnam böyük sevgilərə arxadır.
Sən inandır Ağüzeli, Mineli,
İnam böyük sevgilərə arxadır.
Sən axtardın, tapdın məni haradan,
Yoxsa onsuz mən çıxmışdım aradan,
Səni mənə qorunc verib yaradan,
İnam böyük sevgilərə arxadır.
– Düz deyirsən, Manay şahım, gözəlim,
Gedim, bir də öndər kimi mən gəlim,
Ad-san tapım, el yolunda yüksəlim,
İnam böyük sevgilərə arxadır.
Biz ayrılaq bir də on il, on beş il,
Sevgi üçün bu ayrılıq yaş deyil,
Ölənəcən sevgim vardır, yaxşı bil,
İnam böyük sevgilərə arxadır.
Tuncər gəldi, Manay ilə görüşdü,
Sevinc ilə üzüntülər qarışıq,
– Sizinlədir-dedi,-Xançu, Uğurel,
Sevinc ilə üzüntülər qarışıq.
Atam dedi, get, Manaya əltut ol,
Lap istəsə orda yaşa, orda qal,
Gəldim mən də sənə əltut bir oğul,
Sevinc ilə üzüntülər qarışıq.
Manay dedi: – Yaxşı gəldin, yerində,
Daha heç nə qalmayıbdır ərimdən,
Öndərim ol baş işlərin birində,
Sevinc ilə üzüntülər qarışıq.
Ağqurd Alpan məni tapdı, gətirdi,
Məni Minel şahlığına yetirdi,
Burdan qorxu-ürküləri götürdü,
Sevinc ilə üzüntülər qarışıq.
Tuncər qaldı Manay ilə Başevdə,
Çətin gündə yoldaş, qardaş sınanar.
Gördü Manay sağ qıçından axsayır,
Çətin gündə yoldaş, qardaş sınanar.
Çox yerləri o dolaşdı bir ayda,
Soraq tutdu hər deyimdən, olaydan,
Toplumları birləşdirdi alayda,
Çətin gündə yoldaş, qardaş sınanar.
Dağılmışlar, yaxılmışlar tikildi,
Boş torpaqlar, dəmyə yerlər əkildi,
Əkbitənə yollar, sular çəkildi,
Çətin gündə yoldaş, qardaş sınanar.
Başçılara göstərişlər verildi,
Boşaldılmış iplər tarım çəkildi,
Ölgün ellər, əzgin başlar dirildi,
Çətin gündə yoldaş, qardaş sınanar.
Ağqurd Alpan, Tuncər ata-balaydı,
Uşağına qanad verən atadır,
Qurd südüylə bəsləmişdi Tuncəri,
Uşağına qanad verən atadır.
Gəlib çatdı Əkbitənə, haraya,
Öndər oldu ikisi də Manaya,
Manay şah da döndü böyük anaya,
Uşağına qanad verən atadır.
Sağalmadı şahın sınıq ayağı,
Andı tez-tez körpə ölən uşağı.
Uşaq oldu ürəyinə göz dağı,
Uşağına qanad verən atadır.
Belə oldu onun alın yazısı,
Artdı hər gün üz-gözünün sarısı,
Sıxdı onu iki artar ağrısı,
Uşağına qanad verən atadır.
Manay hər gün xısın-xısın düşündü,
"Qancılları vuruşdurmaq gərəkdir".
Darvidellə Arieli vuruşdur,
Qancılları vuruşdurmaq gərəkdir.
Yoxsa məni Arielli didəcək,
Bir də gəlsə onlar, işim bitəcək,
Mindiyarım, Əkbitənim gedəcək,
Qancılları vuruşdurmaq gərəkdir.
Ətə-qana yetərincə dolunca,
Ölkələrdən vergiləri alınca,
Torpaq kimi bir il dincdə qalınca,
Qancılları vuruşdurmaq gərəkdir.
Arieli qaytararam yurduna,
Lap son köçdə gedib durram yardıma,
Göz qoyaram gedişatın ardına,
Qancılları vuruşdurmaq gərəkdir.
Ağqurd Alpan bu gedişdə başbilən,
Sevgi gərək keçə üçcə sınaqdan.
O sevirsə qoy bu işdən yapışsın,
Sevgi gərək keçə üçcə sınaqdan.
Arieli o qaytarsın geriyə,
Ancaq onda bu çaxnaşma kiriyər,
Qıçım onda ayaq tutar, yeriyər,
Sevgi gərək keçə üçcə sınaqdan.
O dönməzdir, yaraşıqlı, gövdəli,
Sevir məni dəli kimi üstəlik,
Mən də ollam bir kimsəli dədəli,
Sevgi gərək keçə üçcə sınaqdan.
O, ellimdir, Ağüzelli, tutaşqan,
O, işcildir, yorulmazdır, çalışqan,
Mən şah olum bu ölkədə, o, başqan,
Sevgi gərək keçə üçcə sınaqdan.
Tuncər gəncdir, vuruşqandır, alışqan,
Gənclərindir bizdən sonra gələcək,
Üstün gəlsin Asurelə, Çinelə,
Gənclərindir bizdən sonra gələcək.
Ağüzelə yerinc olsun Başevdən,
Qorxmaz, qıvraq ərlər çoxdu o yerdə,
Çinelliyə yürüş etsin o hərdən,
Gənclərindir bizdən sonra gələcək.
Verrəm ona gözəl Günay bacımı,
Düyün sallam iki gəncin saçını,
Bu yöndədir düyünlərin açımı,
Gənclərindir bizdən sonra gələcək.
Bu yol ilə göz qoyaram Bacara,
Ürəyində nə vardırsa, açaram,
Çox vurumdan yan keçərəm, qaçaram,
Gənclərindir bizdən sonra gələcək.
Güdükçülər səpələyim hər yerə,
Güdükçülər şaha gözdür, qulaqdır.
Buzboğazdan Körfəzəcən Mindiyar,
Güdükçülər şaha gözdür, qulaqdır.
Mən Manayam, qıçı sınıq bir qadın,
Bu ölkədə gərək dinclik yaradım,
Mindiyarda uca olsun şah adım,
Güdükçülər şaha gözdür, qulaqdır.
Gedim tapım Darvidelli Mahanı,
O sağalda bilər ayaq yaramı,
Onun kimi yoldaşlıqda qız hanı,
Güdükçülər şaha gözdür, qulaqdır.
Maha aldı məni qorxunc ölümdən,
Yoxsa atlar çapacaqdı belimdən,
Gərək gedim, tutum onun əlindən,
Güdükçülər şaha gözdür, qulaqdır.
Manay hər gün xısın-xısın düşündü,
Düşünəndə göz görməyir çox şeyi.
Ölkəsini qurdu, sökdü yenidən,
Düşünəndə göz görməyir çox şeyi.
Ağqurd Alpan ona baxır uzaqdan,
"Güldür Manay, ancaq qopub budaqdan,
Gözəl Manay, niyə düşdün ayaqdan"
Düşünəndə göz görməyir çox şeyi.
Yanağına, dodağına vurulub,
Onun qıçı, bunun könlü qırılıb,
İkisinin üzü birgə saralıb,
Düşünəndə göz görməyir çox şeyi.
– Üstüağın dul arvadı, Manayım,
Sənin üçün könlüm başı qanayıb,
Toxta, sevgi illərimi sanayım,
Düşünəndə göz görməyir çox şeyi.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-manay-sah-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tək başına çox yol getdi gözəl bax,Qardaşından soraq verən olmadı.
Adanla Qaranın döyüş söylənciAdan şaha dedilər ki, oturma,Yurd alınır, yürüşdədir qonşu şah,
Sevgi söylənciKöləlikdən çıxartdılar Qızbaxı,Belə qorxmaz, gözəl kölə olarmı.
Ölümə nişanlı qız söylənciQızbax gəlin paltarını geyindi,Qız durudur, çay suları bulanıq.
Başqa şairlərin şeirləri · Eşq
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Feraqı qismət edib çərxi-kəcmdar mənəFeraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.
GetdilərQasid gəldi yardan xəbər gətirdi,Necə çəkim ol fərağı, getdilər.