Manay-Qaraş söylənci
Qaraş getdi Asurelə, sağaldı,
Hamı istər üstün olsun, şah olsun.
Dönüb gəldi Arielə bir daha,
Hamı istər üstün olsun, şah olsun.
Eşitdi ki, Minellilər yayğındır,
Başev bütün kimsəsizdir, tutqundur.
İtənləri gəzənlər də yorğundur,
Hamı istər üstün olsun, şah olsun.
Çıxdı bir daş üzərinə, bağırdı,
Arielin ərlərini çağırdı,
Sözdən böyük yalan-palan yoğurdu,
Hamı istər üstün olsun, şah olsun.
Dedi: – Mənəm İşdayağın yerinci,
Əkbitəndə şah olmağa birinci,
Yerdə qalan oyuncaqdır, gəlincik,
Hamı istər üstün olsun, şah olsun.
– Hamınızı çağırıram əltuta,
Gedək alaq, yiyə duraq bu yurda.
Başevləri qızıl qanla doyuraq,
Hamı istər üstün olsun, şah olsun.
Mən qılıncdan keçirərəm hamını,
Mənə dəyən baltaların sapını,
Üzümüzə bağlı qalan qapını,
Hamı istər üstün olsun, şah olsun.
Arxalanıb güvənirəm sizə mən,
Mən dönürəm Əkbitənə yenidən,
Odər kimi öküzbaşı əlimdə,
Hamı istər üstün olsun, şah olsun.
Ay kimsəsiz Arielli, yığışın,
Asurelin ərlərilə qarışın,
Başrağımız bundan sonra ağ-yaşıl,
Hamı istər üstün olsun, şah olsun.
Mən Manayı alsam, şahlıq mənimdir,
Şahın gərək son yaxını şah ola,
Mən Manayı arvadlığa götürrəm,
Şahın gərək son yaxını şah ola.
Öldür, uçur, heç üzün də solmasın!
Heç bir yerdə qızırqanmaq olmasın!
O Başevdə gərək heç kəs qalmasın!
Şahın gərək son yaxını şah ola.
Biz gecələr keçəcəyik yolları,
Yollar boyu gədikləri, yalları,
Gizli-gizli daldaları, dalları,
Şahın gərək son yaxını şah ola.
Hamı döyüş geyimini soyunsun,
Hamı gərək alverçi tək geyinsin,
Ürəklərsə yaraqlı tək döyünsün,
Şahın gərək son yaxını şah ola.
Qaraş Odər kimi girdi Başevə,
Çöl dəyişər, iç dəyişməz geyimlə,
Dedi: – Mənə yeni şahı göstərin,
Çöl dəyişər, iç dəyişməz geyimlə.
– Suböləndə bir yeni ot dərmişəm,
Bunda şahın sağlığını görmüşəm.
Atı qovub gəlib bura girmişəm,
Çöl dəyişər, iç dəyişməz geyimlə.
Dayanmışdı Manay çaşqın, qatdanaq,
Gözlərini döyüb, açıb, yumaraq;
İkiliydi üzündəki təmtəraq,
Çöl dəyişər, iç dəyişməz geyimlə.
Başevdəki böyük, kiçik burada,
Manay durub ağlayırdı arada,
Hamı boğuq görünürdü qaradan,
Çöl dəyişər, iç dəyişməz geyimlə.
Qaraş onun yaxınında oturdu,
Bicləmələr belə başlar, yavaşdan,
Qulağına onun neçə söz dedi,
Bicləmələr belə başlar, yavaşdan.
Mən Qaraşam-dedi-Manay, gülyanaq,
Çox Başevin qulluğunda duraraq,
Alçaltdınız məni oda ataraq,
Bicləmələr belə başlar, yavaşdan.
Sonra Qarbaş gəldi məni öldürə,
Şahın qancıl istəyini bildirə,
Məni şahlar sırasından sildirə,
Bicləmələr belə başlar, yavaşdan.
Mən gəlmişəm, öz yerimdə oturum,
Qan-qadanı bu ölkədən itirim,
Turərşahın soy-kökünü bitirim,
Bicləmələr belə başlar, yavaşdan.
Başda səni qatacağam sonevə,
Hər dillinin son yerciyi sonevdir.
Sonra Yürüş tutulacaq gizlicə,
Hər dillinin son yerciyi sonevdir.
Sən boylusan, körpən mənim olacaq,
Yürüş üçün ala gözlər dolacaq,
Minel daha, bil, Yürüşsüz qalacaq,
Hər dillinin son yerciyi sonevdir.
Burda kim var, qıracağam büsbütün,
Gəlib min-min arielli didərgin,
Burda onlar artacaqdır günbəgün,
Hər dillinin son yerciyi sonevdir.
Manay baxdı, ancaq dinə bilmədi,
Dilinə də heç bir söz-zad gəlmədi,
Bayılmışdı, yaxşı oldu, ölmədi,
Hər dillinin son yerciyi sonevdir.
Son tərpəniş, son sayıqlıq, son uduq,
Sağolluqla sağollaşır bayılan.
Qaraş bir də ona doğru əyildi,
Sayıqlıqla sağollaşır bayılan.
O boyluydu, o var gücdə deyildi,
Manay onu tanıyarkən bayıldı,
Nələr, nələr olacağın o bildi,
Sayıqlıqla sağollaşır bayılan.
Bağıraraq Qaraş belə söylədi:
– Manay mənə yeni şahlıq dilədi,
Hamı ilə o sağolluq elədi,
Sayıqlıqla sağollaşır bayılan.
Dedi: – Qaraş şahlıq etsin yerimdə,
Yerinc olsun Yürüş elin birində,
Boşanaram mən də ölən ərimdən,
Sayıqlıqla sağollaşır bayılan.
**İnsan
Başev dəydi bir-birinə bu sözdən,
Gücü çoxdur doğru sözdən yalanın.
Hamı dedi, dağılacaq Mindiyar,
Gücü çoxdur doğru sözdən yalanın.
Odər dedi: – Manayın yox təpəri,
Qaraşın yox bu Başevdə heç yeri,
Yürüş şahdan dura bilməz o, bəri,
Gücü çoxdur doğru sözdən yalanın.
Qaraş çıxdı, toplumunu hayladı,
Başevdəki yaraqları payladı,
Qazıb yeri geyimini quyladı,
Gücü çoxdur doğru sözdən yalanın.
Dörd bir yandan Başev bütün tutuldu,
Başbilənlər dustaqlığa atıldı,
Qalanlarsa qan gölünə qatıldı,
Gücü çoxdur doğru sözdən yalanın.
Toplum getdi tutuqlasın Yürüşü,
Nə gözlərsən, nələr çıxar qarşına.
Bir busquda üç ərəni tutdular,
Nə gözlərsən, nələr çıxar qarşına.
Qarşılaşdı onlar yaşıl bir döşdə,
Vuruşarkən yaralandı Yürüş də,
Sonra özü əl saxladı döyüşdən,
Nə gözlərsən, nələr çıxar qarşına.
Qaraş dedi: – Başev bütün tutulub,
Başbilənlər dustaqlığa atılıb,
Öldürülüb, sonevinə qatılıb,
Nə gözlərsən, nələr çıxar qarşına.
Yürüş dedi: – Alçaqlığa çatıbsan,
Minellilik soy-kökünü atıbsan,
Öz yurdunu Arielə satıbsan,
Nə gözlərsən, nələr çıxar qarşına.
Öz soyundan çıxır dönməz acıqan,
Ən sərt qancıl öz kökündən olandır.
Özgəsilə barışmağa yol olur,
Ən sərt qancıl öz kökündən olandır.
Özününkü bilir sənin içini,
Bilir harda, nədə sənin gücünü,
Ağı ilə qatışdırır öcünü,
Ən sərt qancıl öz kökündən olandır.
Deyirsən ki, özgə qanmaz, azğındır,
Özününkü, öz içinə yaxındır,
Nə biləsən o satqından satqındır,
Ən sərt qancıl öz kökündən olandır.
Başda çalış yaxınından qorun sən,
Yanlarında yazıqlığa bürün sən,
Palaza da bürün, ellə sürün sən,
Ən sərt qancıl öz kökündən olandır.
Tuncər, Alpan ağac ilə döyüldü,
Öz soyundan gələr sənə acılar,
Qaraş dedi: – Əzişdirin bunları,
Öz soyundan gələr sənə acılar.
Şəlitləyin, bağış verək Manaya,
Öz oğluna şah söyləyən anaya,
Yoxsa bizi o danlayar, qınayar,
Öz soyundan gələr sənə acılar.
Əl-qolunu açıq qoyun yerincin,
Üz döndərib ondan Başev sevinci,
Dustaqlansın bu beyni boş beyincik,
Öz soyundan gələr sənə acılar.
Hər gün döyün o Tuncəri, Alpanı,
Qurd südünü əmən qoşa qabanı,
Turər şaha Altyer, Üstyer yabanı,
Öz soyundan gələr sənə acılar.
Qan gördülər hər bir yanda yol boyu,
Mindiyara qan gölləri bəzəkdir,
Öldürdülər önlərinə çıxanı,
Mindiyara qan gölləri bəzəkdir.
Mən Qaraşam, Mindiyarın şahıyam,
Mənə belə söyləyibdir şah babam,
Qızıl qana boyanacaq bu bayram,
Mindiyara qan gölləri bəzəkdir.
Baş əyməyən başlar bir-bir kəsilsin,
Söz deyənin başı gərək əzilsin,
Tərs baxanın qan gözündən süzülsün,
Mindiyara qan gölləri bəzəkdir.
Mən Manayla bu şahlığa vararam,
Yox söyləsə Yürüşünü qıraram,
Ariellə Mindiyarı yararam,
Mindiyara qan gölləri bəzəkdir.
Ağqurd Alpan, Tuncər qoşa ər idi,
Gücsüz, ərsiz ölkə duruş gətirməz.
İkisi də yaralıydı, şəlitli,
Gücsüz, ərsiz ölkə duruş gətirməz.
Tuncər gecə yarıyacan gözlədi,
Sonra üç yol Əyridişi səslədi,
Yaxın gəlib qurd neçə yol ləslədi,
Gücsüz, ərsiz ölkə duruş gətirməz.
Qurd onları bir-bir çəkdi dalına,
Yetişdirdi Yastıdağın yalına,
Özü çıxdı Əkbitənin yoluna,
Gücsüz, ərsiz ölkə duruş gətirməz.
Qurtardılar şəlitlərdən bağlılar,
Çox çəkmədi qurd yatımlı qayğılar,
Sarım-sarım yarpaqlardan sarğılar,
Gücsüz, ərsiz ölkə duruş gətirməz.
Qaraş gəldi, Yürüş iplə sarıqlı,
Ana ərə balasını dəyişməz.
– Ya mənə gəl, ya Yürüşün yasına,
Ana ərə balasını dəyişməz.
– Sən bilirsən, mən boyluyam, həm dulam,
İstəyirsən şah olasan bu yolla,
Yox, döyüşüb ya ölərəm, ya qallam,
İstəyirsən şah olasan bu yolla.
Hələ Bacar, Ağqurd Alpan, Tuncər var,
Gəlib bizi qurtaracaq qoçaqlar,
Bir ac gözə yerləşərmi Mindiyar,
İstəyirsən şah olasan bu yolla.
Bunu deyib Manay bir də bayıldı,
Şəlitləndi, o, dustağa atıldı,
Üç gün sonra o diksinib ayıldı,
İstəyirsən şah olasan bu yolla.
Yüzmin-yüzmin köçkün girdi Başevə,
Bir damcıdır dirrik köçkün gözündə.
Heç kəs yaraq qaldırmadı onlara,
Bir damcıdır dirrik köçkün gözündə.
Arielli Əkbitəni dağıtdı,
Su yerinə qızıl qanlar axıtdı,
On minləri kəsdi, qırdı, bağırtdı,
Bir damcıdır dirrik köçkün gözündə.
Yiyələndi iti-iti yarağa,
Əkbitəndə evə, yerə, ocağa,
Heç kəs bir söz qaytarmadı qonağa,
Bir damcıdır dirrik köçkün gözündə.
Onlar dedi: – Şahlıq bizim olacaq,
Qaraş şahdır, Mindiyarda qalacaq,
Kim yox desə ağır vuruş olacaq,
Bir damcıdır dirrik köçkün gözündə.
Yürüş eldən ilim-ilim yox oldu,
Qadındadır tapıntının açarı,
Qaraş dedi: – Mən Manaya ər ollam,
Qadındadır tapıntının açarı.
"Yürüş" deyib, Manay tez-tez ağladı,
Qaraş onu dilə tutub saxladı.
Tez-tez gəlib istəyini yoxladı,
Qadındadır tapıntının açarı.
– Mənim şahlıq ucalığım Manaydır,
Onla mənə Başev dardır, qolaydır,
Şahlıq yolum onsuz dolay-dolaydır,
Qadındadır tapıntının açarı.
İşdayaqdan qalan yerinc mənəm, mən,
Əl çəkmişdim özüm şahlıq yerimdən,
Mindiyarda şah olammaz hər gələn,
Qadındadır tapıntının açarı.
Manay dedi: – Sən dünənki uşaqsan,
Şah başqadır, ər başqadır, bir deyil.
Ana qadın şah sayılır Mineldə,
Şah başqadır, ər başqadır, bir deyil.
Şah olsan da mənə yadsan, başqasan,
Qartalların ölkəsində qarğasan,
Bərk gedirsən, bicləmədə yorğasan,
Şah başqadır, ər başqadır, bir deyil.
Yürüşümü burax, çıxaq burdan biz,
Yabancılsız, acıqansız olun siz,
Kim soruşsa utanmadan deyiniz,
Şah başqadır, ər başqadır, bir deyil.
Mən boyluyam, döyüşməkdən uzağam,
Daha dirrik sevincinə yasağam,
Doğulmamış uşağıma qonağam,
Şah başqadır, ər başqadır, bir deyil.
Arielə yer vermişdi Üstüağ,
Çörək kimi yer özü də uludur.
Sən o yerdə gül yox, tikan əkmisən,
Çörək kimi yer özü də uludur.
Baltaladın öz əlinlə kökünü,
Çox alçaltdın soy-kökündə çəkini,
Dustaqladın şah balamı, ilkimi,
Çörək kimi yer özü də uludur.
– Mənə gəlsən buraxaram balanı,
Ölüm quşu başı üstdə dolanır,
Orda ölü ölü üstə qalanıb,
Çörək kimi yer özü də uludur.
Mənə gəlmək şah yerində qalmaqdır,
Mindiyarı bir də satın almaqdır,
Yalan deyən kişi deyil, alçaqdır,
Çörək kimi yer özü də uludur.
Çox yalvardı Qaraş, Manay "yox" dedi,
"Hə, yox" üstdə min-min adam qırılır,
Yürüş hər gün göz önündə döyüldü,
"Hə, yox" üstdə min-min adam qırılır.
Gəlib hamı yığışıldı haraya,
Qaraş üçün döndü hər yas bir toya,
Hər gün bunu göstərdilər anaya,
"Hə, yox" üstdə min-min adam qırılır.
Hər gün ana ayaqyalın qaçırdı,
Gedib Yürüş balasını qucurdu,
Günlər belə qan, qorxuda keçirdi,
"Hə, yox" üstdə min-min adam qırılır.
Bir gün Yürüş bir kötüyə sarıldı,
Balta ilə başı dibdən vuruldu,
Bununla da yeni şahlıq quruldu,
"Hə, yox" üstdə min-min adam qırılır.
Ana görcək kəsik başı, bayıldı,
Bacar çıxma heç bir işdə cızıqdan.
Yerli-yersiz qırğın düşdü araya,
Bacar çıxma heç bir işdə cızıqdan.
Ayaq altda qaldı, Manay bağırdı,
Bir arvadı yaxınına çağırdı,
Yersiz doğuş belə gündə ağırdı,
Bacar çıxma heç bir işdə cızıqdan.
Dedi: – Bacım, mən bilmirəm sən kimsən,
Qancılımsan, istəklimsən, yerlimsən,
Mən ölərsəm, bu uşağı böyüt sən,
Bacar çıxma heç bir işdə cızıqdan.
Sənin olsun üstümdəki bu daş-qaş,
Çox çəkəcək bu qan-qada, bu savaş,
Məni götür, bu çarpışdan uzaqlaş,
Bacar çıxma heç bir işdə cızıqdan.
Düşdü iki el içinə qan-qada,
Elarası qanı yumaq çətindir,
Yerli, yersiz bir-birini qırdılar,
Elarası qanı yumaq çətindir.
Əldə qılınc, yaraqlılar, atlılar,
Yaraqsızlar son sayına çatdılar,
Çoxlarını dustaqlığa atdılar,
Elarası qanı yumaq çətindir.
Axtardılar, tapmadılar ananı,
Qanadları sındırılmış sonanı,
Qaraş dedi, gəzin dağı, aranı,
Elarası qanı yumaq çətindir.
Tapmayınca,-dedi-şahlıq məndədir,
O tutuqdur, Əkbitəndən gendədir,
Mənə bəlli uzaq, ucqar kənddədir,
Elarası qanı yumaq çətindir.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-manay-qaras-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gün Daryaş bir at görür Sakdağda,At igidin yaraşığı, adıdır.
Sak dağında döyüş söylənciİlk döyüşdə Sanna, Balaşq çökürlər,Güc atdadır, tanrıdadır, yaraqda.
Dörd qardaş söylənciGecə keçdi, işıqlandı dan yeri,Gündüz yeni başlanqıcdır gecəyə.
Ağüzlə Daryaşın vuruşması söylənciDaryaş girdi Əkbitənə toplumla,Vergi, sıxı Başbaşevdən gələndir.
Başqa şairlərin şeirləri · Mədhiyyə
Bizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı
PiriydiAsta gedən bu gözəllər sultanı,Yerişindən məlum olur Hürüdü.
ورد الورد والنسیم سقیموالهوی صح عن سقام نسیم
XaqaniUlularımızdan eşitdiyimiz*Şirvan xaqanlarından, xaqani-kəbir Mənuçöhr olsa gərək, - bir gün erkən ova getdiyi əsnadə Şamaxının şimal-qərbisində, ən yavıq məhəldə vaqe Məlhəm kəndi kənarından keçərkən, pişvazı üçün kənd əhlindən bir kimsənin gəldiyini görmədiyi halda ancaq çıpırtı yığmaqla məşğul gördüyü bir uşağı yanına çağırıb demiş ki,