Tanı bala qol-budaqlı gənc idi,
Güclü olur kökü dərin ağaclar.
O, Manayın, Üstüağın özüydü,
Güclü olur kökü dərin ağaclar.

Üzdən tutqun, acıqlıydı bu oğlan,
Öc damırdı saçlarının ucundan,
Əl açmazdı ölsəydi də acından,
Güclü olur kökü dərin ağaclar.

Əkbitənə üz tutmuşdu, gedirdi,
Yolda onu yaraqlılar güdürdü,
Meşələrdə görünürdü, itirdi,
Güclü olur kökü dərin ağaclar.

– Ana, niyə məni atdın, unutdun,
Mənim körpə ürəyimi qanatdın,
Göz yaşımla öz-özümü ovutdum,
Güclü olur kökü dərin ağaclar.


Ana, deyən, şahlıq baldır, dadlıdır,
Şah ölkədə bütöv ölkə deməkdir.
Sən bir ölkə, mən ölkədə bir çöpəm,
Şah ölkədə bütöv ölkə deməkdir.

Varlığımdan soraq tutdun? Tutmadın!
Sən özünü atdın, məni atmadın,
İlan vuran yatdı, oğlun yatmadı,
Şah ölkədə bütöv ölkə deməkdir.

Mən gəlirəm, səni görüm, öldürüm,
Tanrılara acığımı bildirim,
Qadınları yer üzündən sildirim,
Şah ölkədə bütöv ölkə deməkdir.

On beş ildir gözü qıpıq gəzmişəm,
Alçalmışam, söyülmüşəm, dözmüşəm,
Yaşayışdan mən əlimi üzmüşəm,
Şah ölkədə bütöv ölkə deməkdir.


Gözüm iki, anam iki, yolum bir,
İki ana bir ürəyə sığışmaz,
Mən büsbütün analardan küsmüşəm,
İki ana bir ürəyə sığışmaz.

Ana kimi yaşa neçə yüz il də,
Bir şah kimi ölməlisən əlimdə,
Dil açandan bu söz gəzib dilimdə,
İki ana bir ürəyə sığışmaz.

Tanrı qoysa bu günlərin birində,
Öc alaram sənin Alpan ərindən,
Şah olaram öz atamın yerində,
İki ana bir ürəyə sığışmaz.

Tanrım, çatdır məni böyük suçuma,
Şah toppuzu yetir mənim ovcuma,
Tanı, öldür, heç bir kəsə acıma,
İki ana bir ürəyə sığışmaz.


Ağqurd Alpan soraq verdi Tanıdan,
Oğulsuz şah olacaqdan çəkinər,
"Üstüağın sonbeşiyi tapılıb!"
Oğulsuz şah olacaqdan çəkinər.

Yerə-göyə sığışmadı anası,
Doğularaq sağ qalmışdı balası,
Gəzin, görün haradadır Mahası,
Oğulsuz şah olacaqdan çəkinər.

Axtardılar Maha ilə Tanını,
Göz qoydular hər bir yerdə hamını,
Min döydülər eldə yüz-yüz qapını,
Oğulsuz şah olacaqdan çəkinər.

Ana dedi: – Bağrım başı yarılıb,
Düşünməkdən başım-beynim yorulub,
Başev mənim gözlərimdə daralıb,
Oğulsuz şah olacaqdan çəkinər.


Heç bir yerdə tapmadılar onları,
Gərəklilər niyə gözdən yayınır?
Qızbal gəldi, ancaq Maha gəlmədi,
Gərəklilər niyə gözdən yayınır?

Manay gördü Ağqurd ilə Qızbalı,
Yandı-yandı, külə döndü qapalı,
Heydən düşdü sanki onun əl-qolu,
Gərəklilər niyə gözdən yayınır?

Dedi: – Qızbal tanış gəlir gözümə,
Hörmə saçlar, yal-yaraşıq, bəzənmə,
Kim vurulmaz bu gözəlin üzünə,
Gərəklilər niyə gözdən yayınır?

Elə bildi bu gözəllik saxtadı,
Bir yandan da onun könlü toxdadı,
Dedi bu iş boş sözlərə noxtadı,
Gərəklilər niyə gözdən yayınır.


Ağqurd Alpan utanırdı Manaydan,
Yersiz sevgi öz-özündən utanar.
Gözəl Qızbal gəlib çıxıb Başevə,
Yersiz sevgi öz-özündən utanar.

Düşdü işə atmacalar, yozmalar,
Diltökmələr, düşüncələr, susmalar,
Qızışmalar, yazışmalar, yozmalar,
Yersiz sevgi öz-özündən utanar.

Hamı, hamı Tanı deyə, düşündü,
Çoxu şahla evlənməkdən daşındı,
Başevdəki dedi-qodu aşındı,
Yersiz sevgi öz-özündən utanar.

Üstüağın sonbeşiyi kim ola,
Şah yerini kim saxlaya, kim ala,
Tanı gəlsə bu Başevdə kim qalar,
Yersiz sevgi öz-özündən utanar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri