Qızbal söylənci
Soraq çatdı, Darvideldən el köçür,
Kimsəsizlik tutur köçün yerini,
Min il qabaq gəlmişdilər, getdilər,
Kimsəsizlik tutur köçün yerini.
Min illəri qoyub dalda kimsəsiz,
Hara belə, hara belə gedirsiz,
Uyğunlaşa bilmədiniz bizə siz,
Kimsəsizlik tutur köçün yerini.
Gəlmişdiniz siz meşələr yurdundan,
İri, enli, gur çayların ardından,
Yaşadınız Darvidelli adında,
Kimsəsizlik tutur köçün yerini.
Həm susuram, həm yanıram bu işə,
Maha gəlməz daha mənlə görüşə,
Nə deyərəm bunca tanış-bilişə,
Kimsəsizlik tutur köçün yerini.
Bir yandan da Ağqurd Alpan sevgisi,
Sevgi yaşdan asılıdır, yox, deyil.
Hər bir yaşın öz yeri var sevgidə,
Sevgi yaşdan asılıdır, yox, deyil.
Ağqurd Alpan çıxıb istək dağına,
Atılıbdır güclü axan axına,
Hər gün, hər gün bir az gəlir yaxına,
Sevgi yaşdan asılıdır, yox, deyil.
Onu necə Darvideldən çağırım,
Yerinc olmaq orda işin ağırı,
Nə olacaq görən bunun axırı,
Sevgi yaşdan asılıdır, yox, deyil.
Maha məni haradasa aldadır,
Gözlənilməz bir olaydır, daldadır,
Sevgi isə bu yaşlarda bal dadır,
Sevgi yaşdan asılıdır, yox, deyil.
Vuruşurdu Darvidellə Ariel,
Ay qızarar vuruşanda iki el.
Evlər, çöllər qızıl qana boyandı,
Ay qızarar vuruşanda iki el.
Ayrı görüş, ayrı geyim, ayrı dil,
Bir-birini götürməyir min-min il,
Davranışı, yaşayışı bir deyil,
Ay qızarar vuruşanda iki el.
Körpəni də, uşağı da qırdılar,
Özgəlikdə qancıl kökü gördülər.
Gözlərini yumub qılınc vurdular,
Ay qızarar vuruşanda iki el.
Ellər gərək dilbir ola, yaşaya,
Bir bağlana təkərlərdə qoşquya,
Ağırlığı bir götürə, daşıya,
Ay qızarar vuruşanda iki el.
Biri dedi, sənin dilin dil deyil,
Beş yüz adam bir dillisə, o, dildir.
Biri dedi, sənin soyun, kökün yox,
Beş yüz adam bir dillisə, o, dildir.
Biri dedi, sən gələndən bu yerə,
Yoxsulluq da sənlə gəlib bu elə,
Bunlar bizə başa gəlib min ilə,
Beş yüz adam bir dillisə, o, dildir.
Biri dedi, sizin tanrı özgədir,
İçinizdə tanrı yoxdur, kölgədir,
Yurd-yuvanız ölkə deyil, bölgədir,
Beş yüz adam bir dillisə, o, dildir.
Biri dedi, sən buraya gəlməsən,
O da dedi, sən güc ilə əkməsən,
İtəm səni yer üzündən silməsəm,
Beş yüz adam bir dillisə, o, dildir.
Min il belə çəkiş-bərkiş, qan-qada,
Küsüşənlər çəkişmədə bərkiyər.
Ağqurd Alpan ortaq oldu onlara,
Küsüşənlər çəkişmədə bərkiyər.
Maha gözdən yayınmışdı, qalırdı,
Tanısını gün-gün başa salırdı,
Gəncin içi acıqlarla dolurdu,
Küsüşənlər çəkişmədə bərkiyər.
– Anan səni atdı itlər içinə,
Körpə nədir, heç gəlmədi vecinə,
Aldım ordan səni bu qol gücünə,
Küsüşənlər çəkişmədə bərkiyər.
İndi şahdır Mindiyarda, başbilən,
O, varlıdır, səninlə mən ac, kölə.
Gərək sənin bu əlinlə o ölə,
Küsüşənlər çəkişmədə bərkiyər.
– Öldürərəm öz əlimlə mən onu,
Qansız gərək qan içində qan qusa.
– Şahlıq sənə çatmalıdır ölkədə,
Qansız gərək qan içində qan qusa.
– Mən şah ollam, sən Başevin yiyəsi,
Mən bir qılınc, sən qılıncın tiyəsi,
Bayrağımın ipək sapı, ciyəsi,
Qansız gərək qan içində qan qusa.
Bir az da döz, vuruş öyrən, güclü ol,
Saqqal çıxart, gizli-gizli yaşa dol,
Çox çətindir getdiyimiz bu sərt yol,
Qansız gərək qan içində qan qusa.
– Mən belə də allam ondan öcümü,
Göstərərəm qansızlara gücümü,
Qaytararam Darvidelin köçünü,
Qansız gərək qan içində qan qusa.
– Yaraqlımız yoxdur, bala, neynəyək,
Bərk olsa da səs çıxmayır tək əldən.
Öncə gərək biz Ağqurdu azdıraq,
Bərk olsa da səs çıxmayır tək əldən.
Bir qız tapım, onu alsın əlinə,
Dilə tutub lapdan minsin belinə,
O, daş atsın şahın güzgü gölünə,
Bərk olsa da səs çıxmayır tək əldən.
Şah eşitsə bunu, dibdən laxlayar,
Alpanına qarşı acıq saxlayar,
Pis ayaqda, gəl, bunu da yoxlayaq,
Bərk olsa da səs çıxmayır tək əldən.
Öncə gərək biz dağıdaq toplumu,
Açaq bir də Arielin yolunu,
Kəsək şahın Ağqurd, Tuncər qolunu,
Bərk olsa da səs çıxmayır tək əldən.
Sonra Maha çox düşündü, daşındı,
Çox şey yanlış, çox görünüş yalandır.
Durub baxdı öz-özünə güzgüdə,
Çox şey yanlış, çox görünüş yalandır.
– Qaşım-gözüm, boy-buxunum, yerişim,
Qoy bəzənim, bər-bəzəyə girişim,
Bir qız olum, Ağqurd ilə görüşüm,
Çox şey yanlış, çox görünüş yalandır.
Onu alıb mən Manaydan ayırım,
Qılıq ilə, sevgi ilə doyurum,
Əlaltı tək ona qulluq buyurum,
Çox şey yanlış, çox görünüş yalandır.
O, Manayı ürəyində bəsləyir,
Hər gün, hər gün Manay deyim, pisləyim,
Yelə verim könlündəki istəyi,
Çox şey yanlış, çox görünüş yalandır.
Meşələrin qıraqları yamyaşıl,
Su, yaşıllıq sevinc tökür ürəyə,
Ağqurd Alpan bir qız gördü yol üstə,
Su, yaşıllıq sevinc tökür ürəyə.
Qara saçlı, ala gözlü, al yanaq,
Əllər, qollar, bir də boyun ağappaq,
Kəklik kimi, cüyür kimi o, oynaq,
Su, yaşıllıq sevinc tökür ürəyə.
– Bu kim ola, göz oxşayır qılığı,
Çox incədir başındakı sarığı,
Qızıldandır saçlarının darağı,
Su, yaşıllıq sevinc tökür ürəyə.
– Ay gözəl qız, hardan belə gəlirsən,
Harda belə gül açıbsan, gülürsən,
Niyə təksən bu yollarda, niyə, sən?
Su, yaşıllıq sevinc tökür ürəyə.
– Mən yiyəsiz bir çiçəyəm, yerim yox,
Yiyəsizlər kimsəsizdir, yabanı.
Öldü atam, anam, bacım vuruşda,
Yiyəsizlər kimsəsizdir, yabanı.
Böyümüşəm özbaşına, yiyəsiz,
Niyə belə baxırsınız mənə siz?
Varınızsa, mənə çörək veriniz,
Yiyəsizlər kimsəsizdir, yabanı.
Məni burda tanıyan yox, görən yox,
Məni sevən bir ana yox, ərən yox,
İndiyədək mənə çörək verən yox,
Yiyəsizlər kimsəsizdir, yabanı.
Ağqurd Alpan çaşıb qaldı yerində,
Ürəyinə sancı düşdü dərindən.
O çaşmışdı bu gözəli görəndən,
Yiyəsizlər kimsəsizdir, yabanı.
– Gözəl, hara söyləyirsən, aparım,
Əltut gərək yiyəsizə, yolluya,
Mən bu elin yerinciyəm, başçısı,
Əltut gərək yiyəsizə, yolluya.
– Mənim yerim yoxuşların dalında,
Gözdən uzaq bir enişin yalında,
Sevinərəm əltut olsan yolumda,
Əltut gərək yiyəsizə, yolluya.
– Yiyəsizsən, yiyə ollam sənə mən,
Kimsəsizsən, kimsə ollam sənə mən,
Çörəksizsən, çörək ollam sənə mən,
Əltut gərək yiyəsizə, yolluya.
– Yiyə olsan yiyələnmək dilərsən,
Kimsə olsan mənimsəmək dilərsən,
Bircə mənə bir az çörək verərsən,
Əltut gərək yiyəsizə, yolluya.
Ağqurd Alpan acıyırdı o qıza,
Aldanmaq da aldatmaqla bacıdır.
Başı ona "get" deyirdi, könlü yox,
Aldanmaq da aldatmaqla bacıdır.
Bəzək-düzək, ənlik-kirşan, dəf-daraq
Qıvrıq sap tək sənə ilmə salacaq,
Adam da var, deyir olan olacaq,
Aldanmaq da aldatmaqla bacıdır.
Ağqurd Alpan düşür atdan aşağı,
Sevincindən qaçır qızın dodağı,
Qız baş əyir ona kölə sayağı,
Aldanmaq da aldatmaqla bacıdır.
– Adın nədir, yiyəsiz qız, maral qız,
Mən Ağqurdam, söz dilimdə yalansız,
Nə çörəksiz qalacaqsan, nə yalqız,
Aldanmaq da aldatmaqla bacıdır.
– Adım yoxdur, igid ərən, ağ atlı,
Yaranışda hər bir şeyin adı var.
Neynəyim ki, ad qoyanım olmayıb,
Yaranışda hər bir şeyin adı var.
Mənə ad qoy, özün çağır bu adı,
Çörəyim ol, bir də qolum, qanadım,
Söylə, igid, haradadır elatın,
Yaranışda hər bir şeyin adı var.
– Gözəl, sənə Qızbal adı yaraşır,
Uyarlıqla, gözəlliklə yanaşı,
Heç bilmirəm neçə olar, qız, yaşın?
Yaranışda hər bir şeyin adı var.
Mən Qızbalam, yaşım çoxdan yetərdir,
Sənsizlikdə yetərimdə itərdim,
Gül tək solub mən ot kimi bitərdim,
Yaranışda hər bir şeyin adı var.
Ağqurd Alpan yoldaş oldu Qızbala,
Tez vurulan elə tez də ayrılar,
Yoxuşları, enişləri ötdülər,
Tez vurulan elə tez də ayrılar.
O, Manayı yavaş-yavaş unutdu,
Öz könlünü Qızbal ilə ovutdu,
Yola salıb Alpan evə qayıtdı,
Tez vurulan elə tez də ayrılar.
Günlər keçdi, o, Qızbala acıdı,
O gözəli düşünüşdə qucudu,
O, sevgidə Manay ilə bacıydı,
Tez vurulan elə tez də ayrılar.
Bir gün getdi, qızı orda tapmadı,
Qızbal adı ürəyindən qopmadı,
Çox gözlədi, diləyindən sapmadı,
Tez vurulan elə tez də ayrılar.
Bir də getdi, yenə qıza acıdı,
Sevgi deyil hələ qıza acımaq,
Çörək, yemək, geyim-kecim apardı,
Sevgi deyil hələ qıza acımaq.
Yolda gördü onu, açıq örüşdə,
Qız sevindi bu, ikinci görüşdən,
Ağqurd Alpan yuxalandı öpüşdən,
Sevgi deyil hələ qıza acımaq.
Gedirdilər, örüş, yayla, yal, tala,
Əl-ələydi, baş-başaydı, qol-qola,
Ağqurd Alpan söyləyirdi Qızbala:
– Sevgi deyil hələ qıza acımaq.
O deyirdi: – Üzdən mənə tanışsan,
İlk görüşdən bu üz doğma, yapışqan,
Göydə qoşa ulduzumuz barışsa,
Sevgi deyil hələ qıza acımaq.
Ağqurd Alpan göygöz idi, sarısaç,
Sarı yeydir qaraların içində,
Qızbal onu bəyənmişdi ər kimi,
Sarı yeydir qaraların içində.
İnanmazdı Alpan ona vurula,
Qız ürəyi sevgi ilə durula,
Sarmaşıqla ərə belə sarıla,
Sarı yeydir qaraların içində.
Ağqurd Alpan ona bağış alırdı,
Yeməklərlə qızı yola salırdı,
Qız da hər gün ona kəsi olurdu,
Sarı yeydir qaraların içində.
Hey deyirdi, mən soruyam bu işə,
Haradasa mən bu qızı görmüşəm,
Vurulmuşam bu qaş-gözə, yerişə,
Sarı yeydir qaraların içində.
O, Manaydan söz düşəndə deyirdi:
– Əlçatandır, əlçatmazdır sevgilər.
Manay mənim şah sevgimdir, əlçatmaz,
Əlçatandır, əlçatmazdır sevgilər.
– Heç bilmirəm sevgi nədir, dilək nə,
Sevgilinin sevgisində ölmək nə,
Aldatmaq nə, aldanmaq nə, istək nə,
Əlçatandır, əlçatmazdır sevgilər.
Bircə odur, təkcə səni anıram,
Gizli-gizli bir alovda yanıram,
Mən də səni öz sevgilim sanıram,
Əlçatandır, əlçatmazdır sevgilər.
– Bu sevgini qoy bilməsin özgəsi,
Nə Darvidel, nə Ariel bölgəsi,
Görüş yeri burda, yolun döngəsi,
Əlçatandır, əlçatmazdır sevgilər.
Görüşdülər, dolaşdılar yerbəyer,
İki sevgi qovuşağı görüşdür.
Bir çərdəkdə iki ağ iç üzbəüz,
İki sevgi qovuşağı görüşdür.
Ağqurd Alpan sevgi deyib öpürdü,
Qız, öpüşü gözlərinə təpirdi,
Çöllər, kollar yerə ağ gül səpirdi,
İki sevgi qovuşağı öpüşdür.
O deyirdi: – Mənim sevgim böyükdür,
Bu deyirdi: – Könlüm sənçin sökükdür,
Tökük yarpaq üzərində örtükdür,
İki sevgi qovuşağı görüşdür.
O deyirdi: – Səndən suvay ərim yox,
Bu sevgidən özgə tutan yerim yox,
Seviləndən ağrım, acım, çərim yox,
İki sevgi qovuşağı görüşdür.
– Ancaq bir az qapalısan elə bil,
Hər dillidə axı alt-üst tutum var.
Axı məndən gizlətdiyin var nəsə,
Hər dillidə axı alt-üst tutum var.
Belə sevgi al günəşdən qopubdur,
Günəş bizdən yeni günəş yapıbdır,
Yuvasını ikimizdə tapıbdır,
Hər dillidə axı alt-üst tutum var.
Mənə söylə, kimsən, gözəl Qızbalım,
Ay ağ buxaq, ala gözlü, ağ alın,
Haçan səni, necə, harda mən alım,
Hər dillidə axı alt-üst tutum var.
– Mən aldanmaq tanrısına borcluyam,
Elə bir az aldanmaqdır sevgi də.
Aldadırdım səni, indi sevirəm,
Elə bir az aldanmaqdır sevgi də.
İçim, çölüm, varım, yoxum sevgidir,
Hər güvəncim, azım-çoxum sevgidir,
Düşünüşüm, uyğum-yuxum sevgidir,
Elə bir az aldanmaqdır sevgi də.
Soruşursan kiməm, kimin yavrusu,
Mən Qızbalam, gül-çiçəklər arısı,
Sənə bağlı odlu sevgi tanrısı,
Elə bir az aldanmaqdır sevgi də.
Kimliyimi desəm, məndən küsərsən,
Bu kövşənə gəl-gedini kəsərsən.
Sonra baxıb mənə, dodaq büzərsən,
Elə bir az aldanmaqdır sevgi də.
– Kim olsan da, gözəl, səni atmaram,
Sevgi bütün "neynimlərdən" uzaqdır.
– Qorxuram ki, ərim, məndən qaçasan,
Sevgi bütün "neynimlərdən" uzaqdır.
Mən vuruşda çılğınlığın kəsisi,
Mən qadının tanrılardan küsüsü,
Mən bir elin acı alın yazısı,
Sevgi bütün "neynimlərdən" uzaqdır.
Atam-anam Darvidelli, qaraşçı,
El yolunda vuruşqandı, dalaşcıl,
Onlar sənlə vuruşublar, a başçı,
Sevgi bütün "neynimlərdən" uzaqdır.
Bizə, igid, gəlmə kimi baxırsan,
Qırıb-qırıb sonumuza çıxırsan,
Bu döyüşdə Manay şaha uğursan,
Sevgi bütün "neynimlərdən" uzaqdır.
– Ax, ürəyim çırpım-çırpım sıxıldı,
Sönmür sevgi, qan-qadaya düşsə də,
– Sən yox, bunu Manay sənə buyurub,
Sönmür sevgi, qan-qadaya düşsə də.
– Ax, Manayım, mənə nələr buyurdun,
– Darvideli yelə verdin, sovurdun,
On minləri qızıl qanla doyurdun,
Sönmür sevgi, qan-qadaya düşsə də.
Tanrım, niyə inanıram Manaya,
Balaları ölən bu şah anaya,
Necə olsun, indi gedim hayana,
Sönmür sevgi, qan-qadaya düşsə də.
– Yox, ölməyib, son balası sağ qalıb,
Anasına, gendən baxır, ağ olur,
Darvidel tək içi, çölü yaxılıb,
Sönmür sevgi, qan-qadaya düşsə də.
– Nə deyirsən, bunu hardan bilirsən,
– Hər ölçüdə bir keçilməz biçim var,
Ölçü qoyan biçisini görəcək,
Hər ölçüdə bir keçilməz biçim var.
– O hardadır, nə deyirlər adına,
Gedim deyim qıçı sınıq qadına,
Dönsün ona bu, sevincə, yardıma,
Hər ölçüdə bir keçilməz biçim var.
– Gedək, onun yerini mən göstərim,
Anasıdır sanki qaşı-gözləri,
Hələ bunca bu görüşdə sus, ərim,
Hər ölçüdə bir keçilməz biçim var.
Onlar çapdı, qapı açıq, yox tanı,
Hanı, hara çıxıb gedib, o hanı?
– Bu, Mahanın evimidir, qız, danış,
Hər ölçüdə bir yenilməz biçim var.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-qizbal-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başev yedi, içdi, kefdən hallandı,Qarışdırma quşla quzu ətini.
Duzdağda döyüş söylənciDuzdağyerin səsləncləri gurladı,Rəqsdən sümük, səsləncdən qan oynayar.
Sərtüz söylənciBir gün Sərtüz gəlib çıxdı Başevə,Çətin işdir bu dünyanı düzəltmək.
Ov söylənciUruyerin səsləncləri gurladı,El çağırsa, dala baxma, get, tələs.
Başqa şairlərin şeirləri · Eşq
وین نام اگر بر آریم، از نام عشق باشد
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Gülşəni-raz, fəsil 49چه خواهد اهل معنی زان عبارتکه سوی چشم و لب دارد اشارت
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,