Turqla Alpisin vuruşu söylənci
Bir kişnərti səsi gəldi uzaqdan,
Kişnərtidə bir toplumun gücü var.
Ağüz dedi: – Hər at belə kişnəməz,
Kişnərtidə bir toplumun gücü var.
Turq atadır,Şimşəkatdır deyən bu,
Bu kişnərti ayıqlıqdır, ya yuxu,
Aldı bütün Parsdiyarı bir qorxu,
Kişnərtidə bir alayın gücü var.
Birazdan da Şimşəkquyruq kişnədi,
Bir doğmalıq tapdı, duydu at, nədi,
Doğmalıqdan çox ürəklər göynədi,
Kişnərtidə bir toplumun gücü var.
Açıqana düşdü qorxu, hay-haray,
Döndü şimşək görüşünə bu olay,
Yarağını yerə qoydu üç alay,
Kişnərtidə bir alayın gücü var.
Öncə atlar birbirini iylədi,
Daryaş güldü, basarlıqdan küylədi,
– Turq dirisən, ya ölüsən?-söylədi,
Kişnərtidə bir alayın gücü var.
Bunu görüb Turqər onu saymadı,
İtələdi, heç yaxına qoymadı,
Artıq sözü mənliyinə qıymadı,
Kişnərtidə bir toplumun gücü var.
Dedi: – Alpis, ey pisliklər tanrısı,
Ötüb deyən tanrılığın yarısı,
Lillənibdir gözlərinin sarısı,
Artıb yenə ürəyinin ağrısı,
Kişnərtidə bir alayın gücü var.
Görüşmüşdük çox-çox qabaq Altyerdə,
Görüşürük Əkbitəndə biz bir də,
Küsülüsən, didərginsən o yerdən,
Kişnərtidə bir toplumun gücü var.
Yaxşı olub sən gəlibsən Üstyerə,
Gəl, üzülüş pis işlərlə son kərə,
Verək burda işdə-gücdə əl-ələ,
Kişnərtidə bir alayın gücü var.
Qoy yox olsun qıtlıq, aclıq, quraqlıq,
Yanğın, çovğun, döyüş, vuruş, çolaqlıq,
Qoy yox olsun ölüm, itim, uzaqlıq,
Kişnərtidə bir alayın gücü var.
Alpis dedi: – Mən tanrıyam yenə də,
Yaxşı pislə, pis yaxşıyla paylaşır.
Parçalanıb bölünübdür tanrılıq,
Yaxşı pislə, pis yaxşıyla paylaşır.
Tanrılıq da çətin işdir bilirsiz,
Vardır onun iki üzü, yaxşı,pis,
Nə olsun ki burda sizsiz, orda biz,
Yaxşı pislə, pis yaxşıyla paylaşır.
Yaxşılığı böyüdürəm pisliklə,
Pis düzəlir yaxşı olur düzlüklə,
Yaxınlaşa bilməyirik biz hələ,
Yaxşı pislə, pis yaxşıyla paylaşır.
Tunqər dedi: – Sən pislikdə tanıqsan,
Min-min ildir yaxşılıqdan yanıqsan,
Pisdə bütöv, yaxşılıqda qırıqsan,
Yaxşı pislə, pis yaxşıyla paylaşır.
– O at mənim atım olub minibsən,
– Sən basılıb atdan düşüb,enibsən,
İndi küsüb Altyerdən də dönübsən,
Yaxşı pislə, pis yaxşıyla paylaşır.
Tutuşdular Turqla Alpis adbaad,
İki idi Şimşəkqılınc, Şimşəkat,
İki ərdə dəmir kimi qol, qanad,
Yaxşı pislə, pis yaxşıyla paylaşır.
Tanrı ilə yarıtanrı güləşir,
Vurnuxmalar gedişində dilləşir,
Tər,qan axır yerdə sanki selləşir,
Yaxşı pislə,pis yaxşıyla paylaşır.
Hamı qulaq asır acı sözlərə,
Ancaq Alpis görünməyir gözlərə,
Qorxu, ürkü qonur sanki üzlərə,
Yaxşı pislə, pis yaxşıyla paylaşır.
Görmürdülər Turqər kimlə vuruşur,
Görünmürdü görünməzin duruşu,
Deyirdilər Turq cinlərlə döyüşür,
Yaxşı pislə, pis yaxşıyla paylaşır.
Ancaq səs-küy eşidirdi baxanlar,
Qalxıb enir qılınc, topbuz, qalxanlar,
Bu görümdən çoxalırdı qorxanlar,
Yaxşı pislə, pis yaxşıyla dilləşir.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-turqla-alpisin-vurusu-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir