Ancaq bu qaralıq elə bir qara hiyləgər cilddə gizlənmişdi ki, Şükran görə bilmirdi. Onun gözlərinə qaranlıq çökdüyündən, heç nəyi görməyi, seçməyi bacarmırdı. Hər necə olsa da, daha Şükran üçün döndü yox idi. Hər necə qaralıq çəksə də, o görürdü ki, Ulduz çox yamanca dolaşıqdadır. O yıxılmaq, boğulmaq, ölmək təhlükəsindədir. O, gözə görünməyən qara qüvvənin əlində əsirdi. Yox, buradan dönmək, qara daşın daldasından çəkilmək olmazdı!..

Şükran sağ əli ilə gözlərini bərk-bərk sildi, sanki qara pərdələr azazacıq da olsa çəkildi, Şükranın gözləri ayazıdı, nə isə atası Göyalı, anası Qaratel, yeddi bacı, yeddi bacının balaları göz qabağına gəldi. Sanki onlar hamısı birdən səsləndi, birdən qışqırışdı: “Özünü bəladan qoru! – dedilər. – Şükran, özünü şeytan işinə qurban vermə, Şükran, bizi ağlar qoyma!..”

Ancaq Şükran çəkilmədi, çəkilə bilmədi, qaçmadı, qaça bilmədi. Bəlkə də qəza Şükranın qədəmlərini qurutduğuna görə qaça bilmədi?

Gözəl-göyçək Şükranın köşək gözlərinə həmincə mozalan çalındı, canlı cəzana gələn Ulduz da qara mozalanı gördü. O da Şükran kimi istədi onu öz girəvəsinə salıb dəmir nallı təpiyi ilə qara qayaya yamasın. Qara mozalan bir qara hiyləgərliklə həm Ulduza, həm Şükrana göründü. Ulduz öz təpiyi ilə qara mozalanı qara qayaya yamamaq istəyincə, Şükran da qara qayadan qara mozalanı tutmaq üçün qabağa çıxınca, mozalan çovudu, Şükranı görməyən, onun qara qayanın dalında pusquda durduğunu bilməyən Ulduzun dəmir nallı təpiyi Şükranın alnından tutdu. Şükran sarsıya-sarsıya qırağa qaçıb al-qan içində səndələdi, son dəfə gözlərini geniş açıb Ulduza baxdı və göy yoncalıqda sərili qaldı. Çovuyub qaçan mozalan dərhal gəldi, Şükranın alnından axan qırmızı qanından zorbalaşınca sordu. Qara mozalan qara qəsdinin təntənəsini edib, Ziyarət dağına doğru qanad açdı. Ulduz dolaşıqda dayanmadı, durmadı, var gücü ilə onu dolaşığa salan ip-imlığı qırdı, bir günahkar kimi gəldi, ağlaya-ağlaya öz başını Şükranın ayaqlarına salladı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XLVII

Kamilov yenə də üstü şəkilli qutusunu çıxarıb bir papiros da çəkdi, boz tüstüsünü üzüyuxarı səqfə doğru buraxdı. Demək, Kamilov münaqişəyə girib, hər kimə bir söz demək istəyirsə, o, Vahidovu əsəbiləşdirir, acığını tutdururdu. Kamilov münasibətləri seçməyə çalışır, bu son neçə gün ərzində, ürəyinin bərk sıxılmağının səbəbini özü üçün aydın etmək istəyirdi. Görünür, Kamilov özünü yuxarıya çəkərək Sərrafzadə kimisi ilə bağlanmaqla, Murtuzov kimisini özünə əlaltı etməklə, Qaloşlu adama hüsn-təvəccöh göstərməklə bu qaynar, mübariz hərəkətdən yavaş-yavaş qopub aralanmış, bəlkə də özünü bu hərəkətə qarşı qoymuşdur! Öz xudpəsəndlik mərəzi ilə yaşayıb, gözü yan-yörəsini seçməyən Kamilov, indi daha özünü təklənən görürdü. Onun komsomol komitəsi katibi Əhmədova, təbliğat şöbə müdiri Cəlalzadə haqqında dediyi sözlərin Vahidov tərəfindən geriyə qaytarılması, indi də elə bil ki, bir top kimi Kamilovun başına dəyirdi! Bu danışığın son dəqiqələrində Vahidov əlini yelləyərək Zərrintacla bağlanmaqda onu müttəhim etmiş, “dəvə oynayanda qar yağar” demişdi... “Bu dəvə kimdir, bu qar nədir?” – Kamilov öz papirosunu çeynəyə-çeynəyə sümürür, sanki güclü bir qarın başına ələndiyini görürdü. Kamilov düşündükcə gizli, giziltili bir üşütmə onun əsəbiləşən vücudunda atlı qarışqa kimi gəzinirdi. Sanki Kamilov qorxunc bir qızdırma keçirir, ağızdolusu əsnəyib ayılmaq üçün vaxt gözləyirdi... Axı, Kamilov öz ömründə az-çox bərkdən-boşdan çıxmışdı?.. İndi birdən-birə o, tərk-silah olub öz boynunu əyə bilərdimi?.. Kamilov papiros çəkə-çəkə çalxanırdı. – İndi görəsən, Vahidovun kabinetindən əli dəstavüzlü çıxan Əhmədov, bu söhbəti bu şəhərdə kimə, hətta telefonla bütün kəndlərə necə yayacaq, bu danışıq üç mindən yuxarı komsomolun dilində görəsən necə dolanacaqdır?.. Görəsən, hələ bu kabinetdəki deyişmə və bozarışma hansı ucqar kəndlərə çatacaq? Oralarda nələr danışılacaqdır?.. Bəs niyə belə olur?.. – deyə Kamilov özlüyündə axtarış edirdi. – Bəli, onlar mənə qarşıdır, – deyə o, qaşqabağını sallayıb fikirləşirdi. – Üstüörtülü bir narazılıq olsa da, görünür ki, bunların hamısı bu teliburma prokurorun, o Salamatov kimilər haqqında olan qərarları qurdalayıb tərpətməyindən, həbsxananın ağzını açıb elələrini sərbəst buraxmağından, fağır Murtuzov demiş, yorulub usanmadan bu işləri qurcalamağından üzə çıxmışdır?.. “Fili cələyə salmaq olmaz!” – Bu sükut zamanı Kamilovun fikri çözələnib dolanır, papirosundan uzanan boz tüstü içində gəzinirdi. – Bəli, bu bir cələdir!.. Ancaq Kamilov bir fil, bütün bu əhvalatlar da bir cələdirmi?.. Yox, əsla yox!.. – Kamilov papirosunu sümürdükcə, duman kimi boz tüstü onun başı üzərində dolandıqca o öz vəziyyətinin ağırlaşdığını, nəfəsinin təngləşdiyini hiss edirdi. İrəlicə ona elə gəlirdi ki, daha Kamilov barəsində bir dil tərpədib heç bir söz demək olmaz!.. Bəli, lap az qala ki, Kamilovsuz bu dağlara belə gün çıxmazdı?!. Ancaq gör indi iş nə yerə çıxıb ki, yollar belə haçalanıbdır?.. Axı, deyəsən, indi Kamilov, öz sınıq-salxaq dəstəsi ilə sürətlə gedən böyük bir axından qoparılıb bir kənara atılıbdır?! – Kamilov papirosunu çəkə-çəkə dönüb Vahidovun başı üzərindən asılan rayon xəritəsinə baxdı, udqunub özünə bir sual verdi: “Bəs bu neçə ildə mənim burada işim nə olmuşdur?” – Onun qulağına ancaq öz bağırtısı gəlirdi... Hərə bir iş görmüşdür! O isə hey bağırmış, bu bağırtılar içində də bu dağgövdəli adama hamıdan artıq bir iş gördüyünü güman etmişdi. İndi işdən qaçmaq, aralanmaq, bir kənara tullanıb atılmaq qorxusu onun qabağına çıxınca soyuq bir üşütmə keçirir, görürdü ki, o, nəinki qurubyaradan qaynar adamlardan, hətta iş yerlərindən, bu təbiətin özündən belə qopub aralanmışdır!.. Bəs Kamilov bu iş yerlərinə getməmişdirmi? Getmişdir, az da yox, çox getmişdir! Ancaq bəs Kamilov bu iş yerlərində nə etmişdir?.. O, burada bir kəsi dinləmədən söyüb-söylənmiş, çığır-bağır salmış, şişə-şişə, köpə-köpə oradan geriyə dönmüşdü. Kamilov öz gövdəsini xəyali bir sürətlə gözləri qabağından keçirib, sanki özünü olduğu kimi birinci dəfə görürdü. Lakin bu hal Kamilov üçün çox müdhiş görünürdü... Kamilov elə güman edirdi ki, bu həqiqət bir məngənə kimi onu sıxcalayır, bəlkə də onu heç eşitmək istəmirdi!.. – Getməyinə mən getmişəm, bəs necə ola bilər ki, mən Kamilov, heç bir şey etməmişəm?! Heç ola bilməz ki, mən heç bir şey etməyim?! Görünür, bu özü də məni gözügötürməyənlərin, mənim bədxahlarımın sözləridir ki, mənim özümü belə öz gözümdən salmaq istəyirlər?!. “Bağça müdirəsi Zərrintac Sərrafzadə sənin qızın yerindədir!” Azdımı belə cavan gəlin alanlar? “Qocalıqda yorğalıq”, balam, kimə nə? Bu paxıllıq kimin ürəyinə nə azar salıbdır?.. Görün heç bu da bir işdirmi?.. Cavan arvad alanlara, “dəvə oynayanda qar yağar” desən, onda nəinki qışda, yayın qızmar günlərində də göydən gələn ağ papaqlamalar kəsməz!..– Kamilovun fikri xəyal surətinə çevrilir, öz ailəsinə tərəf dönürdü, o düşünürdü. – “Onlar bir neçə aydan sonra yenə də bura yaylağa gələndə mənə nə deyərlər?.. Deməzlərmi ki, baba, bu nə əhvalatdır?.. Bəs mənim qızlarım?.. Bu Zərrintaca onlar nə cür baxarlar?.. Deməzlərmi ki, atacan, niyə bəs, belə?.. Hər nə cür baxsalar, hər nə desələr, qoy onlar bu aləmə göz gəzdirib barmaqlarını qaldırıb göstərsinlər ki, mən təkəm! Bir də günah öz deyingən analarında olub ki, külfəti söküb-dağıdıb, özü də hirs-hikkəsindən torpağa gedibdir... – Kamilovun gözləri Vahidovun stol üstündə açıq qoyduğu “Hophopnaməyə” zilləndi.

194413 dəq
XLVIII

Şəhər kənarındakı klub oğlanla dolmuşdu. Bu gün burada mühazirə olacaqdı. Komsomol komitəsinin katibi Əhmədov bu mühazirəyə qulaq asmaq üçün aktivdən ətraf kəndlərə göndərmiş, komsomolçularla birlikdə başqa gənclər də çağırtdırmışdı. O bu yığıncağı xüsusi səylə təşkil etmişdi. Əhmədov hamının toplandığını görərək salon tərəfdən pilləkən yuxarı səhnəyə qalxıb, stolun arxasına keçdi, əvvəlcə qırmızı örtüyü çəkişdirib onun ora-burasını düzəltdi, dolu su qrafinini ortadan bir kənara qoyub balaca zınqrovu əlinə alıb səsləndirdi:– Yoldaşlar! – deyə komsomol katibi, göz gəzdirib salonun diqqətini topladı, sonra əlini geriyə daranmış şəvə saçlarında gəzdirib səsini ucaltdı: – Bizim bugünkü mühazirəmiz yeni sovet adamının, daha doğrusu, gənclərimizin mənəvi saflığı haqqında olacaqdır!.. Ancaq mən, mühazirədən qabaq sizin bura toplanmağınızdan istifadə edərək, bir müqəddimə kimi, sizə bir neçə kəlmə demək istəyirdim!.. Bizim raykom komsomol, son zamanlar özünə görə bir neçə təşəbbüslər etmiş, gələcəkdə də edəcəkdir. – O, qrafindən stəkana su tökdü, içmədən bir kənara qoyub davam etdi. – Biz məhəlli təsərrüfat şöbəsinin, yəni kommunxozun işinə, mütəşəkkil surətdə, dörd yüz yetmiş nəfər gəncin ongünlük, sabahdan axşama qədər fədakar köməyini düzəldib hov vermişik! Belə ki, stansiya arxını dəhnədən düzəldib, o sıldırım göy qayanı çarpanaq-çarpanaq çapıb, əbədilik daş novu salmışıq ki, su da o nova gəlir! Bizim komsomol da elə bir yoldaş olub ki, Fərhaddan da yaxşı külüng çalıbdır!.. Nədən ki, hər ilin selli baharında bu şəhər ayağı qıjıltılı çay köpüklənib kükrəyir, dağlar aşağı qollu-budaqlı ağacları süpürrəyib gətirir, bu dəhnəni də sil-süpür eləyib Araza aparır... Amma indi əgər bütün Qafqaz dağlarının seli toplanıb bura gəlsə, bu dəhnənin yanından qanadlı bir yel olub ötə bilməz? Niyə? Çünki bizim komsomol ordusu tər töküb zəhmət çəkmişdir! Niyə? Çünki demişik ki yoldaşlar, qoy bizim bu şəhərimizin gecəsi də gündüzü kimi çıraqban olsun!.. Qoy hər bir yandan kəndlər boylanıb bura baxanda görsünlər ki, doğrudan da bizim şəhərin gecəsi necə də çilçıraqban içində parıldaşır!..

194412 dəq
XLIX

Mehman Qaloşlu adamı o qədər də eşitmədən aralandı. Lakin Qaloşlu adamın ağzından çıxan bu qırıq-qırıq sözlərin, kinayəli və istehzalı pıçıltıların müqabilində o özünü ələ ala bilmirdi. Mehmanın ürəyi ömründə birinci dəfə idi ki, belə çapar kimi çapır, ağır-ağır döyünürdü. “Nə üçün bu sözləri eşitməzdən qabaq Qaloşlu adamın başı görünməklə mənim sözlərimin daxili məntiqi elə qırılsın?”. Mehman ağır-ağır düşünürdü. O, qurğuşun kimi ağırlaşan ayaqlarını güclə sürüyürdü. Zil qaranlıq, sanki ayrı bir zəhmlə göydən yerə enirdi. “Ağsaçlı müəllimə. Ağsaçlı, balışa dirsəklənmiş xəstə professor... Ağsaçlı, iztirablı, kədərli ana!.. Mehmanın sözlərinə qüvvət verən, onu hörmətlə dinləyən, boynu piyli, başı yağlı Əbdülqədirə qarşı onu müdafiə edən respublika prokuroru!.. Hələ düz on altı gün bundan qabaq rayon partiya komitəsində Vahidovun onu Kamilovdan müdafiə etməyi... Onun məruzəsini böyük maraqla dinləyən beş yüz nəfərə yaxın gəncin qaynar gözləri!”. Bütün bunlar bir xəyal sürəti ilə Mehmanın təsəvvüründə canlanır, bir-birini təqib edərək tez-tez ötürdü, Mehmanın nəzərində yeni-yeni qanada qalxan bir şahin yerə gəlirdi. Mehman dönüb buludlu göyə, zil, sal qaranlığa baxırdı. Yuxarıda, qaranlıq içində sanki ağ saçlar ağarır, bu adamların simaları heyrət və təəccüb içində görünürdü... Mehman birdən büzüşüb üşütməyə başladı. O, qılçaları qırılmış kimi taqətsiz dayandı.– Mən niyə birdən-birə, – deyə Mehman əlini sinəsinə gətirdi. – Axı nə üçün belə oldu? – Sanki onun atlanan ürəyi yerindən qopmaq, hara isə uçmaq istəyirdi. Birdən Mehman qaranlıq içində səndələyib soyuq divara söykəndi. Uca, qarlı dağlardan başlayıb yavaş-yavaş əsən yel Mehmana əsrarlı bir sərinlik gətirdi... Mehman dayanıb qulaq verdi. Ürəyindən bir səs gəlməyə başlayırdı. – Bu nədir?.. Bu çıqqıltı nədir?

194412 dəq
L

Mehman arxasına baxmadan prokurorluğa tərəf addımladı. Qaloşlu adam lampa işıqları altında Mehmanı bir kölgə kimi təqib etdi... Mehman Qaloşlu adama etina etmədən idarəyə çatdı, cibini əlləşdirib açarı çıxartdı, kassanı açdı, balaca sarı saatı qulağına gətirib onu dinlədi, sonra qaytarıb kassanın bir küncünə atdı, qapını çırpıb bağladı:– Ləkə! – deyə o hikkələnib, məsum bir uşaq kimi, yavaş-yavaş doluxsundu, sonra birdən boğuq-boğuq içində ağladı. – Düzdür, ana, dediyin düz çıxdı, Şəhla xanımın xəmrəsi ayrı cür yoğrulmuşdur... İndi bəs bu rüsvayçılıq ləkəsini necə silmək?.. Bütün bu ağsaçlı adamlara, tay-tuşlara, bütün bu müqəddəs qanunlara hansı üzlə, necə cavab vermək? – Mehmanı ağır kədər bürüdü, sükut içində, sorğu qarşısında dayanan müttəhim kimi, o sakit dayanıb qulaq verdi. Yenə də həmin saat asta-asta çıqqıldayırdı. “Bu harada çıqqıldayır?.. Bu kassadan gərək bir səs çıxmasın?.. Bəs bu səs haradan gəlir?.. Nə üçün bu səs susmur?”

194419 dəq

Başqa şairlərin şeirləri