L
Səhifə 1 / 3
Mehman arxasına baxmadan prokurorluğa tərəf addımladı. Qaloşlu adam lampa işıqları altında Mehmanı bir kölgə kimi təqib etdi... Mehman Qaloşlu adama etina etmədən idarəyə çatdı, cibini əlləşdirib açarı çıxartdı, kassanı açdı, balaca sarı saatı qulağına gətirib onu dinlədi, sonra qaytarıb kassanın bir küncünə atdı, qapını çırpıb bağladı:
– Ləkə! – deyə o hikkələnib, məsum bir uşaq kimi, yavaş-yavaş doluxsundu, sonra birdən boğuq-boğuq içində ağladı. – Düzdür, ana, dediyin düz çıxdı, Şəhla xanımın xəmrəsi ayrı cür yoğrulmuşdur... İndi bəs bu rüsvayçılıq ləkəsini necə silmək?.. Bütün bu ağsaçlı adamlara, tay-tuşlara, bütün bu müqəddəs qanunlara hansı üzlə, necə cavab vermək? – Mehmanı ağır kədər bürüdü, sükut içində, sorğu qarşısında dayanan müttəhim kimi, o sakit dayanıb qulaq verdi. Yenə də həmin saat asta-asta çıqqıldayırdı. “Bu harada çıqqıldayır?.. Bu kassadan gərək bir səs çıxmasın?.. Bəs bu səs haradan gəlir?.. Nə üçün bu səs susmur?”
– Mehman döyüş meydanına qədəm qoyub, müqəddəs amal uğrunda cürətlə çarpışdığı halda sanki onun kürəyinə sarı zəhər suyuna çəkilmiş bir iti xəncər saplanmışdı. Mehmanın vücudu getdikcə düşündükcə ağrı içində gizildəyir, öz namərd ailəsi tərəfindən oxlandığını görürdü, – “Axı, mən ilk dəfə şübhəyə düşdüyüm andan, niyə də dərinə getmədim?..” “Saatı anam gətirib, mən zarafat edirdim”, – deyə Züleyxanın sözünə niyə inandım?
– “Bəs bizdə sat azmıdır, oğul? Mən özüm qız üçün gətirmişdim...”
– Bəs indi kim gətirib, Şəhla xanım?.. Nə üçün axır mən bütün işdə, hər yerdə dərindən-dərinə getdiyim halda, burada dərinə getməmişəm?.. Nə üçün mən yarımkönül bir ailə toruna düşdüm?.. Kimlə, hansı qızla həyatımı qurmaq, hansı ailə ilə bağlanmaq, nə qədər də mürəkkəb imiş! Mən Kamilovla vuruşub Zərrintac Sərrafzadə əleyhinə cinayət işi qaldırdığım halda, gör hələ özüm nə qədər dolaşığa düşmüşəm?.. Ax, namərd Züleyxa!.. Ax, satqın fitrətli Şəhla xanım!.. Şəhla xanım!.. “Barı ana bətnində yenicə çırpınan balana rəhmin gəlsin!”
Yerə sərilmiş Züleyxa ölü sifəti almış, onun bətnində balaca bir vücud səyriməyə başlamışdı. Mehmanın fikri sürətlə dolanır, bir vəziyyətdən başqa bir vəziyyətə düşürdü. Bəlkə, hava çatmadığından, o heç bir şeydən xəbərsiz vücud çırpınır? Bəlkə, o balaca xilqət qara qıvrımsaçlı bir oğlan, yaxud gülbənizli bir qızdır?.. O özü bilmədən nənəsinin tamah dünyası torunda can çəkişdirir? Bir an əvvəl Mehmanın quruyan gözlərində yenidən bir cüt yaş gilələndi... O, anası Xatunun iztirab və həyəcanlarını indi əsl mənasında duymağa başlayırdı... Mehmanın qəlbində doğan övlad məhəbbəti bir qığılcım kimi orada şölələnib yanır, Züleyxaya qarşı olan kin içində öz şüasını boğurdu. – “Ata, bəs mənim təqsirim nədir? – deyə sanki çırpınan körpə dilə gəlirdi. – Gərək sən, necə də olsa, insanlıq naminə, Züleyxaya kömək edəydin!.. Çünki o kömək məni də dardan qurtarardı!.. Özün də bilirdin, mən necə bir dardayam!.. Bax, mənim aldanmış, tora düşmüş bədbəxt anam gör necə yerə sərilmişdir?” Mehman, bax, gör Züleyxa həm özünü, həm də məni bir dara salmışdır”. – Mehmanın qara qıvrım saçları bir-bir dikəlib açıldı, sakit, batıq səslə üzüyuxarı qabardı, burada, sapa bənzər çox nazik ağ liflər göründü. Sanki Mehman cinayət toru içində ağır dəqiqələr keçirən, ana bətnində çırpınan körpəni görür, belə sorğunun içəridən doğub gəldiyini eşidirdi... Cinayət səsi ilə övlad məhəbbətinin mehriban, sarsıdıcı iniltisi bir-birinə qarışırdı... – Bəli, təmiz vicdan! – Mehman yeni dən düşmüş başını kədərli halda yırğalayırdı. – Vicdanı saf saxlamaq, dəhşətli ləkələrdən onu qorumaq gərək! – deyirdi. – İndi bəs nə etmək?.. Əl-qolunu yanına salıb mat-məəttəl dayanmaqmı?.. Bu fitnəkar qurğulara təslim olmaqmı?.. Ya tərpənib hərəkət etməkmi?.. Bu cinayət torlarını açmaq, həyat mübarizəsinin ilk müqəddiməsini yazıb başa çatdırmaqmı? Necə də kör-köhnəlik əl atıb yenilikdən yapışır, ölü diridən qopmaq istəmir?.. Bəs belə olduqda nə etmək? – Mehman əzablar içində əzilir, dərindən nəfəs alır, otaqboyu gəzinirdi.
– Çıxış yolu bəs haradadır? – deyə yenə özlüyündə təkrar edib, birdən o, dik dayandı, xeyli sükutdan sonra: – qanuni hərəkət! – deyə cavab verib addımladı. – Nə özünü, nə də başqasını gizlətmədən qanunun qüdsiyyəti ilə rəftar etmək!.. Bəs o çırpınan körpəyə bir sədəmə toxunarsa, onun qatili kimdir? Köhnə, xəbis dünyanın tamahkar qalığı, Şəhla xanım, sən!.. Qoy olsun, mən bütün bu işi təfsildən yuxarıya yazaram, qoy respublika prokuroru özü aydın bilsin!.. – Mehmanın təzə dən düşmüş qara, qıvrım saçlarında ağ liflər daha açıqca görünməyə başlayırdı... – Sabah rəqiblərin qısa dili uzanacaq, vəzifədən kənar edilmiş, yerində yeni sədr Cabbarzadə əyləşmiş olsa da, yenə də öz ayaqlarını sürüyüb hələ də buradan getməyən, “dişinə qılınc götürən” Kamilov, teleqramı teleqrama calayacaq, bütün aləmi küyləkələklə, tufanla-boranla dolduracaq, çıqqıldayan sarı saat bəlkə də əlbəəl gəzəcək, bir maddi-sübut kimi, pambığa bükülüb kağıza sarınacaq, işlə bərabər hərəkət edəcəkdir!.. – İllər uzunu Mehmanın bəslədiyi arzuları sanki qəfil bir şaxtaya düşür, solğun çiçəklər kimi, boynunu bükürdü...
– Bəs nə etmək? – Mehman özünü ələ almaq üçün eşidilə biləcək dərəcədə yenə də özünə aydın bir sual verdi:
– Özünü itirmədən, qanunun qüdsiyyəti ilə hərəkət etmək! – O özözündən belə aydın cavab aldı. – Bir prokuror kimi, qanun gücü ilə istintaqa başlamaq! Hər şeyi aydın etmək, hər şeyi dərindən-dərinə araşdırmaq!.. Mehman qapıya yanaşıb, bir neçə dəqiqə əvvəl Kamilovun yanından gəlib, özünü yan otağa dürtən müstəntiqi səslədi:
– Murtuzov!..
– Bəli, yoldaş prokuror! – O, səksəkəli cavab verdi. – Bəli, mən buradayam!..
– Məmmədxanın işini buraya gətirin!
Murtuzov qalınlaşmış iş qovluqlarını qucaqlayıb tələm-tələsik gətirdi, onları stolun üstünə tökdü. Sonra o özünü toxtadıb, heç bir qurğuya əl atmamış kimi, Mehmanın qabağında dayanıb gözlərini matmat döydü.
– Əyləşin, Murtuz Murtuzov!..
Murtuzov əyləşdi, Mehman özü hiss etmədən yenə də pərişanlığa gedib, əllərini yavaş-yavaş gətirib qoynuna qoydu:
– Bu qətl işi haraya gedir, Murtuzov?
– Məmmədxanın işinimi buyurursunuz?
– Bəli, qətl işi, Balışın qan işi!..
Murtuz Murtuzov qaşlarını ədabazlıqla dartıb, çox ağır zəhmətlər çəkdiyini öz qəribə hərəkətləri ilə göstərməyə çalışıb:
– Düzü, bütün istintaqın gedişi göstərir ki, – deyə o, təfsili bir izahata girişdi, – yazıq Məmmədxanı nahaq yerə ləkələmək istəyirlər. – Murtuzov əlini qaldırıb üst-üstə qalaqlanmış qalın qovluqların üstünə qoydu.
– Görünür, bu Balış qız lap avaranın biri, bəd əmələ vərdiş edənin əvvəlincisi imiş!.. Bəli, bu qadın görür ki, nəhayət, küll-aləm içində rüsvay olacaq, cəmiyyətin məzəmmətindən qorxub özü özünə qəsd edir, yəni şəxsən intihar edir. – Murtuzov sərbəstcəsinə danışaraq əlini qovluğa çırpdı, öz-özündən razı bir sifət aldı, sanki Mehmanın belə düyünə düşüb dolaşmağından yana, onun içi də gülməyə başlayırdı:
– Bəli, ərz etmək istəyirəm ki, bu çox mürəkkəb məsələ idi... yoldaş prokuror, – Murtuzov öz seyrək qaşlarını dartdı. – Bəli, xoşbəxtlikdən ümumi ədalət naminə, bu iş çox qəribə də açıldı... Başın üçün, yoldaş prokuror, bu həyat təcrübəsi çox böyük bir kəşf imiş! – Murtuzov, prokurorun düyününü daha öz əlinə keçirmiş kimi, gözlənmədən özünü şax tutdu, vacib bir adam kimi sağ əlini daz başına aparıb irəliyə-geriyə gəzdirdi. – Bu neçə ilin içində biz də bir şey əxz edib, bir şey qazanmışıq, – Murtuzov çox yuxarıdan üzüaşağı baxıb çopur burnunu qovluğa tərəf salladı. – Düşürsən istintaqın izinə, baxırsan ki, elə dolaşıb, lap balıq toru kimi... Min düyün bir düyünə calanıb... Çalışırsan, çapalayırsan, adamları dara qısnayırsan, baxırsan ki, hərəsi balıq kimi bir yana şütüyüb quyruğunu əldən çıxarır... Burada da təzədən min-min düyün vurulur.
– Murtuzov gənc adamın hələ də içəridə vurnuxduğunu hiss edir, işi udmuş, sürtük portfelli bir vəkil, yaxud əfsanəyə qapılmış bir əyyaş kimi özündən sökməyə, danışıqlarını bir macəraya çevirməyə başlayırdı.
– Belə, belə ki, baxırsan ki, bu düyün, o düyünə calandı, göz işlədikcə bütün aləm düyünlə doldu... Çirməyirsən yavaşca öz qolunu, götürürsən cırıldayan, gödəkquyruq qələmi, başlayırsan axtarışa bu düyünlərə düşmüş həqiqəti!.. Axtarırsan sağa, axtarırsan sola, bəzən bir il gecəli-gündüzlü əlində fənər qaranlıq dalğaları dolanırsan, dalğalardan-dalğalara, köpüklərdən-köpüklərə keçirsən, axırda ağlagəlməz bir yerdə, bəzən də çox dayaz bir məkanda kələfin ucunu əlinə keçirirsən, başlayırsan yavaş-yavaş çözələməyə... Nəhayət, keçirirsən düyünləri ələ!.. Elə ki yoldaş prokuror, bax, bəri başdan bir düyün açılır, baxırsan ki, o biri başdan düyünlər açılmağa başlayır, hər bir şey də güzgü kimi görünür.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-mehman-l
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qızı Ərmağanın evindən tündməcaz dönən Məmalik xanın qaşqabağı Məhtabanın təsəvvürə gətirdiklərinin, duyub düşündüklərinin çoxunu təsdiq edirdi. Məhtaban nə qədər nəcib hərəkət edib, xanı öz qızının yanına yollamaqda alicənab iş görmüşdüsə, Ərmağan bir o qədər nanəciblik eləmişdi.Məmalik xanın pirani gülçüyə qarşı rəftarı dəyişmişdi. Xan addımbaşı pirani gülçünün üstünə qışqırıb: “Güllərə pis baxırsan, səni qovacağam!” deyə onu təhqir edirdi. Guya xanın gecikən izdivacına gülçü qoca günahkarmış!.. Guya pirani gülçü, qoca xanı vaxtında ayıltmayıbdır, yaşca özündən kiçik olan Məmalikə ağsaqqallıq etməyibdir, onun başına ağıl qoyub, deməyib ki, “Pəhləvan Məhəmmədin yetimçəsidir, indi ki, gətirmisən, beş-üç günlüyə xidmətində saxla, gecənin bir aləmində qolundan tut, at bayıra!..”.
Məhtaban 9Məmalik xan öz əhdinin üstündə durdu. O, doğum günündən iki həftə əvvəl Tehrandan Qacar sarayına yaxın dairədən saçları xınalanmadan, anadangəlmə şabalıdı olan xarici həkim-mamaça dəvət edib, imarətinə gətirtdi.Ərdaha xanı tərəfindən hörmətlə qarşılanan xarici mamaça ilk əvvəl ikicanlı xanımın əhvalını qocadan soruşdu. Məmalik Məhtabanın üzüntülü, ruhi əzablarından xeyli və yana-yana danışdı. Tehrandan toz-torpağa bata-bata gələn mamaça xanım tez-təcili yol libasını dəyişdi, əllərini tər-təmiz yudu, bədənnüma güzgü qabağında dayandı. Xarici xanım şabalıdı saçlarını darayıb, xəstəsinə təsirli görünsün deyə özünü Avropa üsulu ilə artıq səliqə-sahmana salmağa çalışdı. O, xandan izin alıb Məhtabanla tanış oldu, onun əlindən tutub yataq otağına adlatdı. Həkim-mamaça Məhtabanı dinməz-söyləməz tibbi müayinədən keçirtdi. Sonra xarici xanım Məhtabandan firəngcə bir neçə söz soruşdu. Məhtaban dinmədi, fars dilinə keçdi, Məhtaban başını buladı. Onu öz ana dilində dindirincə Məhtabanın cavab verdiyini görüb:
Məhtaban 10Məmalik xanın birbaşa Tehrandan öz xanımının üstünə xarici mamaça gətirmək xəbəri Ərmağanın başında Savalan şimşəyindən də güclü çaxdı. Vücudunda isti cərəyan gəzdi. Bu cərəyan onun qızışan ürəyində qaynadı. Sanki yanar ocağın üstündə qaynayan qazan nəinki buxarlanmağa, hətta od tutub yanmağa, köz rəngi alıb qızarmağa başladı: – Necə xarici xanım, necə firəng həkimi, necə mamaça?”. Ərmağan bilmədi yerin altındadır, ya üstündə!.. Yaxud hava qaranlıqlaşanda, Savalanda ildırımlar oynaşanda həlakular imarətinin külafirəngisindədir? Atası atlanıb gedəndən sonra Ərmağanın ürəyində əmələ gələn yara bir də cırmaqlandı, qanadıldı. Məmalik xanın yeganə qızının gözləri cəllad gözləri kimi ağına qədər qızardı. O, qılınc götürüb kimin boynunu desən vurmağa hazır olan mirqəzəb görkəmini aldı. İndi nəinki Məhtabanı, ya onun bətnindəki körpəni öz qanına qəltan etmək, lap qoca Məmalikin də boynunu vurmaq Ərmağandan ötrü bir qurtum su içmək kimi asan bir şeydi. Yalnız onda Ərmağan xanımın alovlanan ürəyi sərinlərdi: “Necə yəni o boyda Ərdaha xanlığını öz əlindən çıxarmaq?! Necə yəni Məmalik mülkündə Ərmağan xan olmamaq, bütün Ərdaha mülkünü Pəhləvan Məhəmmədin yetimçəsi Məhtabanın düzdən-əyridən düzəldib meydana qoyduğu varisinə vermək?! Bu, heç ola bilərmi?! Əsla!..”.Ərmağan xanımın başında oynayan şimşək sanki Savalan dağının zirvəsində oynayan şimşəyə qarışırdı, Ərmağan arada bir Savalana baxır, xanlara bəla kəsilən, onların təbirincə “qaçaq-quldur” məskəni sayılan Savalan heç də mirqəzəbə çevrilən xanıma havadar durmurdu. Əksinə öz üsyançıları ilə Ərmağana düşmən kəsilirdi. Dağın zirvəsində çaxan şimşəklər Savalan ətəklərini tutur, geniş düzənləri, Həlaku, Məmalik torpağını əhatə edirdi. Ərmağan xanım dəli olmaq dərəcəsinə gəlir, öz-özünə söylənirdi:
Məhtaban 11Xarici xanım ərköyünlüklə xan imarətində dolanır, heç də əndərunbirunun qayda-qanununu tanımaq istəmirdi. O, üzünə salıb arada Məhtabanı da özü ilə əndərun bağçasına endirirdi. Xarici xanım əndərunda olanda qoca gülçü ilə hey zarafatlaşıb əylənirdi. O, qocadan becərdiyi qızıl güllərin növünü soruşur, ağ əllərinə tikan batmasın deyə dəri əlcək geyib, xoşladığı güldən öz balaca qayçısı ilə kəsib dəstə düzəldirdi. Əlvan güllərin ətri bir-birinə qarışır, xarici xanım məst olunca qoxulayır, sonra da Məhtabanın burnuna tuturdu:– Xanım, qoxulayın, ciyərləriniz üçün faydalıdır! – deyirdi.