Məmalik xanın birbaşa Tehrandan öz xanımının üstünə xarici mamaça gətirmək xəbəri Ərmağanın başında Savalan şimşəyindən də güclü çaxdı. Vücudunda isti cərəyan gəzdi. Bu cərəyan onun qızışan ürəyində qaynadı. Sanki yanar ocağın üstündə qaynayan qazan nəinki buxarlanmağa, hətta od tutub yanmağa, köz rəngi alıb qızarmağa başladı: – Necə xarici xanım, necə firəng həkimi, necə mamaça?”. Ərmağan bilmədi yerin altındadır, ya üstündə!.. Yaxud hava qaranlıqlaşanda, Savalanda ildırımlar oynaşanda həlakular imarətinin külafirəngisindədir? Atası atlanıb gedəndən sonra Ərmağanın ürəyində əmələ gələn yara bir də cırmaqlandı, qanadıldı. Məmalik xanın yeganə qızının gözləri cəllad gözləri kimi ağına qədər qızardı. O, qılınc götürüb kimin boynunu desən vurmağa hazır olan mirqəzəb görkəmini aldı. İndi nəinki Məhtabanı, ya onun bətnindəki körpəni öz qanına qəltan etmək, lap qoca Məmalikin də boynunu vurmaq Ərmağandan ötrü bir qurtum su içmək kimi asan bir şeydi. Yalnız onda Ərmağan xanımın alovlanan ürəyi sərinlərdi: “Necə yəni o boyda Ərdaha xanlığını öz əlindən çıxarmaq?! Necə yəni Məmalik mülkündə Ərmağan xan olmamaq, bütün Ərdaha mülkünü Pəhləvan Məhəmmədin yetimçəsi Məhtabanın düzdən-əyridən düzəldib meydana qoyduğu varisinə vermək?! Bu, heç ola bilərmi?! Əsla!..”.

Ərmağan xanımın başında oynayan şimşək sanki Savalan dağının zirvəsində oynayan şimşəyə qarışırdı, Ərmağan arada bir Savalana baxır, xanlara bəla kəsilən, onların təbirincə “qaçaq-quldur” məskəni sayılan Savalan heç də mirqəzəbə çevrilən xanıma havadar durmurdu. Əksinə öz üsyançıları ilə Ərmağana düşmən kəsilirdi. Dağın zirvəsində çaxan şimşəklər Savalan ətəklərini tutur, geniş düzənləri, Həlaku, Məmalik torpağını əhatə edirdi. Ərmağan xanım dəli olmaq dərəcəsinə gəlir, öz-özünə söylənirdi:

– “İldırım olmasın, şimşək çaxmasın, lap bütün dünyanı od-alov tutsun, mən Məmalik mülkünü tutmalıyam! Mən Məmalik ərazisinin bir qarış torpağını belə heç bir varisə verməməliyəm! Yetmiş yaşında qocadan nə varis, necə varis, hansı varis?.. Çoban-çoluqdan, gədə-güdədən özünə varis düzəltmək, səfil-sərgərdan yetimçəni ulu xan qızı Sərəncamın yatağında yatırtmaq, firəng mamaçasını Tehrandan, Qacar sarayının qulağının dibindən çağırmaq, indidən mötəbər şahid düzəltmək ki, Məmalik mülkünün varisi vardır! Qoca tülkünün uzaqgörən fəndgirliyinə baxın! Mən neçə kərə demişəm ki, sən Sərəncam xanımın otağına başqa bir ləçərin qədəm qoymasına cürət edə bilməzsən, qoca! Neçə kərə bəbəyinin içinə söyləmişəm ki, kişi, daha, sənin ələyin ələnib, xəlbirin göydə fırlanır, izdivac iştiyaqına düşüb, aləmi bizə güldürmə. Olan-olmaz beş-üç ilini şərəflə başa vur, abırla öl! Yoxsa əpriyən, titrəyən, bir fincan qəhvəni düz-əməlli dodaqlarına gətirə bilməyən, səpələyib süfrəyə tökən vaxtında ayağa durub oynama! Başına ağıl qoyanda, sözün düzünü üzünə deyəndə atına minib gədələrinlə qaçırsan?! Ola bilməz, sənin varis niyyətin baş tutmaz! Kaftar!.. Sən qoca Məmalik heç kəsə, heç vaxt sübut edə bilməzsən ki, bu oğlan Məmalikdir, mülk bunundur! Sən gərək biləsən ki, fədai yetimçəsindən vücuda gətirilən, Savalandan gələn qaçaq-quldurun pünhani-vücuda gətirdiyi vərəsədən sənə varis ola bilməz!

Firəng mamaçası! Yaxşısı bu idi ki, sən qocalıb əldən düşən çağında özün üçün həkim çağıra idin! O, həkim də səni təpədən dırmağacan müayinə edib həbb-səlatin verəydi ki, daha təngişən nəfəsin əzab-əziyyətlə çiyinlərindən çıxmayaydı! Daha nəinki belə gülünc təvəllüd üçün dava-dərman alaydın! Görünür, bunların hamısı sabahkı məhkəmə üçün sənəd-sübut düzəltmək, gorbagor olandan sonra bizim üçün cəncəl varis qoymaqdan ötrüdür!.. Ay oldu ha!.. Özün öləsən, Məmalik xan! Ay baş tutdu ha!..”

Ərmağan xanım otağına döndü, qapıları bağladı, lampaları yandırmadan polad sandıqçanı açıb bəzəkli mücrünü çıxartdı. O, qızıl qiymətinə əldə etdiyi zəhər dolu şüşəni yoxladı. Şüşə sopsoyuq idi. Şüşə Ərmağanın odlu barmaqlarında buza dönürdü. – Bu zəhərlə Məmaliki oyanlıq etmək olarmı? Aqibəti necə olar?.. O dünyada cəhənnəm odu məni yandırsa, nə təhər olar?.. Bu sirr qiyamətdə açılsa, nə cavab verərəm?.. Deməzlərmi ata qatili Ərmağan?! Qoy desinlər! Qoy cəhənnəmin zəbanə çəkən alovlarını təmamən mənim üstümə çevirsinlər, yandırıb külümü çıxarsınlar. Sonra külümdən vücudumu düzəldib, bir də təzədən yandırsınlar. Mən yenə məqsədimdən dönməyəcəyəm. Bəli, mən ata qatili olacağam!..

Ərmağan xanım soyuq şüşəni əlləri titrəyə-titrəyə pambığa büküb mücrüyə, atasının bəxş etdiyi daş-qaşın içinə qoydu. O, şüşəni elə ehmalla qoydu ki, heç səs-səmir çıxmadı. Lakin qulaqlarına səs gəldi. Sanki şüşəni daş-qaşa toxundurdu, şüşə sındı, zəhər səpələnib daş-qaşa çiləndi. Ərmağan əyilib axtardı.Pambığa bükülü kiçicik şüşəni götürdü, dönə-dönə əlində yoxladı, bozaran pəncərəyə tutub diqqətlə şüşəyə, şüşənin içinə baxdı. Az qala gözlərinə inanmadı, əlinə də etibar etmədi. Dönüb kibrit çəkdi, küncdə, dəyirmi stolun üstündəki lampanı yandırdı. Pəncərənin pərdələrini çəkdi. Avropa səyahəti zamanı hər ehtiyata qarşı əczaçıdan beş özü ağırlığında qızıla əldə etdiyi zəhər şüşəsini asta-asta tərpətdi, çalxadı, zəhər damcıları – əfi ilan zəhərində də artıq çürüdüb tökməyə amadə olan damlalar aralandı, lampa işığında zəhərli əfi görkəmi aldı. Deməli, qoca Məmalik zəhərlənmişdir! Onda Ərmağan gözə kül üfürmək üçün sıx saçlarını yolub, Məhtabanı günahkar tutar ki, sənin Savalan adlı aşnan, ya Savalan ot-əncirindən yığıb-qaynadıb, zəhər düzəldib, şüşəyə tutub gətiribdir, ya da aran ətəklərində əfi ilan öldürüb zəhər damlalarını sənə çatdırıb ki, məzlum Məmaliki tezbazar edəsən. Elə bəri başdan mülkü öz oğlunun adına keçirəsən, Savalan dağında gizlənən Savalanı da özünə xəlvəti xidmətkar götürəsən, barigahda eyş-işrətə baxasan! Olmaz, əsla ola bilməz!.. Ərmağan ölməyincə, onun qəbrinin üstünə yekə sal qaya qoyulmayınca, üstündə uca günbəz qaldırılmayınca, günbəzin kəlləsində kollar bitməyincə sənin doğduğundan Məmalik mülkünə varis ola bilməz! Elə bu zəhəri də mən özüm sizə içirəcəyəm!..

Ərmağan əlindəki şüşəni qəzəblə silkələyəndə şüşə oynadı, lampa cilik-cilik oldu, qalxan alovu Ərmağan payəndaz palazla boğdu, bayırda odlu şimşək çaxdı, güclü gurşad yağışda işıq pərdələrdən içəri keçdi, otaqda közə bənzər dil gəzdi. Ərmağan bütöv bir dünyanı başlıbütünlü itirmiş kimi, pərt olub çöl tərəfə qulaq verdi. Yağışdır, elə yağışdır ki, ucundan tut, göyə çıx! Ərmağan əlinin içində kibrit yandırdı. Guya kibrit yağışa düşəcək, yanmayacaqdı! Ərmağan başqa lampanı yandırdı. Dəyirmi stolun yerə sürüşən, neftə bulaşan örtüyünü götürdü. Zəhərli şüşə qırıntılarını burnuna apardı. Zəhərin zəhmindən yenə də Ərmağanın gözlərinə qan çiləndi:

“Xudaya, sən mənim yolumu bağlamaqmı istəyirsən? – Ərmağan daha da qəzəbləndi. Deməli, xudaya, sən istəmirsən ki, mən ata qatili olam? Bilmirəm hansı haqla sən haqsızlıq tərəfində durursan!”. Ərmağan dəhşətə gəldi. Sanki etdiyi cinayətin izini itirmək məqsədi ilə zəhərli şüşənin qırıntılarını bircə-bircə yığdı, ayrı bir parçada düyünçələyib bağladı. “Bəlkə bu şüşə qırıntılarını yuyub təbəxxürdən keçirib yenə də zəhər damcıları düzəltmək mümkün oldu?”. Ərmağan qapını açıb qaravaşı çağırdı:

– Qız Xədicə.

– Bəli, xanım!

– Ay qız, karsan?

– Eşidirəm, xanım!..

– Pədərsüxtə bura gəl!

– Bə çeşm, xanım!

Xədicə gələn kimi Ərmağan onun saçlarından yapışdı:

– Nə vaxtacan sənin işini görəcəyəm?.. Nə vaxtacan sənin əvəzində şüşə silib, lampa yandıracağam?

– Xanım, toran qovuşanda, şimşəklər çaxanda mən gəldim, qapı bağlı idi!

– Döyə bilməzdin qapını?! Dəqqilbab edə bilməzdin?..

– Xanım, dəqqilbab etdim, eşitmədiniz!

Ərmağan xadimə qızın saçından çəkib ayaqları altına saldı. Savalan kəndlərində dəli inək balasını ayaqlayan kimi, Ərmağan da on beş yaşlı nərmə-nazik qızı ayaqladı, onun qol-qabırğasını qırdı. Sanki o, Məhəmməd qızı Məhtabanı əzib-əzişdirdi. Bir azdan bu inilti-zarıltıyla Tehrandan, zabitlik danişgədəsindən yenicə yay tətilinə gələn Ərşad xan içəri girdi. O, anası ilə ötən küsülülüyü aradan götürmək məqsədi ilə qızın üstünə düşdü. Üç gün əvvəl zorladığı “sirri açsan, dilini dibindən kəsərəm!” – dediyi Xədicənin sümüklərini xurd-xəşil etdi. Ərmağan oğlunu dindirmədi. Ancaq Ərşad ölümcül xadimənin qolundan tutub otaqdan sürüdü:

– Qəm yemə, ana, – deyə o, təkəbbüranə nəzərlə güclə nəfəs alan Xədicəni süzdü. – Ölsə, elə gecə ikən izini itirərik! Nə babam bilər, nə də atam!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XI

Şükranın ölüm xəbəri ildırım itiliyilə hər yana, Göyən oymaqlarının hər yerinə yayıldı. Eşidən, bilən dizinə döydü. Hamı yanıb-yaxıldı. Yaylağa qalxmayıb Göylər oymağında qalanlar çox tezcə Göyalı ilə Qaratelin görünməzin müsibətinə şərik oldular. Onlar Göyalı külfətinə qarışdılar, uşaqlı-böyüklü qara daşın dibinə tərəf axışdılar. Yelqanadlı, ağçuxalı, gümüş xəncərli, qırmızı məsli Şükranı yerdə sərili gördülər. Şükranın papağı kənara düşmüş, ancaq onun şəvə saçları səliqəsini pozmamışdı. Şükranın anası Qaratel oğlunun bir kənara düşən təpəsi güləbətinli ağ papağını götürüb bağrına basdı, sonra da papağı oğlunun sinəsinə atıb öz qırışıq üzündə sağ-islahat qoymadı. Ağqoyunluların adətincə ərgən igid öləndə anası üzünü öz dırnaqlarıyla didişdirməli idi. Ancaq Qaratel üzünü didişdirməklə qalmadı. O, sifətini sivirib sinəsinə tökdü. Haraya yetirən bacının heç biri bədbəxt anadan geriyə qalmadı. Bir an içində onlar öz gözəlliklərini tək qardaşlarına qurban verdilər. Göyalının oğlan, qız nəvələri, ucaboylu-ucaboylu yeznələri də bir-birinə qarışdı. Göyalı özü bir an içində büküldü, kişinin beli doqqalandı. Kəmfürsət qocalıq öz qılıncını çəkib kişinin boynuna qoydu. Şükranın ölümü xoşbəxt ailəni birdən-birə bədbəxtliyə düçar edib, yetimləşdirdi. Başqaları da yetimləşən külfətə qoşuldu. Elə bil ki, hamının bir tək oğlu, ya qardaşı qəflətən öldürülmüşdü. Bu hadisə bir tək Göyalı ailəsi üçün deyil, bütünlüklə Göyən obaları, Ağqoyunlu eli üçün bir müsibət kimi səslənməyə başladı. Ağqoyunluların aranı, dağı az müddət ərzində bir-birinə dəydi. Ayağı yer tutan yola düşdü. At-dəvə belinə qalxan daşlanıb Göylər kəndinə gəlməyə başladı.Qara daşın dibindən götürülən, Göyalının eyvanında qoyulan Şükranın cənazəsi dövrələndi, dam-daş əhatə olundu. Adamlar çoxaldıqca dalğa-dalğa genişləndi, baş-başa verən, çeşmə üstündə ucalan qollu-qanadlı çinarların altı adamlarla doldu. Başbilən Ağqoyunlu ağsaqqalları uşaq kimi ağlaşdılar. Öz ömürlərində çox toy və yas görən kişilər belə tablamayıb, hönkürüb hönkürüşdülər. Hər tərəfdən dəstələnib gələn qara geyimli ağıçı arvadların ağıları sümükləri sızıldatdı. Ağıçılar hələ də üzünə qara yaylıq çəkilməyən Şükranı bir qəhrəman igid kimi oxşadılar. Onlar nəinki indiyə qədər el içində yaranan ağıları yaraşdırdılar, özləri də Şükranı oxşayan ağılardan qoşdular, ağladılar. Axı, heç kəs Şükranın öz Ulduzunun belindən belə yarımçıq yerə salınmasına qıymırdı. Yaxın da, uzaq da Şükrana ürəkdən göynəyirdi, ürəkdən sızlayıb, ürəkdən ağlayırdı.

7 dəq
XII

Yuxarı dağlardan yük-yük buz gətirdilər, Şükranın dəfni Ağqoyunlu adətinin ziddinə olaraq üçüncü günə saxlanıldı. Nə Göyalı ailəsi, nə də Ağqoyunlu eli bu gözəl-göyçəklikdə oğlanı tezcə torpağa tapşırmaq istəyirdi.Alnından axan qana baxmayaraq, sanki Şükran həyata dönmək üçün yuxuya getmişdi. Baxan adama elə gəlirdi ki, Şükran ayılacaq, ayağa duran kimi gözlərini silə-silə Ulduzu soruşacaq, əhvalatı eşidincə Ulduzun əfv olunmasını diləyəcəkdir: “Hər nə olubsa, keçibdir” – deyə bu ağır cinayətin üstündən ötəcəkdir... Axı, adətə görə ağqoyunlularda doğruçu dostlar bir-birinin yolunda başlarından keçmişdilər. Dost dostu düşmən girinə verməmək üçün ölümə getmişdir. Şükranla Ulduz da belə dostlardan deyildilərmi? Heç bir kəs təfsilatı bilməsə də, Şükran bilməmiş olmazdı və doğrudan da bilmişdi, necə də qara mozalan bu aranı qarışdırdı, necə də o öz qəsdinə çatmaq üçün Ulduzu acıda-acıda özündən çıxardı, Şükranın özünü də belə qəzəbləndirdi. Axı mozalan qəsdən çovurdu, öz qəsdinə görə Ulduzun dəmir nallı təpiyini Şükrana tuş elədi. Özü də Ulduzun bu hərəkəti çox yamanca bir müsibət gətirdi. Elə bil ki, qəflətən ox kamanından çıxdı, qardaşın oxu qardaşın ürəyindən keçdi.

7 dəq
XIII

Axı Şükranın ölümü heç də adi ölüm deyildi. Bu müsibət idi, faciə idi, qəhrəman ölümü idi. Şükranın qəhrəmanlığı yol kəsənlikdən, baş kəsənlikdən, basqın etməkdən, qan tökməkdən ibarət deyildi. Şükranın qəhrəmanlığı tamam xeyirxah, nəcib insan qəhrəmanlığı idi. Şükran at ötüşlərində, cıdır çapışlarında ardınca ağçuxalılar, ulduz atlılar dəstələri gətirməkdə, toy-nağaranı gücləndirməkdə, Göyən yallılarını genişləndirməkdə birinci idi, başbilən idi, başçı idi! Şükran öz hərəkəti, öz rəftarı, öz cəsarəti və çevikliyi ilə adamları yaxşılığa, bir-birini sevməyə səsləyən insanpərvər idi, insan idi. Şükranda yaxşılıqdan istənilən qədər tapmaq mümkün olduğu halda, onun pisliyindən, pis əməllərindən heç bir, cüzi də olsa, tapmaq mümkün deyildi, çünki Şükran pis olmamışdı, heç kəsə də pislik etməmişdi. O vaxt at ötüşlərində möcüzələr göstərən Şükrana el-oba mərhəba deyirdi, Sevgili də gəlinbacısı ilə Şükranla toy etməkdən danışırdı, sevinirdi, yerə-göyə sığmırdı.Bəs indi? İndi ulu Tanrı gör nə edibdir? Qara libasa qərq olan Sevgili indi nə deyirdi? Sevgilinin qonşusu həmin gəlinbacı – oğlunu Şükranın özü qucağına alan, Ulduzun belinə qaldırılıb gəzdirilən Gülnaz nə deyirdi? O, Şükranın matəminə heyifsilənə-heyifsilənə gəlməmişdimi? Bəli, heyifsilənməkdən artıq yana-yana gəlmişdi. Gülnaz oxu daşa dəyən Sevgilinin nə çəkdiyini bilirdi. Sevgili tək bircə kəlmə də olsa Şükranla kəsməmişdi. İndi tabutda uzanan, yanlarına buz yığılan Şükranı nə dindirmək, nə də ona Sevgili barəsində bir işarə etmək olardı! Misilsiz şuxluq və cəsarət, çevikliklə Ulduzun belində oynayan oğlana indi nə söyləmək olardı? Sevgili ürəyindən keçirirdi: “Mən qara saçlarımı ağ hörəcəyəm! – deyə and içirdi. – Heç bir yana getməyəcəyəm, heç bir oğlanın üzünə baxmayacağam. Mən səni sevmişdim, Şükran! Yenə, torpaqda da səni sevəcəyəm. Sən öz sevgini qurd ağızlı torpağa apardığın kimi, mən də öz sevgimi elə bu torpağa aparacağam!”

2 dəq
XIV

Bəli, xeyirxah bir qəhrəman, nəcib bir insan ölmüşdür. Bu insanlar nəinki Şükranı sevirdi, onun Ulduzunu – atını da sevirdilər. Ən böyük müsibətə düçar olan Ulduz da heç bir insandan az olmayaraq qəhrəman süvarisini sevirdi. İndi də söz səhvinə – xətasına, keçilməz – bağışlanmaz günahına görə özünə yer tapa bilmirdi, tapmırdı.Qaralıb qara geydiyinə, qara rəng aldığına görə başqaları onu tanımasa da, o özünü tanıyırdı. Şükransız keçən dəqiqələrinin necə də ölümdən də əzablı olduğunu o özü əcəbcə bilirdi. Kim Ulduzu hər necə-dilbilməz, ağlı işləməz bir heyvan saysa da, Ulduz özünə görə dil də bilirdi, özünə görə ağlı da kəsirdi. İndi o, Şükransız özünü dolandıra bilmir, saxlaya bilmirdi. İnsan kimi, bəlkə insandan da artıq kədərlənirdi. Yemirdi, içmirdi, kənar-kəsmə gəzirdi, gözlərindən qanlı yaş tökməyində davam edirdi. Şükranın taleyi elə oldu, Sevgilinin də taleyi belə. Bəs Ulduzun taleyi necə? Onunla onun taleyi ilə, Şükransız keçən dəqiqələri ilə maraqlanan, bu atın halına yanan var idimi? Xeyr, yox idi! Ulduz at idi, özü də necə bir at! Qatil at! Onun nə taleyi! Ələ keçincə onu öldürmək, uğursuz Ulduzu dərinlərdə basdırmaq, üstəlik, bu Ulduzu ağqoyunlulara tərəf ötürən, başına sovuşduran adamlara divan tutmaq gərəkdi. Bu qədər! Daha başqa qədəri yox idi.

4 dəq

Başqa şairlərin şeirləri