XIII
Axı Şükranın ölümü heç də adi ölüm deyildi. Bu müsibət idi, faciə idi, qəhrəman ölümü idi. Şükranın qəhrəmanlığı yol kəsənlikdən, baş kəsənlikdən, basqın etməkdən, qan tökməkdən ibarət deyildi. Şükranın qəhrəmanlığı tamam xeyirxah, nəcib insan qəhrəmanlığı idi. Şükran at ötüşlərində, cıdır çapışlarında ardınca ağçuxalılar, ulduz atlılar dəstələri gətirməkdə, toy-nağaranı gücləndirməkdə, Göyən yallılarını genişləndirməkdə birinci idi, başbilən idi, başçı idi! Şükran öz hərəkəti, öz rəftarı, öz cəsarəti və çevikliyi ilə adamları yaxşılığa, bir-birini sevməyə səsləyən insanpərvər idi, insan idi. Şükranda yaxşılıqdan istənilən qədər tapmaq mümkün olduğu halda, onun pisliyindən, pis əməllərindən heç bir, cüzi də olsa, tapmaq mümkün deyildi, çünki Şükran pis olmamışdı, heç kəsə də pislik etməmişdi. O vaxt at ötüşlərində möcüzələr göstərən Şükrana el-oba mərhəba deyirdi, Sevgili də gəlinbacısı ilə Şükranla toy etməkdən danışırdı, sevinirdi, yerə-göyə sığmırdı.
Bəs indi? İndi ulu Tanrı gör nə edibdir? Qara libasa qərq olan Sevgili indi nə deyirdi? Sevgilinin qonşusu həmin gəlinbacı – oğlunu Şükranın özü qucağına alan, Ulduzun belinə qaldırılıb gəzdirilən Gülnaz nə deyirdi? O, Şükranın matəminə heyifsilənə-heyifsilənə gəlməmişdimi? Bəli, heyifsilənməkdən artıq yana-yana gəlmişdi. Gülnaz oxu daşa dəyən Sevgilinin nə çəkdiyini bilirdi. Sevgili tək bircə kəlmə də olsa Şükranla kəsməmişdi. İndi tabutda uzanan, yanlarına buz yığılan Şükranı nə dindirmək, nə də ona Sevgili barəsində bir işarə etmək olardı! Misilsiz şuxluq və cəsarət, çevikliklə Ulduzun belində oynayan oğlana indi nə söyləmək olardı? Sevgili ürəyindən keçirirdi: “Mən qara saçlarımı ağ hörəcəyəm! – deyə and içirdi. – Heç bir yana getməyəcəyəm, heç bir oğlanın üzünə baxmayacağam. Mən səni sevmişdim, Şükran! Yenə, torpaqda da səni sevəcəyəm. Sən öz sevgini qurd ağızlı torpağa apardığın kimi, mən də öz sevgimi elə bu torpağa aparacağam!”
Hər kəs Ulduzu qarğısa da Sevgili Elşad qızı Ulduzu qarğımırdı. Qarğıya bilmirdi. O, anlaşılmaz müəmma içində idi. Nədən ki, Sevgili Ulduzsuz Şükranı, Şükransız da Ulduzu təsəvvürünə gətirə bilmirdi. Sevgili öz kədərli hisslərilə baş verən hansı bir qara qəsdi isə göz yaşları arasından görürdü. Qara mozalanı göz qabağına gətirə bilməsə də, böyük bir müsibət baş verdiyini, qara nəfəsin onların açılmayan sevgisini necə qaraltdığını duyurdu.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-kesilmeyen-kisnerti-xiii
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ərmağan belə cəza-fəza ilə meşin cildli Qurana dönə-dönə qəsəm qılandan sonra Məhəmməd qızı Məhtabanın dəruni dünyasında təzadlı çarpışmalar başladı. “Görünür Ərmağan xanım öz qoca atasını həlakular evində təhqir etməkdən peşman olubdur!.. Ərmağan tövbə edib öz bihədd günahını yumaq qərarına gəlibdir? Yoxsa ayrı cürə Ərmağan xanım hansı cəsarətlə Allah göndərən Qurana əl basıb, qəsəm qıla bilər, öz peşmançılığını bildirib, odlu göz yaşlarını sel kimi yanaqlarına axıda bilərdi? Əgər Ərmağan riyakarlıqla Quranı qəsəm qılıbsa, ürəyində bir, dilində başqa adam olubsa, deməli, onun cəzasını Allah özü verəcək, Qurana yalandan qəsəm qılan oğrular sayağında kömür kimi qaralacaq, bir cəhənnəmlik kimi torpağa gömülüb, qəbiristanlığın qırağında məluna qəbrini qabardacaqdır!..”.Məhtaban Məhəmməd qızı bismillahla başlanan əqdnamənin, qart-qalın kəbin kağızının sehrli tilsiminə düşüb, xan evində bunca ruhi əzab-əziyyətə məruz qaldığı halda, Ərmağan xanım hansı ağızla yalandan Qurana qəsəm qılıb, məkr yolunu tuta bilər, iblis olduğu halda, Allahın müqabilində mələk donunda gizlənə bilər? – deyən Məhtaban belə qənaətə gəldi ki, daha onların övladı deyəsən amandadır! – İndi hər bir vəchlə Məhtaban özünü iştibah girdabından çıxarmağa cəhd etməlidir! Demək, Ərmağan tərəfindən nə ana, nə də körpəsinə zaval toxuna bilməz! Əgər içəri açarı əlinə alan Ərmağan xanım körpəyə zaval toxundurmaq qəsdinə dolarsa, onda Allahın ecazı ilə əlləri quruyar, ayaqları şil-şikəst, gözləri kor, qulaqları da kar olar! Hələ dili də tutulub, nitqi də batar! Təbarək-təala görk üçün Ərmağan Həlakunu icmaya göstərib deyər ki: bəs yalandan mənim Quranıma qəsəm qılanın aqibəti bilin, belə olur!..”.
Məhtaban 21Ərmağan xanım özünü kücürləyib, Allaha asi kəsilib hiyləgərcəsinə Qurana qəsəm qılsa da, heç bir vəchlə daxilən sakitləşə bilmirdi. O, iki daşqın, bulanlıq çayın arasında qaldığını görürdü. Ərmağan üçün öz niyyətini yerinə yetirmək, qoca Məmalikin oğul varisindən məhrum etmək xeyli müəmmalı görünürdü! Əgər Ərmağan öz atasını oğul varisindən məhrum edərdisə, Məmalik sicillisi yer üzündən silinər, mülkü də dədə-baba düşməni həlakular torpağına qarışardı! Belə olduqda həlakular sicillisi, yəni Ərmağanın öz Ərşad-Gurşadı və İldırım-Şümşadı vahid xanlığa varis olardılar...Əgər Ərmağan atasını Məhtaban doğan oğul varisindən məhrum etməzdisə, onda fədai qızından doğulan ögey varis yavaş-yavaş qalxar, atasının əmlak-əmvalına sahib durar, bəlkə də ögey anadan olan qardaş nə ögey bacısını, nə də onun Ərşad-Gurşadını və İldırım-Şümşadını öz dövrəsinə qoyardı?.. O nə ögey bacısına, nə də ögey bacısının oğlanlarına ürək qızdırar, onlara məmaliklərin dədə-baba düşməni həlakular kimi baxardı!.. Hələ bəlkə üstəlik anası Məhəmməd qızı Məhtaban xanımın fitvası ilə əzəlkilərdən artıq düşmənçiliyə başlayıb, həlakuların üstünə qanlı-qovğalı qoşun da çəkərdi. Onda üstü qaysaqlanan dərin yara açılar, köhnə ədavət təzələnər, qanlı qovğadan Ərmağanın oğlanlarından – birincisi Ərşad, ikincisi Gurşad, üçüncüsü İldırım, dördüncüsü Şümşad qanlarına qəltan edilərdilər?!
Məhtaban 22Ərmağan Həlaku, öz cinayətkar əməliyyatını başa çatdırıb, tələsik addımlarla güllüyə düşər-düşməz, başqa otaqlarda səliqə-sahman yaradan Məhtabanın ürəyi iynələnən kimi sancdı. Məhtaban səndələyincə, divara söykəndi, xan imarəti onun gözündə zülmət zindana çevrildi. “Xudaya, bu nə haldır məndə?” – deyə gözləri qaraldı. Məhtaban divardan tuta-tuta yeriyib oğlunu yatırtdığı otağın qapısını ehmallıca açdı. İçəriyə qulaq verdi. Səs-səmir yox idi. O, istədi beşiyin örtüyünü qaldırsın, ancaq nə isə qaldırmadı, daha düzü, titrəyən əli gəlmədi.Məhtaban bilmədi bu hal uşağı ayıltmağa qıymamaqdandırmı, yaxud onun öz mübhəm xofundan? Məhtaban ömründə görmədiyi ən ağır hal keçirincə, qayıdıb güc-bəla çarpayısına sərildi. Onun soyuyan sifəti ilin bütün fəsillərində Savalan dağının zirvələrində üst-üstə qalaqlanan qardan da betər ağarıb göyərdi. Sonra da tədriclə saraldı. Məhtaban bihuş halında əllərini yana sərib, ağır-ağır nəfəsini dərdi...
Məhtaban 23Sübhün gözü açılmadan kəndlərə çıxan, yenə də rəncbər-rəiyyətlə rəhmdilliklə rəftar edən, əlillərə ehsan paylayan Məmalik xan da ürəyinin Məhtabanın ürəyi kimi birdən eyni an içində sancdığını hiss edincə, atının belinə qalxıb üstünün süvariləri ilə dinməz-söyləməz geri döndü, göydəki gün əyilər-əyilməz, özünü bərigahına yetirdi. Xan atından düşüb birbaş Məhtabanın otağına qalxdı, onun ölü düşdüyünü görüb, heyrət etdi:– Sənə nə bəla üz veribdir, qız?