Səhifə 1 / 2

Ərmağan belə cəza-fəza ilə meşin cildli Qurana dönə-dönə qəsəm qılandan sonra Məhəmməd qızı Məhtabanın dəruni dünyasında təzadlı çarpışmalar başladı. “Görünür Ərmağan xanım öz qoca atasını həlakular evində təhqir etməkdən peşman olubdur!.. Ərmağan tövbə edib öz bihədd günahını yumaq qərarına gəlibdir? Yoxsa ayrı cürə Ərmağan xanım hansı cəsarətlə Allah göndərən Qurana əl basıb, qəsəm qıla bilər, öz peşmançılığını bildirib, odlu göz yaşlarını sel kimi yanaqlarına axıda bilərdi? Əgər Ərmağan riyakarlıqla Quranı qəsəm qılıbsa, ürəyində bir, dilində başqa adam olubsa, deməli, onun cəzasını Allah özü verəcək, Qurana yalandan qəsəm qılan oğrular sayağında kömür kimi qaralacaq, bir cəhənnəmlik kimi torpağa gömülüb, qəbiristanlığın qırağında məluna qəbrini qabardacaqdır!..”.

Məhtaban Məhəmməd qızı bismillahla başlanan əqdnamənin, qart-qalın kəbin kağızının sehrli tilsiminə düşüb, xan evində bunca ruhi əzab-əziyyətə məruz qaldığı halda, Ərmağan xanım hansı ağızla yalandan Qurana qəsəm qılıb, məkr yolunu tuta bilər, iblis olduğu halda, Allahın müqabilində mələk donunda gizlənə bilər? – deyən Məhtaban belə qənaətə gəldi ki, daha onların övladı deyəsən amandadır! – İndi hər bir vəchlə Məhtaban özünü iştibah girdabından çıxarmağa cəhd etməlidir! Demək, Ərmağan tərəfindən nə ana, nə də körpəsinə zaval toxuna bilməz! Əgər içəri açarı əlinə alan Ərmağan xanım körpəyə zaval toxundurmaq qəsdinə dolarsa, onda Allahın ecazı ilə əlləri quruyar, ayaqları şil-şikəst, gözləri kor, qulaqları da kar olar! Hələ dili də tutulub, nitqi də batar! Təbarək-təala görk üçün Ərmağan Həlakunu icmaya göstərib deyər ki: bəs yalandan mənim Quranıma qəsəm qılanın aqibəti bilin, belə olur!..”.

Nə isə fikri dolanan, Quran haqqında olan rəvayətlərə inanan Məhtaban, Həlaku qohumlar burada olanda da, onlar Məmalik bərgahını tərk edib, öz evlərinə dönəndə də özünü inandırırdı ki, gərək onun körpəsinə heç bir zaval toxunmasın! Bir də belə məsum körpə ilə kimin nə ədavəti ola bilər?.. Daha o boyda Həlaku tərəf durub südəmər çağaya cinayət əli qaldırarmı? Quran qəsəmindən sonra əgər körpəyə qəsd edən, əl qaldıran olarsa, Allah-taala mütləq görər, qatili öz yerində daşa döndərər, göydən göndərdiyi Quranın kəramətini küllialəmə göstərər!

Məhtabanın ürəyində inam yaranandan sonra da şəkk-şübhə baş qaldırırdı: niyə Məhtabanın ürəyi Ərmağana qızmaq istədiyi halda, qıza bilmir?.. Niyə Məmalik qızı Ərmağan öz qardaşını bu otaqdan o otağa keçirincə, Məhtabanın ürəyi oğlunun üstündə əsirdi?.. Bəlkə Məhtaban qəzanın qədərindən qaçmaq istəsə də, qaça bilmirdi?

Məhtaban hər necə özünü sakitləşdirmək istəsə də, aram tapa bilmir, Quran andına inanan ürəyi birdən inanmamağa, çalınıb-çapalamağa başlayırdı... Məhtabanın müztərib ürəyi eyni anda həm xatircəmlik içində fərəhlənir, həm də ağlayırdı... Niyə ürək güldüyü an içində də kədərlənir, fərəh içində qanlı göz yaşları axıdırdı? Ola bilməzdimi bu qədər üzüntülü ruhi əzabdansa, qızıl qəfəs içində çırpına-çırpına, vurnuxa-vurnuxa yaşamaqdansa, Məhtaban öz körpəsini qucağına götürüb buradan qaçaydı, yeddi ağac uzaqlaşaydı, dırmana-dırmana Savalan dağına qalxıb, arayıb-axtarıb, qiyamçıları tapaydı, onlara pənah gətirdiyini bildirib, bütün əhvalatı açıb söyləyəydi, körpəsini də onların amanına təslim edəydi? Onda qiyamçılardan birisi qalxıb, “İlanın ağına da lənət, qarasına da” deməzdimi? Söyləməzdimi, “İlandan olan ilan olar”. “Qurd balasını nə qədər bəsləsən də qurd olar” sözləri onların dilində dolanmazdımı? Bəlkə xan balasına sədəmə toxunduran da tapılardı? Onda bəs adı dillərdə dastan olan pəhləvan fədainin babalıq haqqı? Savalan qiyamçıları bu adı-sanı nəzərə almazdılarmı? Bəlkə nəzərə almayan da olardı?.. Bəlkə onlar iki yana bölünüb tərəf-tərəfdə olardılar?.. Bəlkə də onların arasında çəkişmə düşər, Savalanda da gərəksiz nifaq başlardı?..

Görünür, biçarə Məhtaban hər necə çalışıb-çapalasa da, sarsıntılı ruhi əzab-əziyyətdən çıxa bilmirdi!.. Birdən də inamsızlıq hissləri Məhtabanın ürəyindən çəkilir, onun şübhə ilə dolu ürəyində inam duyğuları qalib gəlirdi. Məhtabanın tutulan sifəti açılıb ayazıyır, gözəlliyi cilvələnirdi. Qara gözlər qaynayır, ağ dişlər təbəssüm içində cərgələnir, yanaqlar allanır... Məhtaban bəxtəvər ana kimi körpəsini götürüb bağrına basır, döndərib atıb-tutur, sevirdi, oxşayırdı, özü də bilmirdi bu sözlər ona haradan gəlirdi?.. An ötüncə Məhtabanın söz çeşməsi quruyub kasadlaşır, körpəsini oxşamağa söz tapmırdı... Oğlunun yazıqlaşan üzünə yazıq-yazıq baxırdı Körpə sapsarı saralır, şaxtaya düşən xəzan yarpağı kimi solub-soluxşuyur, sanki hansı səmum küləyi isə çağanı çalıb uzaqlaşdırır, Məhtabanın qucağı quru qalırdı... Məhtaban qaralan gözləri ilə dəhşətli düşüncələr girdabına baxırdı: “Körpə yoxdur?”.

Məhtaban qollarını tərpədincə, uyuyan körpə gözlərini açır, sanki dilsiz uşaq anasının iztirablarına şərik olub ağlayırdı. Körpə iniltili səslə, yanıxa-yanıxa naçar ağlayırdı. Məhtabanın ağ, mərmər sinəsi sanki qızmar şişlə çalın-çarpaz dağlanırdı. Elə bil ağ sinədə dağ-düyün qalırdı:

– “Xudaya, məni hey qaraltılı aləmlərə aparıb, dəli-divanəmi etmək istəiyrsən?”.

Müztərib Məhtaban körpəsini beşiyə qoyunca, əllərini göy səmtinə qaldırır, dərgah qapısında durub yalvarır, dönüb səcdəyə düşür, Quran dərsi aldığı zaman öyrəndiyi ayələrdən oxuyur, canamaz açıb, namaz qılır, Tanrıya dəxil düşüb, onun damənindən tutub: “Qoy Ərmağanın Quran qəsəmi mənim beynimə batsın!” – deyə acizanə iltimas edirdi. Məhtaban iltimas edirdi ki, tək Tanrı onun tez-tez şəkk-şübhə ilə dolan ürəyinə özü nüfuz edib, şəkk-şübhə burulğanlarından çıxarsın, Məhtaban Məhəmməd qızı Ərmağan Məmalik qızına etibar edib inansın, sakitləşib adi insan halına dönsün, qoca ərinin istirahətini pozmasın, onun ehtiramını şükranə qəbul etsin arvadının üzüntülü iztirablarına nəzər yetirən, özü də dönüb iztirab girdablarına düşən qocaya aman versin:

– Nə oldu yenə də, Məhtaban, bunca çalpaşıqdasan? – deyə xan soruşunca Məhtaban cavab verdi:

– Düzü, xan, ürəyimə dolan iştibah heç də mənə göz açmağa imkan vermir!

– Yenə də nə iştibah, qız?

– Ancaq oğlumuzdan yana, xan!

– Gördünmü uşağın bacısı Ərmağan necə peşman olduğunu tövbəəstəğfərlə bildirdi, Qurana qəsəm qıldı? Daha bundan sonra biz niyə ona cani kimi baxıb, gecmi-tezmi Həlaku gəlini Ərmağanın əli ilə oğlumuzun qətlə çatdırılacağını gümanımıza gətirək?

– Bilmirəm xan, özüm də baş tapmıram ki, niyə divanə olmuşam?.. Bir də xan, bilmirəm sən niyə asayişini pozurdun? Niyə sən rəiyyət qızı ilə, kimsəsiz-kimsəsiz, pənahsız-pərəstarsız qızla izdivaca girirdin?.. Bilmirəm nə üçün sən öz qoca taleyini mən biçarənin üstündə sınaqdan çıxarmaq həvəsinə düşürdün? Nədən ötrü sən böyük xan, özünə müqabil olan xanlar arasında rəva görülə bilən bir xanımla evlənmirdin ki, sənin övladının da dağ boyda arxası olaydı?!

Yenə də Məhtaban qanlı göz yaşlarını saxlaya bilmirdi. Onun gözləri əbədi qaynayan qızıl çeşməyə çevrilirdi. Məhtaban daha ağlamayanda da ağlayır, güləndə də, kiriyəndə də, danışanda da ağlayır, hətta yatıb yuxuya gedəndə də ağlayırdı. Xan yenə də dərin fikrə gedirdi: “Bəlkə günü sabahdan Tehrandan həkim çağırım, Məhtabanın dərdini ona açım? Ya bəlkə Məhtabanı götürüb Avropaya aparım, orada pünhani müalicə etdirim? Onda əhvalatı duyan İran xanları gülüb-gülüb deməzlərmi, Məmalikin özü qoca çağında dəli-divanə olubdur ki, fədai qızı Məhtaban öz cununlaşan qocasını Avropa müalicəxanasına aparıbdır?! Yox, elə də, belə də işimiz müşkülraqdır!..”. Xanın ürəyi üşütmə içində olduğu halda Məhtabanı inandırmaq istəyirdi ki, buradan əkilən, xırda nəvələrinə qədər götürüb, əlləri ətəklərindən uzun gedən çalbığ Həlaku hər necə qurğuya iqdam edib, hər necə dürlü-düyünlü tələlər qurmaq əzmində olsa da, atasının müqabilində Qurana qəsəm qılan Ərmağan gərək öz qardaşına qəsd etmək fikrinə düşməsin:

– Sən yəqinmi edirsən, xan?

– Güman edirəm, Məhtaban!

– Niyə bəs güman?

– Çün özüm də şəkkdən-şübhədən tamam-kamal xilas ola bilmirəm!

– Bəs onda böyük xan, biz ikimiz də bu dünyada nəyə qail olub, nəyə inanaq?

– İstər-istəməz Qurana!..

– Böyük xan, niyə istər-istəməz? Söyləyin ki, mütləq Qurana! Söyləyin ki, gərək biz Qurana qəsəm qılan Ərmağana tamam-kamal öz ürəyimiz kimi inanaq! İnanaq ki, Ərmağan Məmalik qızından cumbulu Məmalikə zaval toxunmaz!

– Bəlkə elə bir savaş salım ki, Ərmağan Həlaku da buradan biryolluq rədd olub getsin, ata evinə bir daha qayıtmasın.

– Onda dədə-baba ədavətiniz ağ-aşkara güclənər, xanlıqlar arasında olmazın dava düşüb od-alov başlar!

– Sən nədən bilirsən ki, ata ilə qızının ixtilafına görə çalbığ Həlaku qoşunkeşliyə qurşanar?

– Mən gendən də olsa, sulu qəlyan çəkən o qoca qurda, çalbığ Həlakuya göy qoyurdum!

– O, qoca qurdda, çalbığ Həlakuda hansı qəsd olduğunu duyurdun?..

– Bir yırtıcılıq, amansız hiyləgərlik, məqamı çatınca dönüb-qayıtmaz yalquzaqlıq!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

II

Göyalı da, Qaratel də ürəkdən inandılar ki, onlardan da artıq qızların diləyi hasil olacaqdır. Mütləq Ziyarət dağına getmək gərəkdir.Belə olanda onlar bir yaz səhəri başqa bir kəsə bildirmədən bacardıqları qədər nəzir-niyaz götürdülər. Ziyarət dağına yola düşdülər. Az getdilər, çox getdilər, yol boyu qabaqlarına çıxan kəndlərdə rastlarına çıxan kora, şilə, fağıra, yoxsula, sahibsiz kəslərə götürdükləri nəzirdən payladılar ki, diləkləri tez hasil olsun. Kəndbəkənd beləcə edib, yol gedəndən sonra axır ki, Ziyarət dağına çatdılar, dağa qalxdılar, daş məqbərələri aradılar, axtardılar, tapa bilmədilər. Demə, zamanın selsuyu bu daşları hey yumuş, ildırımlar buraya düşüb Ziyarət dağını tir-tir titrətmiş, iri-iri daşları parçalamışdır. Burada hər şey dəyişmişdir, nağıl edilən sayaqda heç nə öz yerində qalmamışdır.

2 dəq
III

Aylar ötdü, il dolanıb başa çata-çatmaz Qaratel bir oğlan doğdu. Göyalının evinə görünməzin şadlıq gəldi. Atanın, ananın, qızların sevinci yerə-göyə sığmadı. Bu xəbər bir tək Göylər obasında olan qohum-qardaşı deyil, yaxın-uzaq Göyən obalarını, ağqoyunluları şad etdi. Göyalı yeddilər üstündə tapılan oğlan üçün qurban üstündən qurban kəsdi. Yenə fağır-füqəraya payladı. Hər kəsə Ziyarət dağının möcüzəsindən, oradan dilənən diləyin eşidildiyindən danışdı. Ağqoyunluların gözündə Ziyarət dağı bir daha ucaldı, böyüdü, müqədziyarətgahlardan birinə çevrildi. Söz gəzdi, söhbət getdi... Kimi dedi: Ziyarət dağında daima ocaq yanır, dumanlı-buludlu qaranlıq gecələri işıqlandırır; kimi dedi: Ziyarət dağının ətəklərindən çıxan çeşmələr şəfa qaynaqlarıdır, bütün dərdlərə dərmandır, sidq-dillə ziyarətə gedənlər naümid qayıtmır. Belə olandan sonra Ziyarət dağına doğru axın artdı, dilək diləyənlərin sayı çoxalıb hesaba gəlmədi.Göyalı da, Qaratel də öz qiblələrini Ziyarət dağına çevirdilər.

8 dəq
IV

Doğrudan da Bəyalı oğlu Göyalının arayıb-axtarıb, neçə-neçə yüz qoyun verib, böyük məmnuniyyətlə aldığı ulduzlu atın misli-müqabili heç yanda yox idi. Bu at bir tamaşa idi. Baxan elə bilirdi bu at parlaq bir ulduzdur, göydən yerə düşüb... Bu atın adını Ulduz qoyub qulağına çağırdılar. Baxanda Ulduz boydan uca, ayaqlardan xırdaca, biləklərindən nazik, ancaq beldən mis kimi tökmə və möhkəm idi. Ulduzun ortası qarınlı deyil, incə idi. Yalmanı sıx, göyəm idi. Ulduzun yalı qınından sivrilən qəhrəman qılıncını andırırdı. Baxanda Ulduzun gözləri yanır, od-alov içində şölələnirdi. Ulduzun qaçarağına ox süzdürən olsa belə, çatmazdı. Ömründə Ulduzu öz qaçarağının tozu tutmazdı. Baxa bilməzdi Ulduz göylə uçur, ya yerdən uça-uça uçarağa qalxır. Ulduzun belinə gümüşlü-qızıllı yəhər qoyan Şükran atın belində ay kimi yaraşıqlı, ulduz kimi tamaşalı görünürdü. Elə bil ki, bu oğlan olmazın əfsanəvi süvari, misilsiz minici idi. Ulduz qanada qalxanda oğlanın ağ qoyunun yunundan toxunan ağ çuxası da ağ-ağ qanad açırdı. Şükranın qınından sivirib çıxardığı göy zağlı ləzgi xəncəri Ulduzun üstündə şimşək kimi oynayırdı. Şükran gündən-günə Ulduza yeni-yeni təlim keçir, ona sehrli əməllər öyrədirdi. Əvvəldən də az-çox təlim görən, uzaq Ərdəhan elində təlimlənən, indi də Göyəndə ayrıca məşq keçib təlim alan Ulduz Şükranın dilini, Şükran da Ulduzun dilini əzbərdən bilirdi. Şükran desəydi: “Ulduz, yat”, Ulduz dərhal yatardı. Desəydi: “Ulduz, bu dağ-daşı bir göz qırpımında öt”, Ulduz ötərdi. Şükran Ulduzun belində olsun-olmasın, Ulduz alışıb isinişdiyi minicisindən hər hansı bir əmr aldımı, dərhal yerinə yetirirdi.Şükran da Ulduzun alovlanan gözlərindən öpür, ona kişmiş yedirir, baş-gözünü sığallayır, lazım gəlincə öz minici libasını sadəcə mehtər libası ilə əvəz edib, onu dımaqlarından təpəsinə qədər üfürə-üfürə tumarlayırdı. Şükran həmişə Ulduzu çeşmənin gözündə suvarırdı. Ulduz göydə sayrışan ulduzun ən parlağı kimi parlayır, parıldayırdı. Baxan deyərdi Şükranı kəhkəşanlar aləmində səltənət quran ulu Tanrı elə bu Ulduzu da veribdir Şükrana. Ulduza da Şükran kimi misilsiz-müqabilsiz süvari qismət olubdur. Baxanda bunlar bir-birinin məftunu, aludəsi, vurğunu idi. Şükranın hayqırtısı Ulduzun kişnərtisinə, Ulduzun da kişnərtisi Şükranın hayqırtısına qarışıb, Göyən düzənlərini doldurur, Ziyarət dağına səs-səda salır, fasiləsiz əks-sədaları ilə bütün bu aləmi dilə gətirib dilləndirirdi...

8 dəq
V

Gümüş saçlı Qaratel belə sevinc içində ola-ola hansı ecazkar ana ürəyi ilə öz sabahının qara günlərini görüb belə qorxuya düşürdü? O öz övladının başı üstündə qovlanacaq qəza qılıncını necə gördü? Ana ürəyinin kövrəkliyi, həssaslığı iləmi?Bəlkə belədir: xilqətdən ata ürəyi sərtdir, daşdır? Axı ata ürəyi ana ürəyi qədər yumşaq, kövrək olmasa da, daş da deyildir! Ata ürəyi də öz övladını atəşin bir hərarətlə sevir, istəyir, övladının üstündə tir-tir əsir... Ancaq ata ürəyi öz iztirablarını gizlətməyə cəhd edir, çox zaman dost-düşmənini göz qabağına gətirir, öz ürəyini gizlətməyi də bacarır. İndi bəs burada Bəyalı oğlu Göyalının ürəyi necədir? O arxayındırmı? Ana ürəyinin iztirablarına qarşı biganədirmi? Göyalının ürəyi də içəridə titrəməyə, Şükranın üstündə əsməyə başlayır. Ancaq belə baxanda burada nə var idi? Hər şey öz yerində, öz qaydasında, öz axarında deyildirmi? Belə anlaşılmaz qaraltı qarşısında Şükranı Ulduzun belindən düşürüb, onun şəhpərini sındırıb bir qırağa atmaq olardımı? Şükranı Ulduzdan ayırıb Ulduzu dəyər-dəyməzinə satmaq, Göyən düzənliklərindən ilin yay aylarında yaylağa qalxan zaman ala yaylaqlardan, güllü-çiçəkli çəmənlərdən, qaynar gözlü, buzlu bulaqlardan məhrum edib, bu aralardan ilim-ilim itirmək olardımı? Belə olsaydı, onda Şükranın şəhpəri sınmaz, qanadları qırılmazdımı? Bir də bəzən belə olurmu, insan durduğu yerdə, elə ciddi səbəb olmadan öz-özünə qaralsın, qaraltılı-qorxulu şübhələrə düşsün? Bəlkə burada gümüş saçlı Qaratel öz aşıb-daşan xoşbəxtliyinin, Şükrana görə özünün hədsiz sevincinin içindən bir bədbəxtliyin çıxa biləcəyindən vahiməyə düşür? Üzdən baxanda nə deyib, nə etmək olardı? Kim Qaratelin, Göyalının yerində olsaydı, günün, güzaranın bu yerində nə edə bilərdi? Bu halda, Ulduzun belində qanada qalxan tək oğlunun qanadlarını necə qırardı? Onu əfsanəvi Ulduzun belindən düşürüb piyada edərdi, Göyən düzənində qoyun sürülərinin qaldırdığı yay tozlarının içinə tullardı?

7 dəq

Başqa şairlərin şeirləri