Gümüş saçlı Qaratel belə sevinc içində ola-ola hansı ecazkar ana ürəyi ilə öz sabahının qara günlərini görüb belə qorxuya düşürdü? O öz övladının başı üstündə qovlanacaq qəza qılıncını necə gördü? Ana ürəyinin kövrəkliyi, həssaslığı iləmi?

Bəlkə belədir: xilqətdən ata ürəyi sərtdir, daşdır? Axı ata ürəyi ana ürəyi qədər yumşaq, kövrək olmasa da, daş da deyildir! Ata ürəyi də öz övladını atəşin bir hərarətlə sevir, istəyir, övladının üstündə tir-tir əsir... Ancaq ata ürəyi öz iztirablarını gizlətməyə cəhd edir, çox zaman dost-düşmənini göz qabağına gətirir, öz ürəyini gizlətməyi də bacarır. İndi bəs burada Bəyalı oğlu Göyalının ürəyi necədir? O arxayındırmı? Ana ürəyinin iztirablarına qarşı biganədirmi? Göyalının ürəyi də içəridə titrəməyə, Şükranın üstündə əsməyə başlayır. Ancaq belə baxanda burada nə var idi? Hər şey öz yerində, öz qaydasında, öz axarında deyildirmi? Belə anlaşılmaz qaraltı qarşısında Şükranı Ulduzun belindən düşürüb, onun şəhpərini sındırıb bir qırağa atmaq olardımı? Şükranı Ulduzdan ayırıb Ulduzu dəyər-dəyməzinə satmaq, Göyən düzənliklərindən ilin yay aylarında yaylağa qalxan zaman ala yaylaqlardan, güllü-çiçəkli çəmənlərdən, qaynar gözlü, buzlu bulaqlardan məhrum edib, bu aralardan ilim-ilim itirmək olardımı? Belə olsaydı, onda Şükranın şəhpəri sınmaz, qanadları qırılmazdımı? Bir də bəzən belə olurmu, insan durduğu yerdə, elə ciddi səbəb olmadan öz-özünə qaralsın, qaraltılı-qorxulu şübhələrə düşsün? Bəlkə burada gümüş saçlı Qaratel öz aşıb-daşan xoşbəxtliyinin, Şükrana görə özünün hədsiz sevincinin içindən bir bədbəxtliyin çıxa biləcəyindən vahiməyə düşür? Üzdən baxanda nə deyib, nə etmək olardı? Kim Qaratelin, Göyalının yerində olsaydı, günün, güzaranın bu yerində nə edə bilərdi? Bu halda, Ulduzun belində qanada qalxan tək oğlunun qanadlarını necə qırardı? Onu əfsanəvi Ulduzun belindən düşürüb piyada edərdi, Göyən düzənində qoyun sürülərinin qaldırdığı yay tozlarının içinə tullardı?

Qaratel öz oğlunu Ulduzun belindən salmağa cəhd etsə də, Bəyalı oğlu Göyalı nə Ulduzun, nə də Şükranını şəstinə qıyır və qıya bilirdi:

– Axı niyə, nədən ötrü belə bir oğlun qol-qanadını qıraq, – deyirdi.

– Onda görən, eşidən mənə nə deyər?

“Ulduzun belinə bu çöllərin, dağların qartallarından da artıq qartalcasına qonan, qartaldan da artıq qanad açan Şükranı bəlkə də ağqoyunlularda yüzdən də artıq qız sevibdir? Bəlkə də Şükran yüz gözəlin içindən tək birisini seçibdir? İndi də o öz sevgisini sınaqdan çıxarır ki, iyirmi yaşına dolunca öz eşqini on yeddi yaşlı qıza elan etsin, ata-anasına da bildirib elçi göndərsin?” – deyə düşünən Göyalı öz şirin xəyalına davam edir, qayıtmaq, başqa bir qaraltıya yol vermək istəyirdi. “Belə olsun ki, biz də həmin qızı elçiləyək, nişanlayaq! Belə olanda Şükran daha da artıq qanadlansın, aranlarımızda, dağlarımızda daha da artıq qanad aça-aça uçsun; Ulduz da göydə sayrışan ulduzlardan güclü sayrışsın, göz qamaşdırsın. Biz də Şükranın toyuna hazırlaşaq. Ağqoyunlu gözəli ilə onun toyunu edək. Ağqoyunluların yüz-yüz atlıları Şükranın toy cıdırına çıxsınlar, birincilik uğrunda çapışsınlar, zurna-balabanın, toy-nağaranın səsi aləmi doldursun, onlar qırmızı yaylıq nəməri uğrunda qoşsunlar, qalib çıxan atının boynuna qiymətli qırmızı yaylıq bağlasın! Mən də gümüş saçlı Qaratelin əlindən tutum. Şükranın toyunda bəsdi deyincə oynayıb, oxqay deyim, sonra ağqoyunlular adətincə Şükran da sevgilisinin əlindən tutsun (deyək bu qızın adı Sevgili olsun), onlar oynasınlar, oynasınlar, onlara baxan ağqoyunlular arvadlı-kişili, qızlı-oğlanlı yallı tutub cərgələnsinlər, cərgələnə-cərgələnə Göyən düzənlərini doldursunlar. Onlar Göyən düzənlərinin payızında, bizim dildə deyilən son baharında qışqırıq qopara-qopara, hay-haray sala-sala, hey qatarlana-qatarlana yallı getsinlər. Onda qoy Bəyalı oğlu Göyalı da şərbətdən sərxoş olsun. Şükranın toyunda elə nəşələnsin ki, elə zövq-səfa aləminə varsın ki, daha düşməni tar-mar edən, qoşunbaşı sərkərdədən də yuxarıya qalxsın. Qoy onda ağqoyunlular elinin, Göylər oymağının sakini, on ildən bəriyə babalaşan Göyalı oğlu bu dünyadan doyunca kam alsın... Bu dəfə bu çeşmə, o dəfə o çeşmə üstündə süfrə açsın, köz üstünü kabab şişləri doldursun. Birdən də bütün cəmdəklər iri-iri payalara keçirilsin, tonqal közlərində hərlənə-hərlənə qızardılsın. Bəlkə də haradansa, şəriət qadağan edən şərab küpləri də gizli gətirilsin. Bizdən xəbərsiz gizlin-gizlin içilsin, sonra da: “Ulu Tanrı, sən özün günahımızdan keç!” – deyə al şərab ağaşkar nuş edilsin, oğlanlar içsinlər, qızlar, gəlinlər şərbət adı ilə şərabın dadına baxsınlar, al dodaqlarını büzsünlər. Bu zaman qışqırışma qalxsın, sözlər çarpışsın.

– Biz içək şirin şərbəti!

– Biz içməyək dədə-baba içməyən şərabı!

– Bu üzüm suyudur, üzüm suyu, qızlar!

Ağsaqqallar araya düşsün:

– Yeyin üzümü, ömrümüzdə içməyin üzüm suyunu, balalar!

– Bəs Şükranın sağlığına nə deyək, balalar?

– Bəs Sevgili ilə Şükrana nə xeyir-dua verək?..

– Hər ikisinə xoşbəxtlik diləyək, balalar! Onların ikisinə də uzun ömür, xoşbəxtlik arzu edək!

– Qoy Bəyalı oğlu Göyalının yeddi qızı, bir oğlu olduğu halda, Şükranla Sevgilinin yeddi oğlu, bircə qızı olsun!

– Qoy onlar oğlan yeddilərinin üstündə bircə qız tapmaq, yeddi oğlana bircə bacı diləmək üçün nəzir-niyazla Ziyarət dağına yollansınlar. Ziyarət dağının daş altında yatan övliyalarını ziyarət edib, bu dağın kəlləsinə qalxsınlar. Oradan: “Ulu Tanrı, sən bizim yeddi qardaşa bircə bacı ver” – deyib dilək diləsinlər. “Bu da yeddilərin üstündə bircə bacı olsun. Bəs bu bircə qızın adı nə olacaqdır?” – deyə gözəl arzular içində xəyala gedən ata ürəyindən keçirirdi.

Öz ömür-gün sirdaşı Qarateldən aralandı, öz bədbin qaralanmağını qovub nikbinlik ruhu ilə fərəhlənən, Şükran üçün gözəl sabah, günlü gün, parlaq günəş diləyən ata bu ad üstündə udquna-udquna qalırdı: “Qoy onda bu ad...”. Göyalı bu qız nəvəsinin adını gələcəyə saxlayırdı. Axı bu qız yeddi qardaş üstündə tapılacaq qız idi. Bu qıza elə ad yaraşdırmaq, qoymaq gərək idi ki, ağqoyunlu oymaqlarında olmasın... Yəqin ki, onda Göyalının yaşı yaxınlaşacaq, ya da yüzü aşacaqdır? Bəs Qaratelin yaşı neçə olacaqdır? Bəyalı oğlu Göyalıdan on yaş kiçik olan Göyəm qızı Qaratelin yaşı da doxsanı haqlayacaqdır. Onda ulu baba, ulu nənə Şükranın və Sevgilinin yeddi oğul üstündə tapılan tək qızını sevəcəklər, bu qızı oxşayacaqlar, öpəcəklər, bu qızı dağ çiçəklərini andıran libaslarla tez-tez bəzəyəcəklər, düzəyəcəklər. Məgər yox idimi Qaratellə Göyalının qız nəvələri?.. Var idi!.. Onların qız, oğlan nəvələri bəsdi deyincə var idi. Ancaq hələ ki, Şükrana toy olunmamışdı, bu cavanın övladı da yox idi.

Şükran on doqquz yaşının içindədir. Ulduzun belindən düşmək istəmir. Görünür, Göyalının öz oğluna arzu etdiyi həmin Sevgilini Şükran axtarır, çox bərk axtarır!.. Hardadır Ağqoyunlu gözəli Sevgili?.. Yox, Şükran axtarır, çox bərk axtarır!.. Əgər Şükran Sevgilini tapsaydı, yəqin ki, anasına andırar, bacılarının, yeznələrinin birisinə söz çatdırıb, deyərdi: bəs mənim qocalarıma yetirin ki, axtardığım gözəli tapmışam. Demək, hələ Şükran həmin Sevgili qızı axtarır, axtarır... Bu qız yaxındadır, ya uzaqdadır?.. Bəlkə, bu yaxınlıqda olsa bu qız, daha Şükran niyə uzaqlara varsın, dərə-təpəyə düşsün, Ulduzun üstündə süzsün? Bu Sevgilidir, ya başqa bir oymaqdan olan Sevgili?! Belə olanda o necə də Ulduzsuz Sevgilini axtara bilər? Axı Ağqoyunlu oymaqları Aran elində beş deyil, on da deyil, çox-çoxdur! Demək, bütün Ağqoyunlu oymaqlarını axtarıb Sevgili adlı sevimli qızı tapmaq üçün Şükrana belə bir atqanad gərək idi!.. Yəni Ulduz gərəkdən də artıq gərək idi!..

Belə xoş xəyal içində düşünməkdən üzülmək istəməyən Bəyalı oğlu Göyalı Göyəm qızı Qaratelin gümüş telini tumarlayıb, çoxdan nənələşən gözəlin qırışan alnından öpdü:

– Deyirəm gərək ağqoyunlu gözəli Sevgilinin toyunu edək, Qaratel!

– Hansı ağqoyunlu gözəli? Necə Sevgili, kişi?

– Şükranın axtardığı ağqoyunlu gözəli Sevgili!

– Yəni Şükran tapmışmı Sevgili deyilən dünya gözəlini?

– Şükran, görünür uzaqlarda axtarır, neçə-neçə Sevgili adında qızdan birisini axtarır, Qaratel. O tapacaqdır, bizim Göyənin – Göylərin ağbirçəyi!

– İlahi, qoy Şükran belə bir gözəli – Sevgilini yaxında, yaxın zamanda tapsın! Qoy biz qocalar toyda qoşa süzək. Sən özün Şükrana yeddi oğul, bir qız ver!

– Qaratel xanım, sən lap ürəyimdən xəbər verirsən! Mən də öz-özümə belə arzu eləmişəm. Yeddi oğul, bircə qız!

– Belə olanda, hazırlaşaq, kişi! Yenə də Ziyarət dağına gedək, Göyalı. Daha tələsməyək, tez dönməyək! Tamam bir həftə Ziyarət dağında qalaq, çatdırıb ziyarət edə bilmədiyimiz övliya-ənbiyaların hamısını bircə-bircə ziyarət edək. Yenə də həmin başı göy buludlu zirvənin özünə qalxaq, əlimizi dərgaha qaldıraq, deyək: “Ulu Tanrı, sən özün qov, uzaqlaşdır bizdən bu qara-qara qaraltını, sakit et bizim tir-tir titrəyən ürəklərimizi! Özün verdiyin Şükranın başından tək bircə tük də əskik etmə! Onu zavaldan qoru, onu Ulduzun belində salamat saxla. Özün də onu tezcə bir zamanda Bəyalı oğlu Göyalı deyən Sevgili yetir! Qoy biz axıracan muradımıza çataq... İlahi, sən bizi naşükür sayma, biz indi bütün oğlan, qız nəvələrimizi özümüzə oğul, qız bilib sənə şükür edirik. Deyirik min də yox, milyon kərə şükür olsun bizim ulu Tanrımıza ki, uca Ziyarət dağından bizim səsimizi eşitdi, iltimasımızı qəbul etdi, yeddi qıza bir qardaş qismət göndərdi!

Göyalı ilə Qaratel yenə də Ziyarət dağına hazırlaşır, bir-birinə ürək-dirək verir, Ulduzun belinə qalxan, düz-dünyanın qanadlana-qanadlana dolanıb qayıdan Şükranın boyunu sevir, həm Şükranı, həm də onun Ulduzunu doyunca oxşayıb öpürdülər:

– Ulu Tanrı, çox-çox şükür! Ziyarət dağı, çox-çox şükür, övliya-ənbiya, sizə çox-çox şükür!.. Min-min minnət!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məhtaban 2

Qoca xan imarətinə döndü. O, nə yerdə olduğunu bilmədi. Özünü tanımadı. Bilmədi ki, müqəddəsləşib ya kafirləşib? Zalımlaşıb, ya məzlumlaşıb? Xan qəribə vəziyyətə düşdü. Od tutdu, alışıb yandı. Elə ki, qocanın sümükləri çöllərin quru çırpısı kimi çırtaçırtla alovlandı, tütünü təpəsindən çıxdı... Görünür, qoca son nəfəsinədək sönməyəcəkdi. Məhtaban xanın gözlərindən getmədi, cır-cındır geyinmiş, ağ mərmər heykəl öz varlığı ilə onun gözlərinin qabağında dayandı:– “Xudaya, bu nə cəncəldir, mən düşdüm?!”.

5 dəq
Məhtaban 3

Qoca xan cır-cında içində itən Məhtabanın əlindən tutub, imarətin əndərununa¹ keçirdi... Bir neçə mərtəbədən ibarət imarətin içəri həyətində tikilən, qabağında gülüstan düzələn çarhovuzlu guşəni, tağbənd eyvanlı qoşa otağı göstərdi:¹ Əndərun – imarətin içəri, naməhrəm görməyən həyətidir.

7 dəq
Məhtaban 4

Məhtaban naçar qaldı. Qocanın səssiz-səmirsiz için-için ağlamağı onun ağ, yumşaq saqqalından göz yaşlarının süzələnməyi qızı çaşdırdı. Məhtaban bilmədi bu nə deməkdir? Oğlan övladı, xan mal-mülkünə varis, Məhtabanın xanzadə anası olması – hamısı, hamısı ona yuxu kimi gəlir. Pəhləvan Məhəmmədin bikəs qızında, heç bir sevinc doğurmurdu. Ancaq qoca xanın pərişanlığı nə isə, qızın ürəyində tərəhhüm hisslərini, tərpədirdi... Bu hisslər heç də məhəbbətdən nəşət etmirdi. Bu hisslər cavan qızın babası yerində bir qocaya qarşı yazıqlıq hissləri idi. Qocanın hədsiz təlaşı getdikcə qəribə görünürdü. Axı, qoca xan niyə bunca təlaşa düşsün, niyə öz bəzəkli imarətini yetim qıza göstərsin, ondan öz saf məhəbbətinin meyvəsi ola bilən övlad, oğul varisi istəsin?! Gör bu zəhrimar qocalıq xanı necə də çaşdırıbdır!Ölüb-getmək, bu qədər mülki-dövləti öz köhnə yağısının övladına qoymaq, xanın beynin necə də yerindən oynadıbdır! Bu hiss Məhtabanın həvəsinə düşən xana doğrudan da güc gəlirdi! Elə güc gəlirdi ki, qocaya aman-iman vermir, Məhtabanın gözəlliyi ilə birlikdə onun qoca beyninə hakim kəsilirdi. Əgər qoca yıxılıb ölsə, oğul varisi olmayan xanın bütün əmlakı qız varisinə, düşmən sicillisindən olan nəvələrinə qalacaq, bir qədərdən nəvələr də ana-babalarını unudacaq, xanın mal-mülkü düşmən mal-mülkünə qarışacaq, Məmalik ad-sanı itəcəkdir... Pəhləvan Məhəmmədin bikəs qızı olmasın, lap üstü unlu bir dəyirmançı qızı olsun, xana varis gərək idi – oğlan varisi!.. Elə oğlan varisi ki, xanın yurdculu olsun, onun öz sicillisini daşısın, dədə-baba düşməninə dəri diddirməsin... Bu varis gərək Məmalik xanın cavanlığından da tikanlı, kəsərli, ötkəm olsun, düşmənə bac verməyən qədim xanlıq ocağının tüstüsünü Savalana doğru dik çıxarsın, nəinki atasının mülkünü, malını əlində saxlasın, hətta bu mal-mülkün üstünə də gəlsin, böyük hökmran olsun.

8 dəq
Məhtaban 5

Qoca xanın övzai dəyişdi. O, axund əli ilə kəsdirdiyi əqdnaməni bir cadugər kimi Məhtabanın titrək əlində qoyub çəkiləndən sonra bütün yollar-rizlər Məhəmməd qızının üzünə bağlanan kimi göründü. Bismillahla başlanan əqdnamə hər şeyi kilidə saldı. İndi bu kilidi kim açacaqdı? Başqa əl görünmürdü! Deməli, qoca xan öz nəzakət qaydalarını pozub istər-istəməz birtərəfli hərəkət etmişdi. O, qızın razılığını gözləmədən zorakılığa salıb əqdnamə yazdırmış, Məhtaban Məhəmməd qızını şərən özünə arvad etmişdi! Bəs aradakı azman fərq? İyirmi beş yaş! Yetmiş yaş! Məhtabana görə indi bu fərqin təfərrüatına varan, aradakı yaş uçurumuna baxan hanı? Qacar səltənətində belə qanunsuzluğa qarşı başqa bir qanunla çıxan hanı? “Papağınla vur, yıxılmadı qız malındır!”. Halbuki Məhtaban papaqla yıxılan deyildi! O ərgən oğlan kimi qüvvətli, zərli əlbisədə lap gözəldi. Heç bir yetim-yesirlik Məhəmməd qızını meşələrin cır alması kimi vaxtından əvvəl bürüşdürə bilməmişdi! Heç bir yetim-yesirlik pəhləvan qızını sındırıb qırışdıra bilməmişdi.Məhtaban mühitinin amansız məkrlərinə baxmayaraq yenə də həyat istəyirdi. O özü kimi bir cavanla, uzaqbaşı özündən on-beş yaş yuxarı olan bir oğlanla öz həyatını qurmaq istəyirdi.

8 dəq

Başqa şairlərin şeirləri