Qoca xan cır-cında içində itən Məhtabanın əlindən tutub, imarətin əndərununa¹ keçirdi... Bir neçə mərtəbədən ibarət imarətin içəri həyətində tikilən, qabağında gülüstan düzələn çarhovuzlu guşəni, tağbənd eyvanlı qoşa otağı göstərdi:

¹ Əndərun – imarətin içəri, naməhrəm görməyən həyətidir.

– Məhtaban xanım üçün hələlik imarətlə əlaqəsi olmayan bu əndərun otaqlar ayrılır!

Xan birinci otağın qapısını açdı, içərisi əlvan fərşlə döşənən otaqda tək çarpayı qoyulmuşdu. Otaq çarhovuzun dövrəsində açılıb, papaqlayan qızılgüllər kimi gözəl və rəngarəng idi. Məhtaban vaxtilə mərhum anası ilə buraya gələn zaman xan imarətinin birununu¹ gördüyü halda, əndəruna buraxılmamış, bu pünhan hissəni görməmişdi. Əndərun Sərəncam xanımın öz ixtiyarında idi. Həyətdəki tağbənd eyvanlı otaq isə Tehrandan Ərdahaya dəvət edilən xarici həkimin məsləhətinə görə ayrıca tikilmiş, sulu qəlyan aludəsi olan, döşü xəfənək bağlayan xəstə xanım üçün düzəldilmişdi. Xarici həkimin məsləhətinə görə sulu qəlyanını tərgidən Sərəncam xanım ömrünün qalan qismini bu otaqda, qızılgüllər arasında keçirmişdi. Məhtaban da, Sərəncam xanımsayağı birunda olan qulluqçu-qırmızısaqqal, gənşalvar, tənzifqurşaqlı bağban, xidmət edəcəkdi. Hələ ki, Məhtabanı başqa bir kəs görməyəcəkdi. Məhtabanın xörək-çörəyini gətirən, qab-qacağı yığışdırıb aparan da bu bağban olacaqdı.

Məhtaban qaşlarına qədər ağaran qoca xanın bu əcaib əməlbazlığına təəccüb edirdi... Ancaq hələ ki, xan da nəzakətlə tərpənir, qıza qarşı heç bir güc işlətmir, cavan qızın onun eşqinə necə cavab verəcəyini, gözləyirdi. Həm də demək olar ki, qoca bağbandan başqa Məmalik xan özü də Məhtabanın xidmətində dayanırdı. Xan, xanımı Sərəncamın hələ cavan ikən tikdirdiyi bir dəfə də olsun əyninə almadığı paltarlardan üzünə salıb Məhtabana geydirir, qiymətli zərrin libasda ola Məhtaban Məmalikin gözlərində dünya gözəllərinin ən gözəli kimi cilvələnirdi. Belinə qızıl kəmər bağlamış, başına zərli papaq qoyub, haşiyələri zərli, pürqiymət kəlağayı örtən, qızıl başmaq geyən qız Şərq nağıl və əfsanələrində söylənən qızlardan da gözəl idi! Əlbəttə, Məhtaban, gecə Qurana qəsəm qıldığı üçün gəlmişdi. Özü də istər-istəməz qoca xanın toruna ilişib, qızıl qəfəsə düşmüşdü. İndi Məhtaban kənara çıxsın, necə çıxsın? Çıxmasın, necə çıxmasın?! Bir də hər yan qıfılbənd idi!.. Məhtaban əynindəki zər-zibanı çıxarıb, balaca sandıqçaya yığdığı cır-cındasını təkrar geyinib, uca hasarın aşsınmı, ya aşmasınmı? Məhtaban istəsə belə bu hündür hasardan aşa bilərdimi? Bu nə tilsimdir, Məhtaban düşübdür?! “Bəlkə qoca xan hə-

¹ Birun – imarətin çölə baxan həyətidir. qiqətən olan-qalan ağlını biryolluq itiribdir? Bəlkə xidmətində dayanan bu qırmızısaqqal bağbana yalvarıb-yapışmaq, onu vasitəsilə xanın qızı Ərmağana xəbər çatdırmaq ki, durma, gəl, atanın başına bir damcı da olsa, ağıl qoy?!” Bəlkə onda Məhtaban onu sıxıb-sıxışdıran zər-zibalı libasdan çıxar, öz cır-cındasını geyinər, buradan uzaqlaşar, yenə qonum-qonşunun palaz-paltarını Savalandan üzüaşağı gələn qıjıltılı Ərdaha çayına aparıb, zoğal dəyənəyi ilə çırpa-çırpa yuyar, gün batıb, toran qovuşunca ay nur çiləyən göldə çimər, zığ-zımrığını töküb, kəndə dönər, öz zəhmətinin çörəyini, öz minnətinə yeyər, kəfrəm mitilinə bürünüb, dabanlı qapının arxasında mışıl-mışıl yatar? Əgər qisməti olarsa, Ərdahanın bir naxırçısına, yaxud çobanına ərə gedər, olmasa, pəhləvan atasının ad-sanını gözləyib, ləkələnməyə qoymaz... Məhtaban qoymaz ki, əvvəlləri əlində toppuz oynadan pəhləvanlar kürəyini yerə gətirən, sonralar Qacar qoşunlarını dağıdan Məhəmmədin adına bir ləkə düşsün. Qız istəməz ki, əziz atasının xatirəsini özündən incik salsın, hər cümə axşamı komasına gələn müqəddəs ruhu incitsin, küsdürsün!..

Məhtaban düşünə-düşünə naz-nemətdən az-çox dada-dada bir növ güzəran keçirir, qoca xanın qızışan başının haçan, necə soyuyacağını gözləyirdi... O, qoca gülçüyə söz deyincə, cavab almadığına heyrət edirdi. Görünür, Məmalik xan qoca gülçüyə nə isə təkidlə tapşırmışdı. Buna görə gülçü də ağasının əmrinə əməl edir, Məhtabanla kəlmə kəsmirdi. Dünya görmüş bağban duyurdu ki, iş nə yerdədir. Axı, pirani gülçünün nə borcuna ki, xanın xanımı ilə kəlmə kəssin, pusquda dayanan ağasının qəzəbinə gəlsin? Özü də ömrünün bu vaxtında əndərundan çıxarılıb, güllükdən qovulsun. Deməli, Məhtaban tilsimə düşmüşdü!

Günlər keçir, Məhtaban tağbəndli otağından çıxıb, rəngarəng güllərə tamaşa edir, şırıltılı fəvvarənin müqabilindəki daş kürsünün üstündə əyləşir, qoca xanı gözləyir... O, daha xandan başqa heç kəsi gözləmir, gözləyə də bilmir... Məhtaban qoca xanı mülayim bir insan kimi, düşdüyü ağır vəziyyətdə ona hami olan bir adam kimi gözləyir... “Bəlkə xan hansı bir səbəbə görə məni sınağa çəkir? – deyə Məhtaban hərdən fikrə, xəyala gedir. – Əgər məni sınağa çəkirsə hansı sınağa, nə sınağına?”.

Məhtaban baş tapmırdı! O, baş tapa bilmirdi ki, qoca sinninin bu çağında nə oyun çıxarır, hansı eşqindən dastan açır?.. Axı, bu qocada hansı eşq ola bilərdi ki, Məhtabanı sarsıtsın, yerindən tərpətsin?! Atasından yaşlı, babası yerində qoca ilə qabaq-qənşər dayananda Məhtaban qıpqırmızı qızarırdı. Daha doğrusu, qız qocanın yerinə utanırdı. Qoca xan səbir göstərib Məhtabanı tumarlayır, onun qumral hörüklərini tutub sinəsinə gətirir, palaz-paltar yumaqdan kobudlaşan barmaqlarına üzüklər taxıb oxşayır, özü də çox vaxt dilsiz oxşayırdı... Görünür, qoca xan gözləyirdi. O, gözləyirdi ki, bir gün Məhtaban dilə gəlsin, həyəcan içində titrəsin, nəhayət, başını qocanın sinəsinə söykəyib: “Səni sevirəm!” desin.

Qoca xan ha çalışsa da, Məhtabanın dilindən qıfıl götürülmürdü. Sanki qızın həmin gecə açılan dili daha bağlanmışdı. Elə bağlanmışdı ki, ömründə açılmayacaqdı!..

Məhtabanın kədərli gözləri qan-yaşla dolub-boşalır, dərdə-qəmə qərq olan xan asta-asta geri çəkilirdi. Axı, o zor-güc işlətməklə deyil, öz oyanan eşqi ilə qızın ürəyinə hakim olmaq istəyirdi.

Yenə də günlər keçir, yenə də Məhtaban cınqır çıxarmır, gəldiyi oyla həsrətlə baxır, sanki xana yalvarır, onun könlünə rəhm salmaq istəyir. Məhtaban istəyir ki, qoca Məmalik rəhmə gəlsin, Ərdəha pəhləvanı Məhəmmədin ruhunu təhqir etməkdən çəkinsin, onu kənara buraxmasa da, əndəruna köçürsün, qulluqçu-qaravaşın içinə buraxsın!..

Yox, Məhtabanın gözlədiyi baş vermirdi. Həftələr dolanıb, aya calanır, xanın yumşaq sifəti birdən turşuyur, xan arada bir qəzəbə dolur, qızın gözündə zəhmlənirdi. Məhtaban da istər-istəməz, atası Pəhləvan Məhəmmədsayağı qəzəbə dolduğunu duyurdu. Qocanın gözləri cavan Məhtabanın gözlərinə saplanırdı. Birində hökmranlıq, birində vüqar! Xan addım-addım geri çəkilir, yumşalmağa məcbur olurdu...

Üstüörtülü oyun bir aydan da artıq davam edəndən sonra bir gün nahardan əvvəl xan çarhovuzun kənarında əyləşən gözələ yanaşıb salam verdi. Məhtaban da ehtiram göstərən qocanın müqabilində ayağa durdu. Bu dəfə daha başı ilə yox, xanın salamını dili ilə aldı. Xan şad-xürrəm oldu: “Deməli, Məhtabanın bir ay əvvəl gecədəki dili açılmışdır!”.

– Gedək, Məhtaban xanım!

– Hara, xan?

– Barigaha!

– Hansı barigaha?

– İmarətimizə!

– Sizin imarətin, mənə nə dəxli, xan?

Qoca əli ilə qızın zər-ziba geyiminə işarə etdi:

– Daha hamısı aydındır ki, Məhtaban!

– Nə aydındır, xan?

– Bu libas çoxdan səni xan xanəsinin xanımı edibdir!

– Mənim üçün öz cır-cındam xoşdur, xan!

– Nə üçün, Məhtaban?

– O paltar mənə azadlıq verirdi!

– Yox, Məhtaban! Yoxsulluqda, kasadlıqda nə azadlıq? – Xan Məhtabanın biləyindən tutdu, onu əndərun tərəfindən imarətinə keçirdi. Birinci mərtəbədən üçüncü mərtəbəyə qədər gəzdirdi. Əlvan xalılarla bəzənmiş otaqlar güllü çəmənzarı andırırdı.

Xan otaqlara işarə ilə qızdan soruşdu:

– Hə, necədir? Məhtaban xanım?

– Allah sahibinə qismət eləsin, xan!

– Sahibi sən, sənin övladın, – bizim oğlan varisimiz!

– Mən sizdən acizanə təvəqqe edirəm, xan!

– Daha iş-işdən keçibdir, Məhtaban!

– Mən sizi Quran qəsəminə çağırıram, xan!

– Mən də sizi Quran qəsəminə çəkirəm, saf eşqimi daşa çırpmayın!

– Siz doğru danışırsınız, xan, ya qoca vaxtınızda zarafat edirsiniz?

– Bu qədər də zarafat olarmı, Məhtaban?

– Qızınız Ərməğan bilsə, qiyamət qoparmazmı?

– Nə üçün Ərməğan qiyamət qoparsın, qız?

– Çünki siz mərhum xanımın xatirəsini təhqir edirsiniz!

– Ərməğan mənim vəkilim deyil!

– Ərməğanın övladlıq haqqı var!

– Ərməğan öz haqqını-cehizini çoxdan alıb bu malikanədən gedibdir!

– Yenə də Ərməğan sizin varisinizdir!

– Ərməğan mənim dədə-baba düşmənimin oğlu Ərdəhana ərə gedibdir!

– Axır nə üçün siz onu dədə-baba düşməninizin oğluna ərə verirdiniz?

– Guya aramızdakı köhnə ədavət alovlanmasın!

– Bəlkə köhnə ədavət izdivacdan sonra sönübdür?

– Yox, ədavət qiyamətə qədər sönən deyil. – Məmalik xan nəfəsini dərdi, – bu ədavət üstünü qor basan, için-için yanan közə bənzər!..

– Siz indi məndən nə istəyirsiniz, xan?

– Mən sizdən saf eşqimin meyvəsi olan oğul övladı istəyirəm!

– Xan baba mənim yetimliyimə rəhm etsin!

– Yetim sən yox, mənəm! – Qoca xan göl qırağında cibindən çıxardığı dəsmalla gözlərini sildi. Özünü saxlaya bilməyən qocanın çıxıq umuzları aramsız atılıb düşdü...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

III

Çoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.

19442 dəq
IV

Günlər çox sürətlə gəlib keçdi. Onilliyi qurtaran hər şagird ali məktəbə ərizə verib daxil olmaq üçün çalışdı. Mehman evlərinə gəlib anasını çağırdı.– İndi məsləhətin nədir, ana, oxuyum, ya yox?..

19443 dəq
V

Mehman sənədlərini təqdim edib hüquq fakültəsinə daxil oldu. Builki qəbulun yekunları haqqında fakültənin dekanı professor Məlikzadə məruzə edəndə Mehmanın adı üzərində də böyük bir iftixarla dayandı:– Kim deyə bilər ki, tələbələrin ən yaxşısı ancaq tibb institutuna, ya sənaye, ya başqa-başqa institutlara gedirlər?.. Yaxud bacarıb oralara girə bilməyənlər, sonra dönüb bizə gəlirlər?

19445 dəq
VI

Bu müddət ərzində Mehmanı gözdən qoymayıb, əldən buraxmayan Züleyxa yenə də ona aşiqanə məktublar yazır, gecələrin ağır yuxusuzluğundan, gündüzlərin dözülməz qərarsızlığından şikayətlənirdi. Mehman, Züleyxadan aldığı kağızları diqqətlə oxuyur, əlinə qələm alıb rədd cavabı yazmaq istəyir, ancaq qələmi dayandırıb, onu bir kənara buraxırdı... Hər bir məktubu alanda o, cavabını bu gün-sabaha salır, sonra qayıdıb dərsə ciddiyyətlə girişir, yenə də arada məktubları unudurdu... Mehman fakültənin son kursuna keçəndə fakültənin tərtib etdiyi bütün müsamirələrə, Züleyxa öz xalası vasitəsilə çağırış vərəqəsi əldə edir, buraya müntəzəm gəlirdi. Müsamirlərin bir çoxunda o, Mehmanı görməsə belə, yenə buradan üzülmür, əl çəkmirdi. Bir axşam Dövlət Dram teatrında yeni bir əsərin ilk tamaşası gedirdi. Katibə xala bu tamaşa üçün əldə etdiyi iki biletin birini Züleyxaya, o birini də Mehmana vermişdi. Lakin Züleyxanın haman tamaşaya gedəcəyindən Mehmanı xəbərdar etməmişdi. Onlar hərəsi ayrı-ayrı gələrək qabaq sırada yan-yana oturmağa məcbur olmuşdular. Bu hal Züleyxanı ürəkdən açdığı halda Mehmanı darıxdırırdı. Teatra gələn tanış-biliş yoldaşlar Mehmana altdan-altdan baxır, onu üstüörtülü işarələrlə təbrik edirdilər... Tənəffüs zamanları Mehman Züleyxanı sırada qoyub, gəzintiyə təkcə özü çıxırdı. O, istəyirdi ki, tamaşanı yarımçıq buraxıb getsin, ancaq tamaşanın müvəffəqiyyəti, salonu doldurub titrədən alqış səsləri, bu qayda ilə səhnənin bütün salonu fəth etməsi, axır pərdələrin birisində müəllifin səhnəyə çıxarılacağı hər kəs kimi Mehmanı da tutub, burada saxlayırdı. Salonda əyləşənlər ya qoca olsun, ya cavan səhnə ilə yaşayırdı... Sənətin hakim əli öz xariqüladə qılıncını sıyırıb düz birbaş göyə qaldırmışdı. Hər bir kəs ürək döyüntüsü ilə bu qılıncın necə enəcəyini gözləyirdi. Axırıncı tənəffüs fasilələri artıq adamları darıxdırır, bütün ürəklər səhnə ilə birgə çırpınırdı. Sevgililər kimlə oturduqlarını, az qala necə oturduqlarını belə unudurdular. Mehmanla Züleyxanın yan-yana oturmağı get-gedə Mehmana təsir edirdi. Züleyxanın buruq-buruq olmuş qara saçları, uca boyu, qabarıq döşləri, cazibəli baxışları bu arada daha Mehman üçün biganə qalmırdı...Axırıncı pərdə düşüb tamaşa bitincə onlar istər-istəməz qoşa çıxdılar...

19446 dəq

Başqa şairlərin şeirləri