Məhtaban naçar qaldı. Qocanın səssiz-səmirsiz için-için ağlamağı onun ağ, yumşaq saqqalından göz yaşlarının süzələnməyi qızı çaşdırdı. Məhtaban bilmədi bu nə deməkdir? Oğlan övladı, xan mal-mülkünə varis, Məhtabanın xanzadə anası olması – hamısı, hamısı ona yuxu kimi gəlir. Pəhləvan Məhəmmədin bikəs qızında, heç bir sevinc doğurmurdu. Ancaq qoca xanın pərişanlığı nə isə, qızın ürəyində tərəhhüm hisslərini, tərpədirdi... Bu hisslər heç də məhəbbətdən nəşət etmirdi. Bu hisslər cavan qızın babası yerində bir qocaya qarşı yazıqlıq hissləri idi. Qocanın hədsiz təlaşı getdikcə qəribə görünürdü. Axı, qoca xan niyə bunca təlaşa düşsün, niyə öz bəzəkli imarətini yetim qıza göstərsin, ondan öz saf məhəbbətinin meyvəsi ola bilən övlad, oğul varisi istəsin?! Gör bu zəhrimar qocalıq xanı necə də çaşdırıbdır!

Ölüb-getmək, bu qədər mülki-dövləti öz köhnə yağısının övladına qoymaq, xanın beynin necə də yerindən oynadıbdır! Bu hiss Məhtabanın həvəsinə düşən xana doğrudan da güc gəlirdi! Elə güc gəlirdi ki, qocaya aman-iman vermir, Məhtabanın gözəlliyi ilə birlikdə onun qoca beyninə hakim kəsilirdi. Əgər qoca yıxılıb ölsə, oğul varisi olmayan xanın bütün əmlakı qız varisinə, düşmən sicillisindən olan nəvələrinə qalacaq, bir qədərdən nəvələr də ana-babalarını unudacaq, xanın mal-mülkü düşmən mal-mülkünə qarışacaq, Məmalik ad-sanı itəcəkdir... Pəhləvan Məhəmmədin bikəs qızı olmasın, lap üstü unlu bir dəyirmançı qızı olsun, xana varis gərək idi – oğlan varisi!.. Elə oğlan varisi ki, xanın yurdculu olsun, onun öz sicillisini daşısın, dədə-baba düşməninə dəri diddirməsin... Bu varis gərək Məmalik xanın cavanlığından da tikanlı, kəsərli, ötkəm olsun, düşmənə bac verməyən qədim xanlıq ocağının tüstüsünü Savalana doğru dik çıxarsın, nəinki atasının mülkünü, malını əlində saxlasın, hətta bu mal-mülkün üstünə də gəlsin, böyük hökmran olsun.

O mətləb ki, xan cavanlığında düşünməmişdi, indi düşünürdü... Məhtabana vurulmağının daxili səbəbini də özünə aydın edirdi. Qoca xan daha tutduğunu buraxmayacaqdı. Bir halda ki, Məhtabanın dünya gözəlliyi qocanın ruhunu oxşayıb, onu məftun etmişdi, ona cavanlığını da olmasa, az-çox cavanlıq hisslərini qaytarmışdı, daha qocanın yuxuları gecə ərşi-əlaya çəkilmişdi. Məhtaban bir an belə qocanın gözlərindən çəkilib getmir, üryan qız ay nur səpələyən göldə üzür, birdən də əndəruna dönüb, gümüşü fəvvarədə, xanın məhrəmi kimi onun gözlərinin qabağında çəkinmədən çimirdi. İki iştiyaq bir-birinə qarışır, qocanın qətiyyətini artırırdı. Ağsaçlı, ağsaqqallı qoca xan başını itirsə də, öz qərarını itirmirdi:

“Nə Ərmağan?! Hansı Ərmağan xanımla nə məşvərət, nə məsləhət?!”.

Yəqin ki, Ərmağan xanım atasının yersiz iştiyaqına qarşı şaqqa çəkib güləcək, qocanın ağ yunlu başının tamam xarab olduğunu deyəcək, onun qayınatası, qırışıq sifətli Həlaku xan da fürsəti fövtə verməyib əlinə şeypur alıb var gücü ilə çalacaq, qohumunu oynadıb mozalan tutan dana kimi dingildədəcək, az qala ağsaqqal xanı ala-bəzək danaya döndərəcəkdi. Bəlkə də Həlaku xan girəvəni əlinə keçirib, qohumunun təamına zəhər də qatıb onun son niyyətini pozacaq, onu gözəl-göyçək Məhtabanla gün keçirməkdən, həm də oğul varisi olmaqdan binəsib edəcəkdi!..

Yəqin Həlaku xan elə məhz buna görə öz vaxtında axund-üləmanı araya salıb Məmalikin yuxuda olduğu bir vaxtında onunla qohum olub ki, işi belə udsun! O, bəlkə elə Ərdaha mülkünə yiyələnmək üçün oğlunun adını yaraşdırıb Ərdahan qoymuşdu. Bəlkə oğluna ona görə açıq-aydın “Ərdaha” adı qoymayıb ki, birdən Məmalik xan düşmənin niyyətini tez başa düşər. “Ərdaha mülkü, Ərdaha xanındır!” – deyə tez oyanar, dədə-baba düşməninə qarşı ayıq-sayıq dayanar.

Hələ gərək Ərmağan xanım da heç Həlaku oğlu Ərdahana ərə getməyəydi! Özü də bir deyil, bir-birinin ardınca Həlaku sicillisinə mənsub dörd oğul doğmayaydı...

Məmalik xan nəvələrini istəmirdimi? – İstəyirdi! Ancaq Məmalik düşündükcə, əsnəyib oyandıqca, nəvələrinin sicillisi ox olub onun gözlərinə batırdı... Axı, bu sicilli düşmən sicillisi idi! Axı, bu sicilli nəinki Məmalik xanla, nəinki onun dədə-babası ilə, hətta onun lap qədim əcdadı ilə vuruşmuşdur. Onlar qoşunkeşlik edib qanlı döyüşlərə meydan açmışdılar. Axı, o tərəfdən də, bu tərəfdən də nə qədər desən kənd, oba, ev, daxma odlanmışdı. Nə qədər desən acı-acı tüstü başı dumanlı Savalana dikəlmişdi. Bəs necə olmuşdur ki, düşmən Həlaku Məmalik xanın ağlını birdən, qəfildən belə oğurlamışdır?! Məmalik yeganə qızı Ərmağanı düşmən sicillisinə ülfət naminə ərə vermişdi. Gör düşmən Həlaku necə hiylə işlətmiş, nə cür məkrlərə əl atmışdı?!

Bəlkə xan qızını qonşuluğundan xeyli uzaqda başqa bir xanın oğluna ərə verəydi, ya Tehranda, Təbrizdə bir tacirbaşı ilə qohum olaydı? Artıq gec idi!

Bir də, Məmalik xan Ərmağanı kimə ərə vermiş olsaydı, yenə də bir idi – onun varisi yad sicilli olacaqdı. Hər necə olsa ona öz varisi, öz sicillisi gərək idi!

Gec oyanıb, gec əsnəyib, gec ayılan xan hər necə pərişan olub, olmasa da, bütün bunları düşündükcə, gözəl-göyçək Məhtabandan ikiəlli yapışırdı. O, gözünün Məhtabana düşdüyünü də, göl qırağına getdiyini də, gecənin yarısında Pəhləvan Məhəmmədin daxmasına yollanmağını da, qızı Quran qəsəminə çəkib sübhün tüluunda imarətinə gətirməyini də, əndərunda ona yer verməyini də, qolundan tutub imarətini gəzdirməyini də, qızın eşqində süzan olmağını da doğru-dürüst sayır, gec də olsa, faydalı hesab edirdi... Ancaq bəs necə etmək ki, Məhtaban ipə-sapa yatsın, xanın döyünən, çırpınan qoca ürəyinə ürəklə cavab versin? Qocanı qəbul etsin, onu özünə ər saysın, xanın dediklərinə inansın!.. İnansın ki, burada riya yoxdur...

Xan görürdü ki, Məhtabanda ona qarşı tərəhhüm-ehtiram hissindən başqa həvəs yoxdur. Məhtabana görə qoca xan yanıb-yanıb sönən bir ocaqdı. Məhtaban isə sönən ocağın qır-qırıntısı ilə əylənmək, onu təzədən qalamaq, alov düzəldib qızınmaq istəmirdi. Qızın cır-cında içində döyünən ürəyi qocanın zahiri təmtəraq və dəbdəbəsi ilə heç vəchlə razılaşa bilmir, özünü şöhrətə, əgər olsa, oğlunu varisliyə-vəliəhdliyə sata bilmirdi. İş yaman düyünə düşmüşdü. Bu düyünün necə açılacağını nə qoca xan, nə də çarhovuz kənarındakı daş kürsüdə oturan Məhtaban bilirdi. Hər ikisi taleyin hökmünü gözləyirdi:

“Görək Məhtaban könülə gələcəkmi?..”. “Görək pərişan qoca qızı qızıl qəfəsdən buraxacaqmı?..”.

Hər ikisi bir-birini sınayırdı. Məmalik qoca səbri ilə, Məhtaban cavan iradəsi ilə!.. “Görək!” Bu “görək” də ağır tərpənib uzun çəkir, ayaqlarından daş asılan gündüz gecəyə, gecə də gündüzə qarışıb gedirdi...

Nəhayət bir gün xan Məhtabandan xəbərsiz mühüm bir işə iqdam etdi. Axundu evinə çağırıb, Məhtabanın kəbinini kəsməyi təklif etdi:

– Xan sağ olsun, Məhtaban Məhəmməd qızının izdivaca razıməndliyi varmı?

– Bəli, bir aydan artıqdır ki, Məhtaban Məhəmməd qızı mənim əndərunumdadır!

– Bəs, xan sağ olsun, belə gec kəbin kəsdirməyə nə ad vermək olar? – kotul dişli axund irişə-irişə soruşdu. – Xəlayiq deməzmi daldan atılan daş topuğa dəyər?

– Xeyr, axund, heç də daş topuğa dəyməz! – Xan qəzəbə doldu.

– Sən mənim və bütün xan nəslimin necə izzətli-şərəfli olduğunu bilməmiş deyilsən!

– Bişəkk, bişübhə!.. Leyk siz də Allahın əmri, peyğəmbərin şəraitinə bizim necə cavabdehində olduğumuzu da bilməmiş deyilsiniz!

– Mən heç zaman Allahın əmrindən, peyğəmbərin şəriətindən çıxmamışam, axund! O qız ayağıyla atası evindən necə gəlibsə elə də bakirə halında qalıbdır!

– Fətabarakallah, əhsənül xaliqin!..

– Bəli, Allah-taala Pəhləvan qızı Məhtabanı elə hüsndə xilqət edibdir!

– Xaliq özü bu ayəni gözəl xilqətə risalə buyurubdur, xan!

– İndi şəkk-şübhəniz qalmadı ki, axund... İstəsəniz Məhtaban xanımı hüzura da dəvət edə bilərik!

– Xan özü buyurandan sonra başqa şəxsin şəhadətinə nə ehtiyac?

Axund nikahı cari edəndən, muzdunun müqabilində xandan qiymətli ənam alandan sonra əba-qəbasını yığıb-yığışdırıb, dalı-dalı çəkildi, pillələrdə büdrəsə də yıxılmadı. Xan darvazasından çıxan kimi daban alıb qaça-qaça getdi...

Axund varıb gedəndən sonra xanı fikir götürdü: “Yaxşı iş gördüm, ya pis?”. Ancaq xana elə gəldi ki, qızın tərəddüdünə xitam vermək üçün əqdnamə zəruri idi! Ona görə zəruri idi ki, bəlkə Məhtaban izdivaca inanmır? Qızın beyninə batmır ki, həqiqətən xan onu özünə ərus, məhrum edər? Nə isə, qoca Məmalik özünü fırtına içində hiss etdi. Bir də düz, ya əyri nə olmuşdusa, artıq olmuşdu!.. İndi Məmalikin bu dünya üzündə Məhtabandan savayı ürəyinə yapışan, onu özünə aludə edən kimi var idi?

Xan kəbin kağızını diqqətlə oxudu, Allahın əmri, Məhəmmədin şəriəti ilə, Pəhləvan Məhəmmədin qızı Məhtaban Ərdaha xanı qoca Məmalikə halal olmuşdu! Bəs Məhtabanın könlü necə? Qız nə deyir? Bəlkə səbri tükənən xan əhd-ilqarına xəyanət etmişdir?

Qocanın ürəyi yerindən qopmaq dərəcəsinə gəlirdi... O, indi kimin yanına gedə bilərdi?.. Kiminlə öz ürək döyüntülərini bölüşdürə bilərdi? Pəhləvan Məhəmmədin yetimçəsindən başqa!

Bəlkə axund cari edən kəbin kağızını sabaha saxlamaq, axundu çağırmaq, ona iki o qədər də ənam verib, qeyri-mütəqabil təlaqı geri oxutdurmaq? Bəlkə məhbus qızı qəfəsdən azad edib, ona pərəstarlıq göstərib, öz tayı-bərabəri olan bir cavan çobana, naxırçıya, rəncbərə ərə vermək?

Yox, Məmalik xan, bütün dünyanı öz əlindən versə də, Məhtabanı verə bilməzdi, verməzdi. Nə qədər gülünc və namünasib görünsə də, qoca xan gözəl Məhtabanı bütün varlığı ilə, ürəyinin olan-qalan qığılcımı ilə sevirdi.

Belə isə bəs dünya görmüş xan niyə tərəddüd göstərir. Ona görə tərəddüd göstərir ki, könülsüz yaşamağın duzunu-tamını dadıbdır. O, könülsüz yaşamağın cəhənnəm əzabını çəkibdir. Xan ömrünün qocalan çağında tək bir gün, lap bir saat da olsa könüllə yaşamaq istəyirdi... Xan istəyirdi ki, bircə dəfə də olsa Məhtaban onu öz qüvvətli qolları arasına alsın, bütün gücü ilə qocanı sıxsın, sıxsın, gərəksə, canını da çıxarsın! Qoca Məmalik canını pəhləvan qızından əsirgəməzdi. Əgər qoca bacarsaydı, ətraf xan və xan onu istehzaya qoyub, onu dəlidivanə saymasaydı bütün Ərdaha xanlığını Məhtabanın adına salar, qoca gülçünü əndərundan biruna çıxarıb, özü bağbanlıq edər, nazəndə mələyə qulluq göstərər, ölüncə xidmətində dayanar, bu işi özü üçün əvəzsiz səadət sayardı.

Ancaq Məmalikin ürəyindən keçən mümkün idimi? Axı, xan xandır! Kimdi xanı özbaşına buraxan? Məhtaban söyləyən kimi hələ gör Ərmağan xanım bu əcaib izdivaca nə deyəcək, nə hoqqa çıxaracaq! Qırışsifət Həlaku xan, oğlu Ərdahan necə rişxənd edib Məmalikin yersiz hərəkətinə güləcək, bəlkə də nalayiq sözlərlə onu bihörmət edəcəkdilər.

Əl-ayağı titrəyən qoca xan başqa yana yollanmadı. Əndəruna endi, çarhovuzun qırağındakı daş kürsüdə əyləşən, günəşin qürubunu kədərlə yola salan qıza yanaşdı, səssiz-səmirsiz kəbin kağızını çıxarıb ona uzatdı. Məhtaban yarım səhifəlik ağızı aldı, qart-qalın kağız parçasında bağdadi qələmlə cızılan yazıları birtəhər höccələyə-höccələyə oxudu, dili-dodağı təpidi, qart-qalın kağız qızın əlində kor-kobudluqla titrədi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

L

Mehman arxasına baxmadan prokurorluğa tərəf addımladı. Qaloşlu adam lampa işıqları altında Mehmanı bir kölgə kimi təqib etdi... Mehman Qaloşlu adama etina etmədən idarəyə çatdı, cibini əlləşdirib açarı çıxartdı, kassanı açdı, balaca sarı saatı qulağına gətirib onu dinlədi, sonra qaytarıb kassanın bir küncünə atdı, qapını çırpıb bağladı:– Ləkə! – deyə o hikkələnib, məsum bir uşaq kimi, yavaş-yavaş doluxsundu, sonra birdən boğuq-boğuq içində ağladı. – Düzdür, ana, dediyin düz çıxdı, Şəhla xanımın xəmrəsi ayrı cür yoğrulmuşdur... İndi bəs bu rüsvayçılıq ləkəsini necə silmək?.. Bütün bu ağsaçlı adamlara, tay-tuşlara, bütün bu müqəddəs qanunlara hansı üzlə, necə cavab vermək? – Mehmanı ağır kədər bürüdü, sükut içində, sorğu qarşısında dayanan müttəhim kimi, o sakit dayanıb qulaq verdi. Yenə də həmin saat asta-asta çıqqıldayırdı. “Bu harada çıqqıldayır?.. Bu kassadan gərək bir səs çıxmasın?.. Bəs bu səs haradan gəlir?.. Nə üçün bu səs susmur?”

194419 dəq
Məhtaban 1

Balaş Azəroğluna və*Mədinə xanım Gülgünə*

3 dəq
Məhtaban 2

Qoca xan imarətinə döndü. O, nə yerdə olduğunu bilmədi. Özünü tanımadı. Bilmədi ki, müqəddəsləşib ya kafirləşib? Zalımlaşıb, ya məzlumlaşıb? Xan qəribə vəziyyətə düşdü. Od tutdu, alışıb yandı. Elə ki, qocanın sümükləri çöllərin quru çırpısı kimi çırtaçırtla alovlandı, tütünü təpəsindən çıxdı... Görünür, qoca son nəfəsinədək sönməyəcəkdi. Məhtaban xanın gözlərindən getmədi, cır-cındır geyinmiş, ağ mərmər heykəl öz varlığı ilə onun gözlərinin qabağında dayandı:– “Xudaya, bu nə cəncəldir, mən düşdüm?!”.

5 dəq
Məhtaban 3

Qoca xan cır-cında içində itən Məhtabanın əlindən tutub, imarətin əndərununa¹ keçirdi... Bir neçə mərtəbədən ibarət imarətin içəri həyətində tikilən, qabağında gülüstan düzələn çarhovuzlu guşəni, tağbənd eyvanlı qoşa otağı göstərdi:¹ Əndərun – imarətin içəri, naməhrəm görməyən həyətidir.

7 dəq

Başqa şairlərin şeirləri