Məhtaban 23
Sübhün gözü açılmadan kəndlərə çıxan, yenə də rəncbər-rəiyyətlə rəhmdilliklə rəftar edən, əlillərə ehsan paylayan Məmalik xan da ürəyinin Məhtabanın ürəyi kimi birdən eyni an içində sancdığını hiss edincə, atının belinə qalxıb üstünün süvariləri ilə dinməz-söyləməz geri döndü, göydəki gün əyilər-əyilməz, özünü bərigahına yetirdi. Xan atından düşüb birbaş Məhtabanın otağına qalxdı, onun ölü düşdüyünü görüb, heyrət etdi:
– Sənə nə bəla üz veribdir, qız?
– Daha axırımdır, xan!
– Bəs körpən? Bizim balaca Məmalikimiz?
– O, səssiz-səmirsiz yatıbdır!
– Çoxdanmı?
– Xeyli olar!
Nə isə qocaya əyan olmuş kimi həyəcanlı səslə xəbər aldı:
– Bəs niyə körpəmizin yuxusu uzun çəksin?
– Düzü, beşiyinə yanaşdım, tərpətmək istədim, tərpədə bilmədim!
– Nə üçün?
– Əlim gəlmədi, xan!
– Qıymadın, ya necə?
– Heç özüm də sustalmağımın səbəbini dərk etmirəm, xan!
Qoca ər, gənc xanımının çarpayısının qırağında həm məlul, həm də cəsarətsiz əyləşdi:
– Mənim də ürəyim Daşbulaq obasında sıxılıb əzilmişdir, Məhtaban!
Məhtaban da durdu, əzik-üzük olan libasında çarpayı üstündə əyləşdi:
– Sən də Savalan qarı kimi ağarıbsan, xan!
– Bir bədbəxtlik olmasınmı, Xudaya?
– Sanki onlar ikisi də baş verən bədbəxtliyi görürdülər. Ancaq görməkdən, müəyyən etməkdən çəkinirdilər:
– Götür, körpəmizi qaldır beşikdən, Məhtaban!
– Sən özün dur, götür uşağı, qaldır, xan!
– Mənim tozlu saqqalımdan vahiməyə düşüb qorxmazmı?
– Xan, oğlunuz sizə alışıbdır, – deyə Məhtaban çarpayıdan yerə düşüncə, hıçqırıb otaq dolusu ağladı, onun iniltili səsi imarəti götürdü... Xan çarpayının qırağından qalxdı, beşiyin örtüyünü atıb balaca Məmaliki qucağına qaldırdı. Uşaq buzdan da soyuq idi. Onun dodaqlarının qanı qaçmışdı. Yanaqları çovğuna düşən bahar gülü kimi solmuşdu, əl-ayağı da uzanmışdı.
– Oğlum, körpəm! – deyə qoca xan vahiməli səslə qışqırdı:
– Xudaya, mən nə qədər də bədbəxtəm! – Onun qışqırıqlar içində itən gözləri genişləndi, dönüb oğlunun meyitini Məhtabana uzatdı.
– Sal döşünə, qız, sal döşünə, Məhtaban, qoy körpən sonuncu dəfə ana südü əmsin! – Qoca xan doğrudan da şivən qopardı.
– Xudaya, sən bizim basaratımızı Quran qəsəmi ilə gör necə bağladın? Düşmən də göz görə düşmənçiliyini etdi!.. Xudaya, gör sənin Quranın necə bizi aldadıb, tiryək kimi yuxuya apardı!..
– Məhtaban, sal döşünə balanı! Bəlkə oğlun ecazla əmdi, bəlkə külli-aləmi yaradan Allahın mən zülmkar xana yox, sən fəqirə rəhmi gəldi?..
Məhtaban oğlunu alıb döşlərinə gətirincə uşağın ağ papağını başından qaldırdı, qıvrım saçlarının arasını axtarıb gəzdi. Arada az-azacıq, güclə seçilən qan izini, quruyub-qurumayan damlacıqları gördü:
– Xudaya, bu dəhşət nədən ola?.. Bəlkə daraq dişindən bədbəxtin başında qalan yara izləridir?.. Nə ola, Xudaya? Xudaya, nə uzun, əzablı yuxudur?.. Xudaya, nə vaxt mənim qorxulu yuxularımın axırı olacaqdır? Xudaya, mən Məhəmməd qızı Məhtaban, haçanacan əzab çəkəcəyəm?
Məhtaban buz parçasına dönən oğlunu qaytarıb, qoca xanın qolları üstünə qoydu, ər-arvad baş-başa verib hönkür-hönkür ağlaşdılar.
Əndərun hamamında yuyunandan sonra özünü cəmləşdirən Ərmağan Həlaku tezcə köhnə məmurları tor-top edib, öz fərmanını elan etdi və onun icazəsi olmadan heç kəsin əndəruna buraxılmamasını tapşırdı.
İşin nə yerdə olduğunu duyan Ərmağan Həlakuya xidmət etməyə tələsən əyan-əşrəf elə bu andan hökmranlığı əlinə götürən xanım Həlakunun qarşısında quyruq buladılar, onun bir sözünü iki etməməyə and içdilər. Bir azdan əyan-əşrəf bihuş olan xanla xanımını itələyə-itələyə kənar otağa keçirib, kiçicik cənazədən araladılar. Təbir cayizsə, qoca ilə arvadını xan evində həbs etdilər...
Ərmağanın sərəncamına görə, toran düşüb qaranlıq qovuşanda məqtulu qəbiristanlığa aparıb quyladılar. Heç kəs, heç cür səs-səmir çıxarmadı. Özünü Ərmağana müqərrəb sayan baş əşrəf bir qıraqda dayanıb, izafi dil tərpədən şəxsi ölüm cəzası ilə təhdid etdi. Baş əşrəfin başına toplanan xidmətkarlar daha günü keçən xana etina etmədən, dörd oğul anası Ərmağana xidmət etməyə caiz bildilər. Özü də baş verən qəzanı tək Tanrının iradəsinə isnad etdilər. Üstəlik qətlə çatdırılan tifilin ünvanına da çox şəbədə dedilər, dilsiz-ağızsız uşağın üstünə ağlasığmaz iftira-böhtan yağdırdılar:
– Əcəb də oldu ki, daima başımızı aşağı edə biləcək bicdən ərdahalılara xan olmadı! – deyən mübaşirlər, məmurlar, hap-haplayan qart köpəklər, hürüşüb-hürüşdülər, ac qurdlar kimi ağız-ağıza ulaşdılar. Elə bu andan taqətdən düşən qoca xanı da, Məhtabanı da qaralayıb közdən saldılar, Pəhləvan Məhəmmədin fədailiyini də, məşrutəçiliyini də, əncümənçiliyini də yamanlayıb, onun xatirəsini də nallıdaban başmaqlarının altına alıb, Ərmağan Həlakunun müqabilində atıla-düşə tapdadılar, onlar qoca xanın öz başını itirdiyini dönə-dönə deyib, çiyinləri ata-ata gülüşdülər, qarınlarını tuta-tuta atlanıb-düşdülər. Nəhayət Ərmağanın göz ağartması qarşısında güclə kiriyib, əl-əl üstündə dayandılar, yeni xanın hər bir sözünə iki dəfə “Bə çeşm!” deyib, bütün əmr-sərəncamını, verəcəyi hər növ fərmanı sözsüz-sovsuz yerinə yetirəcəklərinə, təntənə-təmtəraqla Qurana qəsəm qılıb, Ərmağan Həlakunun qarşısında keçəpapaq, uzunbirçək başlarını əydilər...
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-mehtaban-23
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Murtuzovun arvadı Yavər mətbəxdə xörək hazırlayır, Şəhla xanım bir amir kimi ona göstəriş verirdi. İztirabları az-çox ötüb keçmiş Züleyxa isə ayna qabağında dayanıb saçlarını xüsusi bir aludəçiliklə qaydaya salır, özünə sığal verirdi.Bayaqdan bəri qapıda girlənən Qaloşlu adam özünü içəriyə saldı. Züleyxa səksənib çevrildi:
XXXIVYavər Murtuzova qazanları qaydaya salandan sonra əlini döşlüyünə silə-silə mətbəxdən eyvana çıxdı. Bu son söhbət zamanı Züleyxa ilə açılışan Qaloşlu adam Yavəri görmüş, Məmmədxanın işi barəsində onu qızışdırıb Züleyxa ilə Şəhla xanımın üstünə yönəltmişdi.– Qız, qırsaqqız olub yapışarsan yaxalarından – deyə Qaloşlu adam sözünün axırında təkidlə ona tapşırmışdı. – Lap qırsaqqız!.. quyruğu qapı arasında qalmış kimi hey çapalayıb vurnuxacaqlar!..
XXXVBəli, Mehman işdən dönüncə Şəhla xanım özünü qabağa verib kürəkəninə xüsusi mehribançılıq göstərdi, bir azdan araya söz salıb Mehmana üz tutub təvəqqe elədi ki, prokuror, Məmmədxan gədənin bu şər işində ədaləti əldən buraxmasın, artıq danışığa, şər-şəbətəyə yol verməsin. Mehman da öz növbəsində Şəhla xanımdan təvəqqe elədi ki, onlar ana-bala heç bir zaman prokurorluğun daxili işlərinə qarışmasınlar. Şəhla xanım kürəkəninin bu sözündən rəncidə olub:– Məgər, ana öz oğluna bir söz də söyləyə bilməzmi? – deyə umuküsü elədi. – Mənim də bu dünyada gözümün ağı-qarası bircə qızım var!
XXXVIMehman respublika prokurorluğunda, öz keçmiş məktəb və hüquq fakültəsi yoldaşlarından bir qrupla görüşdü. Gənc prokurorların hamısı bir-biri ilə mehribancasına salamlaşdılar, öz yoldaşlarının iş-gücündən soruşub əhvallaşdılar. Bir ay bundan qabaq hüquq fakültəsində respublika prokurorluğuna işlər müdiri vəzifəsinə keçirilən Katibə xala qoltuğunda dəftər qapıdan boylanıb:– Yoldaş prokurorlar! – deyə onları öz yanına çağırdı. – Rica edirəm, bir mənim öz yanıma zəhmət çəkin!..