XXXV
Bəli, Mehman işdən dönüncə Şəhla xanım özünü qabağa verib kürəkəninə xüsusi mehribançılıq göstərdi, bir azdan araya söz salıb Mehmana üz tutub təvəqqe elədi ki, prokuror, Məmmədxan gədənin bu şər işində ədaləti əldən buraxmasın, artıq danışığa, şər-şəbətəyə yol verməsin. Mehman da öz növbəsində Şəhla xanımdan təvəqqe elədi ki, onlar ana-bala heç bir zaman prokurorluğun daxili işlərinə qarışmasınlar. Şəhla xanım kürəkəninin bu sözündən rəncidə olub:
– Məgər, ana öz oğluna bir söz də söyləyə bilməzmi? – deyə umuküsü elədi. – Mənim də bu dünyada gözümün ağı-qarası bircə qızım var!
– Elə o bir qız da, siz özünüz də ancaq burda, sizə aid olan ev işi ilə məşğul olun! – deyə Mehman qəti bir səslə cavab qaytardı. – Yoxsa ayrı cürə mümkün olmayacaqdır, ana!
Mehmanın bu sözləri müqabilində Züleyxanın nəzərləri yenə də stol üstündəki güzgüyə sarı parıltı salan saata sataşdı, o özü də dönüb sapsarı saraldı, anası isə gözlərini qızına tərəf ağardıb:
– Mehmanın bir sözü, gör necə də sivri bir xəncər olub bu qızdan keçir, – deyə, Züleyxanın daxili həyəcanlarının əsl səbəbini gizlətməyə çalışdı.
Züleyxa danışmağa cürət etmədən dönüb pərişan bir nəzərlə anasına baxdı. Mehman isə bu müəmmalı və üstüörtülü nəzərləri tutub sezdi. Bu halda Qaloşlu adam əlində teleqram tövşüyə-tövşüyə içəri girdi. Mehman teleqramı alıb oxudu. Bakıdan vurulan teleqram təxirlə gəlib çatmışdı.
Mehman bu hala qarşı təhəmmül etmədən telefon dəstəyini götürüb poçt naçalnikini çağırdı. Teleqramın nə üçün ləngidiyini soruşdu, bu barədə izahat yazıb prokurorluğa təqdim etməyi ondan tələb etdi.
– İnciməyin, hirslənməyin, – deyə Mehman poçt rəisinin izahatına cavab qaytardı. – Mən sizdən dövləti vəzifəni layiqilə yerinə yetirməyi tələb edirəm!.. Rayona hər bir yeni məsul işçi gələndə köhnə telefon dəstəklərini dəyişdirməklə bütün bir rayonda poçt işini düzəltmək olmaz!.. Bu, gözə kül üfürməkdir, naçalnik!
Mehman dəstəyi asıb teleqramı təkrar oxudu. Respublika prokuroru Mehmanı yarımillik fəaliyyəti haqqında hesabat verməsi üçün, onu mərkəzə çağırırdı. Mehman teleqramı qatlayıb cibinə qoydu, yol üçün hazırlıq görməyi Züleyxaya tapşırdı.
Qaloşlu adam udqundu, çuxura düşmüş gözlərinin parıltısı aynaya düşən saata zilləndi. Züleyxa da saata tərəf baxdı, rəng verib, rəng aldı.
Mehman yır-yığış üçün idarəyə getdi. Murtuzov onu irişən bir sifətlə qarşılayıb çoxdan görməyən, bərk qəribsəyən bir adam kimi salam verdi. Mehman bəzi cari işləri, o cümlədən hansı bir məqsədlə isə Məmmədxanın işinin istintaqını davam etdirməyi də Murtuzova tapşırdı. Murtuzov bu etibar üçün sevindi, hətta bu təklifdən onun içi də güldü. Mehman şübhə etməsin deyə, o dərhal qırışıq qaşqabağını sallayıb:
– İş ağır olsa da isti-isti izinə düşmək gərəkdir! – deyə Murtuzov qulluq göstərməyə çalışdı. – Qan işidir, bu işi soyutmaq batırmaq deməkdir?
– Mütləq bütün düyünləri vicdanla açmaq, azadlıq yolunda məhv edilən qadının qanuni intiqamını qatildən almaq lazımdır!
– Mən sizin etibarınızı doğrultmağa çalışaram, yoldaş prokuror!
– Mən özüm dönərkən dərindən-dərinə məşğul olacağam!..
– Mənsə siz gəlincə bütün düyünləri açmağı, sizin qarşınızda alnıaçıq hesabat verməyi özümə şərəfli vəzifə hesab edirəm!
– İş və nəticə hamısını apaydın göstərəcəkdir! Hər kəsə öz səhvlərini islah etmək üçün imkan verilə bilər!
– Mən təmiz vicdanı bütün dünya nemətlərindən üstün tuturam! – deyə Murtuzov dik dayandı. – Mənim adilanə iş apardığımı bu ətrafda, uşaqdan-böyüyə hər bir kəs bilir! Təmiz vicdan, açıqalın, sizin qarşınızda heç bir şübhəyə yol vermədən əbədi bir etibar, mənim üçün ən qiymətli bir ləl-cavahiratdır! Dünyanın malı dünyada qalacaq, insan bu dünyadan ad-san aparacaqdır!
Murtuzovun bu bəzək-düzəkli sözləri Mehmanı inandırmasa da, o bir sınaq üçün də olsa bu işlə məşğul olmağı müstəntiqə tapşırmağı, sonra nəticəsini yoxlamağı mümkün hesab etdi. Beləliklə danışıb tapşırıq verəndən və müəyyən dərəcədə yır-yığış edəndən sonra Mehman idarədən çıxıb rayon partiya komitəsinə getdi. Bakıya çağırılmağı barədə Vahidova məlumat verdi. Raykom katibi Vahidov Balışın ölümü üzərinə gəlib bu cinayətin dərindən öyrənilməsini, bu ölümün əsl səbəbinin açılmasını prokurordan tələb etdi.
– Mən sizə söylədiyim kimi yenə də həmin əqidədə qalıram ki, bu hadisədə əsas səbəb, o qatil ərin qadın azadlığına, qadının ictimai işlərdə iştirakı əleyhinə çıxmağı olmuşdur!
– Mənim də heç şübhəm yoxdur, – deyə Vahidov öz növbəsində Mehmanın fikrinə bir daha şərik olduğunu bildirdi. – Ancaq bu işin əsl mahiyyətini güzgü kimi açmaq, bütün kök və liflərinə qədər hər bir şeyi dartıb üzə çıxarmaq gərəkdir!
– Görək, Murtuzov mən gəlincə nə edəcəkdir?
– Siz işi onamı tapşırmısınız?
– Mən yoldaş Vahidov, onu da sınamaq, yoxlamaq, burada bəzi münasibətləri dəxi öyrənmək istəyirəm!
– Murtuzovu bir an belə gözdən qoymaq olmaz! – deyə Vahidov əlini uzadıb Mehmanla görüşdü. – Sizə yaxşı yol!..
Mehman raykomdan çıxıb mənzilinə gəldi, axşamı yatıb, sabahına, Vahidovun göndərdiyi avtomobilə oturub yola düşdü. Mehmanın dəmiryola qədər Vahidovun maşını ilə gəlməyindən, onun belə təcili Bakıya yola düşməyindən xəbər tutan Kamilov narahat olmağa başladı.
– Bu Mehman “qanun-qanun” deyib qurdalayıb bir iş çıxarmasa yaxşıdır?.. Özü də raykomun “QAZ”ında səkə-səkə gedib, ha?!. Bu olmadı, bu, Vahidovla birgə işləmək, işləri birgə görmək oldu. – Kamilov Murtuzovu telefonla axtarıb tapmadı. O əlini zəng düyməsinə dayayıb Sərrafzadəni yanına çağırdı. Murtuzovu tez-tələsik tapıb gətirmək üçün ona möhkəm tapşırıq verdi:
– Görünür ki, bu Murtuz özünü harasa verib ki, telefona da cavab vermir?..
Sərrafzadə icraiyyə komitəsi sədrinin kabinetindən çox cəld çıxdı, ora-bura dəydi, Murtuzovu tapıb gətirdi, Kamilov əlini başına aparıb:
– Ə, Murtuzov, – deyə əsnədi, – bu Bakıya gedəndə niyə bir xəbər eləmirsiniz ki, ay yerli hökumət, biz filan yerə təşrif aparırıq, hə?
Murtuzov boynunu əyib çiyinlərini çatdı.
– Niyə bəs belə, balam? – Kamilov təkrar otaqdolusu əsnədi.
– Mən özüm də mat qalmışam, yoldaş Kamilov!..
– Niyə mat qalmısan?
– Bütün bu işlərə!
– Bəs sən özün?..
– Mən qoz qabığındayam, Kamilov!..
– Dünənki bir uşağın qabağında sən bir cücəyə dönürsən!
– Əlacımı Allah kəsibdir!
– Niyə belə yetim quzu olmusan?
– Vahidovun “QAZ”ında gedən bir adama əl çatdırmaq olmaz, – deyə Murtuzov Kamilovun fikrini duymuş kimi cavab verib stulda əyləşdi. – Siz mənə bir heyvərə yabı verib gündə bir başıma çırpırdınız!
– Bəli, bəli, “QAZ” qanadlanıb zümrüdquşu kimi Muradoğlunu aparandan sonra sən də gərək kirpi kimi qınına çəkiləsən!
– Əlacımız nədir?..
– Bəli, başını qınına çəkmək, tamam yığışıb bir tikanlı yumağa çevrilmək! Bəli, bəli, kirpidən də heyvərə, tikansız bir ip yumağına! Dul bir qarının qırım-qırtı yundan düzəltdiyi boş bir yumağa!
Kamilov əsəbiləşən əlini çallaşmış saçlarından çəkib tündləşdi. Sonra Sərrafzadəni oturdub bir vərəq kağız verdi, teleqram tərtib etməyi ona təklif etdi. Kamilov Mehmanın özbaşına hərəkətlərindən, işləri pozduğundan, işlərin öhdəsindən gələ bilmədiyindən, sosializm əmlakının keşiyində dayana bilmədiyindən danışdı və qızışıb özündən çıxdı. Axırda bu işlərin hamısını yoxlamaq üçün yuxarıdan hörmətli bir komissiyanın göndərilməsini təkidlə tələb etdi:
– Belədir, yox? – deyə o, üzünü Murtuzova tərəf turşutdu. – Qoy gəlib yerində çözələsinlər, sizin nə kimi tikanlı, ya tikansız bir yumaq olduğunuzu görsünlər!.. Yoxsa siz, bizi gopa basmış tamam-kamal tozanağa tutmaq istəyirsiniz!..
Murtuzov sallanmış daz başını yırğalayıb:
– Düz sözə nə ola bilər? – dedi.
– O sənin də işləməyinə imkan vermir! – deyə Kamilov ayağa qalxdı. – Özün bu boyda köhnə bir silistçisən, baxıram ki, səni, doğrudan da, özün demiş, dürtüb bir çürük qoz qabığına, qalmısan orada bir fərsiz cücə kimi baxa-baxa! Ya da sarıyıb-sarıyıb, bir yun yumağına çevirib, uşaqlar oynadan bir kosa çeviribdir!..
– Lap düz sözdür, – deyə Murtuzov təsdiq etdi. – Doğrudan da, lap bir əyləncə olmuşam, mənim vicdanım var, düz söz gələn yerdə boynum qıldır, qıldan da nazik!
– Baxıram ki, o sənin də canını xirtdəyinə yığıbdır!
Murtuzov əlini hülqumuna atdı:
– Vallah az qalmışam ki, mən də elə o Balış qız kimi bu boğazımı o kəndirə keçirim!
– Bəs o Məmmədxanın işi necə oldu, bu barədə, hə?
Murtuzov yerə baxdı.
– Gedəndə onu mənə tapşırıb! Daha doğrusu o işi mənim boğazıma keçirib!
– Nə əcəb yağlı tikəni əlindən sənə verdi?
Murtuzov başını ağır-ağır qaldırıb qırışan burnunda güldü:
– Qan işində onların ağızlarından bir çiy süd qoxusu gəlir!.. Baxırsan ki, lap bələkdən çıxan bir çağadılar! Əvvəl-əvvəl özü istədi basıb-bağlasın, Amerika açsın, sonra baş aça bilmədi, gedəndə işi mənə adlatdı!..
Burada Kamilov, Zərrintacın söylədiyi saat əhvalatını xatırladı, dönüb katib Sərrafzadəni çağırdı.
– Qıza deyərsən ki, o məsələni bir də dərindən yaxşı-yaxşı öyrənsin, – dedi. – Başa düşdünmü?.. Dilə tutub dərindən öyrənsin, hər haçapuçasını öyrənsin, qandınmı?..
– Bəli, çatdıraram!
– Onda dəmiri isti-isti! – deyə Kamilov əlilə qapını göstərdi.
Sərrafzadə qapıdan birbaşa çıxdı, bacısı Zərrintacın yanına getdi, saat məsələsini bir daha ona anlatdı. Zərrintac barmağını dişləyib:
– Hə, bildim, iş haradan-haraya gedir, – dedi. – Axı deyirəm, bu milis naçalniki niyə boğça barəsində ora-buranı basmalayır?.. Görünür ki, o hərif kölgəsindən ürküb, bu hərifə tapşırıb ki, o qızı gözükölgəli elə!.. Hərçənd Züleyxa xanım indi daha yaxa ələ vermir, buraları dolaşmır, yanına getməyə də sifət göstərmir, ancaq görək onu necə tələyə gətirərik?.. Ancaq milis naçalniki neçə gündür mənə göz verir, işıq vermir!
Kamal Sərrafzadə özü də milis rəisinin işi basmarlamağı barəsində təşvişə düşdü, hətta bacısının sözlərini də yadında saxlaya bilmədi:
– Nə barədə, axı?.. Nə deyir axı o Cabirov?
– Bağçanın işləri barəsində deyir!.. Tutub ondan-bundan xəlvəti-xəlvəti soruşur ki, bəs bilməzsən bu norma haradan gəlir, haraya gedir?.. Bu nə bazardan ayrı-ayrı əllərdən alma şeylərdir?.. Bu möhür niyə belə buruq, ya pozuq düşübdür?.. Niyə bu peçat belə ləkəli düşübdür?..
– Neçə gündür belə təftiş başlayıb?
– Üç gün olar!
– Bəs niyə bizə bir söz demirsən? Bəlkə yoldaş Kamilova?..
– Mən dedim, sənin huşun başında deyildi, lülqənbər gəlmişdin, özün də qız kimi qızarmışdın!
– Kamilov yoldaşa bildirməyəkmi?
– Yox!
– Nə üçün?
– Çünki çünkisi var?..
Kamal bacısının bu qəribə sirri ilə çox maraqlandı. Zərrintac isə qardaşına bir söz demədi. Zərrintac Sərrafzadə zaqsda qeyd olunub, rəsmi surətdə Kamilova ərə gedincəyə qədər bu sirri açmaq, özünü sındırmaq istəmirdi...
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-mehman-xxxv
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Züleyxa “qızıl saat” əhavalatını açıb anasına söylədi. Bir neçə gün sonra o, anasının məsləhət və təkidilə saatı çıxarıb qoluna bağladı və işdən qayıdan Mehmana göstərib:– Neçəyə dəyər? – dedi.
XXXIIÖz vaxtında prokurorluğa gələn Mehman, cari kağızlarla məşğul olub onların icrası üçün qanuni istiqamət verdi, sonra onu, çox narahat edən Balış məsələsi düşündürdü. Bakıda hüquq fakültəsində oxuyarkən istehsalat təcrübəsi zamanı “Səriyyə məhkəməsi”nin materialları ilə necə tanış olduğunu təsəvvürünə gətirib xatırladı. Səriyyənin qətlinə dair respublika qəzetlərində çap edilən ictimai etirazları necə tədqiq etdiyini, özü üçün konspektlər tərtib etdiyini, necə qəzəbləndiyini yaşadı, sanki onun qəzəb və nifrəti, qatillərə qarşı qətiyyəti qat-qat gücləndi. Mehman birdən stolun arxasından dik ayağa durdu, kitab mərtəbəciyinə yanaşdı, buradan bir kitabça çəkdi, vərəqlədi, buradakı “Səriyyənin ölümü” şerini diqqətlə, kərratla oxudu.“Mən görmədim, söyləyirlər bir gecənin sonunda
XXXIIIMurtuzovun arvadı Yavər mətbəxdə xörək hazırlayır, Şəhla xanım bir amir kimi ona göstəriş verirdi. İztirabları az-çox ötüb keçmiş Züleyxa isə ayna qabağında dayanıb saçlarını xüsusi bir aludəçiliklə qaydaya salır, özünə sığal verirdi.Bayaqdan bəri qapıda girlənən Qaloşlu adam özünü içəriyə saldı. Züleyxa səksənib çevrildi:
XXXIVYavər Murtuzova qazanları qaydaya salandan sonra əlini döşlüyünə silə-silə mətbəxdən eyvana çıxdı. Bu son söhbət zamanı Züleyxa ilə açılışan Qaloşlu adam Yavəri görmüş, Məmmədxanın işi barəsində onu qızışdırıb Züleyxa ilə Şəhla xanımın üstünə yönəltmişdi.– Qız, qırsaqqız olub yapışarsan yaxalarından – deyə Qaloşlu adam sözünün axırında təkidlə ona tapşırmışdı. – Lap qırsaqqız!.. quyruğu qapı arasında qalmış kimi hey çapalayıb vurnuxacaqlar!..