Məhtaban 24
Lakin bu səs-səmir heç də içəridə qalmadı. Savalana qalxan qiyamçılardan Ərdahanın həm təzə, həm də köhnə əşrəf və mübaşirlərinə xəbər yetişdi ki, bəs əgərləri siz Pəhləvan Məhəmmədin qızı Məhtabanın başından bircə tük əskik etsəniz, öz keçəpapaq, uzunbirçək başınızı cidada bilin!.. Baş əşrəfin tapşırığına görə bu xəbəri Ərmağandan gizlədilər, tülkü kimi qorxduqlarını yeni hökmdara bildirmədilər...
– İndi nə olsun, ağalar? – deyə Ərmağan başına toplaşan əşrəfəyanın fikrini bilmək istədi. Onlar qoca xanla, onun xanımı Məhtabanla necə rəftar etməyi Ərmağanın öz öhdəsinə buraxıb, onun heç bir sərəncamına zidd çıxmayacaqlarını bir ağızdan izhar etdilər.
Ərmağan xan əri Ərdahana sifariş göndərdi ki, bəs durmayın, yas bəhanəsi ilə də olsa gəlin!.. Ancaq o tərəfdən heç bir adam gəlmədi, cavab da qayıtmadı. Çün çalbığ Həlaku heç bir kəsi, o cümlədən Ərdahanı da Məmalik mülkünə buraxmadı:
– Ta məqamınacan bizim heç bir işdən xəbərimiz yoxdur, baba! – deyə Həlaku öz qara-qırışıq əlini çal bığının gah bu tayında, gah da o biri tayında gəzdirdi, – bizim kiçicik bir tifilin qətlinə heç bir dəxalətimiz yoxdur!
– Bəlkə ağa, öz müsəlləh süvarilərimizi də götürüb gedək, Məmalik mülkünü tezcə işğal edək? – Ərdahan arvadına bel bağlaya bilmədiyinə görə, atasına işarə etdi, döşünün atdığını gizləyə bilmədi. – Bəlkə heç qoymayaq bu isti qismət soyuya, xan!
– Əsla, qəta, Ərdahan! – çalbığ Həlaku şəhadət barmağını cilov gəmirib, baş aparan Ərdahanın üstünə bərk-bərk silkələdi. – İşğalsız da Məmalik mülkü Həlaku xanlığına qarışıb qurtarıbdır, gədə!
– Bəlkə xan, sənin gəlinin Ərmağan dönüklük etdi, onda necə?
– Dörd oğlunun boynunu burada fərmanda qoyan Ərmağan orada heç bir dönüklük iqtidarında ola bilməz, oğlan!
Gah özünə gələn, gah da özünü itirən Məmalik oğlu öldürülənin beşinci axşamı qızını yanına çağırdı. Ərmağan atasının cibindən düşən aylı gecə dəsmalını götürüb, gözlərini silə-silə qocanın yanına gəldi:
– Daha ağlamaq nə üçün, Ərmağan xanım? – qoca qotazlı mütəkkələrdə güc-bəla dirsəkləndi. – Siz həlakular ki, öz məqsəd, məramınıza çatdınız!
– Mən Məmalik qızı Ərmağan ancaq atamın halına ağlayıram!
– Mənim daha nə halım, Ərmağan xanım?.. Artıq hər şey sizin əlinizdədir, siz həlakularındır!
Məmalik bir az da mütəkkələrdə qalxıb gözlərini güclə genişləndirdi.
– Sən qardaş qatilisən!
– Sübut? Sübut?..
– Bunu mən özüm də əcəb bilirdim!
– Bəs onda niyə varisinə göz olub, düşmənindən qorumurdun?
– Sənin Quran qəsəmini bunca amansız pozub, qardaş qatili olacağına da çətin inanırdım!
– Niyə də çətin inanırdın?.. Madam ki, dünya görmüş qoca şübhə etmişdi, niyə düşməninə uduzurdu? Niyə girəvəsini marıqda duran, girəvə gözləyən dədə-baba düşməni Həlaku tərəfə verirdi?
– Mən binəva hər necə çapalasam da, öz atalıq hisslərimə əsir düşürdüm, son mülayim rəftarına görə öz doğma qızıma, qardaşını əlindən qoymayan, onun nazı ilə oynayan övladıma, sir-sifətdə özümə bənzəyən balama Quran qəsəmindən sonra hər necə şəkk-şübhə etsəm də, inanmağa başlamışdım...
– Məgər Məmalik, düşmən ocağına ərə verdiyi qızı Ərmağandan doğulan dörd oğulun dördünün də Həlaku sicillisinə mənsub olduğunu dərk etmirdimi?
– Dərk edirdim, hamısını da əcəb bilirdim!.. Ancaq görünür, get-gedə qocalıq mənim beynimi kütləşdirib basaratımı da bağlayıbdır!
– Bəlkə Məmalikin basaratını ərş-əlada bərqərar olan ulu Tanrı özü doğru-dürüstünə bağlayıbdır?
– Ulu Tanrı belə qətlə kömək edərdisə, mən asi kəsilib ona, “Yoxsan, yoxsan, yoxsan!” – deyərdim!..
– Qoca xan qızışmasın, aqibəti betər olar! – Ərmağan atasına yaxın əyləşdi. – Gərək sirr qalmasın ki, sənin qızın cəsur oğul qətiyyəti ilə sənin xan şərəfini əğyar şəmadətindən xilas edibdir!
– Nə əğyar, qız? Hansı əğyar şəmadətindən, Ərmağan Həlaku?
– Guya ki, əfəl qocanın hər iki qulağına birdən girvənkə-girvənkə pambıq tıxanıbdır?
– Nə pambıq, necə girvənkə-girvənkə?
– O girvənkə-girvənkə pambıq ki, Məmalik xan, külli-İran ancaq bir səndən danışırdı. – Ərmağan əlinə qılınc götürən cəllad görkəmi alıb, onun özünü öldürmək əzmində olduğunu nümayiş etdirdi. –
Gərək sən qoca gec də olsa qulaqlarından tıxacları çıxarıb, əlinin içi kimi əcəb biləsən ki, hamı hey oturub-durub bir ağızdan, özləri də gizlətmədən, utanmadan, çəkinmədən heç kəsdən bak etmədən, gurgurrah səslə deyirdilər ki, yetmiş yaşlı, əpriyib, əfəlliyən xan vərəsə vücuda gətirməyə qüdrətsizdir, qadir deyildir. Mənsə bu batman ağırlığında zəhərli sözləri əzəl başdan, o zaman yanıma gəldiyin gündən sənə demişdim!.. Lakin sən qoca xan öz doğma qızını dinləməyib yerindən dingildədin, at belinə qalxıb süvarilərini də götürüb toz içində tozlana-tozlana itdin!
– Onda da, indi də sidqi-dil ilə Qurana qəsəm qılıram ki, bu batman ağırlığında zəhərli sözlər başdan-başa yalandır, qara böhtandır! – Qoca qımzanıb döşəkcədə bardaş qurdu. – Məndə, Məhtabanın eşqi ilə gənclik iqtidarı, cavanlıq atəşi nümayan idi!
– Nümayan idi? – deyə girəvəni əlinə keçirən, xanlıq ixtiyaratını öz dəstəsində toplayan Ərmağan atasını qılıncdan qabaq tənəli sözləri ilə məhv etmək istəyirdi. – İndi bəs necə, xan həzrətləri?.. İndi bəlkə səni təzədən bir ev küncündə un çuvalına tay olan çirkin bir xan qızıyla, ya dul, doğar bir qəşəng xanımla bir də evləndirək?.. Görən onda sən deyən Allahın izni ilə səndən hansı övlad-vərəsə vücuda gəlir?.. Əgər belə bir möcüzə baş verərsə, onda mən öz caniliyimi, əli qanlı qatil olduğumu icma qarşısında etiraf edib, öz əlimlə boğazıma kəndir keçirib Allah divanında asılaram! Qoy vahid Allahın cəzası daha təxirə düşüb, axirət dünyasına qalmasın! Qoy dünya üzündə hər kəsin müqabilində aşkar olsun, külli-İran bu qəziyyəni eşidib-bilsin!.. Bilməyən, gözləri ilə görməyən kəs də eşidib anlasın ki, qardaş qatili Ərmağan Məmalik qızı Quranın hökmü ilə külli-kainatı yaradan Allah divanına necə cəsarətlə getdi. Necə öz ləl-cavahiratlı boğazını samanları görünən kəndirdən keçirdi!
– Sən necə, nə təhər söyləsən də, mənim belimi qırıbsan, qız! – deyə taqətdən düşən xan zariyan səslə asta-asta danışır, bəzən də az qala qızının necə amansız qatil olduğunu unudur, birdən də atalıq giley-güzarına keçirdi. – Sən, Ərmağan mənim belimə ağır əmud endirdin, namərd bala! İndi sənin atan öz gözünün qabağında tərpənə bilmir!.. Budur, bax, gör sənin öz gözünün qabağında mənim əl-ayağım necə də tir-tir titrəyir! Budur, zəifləyən, sarsıyan vücudumda iflic – ölüm əlaməti görünür!
– Nə üçün, əziz, möhtərəm xan öz qoca canına bunca cövr-cəfa verib özünə əbəsdən qəsd edir? – deyə istehzalı, iynəli sözlərindən əl çəkib tərksilah olmaq istəməyən Ərmağan, ağına-bozuna baxmadan Məmaliki qılınclayırdı, – nə üçün qoca bu qədər iniltili iztirablar keçirir?
– Çün, mənim son sevincimi namərdlik və hiyləgərliklə əlimdən aldın, məni varisdən məhrum qıldın!.. Sən mənim girəvəmi dədə-baba düşmənimizin əlinə keçirdin, Ərmağan Həlaku!
Ərmağanın gözləri yenə də qoşa qan çanağı kimi közərdi:
– Bəs necə! – deyə o, ayağa atılıb çalbığ Həlaku ədasıyla atasını təhdid etdi, əgər çox cəza-fəza göstərərsə, aqibətinin heçə-puça gedəcəyini söylədi. – Bəs necə, Məmalik ağa?.. Mənim xan qızı anam Sərəncamın yatağı sənin üçün küçələrdən gətirilən səfil-sərgərdan bir qızla boş-boşuna da olsa əylənmək üçün əyyaşlıq məvası deyildi!!.
– Sənin anan, mənim də xanımım Sərəncam özünün bitib-tükənməz əfi ilan zəhəri ilə mənim ömrümü-günümü çürütmüşdü! – Məmalik acıdan-acı günlərinə görə qanlı ah çəkdi. Hətta sənin anan məni tiryəkə də məcbur etmişdi!
– İndi sən tiryəksiz-hoqqasız, ayıq başınla dur, keç o tərəfə! – deyə Ərmağan sapsarı saralan, gücsüzlükləşib heydən, hərəkətdən düşən, yaraşıqlı ağ saqqalı yana əyilən qocanı başmağın bumu ilə tərpətdi. – Qalx, qoca! Qalx, məxmər döşəkcədən, qotazlı mütəkkələrdən! Yapış titrəyən əllərinlə o cadugərin, sehrkarın qolundan, çıxar ləçəri əndərundan, aparıb birundan keçir, xan darvazasından bayıra tulla!
– O, nə cadugər, nə sehrkar... nə də ləçərdir! – deyə gücsüzləşən xan məxmər döşəkcədən durmaq, nə vaxtdan bəri hiyləgər, xatakar düşmənə dönən qızıyla döş-döşə dayanmaq istəsə də büdrəyib, məxmər mütəkkələrdə bənd aldı.
– Sən belə saxtakar, süni bəraətinlə, öz qırıq-quruq çərən-pərənlərinlə, izafi inilti, sızıltılarınla, qalxıb-yıxılmağınla mənim qətiyyətlə dolan qeyrətli ürəyimi heç də pilə kimi yumşalda bilməzsən! – Ərmağan güclənən səslə qocanın yıxılısına qışqırdı.
– Çün, mən bilirəm ki, sən bütün vücudunla sehrlənmisən, cadulanmısan, qoca! Sənin indi mütəkkələrdə yaşaran gözlərinə elə gəlibdir, şirin röya kimi elə görünübdür!
– Heç... ola bilməz!.. – Qoca hər iki titrək əli ilə rədd edirdi. – Əsla, ola bilməz, Həlaku!
– Əgər sən miskin qoca belə sehrlənib, əfsunlanıb, cadulanmasaydın, – deyə Ərmağan öz qurğuşun ağırlığı ilə atasının başının üstünü alıb dişləri qıcana-qıcana yırğalandı. – Sən daha bunca özünə əldən qoyub, bu rəzalətdən o rəzalətə, bu gölməçədən o gölməçəyə, bu bataqdan o batağa, bu üfunətdən o üfunətə düşməzdin! Sən azan-təzən gedə-güdədən, Savalan ətəyinin ney çalan, cır-cında içində itən çoban-çoluğundan özünə əmval-əmlak varisi, böyük Ərdaha xanlığına vəliəhd düzəltməzdin!.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-mehtaban-24
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aran ölkəsinin Muğan elində Ovqan adil bir çoban vardı. Ovqan çox əliaçıqdı. Ağartısızlara ağartı verir, əlacsız dul arvadlara, yoxsullara qoyunun dişisindən damazlıq paylayırdı. Ovqan qışda öz qoyun bölüyünü aranda otarır, yayda yuxarıya, başı buludlara dayanan yaylaqlara qaldırırdı. El yolu üstündə taxıl zəmilərini dağlara qalxan tərəkəmə köçərilərinin sürülərindən qoruyan, əli dəyənəkli, toqqası xəncərli qoruqçular Ovqanla xoş-beşlə görüşür, daha başqalarına olduğu kimi, ona tumturş sifət göstərmir, hələ taxıl arası şırım otlaqda onun bölüyünə yer də verirdilər. Ovqan çoban öz iş-peşəsini xaqanlıqdan da yuxarı tutur, zoğal şivindən kəsib, tonqalda ütüb düzəltdiyi başı toppuzlu çomağına söykənir, ota yayılan bölüyünə tütək çalır, hava qoşub quşları dilə gətirir, istəyəndə mələşdirirdi. Ovqan çobanın şöhrəti el-obaya yayılır, bir tək Muğanı deyil, bütünlükdə Aran ölkəsini tuturdu. Ovqanın adı-sanı bir gün gedib Loğmana da çatdı. Loğman yelqanadlı qızıl boz atını minib, özünü Aran ölkəsinin Muğan elinə yetirdi. Axtarıb Ovqan çobanı bölüyünün başında tapdı. Loğman tanışlıq verməsə də, Ovqan qərib qonağı xoş sifətlə qarşıladı, bacardığı hörmətdən elədi. Ovqan çoban qonağına xınaquyruq əmlik kəsib, ocaqda qızartdı, cam-cam süd içirtdi, öz qarğı dəyəsinin yuxarı başında yataq yeri düzəltdi. Düz bir ay Loğman çobanın əziz qonağı oldu. Loğman gözü ilə görüb inandı ki, Ovqan deyilmişkən varmış. Ovqanın geyimi-kecimi özünə yaraşan idi: çiyinlərində saçaqlı yapıncısı, başında saçaqlı papağı, ayaqlarında quşburnu çarığı, əlində isə deyildiyi kimi girvənkə başlı toppuz çomağı vardı. Onun üz-gözündən nur yağır, yanaqları solub-saralmır, gecə də, gündüz də köz kimi qızarırdı. “Tək bircə anaş qoyunla, bircə buynuzuburma qoç qalsa, mənə bəsdir”, – deyə Ovqan əsla ürəyini sıxmır, dünya görən Loğmanı heyrətə salırdı.– Bu qoyun ki var, ömründə qurtarası deyildir, – deyə Ovqan qonağına söz açırdı. – Əgər bu bölükdə ürəklə zəhmət çəksən, qoyunu halallıqla becərsən, sən bir verəndə, yerinə ikisi gələr, onda qoyun əkiz doğar, üçəm doğar, dişi doğar. Vay ondadır ki, bu bölüyə haram qatasan, başqasının sürüsündən bir axsaq toğlunu bölüyə qarışdırasan, onda elə bil ki, quyunun dibinə daş atdın, damazlığını dibindən kəsdin. Onda qoyun nə əkiz doğar, nə də üçəm! Onda qoyuna azar düşər, görərsən ki, bir həftənin içində batıb...
IÜrəyim, nəfəsim, alim-şair*oğlum Şamoya*
IIGöyalı da, Qaratel də ürəkdən inandılar ki, onlardan da artıq qızların diləyi hasil olacaqdır. Mütləq Ziyarət dağına getmək gərəkdir.Belə olanda onlar bir yaz səhəri başqa bir kəsə bildirmədən bacardıqları qədər nəzir-niyaz götürdülər. Ziyarət dağına yola düşdülər. Az getdilər, çox getdilər, yol boyu qabaqlarına çıxan kəndlərdə rastlarına çıxan kora, şilə, fağıra, yoxsula, sahibsiz kəslərə götürdükləri nəzirdən payladılar ki, diləkləri tez hasil olsun. Kəndbəkənd beləcə edib, yol gedəndən sonra axır ki, Ziyarət dağına çatdılar, dağa qalxdılar, daş məqbərələri aradılar, axtardılar, tapa bilmədilər. Demə, zamanın selsuyu bu daşları hey yumuş, ildırımlar buraya düşüb Ziyarət dağını tir-tir titrətmiş, iri-iri daşları parçalamışdır. Burada hər şey dəyişmişdir, nağıl edilən sayaqda heç nə öz yerində qalmamışdır.
IIIAylar ötdü, il dolanıb başa çata-çatmaz Qaratel bir oğlan doğdu. Göyalının evinə görünməzin şadlıq gəldi. Atanın, ananın, qızların sevinci yerə-göyə sığmadı. Bu xəbər bir tək Göylər obasında olan qohum-qardaşı deyil, yaxın-uzaq Göyən obalarını, ağqoyunluları şad etdi. Göyalı yeddilər üstündə tapılan oğlan üçün qurban üstündən qurban kəsdi. Yenə fağır-füqəraya payladı. Hər kəsə Ziyarət dağının möcüzəsindən, oradan dilənən diləyin eşidildiyindən danışdı. Ağqoyunluların gözündə Ziyarət dağı bir daha ucaldı, böyüdü, müqədziyarətgahlardan birinə çevrildi. Söz gəzdi, söhbət getdi... Kimi dedi: Ziyarət dağında daima ocaq yanır, dumanlı-buludlu qaranlıq gecələri işıqlandırır; kimi dedi: Ziyarət dağının ətəklərindən çıxan çeşmələr şəfa qaynaqlarıdır, bütün dərdlərə dərmandır, sidq-dillə ziyarətə gedənlər naümid qayıtmır. Belə olandan sonra Ziyarət dağına doğru axın artdı, dilək diləyənlərin sayı çoxalıb hesaba gəlmədi.Göyalı da, Qaratel də öz qiblələrini Ziyarət dağına çevirdilər.