Aran ölkəsinin Muğan elində Ovqan adil bir çoban vardı. Ovqan çox əliaçıqdı. Ağartısızlara ağartı verir, əlacsız dul arvadlara, yoxsullara qoyunun dişisindən damazlıq paylayırdı. Ovqan qışda öz qoyun bölüyünü aranda otarır, yayda yuxarıya, başı buludlara dayanan yaylaqlara qaldırırdı. El yolu üstündə taxıl zəmilərini dağlara qalxan tərəkəmə köçərilərinin sürülərindən qoruyan, əli dəyənəkli, toqqası xəncərli qoruqçular Ovqanla xoş-beşlə görüşür, daha başqalarına olduğu kimi, ona tumturş sifət göstərmir, hələ taxıl arası şırım otlaqda onun bölüyünə yer də verirdilər. Ovqan çoban öz iş-peşəsini xaqanlıqdan da yuxarı tutur, zoğal şivindən kəsib, tonqalda ütüb düzəltdiyi başı toppuzlu çomağına söykənir, ota yayılan bölüyünə tütək çalır, hava qoşub quşları dilə gətirir, istəyəndə mələşdirirdi. Ovqan çobanın şöhrəti el-obaya yayılır, bir tək Muğanı deyil, bütünlükdə Aran ölkəsini tuturdu. Ovqanın adı-sanı bir gün gedib Loğmana da çatdı. Loğman yelqanadlı qızıl boz atını minib, özünü Aran ölkəsinin Muğan elinə yetirdi. Axtarıb Ovqan çobanı bölüyünün başında tapdı. Loğman tanışlıq verməsə də, Ovqan qərib qonağı xoş sifətlə qarşıladı, bacardığı hörmətdən elədi. Ovqan çoban qonağına xınaquyruq əmlik kəsib, ocaqda qızartdı, cam-cam süd içirtdi, öz qarğı dəyəsinin yuxarı başında yataq yeri düzəltdi. Düz bir ay Loğman çobanın əziz qonağı oldu. Loğman gözü ilə görüb inandı ki, Ovqan deyilmişkən varmış. Ovqanın geyimi-kecimi özünə yaraşan idi: çiyinlərində saçaqlı yapıncısı, başında saçaqlı papağı, ayaqlarında quşburnu çarığı, əlində isə deyildiyi kimi girvənkə başlı toppuz çomağı vardı. Onun üz-gözündən nur yağır, yanaqları solub-saralmır, gecə də, gündüz də köz kimi qızarırdı. “Tək bircə anaş qoyunla, bircə buynuzuburma qoç qalsa, mənə bəsdir”, – deyə Ovqan əsla ürəyini sıxmır, dünya görən Loğmanı heyrətə salırdı.

– Bu qoyun ki var, ömründə qurtarası deyildir, – deyə Ovqan qonağına söz açırdı. – Əgər bu bölükdə ürəklə zəhmət çəksən, qoyunu halallıqla becərsən, sən bir verəndə, yerinə ikisi gələr, onda qoyun əkiz doğar, üçəm doğar, dişi doğar. Vay ondadır ki, bu bölüyə haram qatasan, başqasının sürüsündən bir axsaq toğlunu bölüyə qarışdırasan, onda elə bil ki, quyunun dibinə daş atdın, damazlığını dibindən kəsdin. Onda qoyun nə əkiz doğar, nə də üçəm! Onda qoyuna azar düşər, görərsən ki, bir həftənin içində batıb...

Loğman diqqət yetirir, getdikcə Ovqanın ağlına, kamalına, səxavətinə daha artıq heyran olurdu. Ələlxüsus da Loğman Ovqanın sapsağlam olduğuna, heç bir azar-bezarı eyninə gətirmədiyinə təəccüb edirdi. Hər necə olsa da, ayrılıq zamanı Loğman dostu Ovqanı toqqadan yuxarı soyundurub canını yoxladı, ürəyinə qulaq verdi. Loğman gördü ki, canı-başı sağ-salamat olmaqla Ovqanın misli-bərabəri, bəlkə də, bütün dünyada az-az tapılar. Necə deyərlər, onun canı buz baltası kimidir! Loğman çoxlarının dərdini müəyyən edib dərman eləmişdi, amma Ovqanda heç bir dərd tapmadı. Durub mənalı nəzərlə intəhasız bozaq düzəni süzdü:

– Sənə bir tapşırığım var, – deyə öz gözlərini çobanın bulaq kimi qaynayan gözlərinə zillədi, onun şəvə kimi qara bığlarını əli ilə tumarlayıb, ata məhəbbəti ilə sözünə davam etdi, – mənim saçım da, saqqalım da, bax, o yuxarı dağların qarı kimi ağarıbdır, Ovqan! Sözümə qulaq ver, sənə bir tapşırığım var!

– Can-başla tapşırığına əməl elərəm, Loğman!

– Gərək canla-başla əməl eləyəsən ki, dağı-aranı gəzə-gəzə azı yüz il yaşayasan!

– Lap son nəfəsimə qədər mən bu qoyunun içində olacağam, Loğman!.. Nə vaxt ki, küləklər tütəyimin səsini sənə çatdırmadı, onda bil ki, daha mən ölmüşəm!

– Bəs mən necə? Bəyəm mənə ölüm-itim yoxdur?

– Nağıllardan yəqin bilirəm ki, Loğmana ölüm yoxdur, onun ömrü dünya durduqcandır.

– Sənə bir tapşırığım vardır, Ovqan! Gərək, sən ayıq-sayıq olasan, gərək sən ilan-çayandan özünü qoruyub, gözləyəsən!

– Ayıq-sayıq olmuşam, amma urcahıma çıxan heç bir ilan-çayanı öldürməmişəm.

– Bəs niyə? Bəs nə üçün bu qədər ehtiyatsızlıq eləmisən?!

– Düzü, həmişə yoluma çıxan ilan-çayanı sağ-salamat buraxmışam!

– İlan-çayan sənin girəvəni alıb, ya sən ilan-çayanın?

– Düzü, indiyəcən mən ilan-çayanın girəvəsini almışam!

– İnnən belə urcahına çıxan ilanın başını, bax bu toppuzla əzginən, Ovqan!

– Axı, ilan hər dəfə mənim qabağımda dil çıxarıb yalmayır?

– Atalarımız əcəb deyib: “İlanın ağına da lənət, qarasına da!”.

– Bu misallardan mən özüm də çox bilirəm, Loğman!

– Bəs onda niyə bilə-bilə əməl eləmirsən?

– Düzü, Loğman, qarşıma çıxan ilan dil çıxarıb toppuza təslim olandan sonra demişəm, qoy sürünüb rədd olsun cəhənnəminə!

– Bəlkə, sən ilandan qorxursan, Ovqan? Qorxursan ki, birini acıdasan, dönüb qoşun düzəldə, üstünə sürü-sürü gələlər?

– Xeyr, gücə görə yox, yalmanıb-yalvardıqlarına görə! Yoxsa mən ilanın da, əjdahanın da gücünə güc göstərərəm, necə ki, canavarlara güc göstərirəm!

– İlan canavardan qorxuludur, Ovqan!

– Ancaq canavar heç zaman ilansayağı yalmanmır!

– Buna görə də dil çıxaran ilan diş göstərən canavardan qorxuludur!

– Düzdür, ölüm ayağında ilan göz yaşı töküb ağlayır, amma canavar ölüm ayağında daş-qayanı gəmirir!

– Qarşında dil çıxarıb yalmanan, göz yaşlarını gilə-gilə töküb axıdan, sənin toppuz çomağından sovuşmağa çalışan ilan canavardan qat-qat qorxuludur, Ovqan! Sən ayıq-sayıq olsan, bu sağlam canınla, şübhəsiz, yüzdən yuxarı yaşayacaqsan, amma ilana güzəştə getsən, ömrünü vaxtsız-vədəsiz çürüdəcəksən!

– Onsuz da mən yüzdən yuxarı yaşayacağam, ilan mənə heç nə edə bilməz!

– Axır bil ki, ilan ilandır!

– Yəni demək istəyirsən ki, o öz xasiyyətini dəyişməz?

– Əsla!

– Əgər, mən urcahıma çıxan ilana aman verib, ona öz xasiyyətini dəyişdirtdirsəm, necə?

– Belə möcüzəyə inanmaram, Ovqan!

– Əgər, mən Loğmanı inandırsam, necə?

– İnansam, yəqin quruyub daşa dönərəm!

– Yaxşı, baxarıq! – deyə Ovqan Loğmanın yelqanadlı qızıl boz atını çəkib gətirdi. Loğman atına minməzdən qabaq ayaq saxladı. Ovqana bərk-bərk tapşırdı ki, bəs dara düşəndə mənə xəbər yetirərsən.

– Necə xəbər yetirim, Loğman?

– Küləklə, tufanla!

– Əgər külək-tufan olmasa?

– Buludlarla bildir!

– Əgər göy üzündə buludlar olmasa?

– Günlə xəbər göndər!

– Gün də olmasa?

– Sən məni ürəyindən keçir, hər harada olsam, bir göz qırpımında yanına gələrəm, dadına-imdadına çataram!..

Ayrılıq zamanı nə içə hər iki dost birdən kövrəldi, onlar qol-boyun oldular. Loğman yelqanadlı boz atının belinə qalxıb, cilovunu tərpətdi, Muğan düzündə gözdən itdi.

Bu söz-söhbətdən sonra Ovqanın boynuna ağır yük düşdü. O, iki il aranda ilan axtardı, urcahına heç nə çıxmadı. “Bəlkə, Loğman ilanların dilini bilirdi”, – deyə Ovqanın fikri dolandı. – “Bəlkə o, mənim dərdimdən ilanları dilə tutub, Muğandan çıxarıbdır? Bəlkə də boz atının üstündə qanadlanıb Muğana sehrli dava-dərman səpib, ilan-çayanı tamam qırıbdır?. Axı necə ola bilər ki, ildə azı-azı yüz ilanla rastlaşan Ovqanın urcahına bir ilan da çıxmasın, onun toppuz çomağının qabağında dil çıxarıb yalmanmasın? Nə isə, Loğmandan ayrılanın üçüncü ili Ovqan qoyunlarını yaylaqdan aran şoranına endirirdi. Gün qovurmuş torpağın cadarından kömür kimi qara qartmaqlı bir ilan çıxıb, onun üstünə cumunca, Ovqan çomağını çəkib “İlanın ağına da lənət, qarasına da!” – deyə cəld bu məlunun başını əzmək istədi. İlan əyri-üyrü dişləri arasından nazik dilini çıxarıb yalmandı, zil qara şüşəni andıran gözlərindən gildir-gildir yaş tökdü.

– Öldürmə məni, Ovqan!

– Axı, sən məni öldürəcəkdin. İndi mən hansı hesaba görə səni sağ-salamat buraxım?

– Əvvəlki yüz-yüz hesaba görə!

– Necə əvvəlki yüz-yüz hesaba görə?

– Çünki mən hər ili azı-azı yüz kərə səni çalmaq istəmişəm, ancaq sən mənə girəvə verməmisən, məni sağ-salamat buraxmısan!

– Bəs niyə indiyəcən məndən üzülüb əl çəkməmisən?

– Çünki ilan olanın xasiyyəti belədir!

– İndi bəs mən haradan bilim ki, sən xasiyyətini dəyişib, bir günü girəvə tapanda məni çalmayacaqsan?

– And içirəm sənə, Ovqan, sənə and içirəm! Mənim bu əyri-üyrü dişlərim heç zaman sənin bu sapsağlam canına qıymayacaqdır!

– Bəs andını pozsan necə?

– Həmişə ayıq olarsan, Ovqan! İşdir sənin qəsdinə duraramsa, bu başımı o qurğuşun çomağınla əzərsən, sonra da bir qaratikan kolunun üstündən üzüaşağı asarsan, ta gecə göydə ulduz görüb ölləm!..

– Mən sənin andına inansam, öz zəhər tuluqlarınla sağ-salamat qoysam necə?

– Sən məni salamat buraxsan, mən əhdimə vəfa edib, dostun Loğmanın hikməti ilə əzəlki halıma qayıdıb, mələk ollam!

Bu söz-söhbətdən sonra Ovqan toppuzbaşlı çomağını dayandırdı. Qara qartmaqlı ilan bir bölük qoyunun da keşiyini çəkməyə başladı. Ovqan ürəkdən inanıb, ilanla ülfət bağladı. Yazda ilan selə düşəndə onu dartıb çıxartdı, qışda ilan donanda onu öz yapıncısının altına alıb, qızdırıb donunu açdı. Belə-belə yenə də azı yüz kərə ilana aman verib, onu ölümdən qurtardı. Ancaq qara qartmaqlı ilan hər il yenidən qabıq qoysa da, dişlərinin dibindəki zəhər tuluqları ilə birlikdə dəyişməz qaldı. Xeyirxah niyyətlə yaşayan Ovqana elə gəldi ki, zahiri görünüşünü dəyişə bilməyən ilan içəridə xasiyyətini dəyişibdir. İndi bu ilanı bir neçə sınaqdan da çıxarmaq gərəkdir ki, Ovqan Loğmanı çağırsın, əhvalatı açıb ona desin, təvəqqe eləsin, ilanı ilanlıqdan çıxarıb, əzəlki mələkliyinə qaytarsın!

Ancaq buna aman olmadı. Ovqanın ovqatı gündən-günə təlx oldu. Onun ağzında dad qalmadı. “Yəqin qızdırma tutmuşam”, – deyə Ovqan gümana düşdü... Yerdə sərili qalan Ovqanın dili tərpənəsi olmadı, ürəyindən Loğmanı keçirdi. Yelqanadlı boz atını minən Loğman özünü Ovqana yetirdi, ancaq dostu ilə kəlmə kəsmək mümkün olmadı. Loğman qar kimi dümağ saqqalına həkimanə əl gəzdirib düşünə-düşünə durdu. Dönüb diqqətlə yan-yörəyə baxdı. Qamış dəyənin qapısının astanasında, yumşaq torpaq üstündə əyri-üyrü iz gördü... O, tez Ovqanın bütün bədənini diqqətlə yoxladı. İlanın dişindən çobanın bədənində heç bir iz-əlamət görmədi. Loğman mühakiməsi ilə müəyyən etdi ki, öz əhdini ağ-açıq poza bilməyən, çobanın fürsətini oğurlayıb, girəvə tapa bilməyən ilan Ovqanın xörəyinə zərrə-zərrə zəhər damızdırıb, ömrünü azı-azı altmış il azaldıbdır. İş işdən keçdiyinə görə, Loğman dostunun dərdinə dərman tapa bilmədi. Nəhayət, Ovqanı Muğan torpağına tapşırdı.

Loğman onun toppuzbaş çomağını yadigar götürdü, atına süvar olub getdi. Bir bölük qoyun qəbrin yan-yörəsində mələşə-mələşə qaldı. Elə bil ki, Muğan düzünə heybətli ağlaşma düşdü. Ovqanın ölümünün ili tamam olunca, Loğman çomağı götürüb yelqanadlı boz atını mindi, dostunun qəbrini ziyarətə gəldi. Üstündə ot-ələf dikələn qəbrin bir yerdən oyulub-deşildiyini gördü. Loğman tamam-kamal şübhədən çıxdı, hər iki gözündən dümağ saqqalına qanlı göz yaşı axıtsa da, axır ki, özünü toxtatdı. Loğman uzağa getmədi, girəvədə durub gözlədi, gecə-gündüz gözünə çimir gəlməyə qoymadı. Bir sabah ertə qara qartmaqlı ilan qəbirdən çıxar-çıxmaz Loğman Ovqanın toppuzbaş çomağını qaldırdı, girəvəsi kəsilən ilan eynən dilini çıxarıb yalmansa da, Loğman fürsəti fövtə verməyib, onun başını əzdi, göydəki ulduzu görüb biryolluq ölməyi üçün onu çomağı ilə ortasından götürüb quru qaratikan kolunun başından üzüaşağı asdı. “İlanın ağına da lənət, qarasına da!” – deyib Ovqana xatırlatdığı misalı özlüyündə dönə-dönə təkrar etdi, boz atının belinə qalxıb Aran ölkəsinin küləklərinə qarışdı...

iyun 1963-cü il

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XVIII

Qara şeytanın qara qurğusu qara mozalan qara qəsd üçün öz qara rəngini Ulduza yaxıb bu dünya üzündə uğursuzluğun qara kabusuna döndərmişdi. Ulduz öz Şükranının, igid qəhrəmanını; ağ çuxalı, ağ papaqlı, gümüş xəncərli, qırmızı çekməli səvarisinə dəmir nallı təpik çalmaqla öz taleyinə də təpik çalmışdı. Şükran ölmüşdü. O torpaq altındadır. Ulduz da ölmüşdür, ancaq torpaq üstündədir. Belə bir fəlakət olandan sonra, əlbəttə, torpaq altında, gözlərdən iraqda olmaq qat-qat yaxşıdır. Sürünə-sürünə, sürüklənə-sürüklənə, gözdən düşə-düşə, nifrətlə süzülə-süzülə, lənətlə damğalana-damğalana bu qara at kimi yas içində qalmaqdansa, ölüm yaxşıdı! Deməli, qapıya gələn qara at üçün tale ölüm yolu açmışdı. Elə bil qara ölüm onu səsləyirdi: gəl-gəl qara at! Gəl mən səni düşdüyün qara gündən xilas edim! Gəl, gəl qara kabusluğunu ortadan götürüm! Axı sənin qalmağın əzab-əziyyət, işgəncədir! Sənin ulduzun Ziyarət dağının başı üstündə batıbdır. Dayanma, durma, gəl qaranlığa qovuş! Gəl, bu dünyanın heçliyini, puçluğunu bildirən bu şit-şitəngə işıqda əlləşmə, çapalama! Sən qaranlığa qovuşub işıqdan uzaq ol! Daha heç kəs burada səni daş-qaya ilə vurmayacaq! Bu qaranlıqda heç kim burada səni hədələməyəcək! Heç kəs səni uğursuzluq timsalı sayıb qəzəb və nifrətlə süzməyəcəkdir. Sən qaranlıqda öz azadlığını tapacaqsan!Qara mozalanın şeytan-şər zərbələrini axıra qədər tutdurmaq, öz qara qəsdlərini axıra qədər yerinə yetirmək, qara don geydirdikləri Ulduzu axıracan aparıb axırına daş atmaq istəyirdilər. Gah mozalan cildində Ulduzu çalmaqla, gah qaranlığı işıqdan, ölümü yaşamaqdan üstün tutmaqla həmin qara mozalan qara atı qaranlığa çəkirdi. Qara at həmin tərəfə çəkilirdi. Şükransız belə işıqlı dünyadansa ona qaranlıq, ölüm yaxşı gəlirdi. Belə yaşamaqdansa yaşamamaq yaxşı deyilmi? Zəhərlənəndən sonra yaşamaq kimə, nəyə gərəkdir? Demək, mozalan öz şeytan qurğusu ilə kimini çox, kimini az da olsa zəhərləmişdi. Göyalı ailəsinin içində mozalanın fitnə-fəsadı nəticəsində zəhərlənməyən, ürəyi tir-tir titrəməyən tək bircə nəfər də olsa yox idi! Bəs Ulduz? Bu dünya üzündə ən ağır cəzanı Ulduz özünə verməmişdimi? Bundan belə gözlənilən cəza bu «əzanın müqabilində nə idi? Ölüm! Öldürülmək! Nəfəsi varkən Ulduz Şükranı axtarırdı! O öldürdüyü süvarisini axtarırdı. Ancaq Ulduz bir də, bir də duyurdu, bilirdi ki, Şükran orada qara qayanın qabağında, onun nallı təpiyi ilə qətlə çatdırılıbdır. Bu təpikdən çevikliklə çovuyan mozalan Şükranı onun dəmir nallı təpiyinə tuş edibdir. Ziyarət dağına gedən cığırın yanında Şükran qara torpağa gömülübdür. Üstü də qara tikanla tikanlanıb, ağ-qara, boz göy rəngli daşlarla daşlanıbdır.

6 dəq
XIX

Qara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?

5 dəq
I

Tədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..

19442 dəq
II

Məktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?

19445 dəq

Başqa şairlərin şeirləri