XVIII
Qara şeytanın qara qurğusu qara mozalan qara qəsd üçün öz qara rəngini Ulduza yaxıb bu dünya üzündə uğursuzluğun qara kabusuna döndərmişdi. Ulduz öz Şükranının, igid qəhrəmanını; ağ çuxalı, ağ papaqlı, gümüş xəncərli, qırmızı çekməli səvarisinə dəmir nallı təpik çalmaqla öz taleyinə də təpik çalmışdı. Şükran ölmüşdü. O torpaq altındadır. Ulduz da ölmüşdür, ancaq torpaq üstündədir. Belə bir fəlakət olandan sonra, əlbəttə, torpaq altında, gözlərdən iraqda olmaq qat-qat yaxşıdır. Sürünə-sürünə, sürüklənə-sürüklənə, gözdən düşə-düşə, nifrətlə süzülə-süzülə, lənətlə damğalana-damğalana bu qara at kimi yas içində qalmaqdansa, ölüm yaxşıdı! Deməli, qapıya gələn qara at üçün tale ölüm yolu açmışdı. Elə bil qara ölüm onu səsləyirdi: gəl-gəl qara at! Gəl mən səni düşdüyün qara gündən xilas edim! Gəl, gəl qara kabusluğunu ortadan götürüm! Axı sənin qalmağın əzab-əziyyət, işgəncədir! Sənin ulduzun Ziyarət dağının başı üstündə batıbdır. Dayanma, durma, gəl qaranlığa qovuş! Gəl, bu dünyanın heçliyini, puçluğunu bildirən bu şit-şitəngə işıqda əlləşmə, çapalama! Sən qaranlığa qovuşub işıqdan uzaq ol! Daha heç kəs burada səni daş-qaya ilə vurmayacaq! Bu qaranlıqda heç kim burada səni hədələməyəcək! Heç kəs səni uğursuzluq timsalı sayıb qəzəb və nifrətlə süzməyəcəkdir. Sən qaranlıqda öz azadlığını tapacaqsan!
Qara mozalanın şeytan-şər zərbələrini axıra qədər tutdurmaq, öz qara qəsdlərini axıra qədər yerinə yetirmək, qara don geydirdikləri Ulduzu axıracan aparıb axırına daş atmaq istəyirdilər. Gah mozalan cildində Ulduzu çalmaqla, gah qaranlığı işıqdan, ölümü yaşamaqdan üstün tutmaqla həmin qara mozalan qara atı qaranlığa çəkirdi. Qara at həmin tərəfə çəkilirdi. Şükransız belə işıqlı dünyadansa ona qaranlıq, ölüm yaxşı gəlirdi. Belə yaşamaqdansa yaşamamaq yaxşı deyilmi? Zəhərlənəndən sonra yaşamaq kimə, nəyə gərəkdir? Demək, mozalan öz şeytan qurğusu ilə kimini çox, kimini az da olsa zəhərləmişdi. Göyalı ailəsinin içində mozalanın fitnə-fəsadı nəticəsində zəhərlənməyən, ürəyi tir-tir titrəməyən tək bircə nəfər də olsa yox idi! Bəs Ulduz? Bu dünya üzündə ən ağır cəzanı Ulduz özünə verməmişdimi? Bundan belə gözlənilən cəza bu «əzanın müqabilində nə idi? Ölüm! Öldürülmək! Nəfəsi varkən Ulduz Şükranı axtarırdı! O öldürdüyü süvarisini axtarırdı. Ancaq Ulduz bir də, bir də duyurdu, bilirdi ki, Şükran orada qara qayanın qabağında, onun nallı təpiyi ilə qətlə çatdırılıbdır. Bu təpikdən çevikliklə çovuyan mozalan Şükranı onun dəmir nallı təpiyinə tuş edibdir. Ziyarət dağına gedən cığırın yanında Şükran qara torpağa gömülübdür. Üstü də qara tikanla tikanlanıb, ağ-qara, boz göy rəngli daşlarla daşlanıbdır.
Elə buna görə də Ulduz öz-özünə divan-məhkəmə qurub özünə ölüm hökmü oxuyubdur. İndi qaralaşan, kömürləşən Ulduz son divana gəlibdir. Gəlibdir ki, ona divan tutulsun, oxlansın ölüb qurtarsın. Axı ölüm, ölüm intizarından asandır. Demək, ləngiməyinə dəyməzdi!
Göyalı haçan Şükranın oxu ilə matəm geyimli Ulduzu oxlayacaqdı, özü bilirdi. Axı o biri tərəfinə gəlincə Göyalı üçün Şükranın Ulduzunu oxlamaq çətin, oğlunun qatilini özbaşına buraxmaq daha çətin idi. Bu Ulduz hər necə qara geyinsə də, istər-istəməz göz dağına çevrilmişdi. Göz dağını göz qabağından götürmək gərək idi! Bunların hamısını düşünən, qəddi əyilib-bükülən Göyalı əllərini də, dizlərini də yerə dayayıb ayağa durdu, qara qəzil çatını götürdü, heç bir müqavimət göstərməyən qara atın boyun-boğazında kürməklədi. Həmişə başına qızıl-gümüşlü cilov vurulan, belinə qızıl-gümüşlü yəhər qoyulan Ulduz acı taleyin hökmü ilə aşağı endirildi, aşağı düşürüldü, sonra da bu qəzil çatı ilə dar ağacına qaldırılan kimi durdu. Bəlkə çatı boğucu idi? Yox, Göyalının titrək əlləri bu çatını gen bağlamışdı. Ancaq bu çatı Ulduza dar ağacından asılmağı andırırdı. Demək, bu ölüm çatısı idi. Canı boğazına yığılanlar belə qara çatı ilə öz-özlərinə qəsd edə bilərdilər. “Boğazına çatı salma!” – demək işi ölüm qədər ağırlaşdırmaq deməkdir. Qara qəzil çatı qara atın boğazına salınandan sonra qara atın ölümünə birinci hökm verən Qaratel birdən üzünü eyvanın divarına döndərdi. Hər necə olsa da, Şükranın sevimli Ulduzu divana aparılırdı.
Göyalı qara atın qara çatısından tutdu, onu çöl-çəpəri sökülən həyətdən çıxartdı, o biri çiyninə aldığı ox-kamanı düzəltdi, Göylər obasından aralandı, Ziyarət dağına doğru uzanan həmincə ziyarətə getdiyi cığırla yol aldı. Bəli, bu həmin cığır idi ki, bu cığırla Qaratellə birlikdə ulu Tanrıdan oğul diləmək üçün Ziyarət dağına yollanmışdı. Bu həmin cığır idi ki, Şükranın tabutunu köhnə qəbiristana gətirmişdilər. Gözə gələn bir dairədə dəfn etmişdilər. Bu həmin cığır idi ki, yenə də matəm geyimli Ulduz ağlaya-ağlaya gəlmişdi. Bu həmin cığır idi ki, yenə matəm deyimli Ulduz Şükranın başı üstündə qalanan tonqalın işığı azalınca özünü buraya yetirmişdi. Yenə də qara qayanın qabağında olan sayaqda öz başını öldürdüyü dostunun ayaqlarına sallamışdı, bütün gecəni ağlamışdı, üfüq sökülər-sökülməz buradan qopub xəlvətə çəkilmişdi. Ulduz gözə dəyməkdən qorxmamışdı. Utanmışdı, qəribə görünsə də at utanmışdı! Üstündən on gün ötüncə daha yas saxlamağı bacara bilmədiyinə görə divana gəlmişdi. İndi də həmin cığırla axırıncı divana gedirdi.
Göyalı qədəmləri sınıq kimi yeriyir, qara at da sınıq-sınıq addımlayırdı. Adamlar da onların dalınca sınıq-sınıq cığıra düzülmüşdülər. Onlar divan yerinə varmaq, bu qara ata tutulacaq divana tamaşa etmək istəyirdilər. Göz qoyanda yeddi bacının yeddisi də bu cığıra düzülmüşdü. Yeddi yeznənin yeddisi də bu cığırı tutmuşdu. Göyalının ayağı yer tutan oğlan-qız nəvələri də öz ata-analarının böyürləri həmin-həmin sınıq addımlarla irəliləyirdilər. Cığırın dalı hələ də sınıq-sınıq çözələnirdi. Bircə üzünü qara divara döndərən Qarateldən savayı ayağı yer tutan kim var idisə, hamısı eynən beləcə gəlirdi. Bunlar Şükranı öldürən qara atın divanını görmək üçün gəlirdilər. Belə divan ağqoyunluların tarixində olmamışdı. At adam öldürmüşdüsə, dərhal yerindəcə öldürülmüşdü. Axı Ulduz ayrı idi, ayrı bir aləm idi. İndi “ayrı aləm”in divanı da ayrı aləm idi. Burada el qarşısında görk divanı var idi, qan-intiqam var idi! Əvəzə əvəz, qisasa qisas, ölümə ölüm var idil Bu divan olmazın-görünməzin, eşidilməzin divan idi. Qara donlu Ulduz belə bir divana gedirdi. Ulduz heç cür yox, böyük kədərlə Göyalının sınıq addımlarının ardınca divana gedirdi. Ulduz heç yana dartınmırdı. Bu divan Ulduzun xilası idi. Ulduz xilas olmağa, gözlərdən iraq olmağa, Şükran işıqlı dünyada olmadığı zamanda, o da işıqlı dünyadan üzülməyə gedirdi...
Lakin birdən qəbiristana dönən cığır ayrıcında qara at öz əzəlki Ulduz çevikliyi ilə qara çatını başından çıxardı, qəbiristana döndü. Adamlar cığır uzunu durdular, durdular. Ulduz diklənib Şükranın qəbrinə çatdı. Düz yeddi dəfə bu qəbirin dövrəsinə dolandı, dönüb gəldi, başını çatıya salmadı, Ziyarət dağına gedən cığıra, ancaq cığırda dayanan adamların qabağına düşdü. Heç kəs Ulduza toxunmadı. Onlar gördülər ki, necə də Ulduz divana gedir. Ulduz getdi, getdi, kölgələr sallanan, dik-dik daşların kölgələri uzanan uçurumlu dərələrə qaranlıq çökən bir yerdə dayandı, döndü, adamlar da axın-axın gələ-gələ toplandılar, durdular. Göyalı kamanı düzəldib oxları hazırlayınca Ulduz üzü bəriyə oturdu, qabaq əllərini yuxarıya qaldırdı, sinəsini açdı, birdən adamlar için-için hıçqırdılar. Göyalının oxu əlindən düşdü. Kaman yerə diyirləndi. Göyalı diz üstə büküldü. büküldü. O, Ziyarət dağının qarşısında qəzanın-qədəri müqabilində bükülə-bükülə yumağa döndü. Elə bil ki, adamların üstünə su ələndi.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-kesilmeyen-kisnerti-xviii
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yavər Murtuzova qazanları qaydaya salandan sonra əlini döşlüyünə silə-silə mətbəxdən eyvana çıxdı. Bu son söhbət zamanı Züleyxa ilə açılışan Qaloşlu adam Yavəri görmüş, Məmmədxanın işi barəsində onu qızışdırıb Züleyxa ilə Şəhla xanımın üstünə yönəltmişdi.– Qız, qırsaqqız olub yapışarsan yaxalarından – deyə Qaloşlu adam sözünün axırında təkidlə ona tapşırmışdı. – Lap qırsaqqız!.. quyruğu qapı arasında qalmış kimi hey çapalayıb vurnuxacaqlar!..
XXXVBəli, Mehman işdən dönüncə Şəhla xanım özünü qabağa verib kürəkəninə xüsusi mehribançılıq göstərdi, bir azdan araya söz salıb Mehmana üz tutub təvəqqe elədi ki, prokuror, Məmmədxan gədənin bu şər işində ədaləti əldən buraxmasın, artıq danışığa, şər-şəbətəyə yol verməsin. Mehman da öz növbəsində Şəhla xanımdan təvəqqe elədi ki, onlar ana-bala heç bir zaman prokurorluğun daxili işlərinə qarışmasınlar. Şəhla xanım kürəkəninin bu sözündən rəncidə olub:– Məgər, ana öz oğluna bir söz də söyləyə bilməzmi? – deyə umuküsü elədi. – Mənim də bu dünyada gözümün ağı-qarası bircə qızım var!
XXXVIMehman respublika prokurorluğunda, öz keçmiş məktəb və hüquq fakültəsi yoldaşlarından bir qrupla görüşdü. Gənc prokurorların hamısı bir-biri ilə mehribancasına salamlaşdılar, öz yoldaşlarının iş-gücündən soruşub əhvallaşdılar. Bir ay bundan qabaq hüquq fakültəsində respublika prokurorluğuna işlər müdiri vəzifəsinə keçirilən Katibə xala qoltuğunda dəftər qapıdan boylanıb:– Yoldaş prokurorlar! – deyə onları öz yanına çağırdı. – Rica edirəm, bir mənim öz yanıma zəhmət çəkin!..
XXXVIIBayaqdan yol gələn Mehman qan-tər içində özünü fabrikə çatdırdı, soruşub müdirin kabinetini tapdı. Qapıçı müdiri əvəz edən adamın otağını göstərərək:– Bax, ora buyurun, – dedi, – müdir azarlıdır. Onu orada oturan əvəz edir, baş mühəndis!
Başqa şairlərin şeirləri
Nigârâ la'l-i lebün ışkı câna kâfiyedürLebün kirişmesi bu sayru câna şâfiyedür
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçəkGəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.
Gümüşbədənli gözəllərin sevgisi məni heyran edirƏhvalimdən büt kimi məni xəbərsiz qoyur.