Xarici xanım ərköyünlüklə xan imarətində dolanır, heç də əndərunbirunun qayda-qanununu tanımaq istəmirdi. O, üzünə salıb arada Məhtabanı da özü ilə əndərun bağçasına endirirdi. Xarici xanım əndərunda olanda qoca gülçü ilə hey zarafatlaşıb əylənirdi. O, qocadan becərdiyi qızıl güllərin növünü soruşur, ağ əllərinə tikan batmasın deyə dəri əlcək geyib, xoşladığı güldən öz balaca qayçısı ilə kəsib dəstə düzəldirdi. Əlvan güllərin ətri bir-birinə qarışır, xarici xanım məst olunca qoxulayır, sonra da Məhtabanın burnuna tuturdu:

– Xanım, qoxulayın, ciyərləriniz üçün faydalıdır! – deyirdi.

– Məhtaban qızılgül dəstəsini burnuna aparır, güllərin məstedici ətrini udsa da, rahatlana bilmir, sıxılan ürəyi açılmırdı. Xarici xanım xəstəsinə qayğı göstərib:

– Xanım, mən sizin kədərinizi qovmağa cəhd etdiyim halda, – deyə şabalıdı saçlı başını bulayırdı, – nə üçün özünüz-özünüzü qəsdən üzürsünüz?..

– Düzü həkim xanım, özüm də heç baş açmıram, – deyə Məhtaban mamaçasının müqabilində nəzakətlə gülümsəmək istəsə də, bacarmayıb, yazıq görkəm alırdı.

Xarici xanım saraylarının daxili fitnə-fəsadlarına az-çox bələd olsa da, Məhtabanın dəruni döyüntülərindən baş aça bilmirdi. Onun saysız-hesabsız sorğularına Məhtaban açılışıb cavab verib deyə bilmirdi ki, Ərmağan xanımın anası ilə birləşən məşum kölgəsi onu izləməkdən usanmır, hətta günün günortaçağı güllükdə onu rahat buraxmır.

O, deyə bilmirdi ki, həlakular evinə gəlin gedən Ərmağan namə yazıb öz atasını tələb edib, Məhtaban necə insanlıq göstərib atanın öz qızının yanına getməyini təkid edib, Məmalik xan öz qızının yanından necə dəhşətli xəbərlə qayıdıb...

Məhtaban açılışıb xarici xanıma deyə bilmirdi ki; gərgin doğum günlərində, ölüm-dirim arasında dayandığı vaxtda o, özündən çox bətnində çırpınan, bütün bu çəkişmə-didişməni duymuş kimi vurnuxan balasının taleyi üçün dərd çəkir.

O, firəng mamaçasına deyə bilmirdi ki, ömründə əndərun-birun tanımayan, hicab-örtü nə olduğunu bilməyən, hələ evlərində qız ikən at belinə qalxan, Ərdaha kəndlərində xanlıq eləyən Ərmağan xanım hansı ilan-çəyən yatan yuvanın necə zəhərli xilqətidir!

Məhtaban açılışıb xarici xanıma deyə bilmirdi ki, əgər Ərmağan bu izdivacdan narazıdırsa, atası Məmalik bu narazılıqdan narahatdırsa, qan çanağı kimin başında sınacaqdır?!

Məhtaban açılışmırdı, dərdini açmırdı, bütün bunları xarici xanıma demirdi. Hamısını öz ürəyinə salırdı! Xarici xanımın cidd-cəhdlərinə baxmayaraq Məhtabanın ürəyi dəqiqədən-dəqiqəyə daş yüklənən kimi ağırlaşır, qəfəsə salınmış yaralı quş kimi döyünür, az qala sinəsindən çıxıb qaçmaq istəyirdi! Ancaq bu ürək sinədən çıxıb qaçmır, ana bətnində döyünən ikinci ürək üçün sızıldayır, ağlayırdı. Ana ürəyi nəinki indiyə qədər olanları, hətta ola biləcək hadisələri görürmüş kimi için-için ağlayırdı...

Əgər Məhtaban Qurana qəsəm qılmaqla taleyə əsir düşməsəydi, bismillahla başlanan əqdnamə ilə zəncirlənib bağlanmasaydı, Məmalik xanda nə azarı vardı? Əgər Məhtabanın əri üstü unlu bir qoca dəyirmançı olsaydı, dəyirmandan duzsuz, alaçiy fətir gətirər, arvadına verərdi. Arvadı da alaçiy fətiri tikə-tikə kəsər, duza batırıb iştaha ilə yeyər, tale ilə razılaşar, “tanrımın qisməti belədir!” – deyib sınıq-sökük komasında rahatlanardı. Əgər Məhtabanın üstü unlu qoca dəyirmançıdan uşağı olsaydı, özü doğduğu kimi, özü də bələyərdi. Özü cırcındaya bürüb-büküb, özü döşünə salıb əmizdirərdi. Məhtabanın özünə qalsaydı, xarici, şabalıdısaç mamaça, yaxud dayə nədi, öz uşağını gözündən qırağa qoydu nədi?!

Zəhər şüşəsini hövlündən çalxayıb lampaya çırpıb sındıran, biçarə Xədicənin nahaqdan ölümünə bais olan Ərmağan Həlakunu məhkəməyə çəkən, cəza hökmünü özünə oxuyan hakim harada idi? Bəs niyə görünmürdü? Niyə, əgər varsa, bir adil hakim cınqır çıxarıb demir ki, ağayi Ərşad Həlaku, ay millət zabiti, bəkarətinə toxunduqdan sonra, ananla barışmaq naminə hansı haqla xadimə Xədicənin olan-qalan nəfəsini də kəsib, onu qətlə çatdırdın, meyitini də gecə ikən uzaq bir xəndək altına atıb quyladın? Biçarə qızcığaz Avropanı gəzmişdimi? Oradan beş qızıl çəkisinə zəhər almışdımı? Yaxud o binəvanın zəhərdən xəbər-ətəri vardımı?!. Zəhər şüşəsinin sınmağında, zəhərin tökülüb dağılmağında o kimsəsizin günahı nə idi?.. Görünür, Xədicənin günahı bu idi ki, cəmi-cümlətanı üç gün əvvəl Ərşad xan onun nazikcə biləyindən yapışıb çarpayısının üstünə fırlatmışdı, otağının qapısını möhkəmcə bağlayıb, qızcığazın ağzını əli ilə qapamış, bəkarətini zalımcasına pozmuşdu?! Elə buna görə də Ərşad ikitərəfli səy göstərmişdi, üzdə anasına xidmət etmək, əslində isə öz cinayətinin izini itirmək istəmişdi.

Ərşad xanın mülahizəsincə babası Məmalik rəiyyət qızının dadına-tamına baxmışsa, niyə nəvəsi baxmasın! Əgər Ərşadın Məmalik babası qocaldıqca başını itirib, bir kənizi özünə xanım edibsə, daha niyə nəvəsi başını itirib, kənizi sağ qoysun ki, sabah gözdən yayınıb, bir guşədə uşaq doğsun, bələyib balasını qucağına alsın, kəndbəkənd, şəhərbəşəhər İranı dolaşıb desin ki: – “Bu uşaq Həlakudur, buna rəhm edin, bu yazıqcığaza yemək verin, tərəhhümə gəlin, bizi xanənizin guşəsində gecələməyə qoyun!”.

Axı, Məhtaban özü belə acı taleli qızlar haqqında az eşitməmişdi. İndiyə qədər onu sağ-səlim saxlayan atasının zəhmi, atası öləndən sonra Pəhləvan Məhəmmədin sayəsi, əlinə silah götürən fədainin kölgəsi idi! Pəhləvanın kölgəsinin qorxusundan bir kəs Məhtabana təcavüz edə bilməmiş, qoluqüvvətli qıza yaxın gələ bilməmişdi. Məhtaban belə böyümüşdü!.. Bəlkə Məhtaban ona söz atan Ərdaha cavanlarından birinin üzünə balaca gülümsəsəydi, qaşqabağını sallayıb palaz-paltarla qıjıltılı çaya tərəf enməsəydi, yaxşı idi?!.

Kaş, Məhtaban qoca xana məhrəm olmaqdan əzəl Quran qəsəmini pozub, daş hasarı aşıb, evlərinə qayıdaydı, heç xan xanımı olub öz ürəyini yeyə-yeyə xarici xanımla bahəm zər-ziba içində “bəxtəvər” görkəmində dolanmayaydı. İçində ilan qıvrılan güllərin arasında gəzməyəydi!..

– Yenə nəyin dərdini çəkirsiniz, Məhtaban xanım?

– Özüm də heç bilmirəm, hörmətli həkim!

– Axır sizə demişəm ki, mən olan yerdə siz heç nəyi özünüzə dərd etməyin!

Xarici xanım güllükdən qayıdıb xan imarətinə girdi, imarətin daxili səliqə-sahmanını öz zövqünə uyğun qurmaq məqsədi ilə başladı.

– Bu nədir, niyə özünüzü belə incidirsiniz? – deyə Məmalik xan çəkinə-çəkinə soruşunca, xarici xanım çəkinmədən gülə-gülə cavab verdi:

– Evinizdə Avropa düzəldirəm, xan!

– Nə Avropa?

– Avropa, Fransa!..

– Şərqdə, Savalanın ətəyində nə Avropa, nə Fransa, xanım?

– Mütərəqqi Avropa, Savalanın ətəyində mütəməddin Fransa! Xarici xanım Məmalik xanın divardan açıb boşaltdığı, qulluqçu-qaravaşlar vasitəsilə aşağı zirzəmiyə daşıtdırdığı xalı-xalça yerlərini göstərdi: – Bax, buraya Fransadan zövq oxşayan tablolar gətirib asmaq lazımdır! Hələ doğum təntənəsindən sonra xanın yataqxanasına da əl atacağam, gözəl tablolarla, şəkillərlə Avropa düzəldəcəyəm!..

– Nə tablo, necə şəkil, xanım? Bizim evdə necə Avropa düzəldəcəksiniz?

– Biz təcili teleqrafla Parisə sifariş edəcəyik, sizin orada bankda olan pulunuzdan tabloların dəyərini ödəyəcəyik!

– Axır necə, nə təhər, xanım? – deyə məəttəl qalan, ancaq əziz qonağının xatirinə toxunmaq istəməyən Məmalik xan heyrətlə soruşdu.

– Düzü, mən xaricdə olanda siz buyuran o tablolara çox baxmışam, ancaq heç biri Təbriz xalı-xalçasınca mənə yapışmayıbdır!

– Üzr istəyirəm, Məmalik xan! – deyə xarici xanım Ərdaha xanının öz zamanından necə geri qaldığına pərt oldu.

Məmalik xan səhvini başa düşüb, tezcə təshih etməyə çalışdı:

– Axır siz necə buyurursunuz, xanım?.. Bəlkə bir də diqqətlə dinləyəndə xoşumuza gəldi? Mən, zərli çərçivələrin qiyməti barəsində əsla çənə-çürüklük etmək iştiyaqında deyiləm!

– Mən ən çoxu Avropa səliqə-sahmanını, mədəni üsuli tərzini, bəri başdan bizim təvəllüd tapacaq cavan xanın zövqünü nəzərdə tuturam!

– Necə, necə?! – Məmalik xan mamaçanın işarəsini bilsə də, məlul-müşkül dayanan Məhtabanın bulud kimi tutulan qaşqabağını açmaq, xarici xanımın yanında yabanı görünən Məhəmməd yetimçəsinin üzünü balaca da olsa güldürmək üçün qəsdən sual verdi. Xarici xanım da öz pərtliyini tezcə bir tərəfə atdı, Məmalikdən xeyli qənimət qoparmaq həvəsi ilə cavab verdi:

– Gələcək xanın, İranın ən mədəni, ən mütərəqqi xanının zövqünü ilk ibtidadan nəfis sənət əsərləri ilə tərbiyə etmək üçün mən deyən mədəni, müasir səliqə-sahman gərəkdir!

– O xan kim ola? – deyə ərköyün uşaq kimi ağzı açıla qalıb, varis həsrəti ilə gülümsəyən Məmalik bilə-bilə yenə xarici xanımdan soruşdu.

Xarici xanım da bilə-bilə üstünü vurmadı:

– Bu böyük xandır! – Utandığından başını gizləməyə yer tapmayan Məhtabana nəzər saldı. – Biz bu xanın yolunu səbirsizliklə gözləyirik! Heç şübhəsiz ki, mədəni mamaçanın əli ilə tutulan xanzadənin çox böyük xan olacağına ümid edə bilərsiniz! O, yəqin vəzir olacaq, sizin öz ibarənizcə desək, sədr-əzəm olacaqdır!..

Məmalik xan daha sözü döndərmədi, söhbət ciddi olsun, ya qeyriciddi, onun qırışıq torbalar içində itən gözlərində sevinc yaşları gəzdi. Bütün bu söz-söhbəti özü üçün təhqir sayan Məhtabanın qara kirpiklərində kədərli gilələr dolandı. Qoca ərlə cavan xanım bir-birinə nəzər salınca, birdən eyni narahatlıq içinə düşdülər, onların hər ikisinin təsəvvüründə köz kimi qızaran, mirqəzəb ruhlu Ərmağan görününcə nəfəslərini güclə dərdilər...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XL

Hələ düz saat səkkizdən Katibə xala respublika prokurorluğunun iclas salonunda hazırlıq görməyə başlamışdı. O, qrafinkaların suyunu təzələdir, sədrin stulunun əzilmiş örtüyünü çıxardıb, ütülənmiş örtüklə əvəz edir, qələmləri yoxlayır, qələm uclarını dəyişdirir, karandaşları qədlədirdi. Katibə xala fir-fir fırlanır, müxtəlif tapşırıqlar verirdi. Beləliklə, o, xeyli əlləşib salonu səliqəyə saldıqdan sonra öz otağına çəkildi, dəvət olunan adamlara bir daha zəng etdi. Əvvəlcə onların hal-əhvalını soruşdu, sonra deyilən vaxtda hazır olmalarını, iclasdan qabaq, ya iclasdan sonra şəxsən onu görmələrini xahiş etdi:– Bəli, çox vacib iş var, mənə dəyməmiş getməyin!.. Bu yolla Katibə xala öz vəzifəsinin vacibliyini hər addımbaşı göstərir, katibəlikdə özünü əvəzsiz bir sima hesab edirdi. Belə idarəçilikdən Katibə xala xüsusi zövq alır, yerə-göyə sığmırdı. Bu gün Katibə xala öz rolunu ayrıca olaraq qeyd etmək, kürəkən Mehmana göstərmək istəyirdi. Bəli, belə müşavirələr olan günlər Katibə xala özünü duru göldəki balıq kimi hiss edir, üzdükcə üzürdü. Aradabir Katibə xala boylanıb müşavirəyə baxır, gözlərini dolandırıb nəzarət edirdi.

19445 dəq
XLI

Respublika prokuroru öz müavinləri ilə birlikdə bir sıra rayon prokurorlarını ayrı-ayrılıqda qəbul etdi. Növbə çatanda Mehman da içəri girib salam verdi.Ortayaşlı, ortaboylu, qısa, qarabığlı respublika prokuroru Mehmana yer göstərdi. – Mehman yumşaq kresloda oturdu.

19448 dəq
XLII

İstirahət günü olduğundan Xatun işə çıxmamışdı. O, Mehmanın rayona qayıdacağını bilib bikefləmişdi:– Olmazmı, oğul, bu gün də qalasan? – deyə Xatun oğluna muraciət etdi. – Bircə gün də!..

19447 dəq
XLIII

İkinci günü Mehman rayon mərkəzinə çatdı. Qaloşlu adam əl-ayağa düşdü. Murtuzov eşidən kimi arvadı Yavəri də götürüb Mehmanın görüşünə gəldi. Mehmanın başdansovdu sözündən, soyuq söhbətindən sonra onlar dağılışıb getdilər. Şəhla xanım balaca çamadanı açıb onun içini yoxladı. Burada yalnız bir ətir şüşəsi var idi. Bunu da yəqin ki, yol üçün almış, unutduğundanmı, ya nədənmi, başını açıb tərpətməmişdi. Bu tək şüşə sanki bir gülləyə çevrilib, Şəhla xanımın ürəyindən keçdi:– Həri, əl üçün yarar, – deyə Şəhla xanım pərtliyindən qızardı.

19446 dəq

Başqa şairlərin şeirləri