Respublika prokuroru öz müavinləri ilə birlikdə bir sıra rayon prokurorlarını ayrı-ayrılıqda qəbul etdi. Növbə çatanda Mehman da içəri girib salam verdi.

Ortayaşlı, ortaboylu, qısa, qarabığlı respublika prokuroru Mehmana yer göstərdi. – Mehman yumşaq kresloda oturdu.

Respublika prokuroru:

– Tənqiddən qorxmaq lazım deyil, – deyə sözə başladı. – Sizin işlərdən o qədər də razı deyilik... Bilirsiniz, hələ kəsirləriniz çoxdur!.. Mən də bu mənada Məlikzadənin sözlərinə, qeydlərinə qüvvət verdim!.. Uzun da olsa, əsəbi də olsa, xəstə də olsa, qoca düz danışırdı. Bir az hirsli və dəymədüşər qocadır, ancaq vicdanı gün kimi təmizdir, – deyə respublika prokuroru şüşənin altında telefon siyahısına baxdı. Sonra əlini düyməyə basdı. Katibə xala ayaqlarının ucunda gəldi və əlindəki papirosunu yanında gizlətməyə səy etdi:

– Məlikzadənin ev nömrəsi? – deyə respublika prokuroru xəbər aldı. Bu şəhərdə yüzdən yuxarı telefon nömrəsini əzbərdən bilən Katibə xala heç bir çətinlik çəkmədən Məlikzadənin evinin telefon nömrəsini dedi. Respublika prokuroru özü Məlikzadənin evinə zəng edib:

– Professor necədir? – deyə soruşdu. – Halı nə təhərdir qocanın?

Məlikzadənin arvadı Zivər xanım həyəcanlı səslə:

– Halı çox pərişandır, – dedi. – Qayıdandan sonra qızdırması qırxa qalxıbdır!

– Bəs müalicəsi? Bəs kim aparır? Hansı həkim?..

– Həkimlər gəlmişdi... Huşu bir qədər qarışıqdır...

Respublika prokuroru professorun arvadı Zivər xanıma dil-ağız edib hər cür tibbi yardım təşkil edəcəyini vəd etdi; o, telefon dəstəyini qaytarıb yavaşca yerinə qoydu, əlini stolun bərabərinə tutub:

– Lap kiçik vaxtımdan, – deyə prokuror ehtiramla qeyd etdi, – mənə beş il dərs deyibdir! Adi müəllimlikdən belə professorluq dərəcəsinə qalxıbdır! Özü də o, danışdığı kimi də etmişdir. Şəxsi həyatında təmiz və vicdanlı olmuş!.. Bakı kapitalistlərinə qarşı mübarizə aparmış, o vaxtın mütərəqqi qəzetlərində fəhlələrin hüququnu müdafiə etmiş, bizim inqilaba sədaqət göstərmiş... Ədliyyə işçilərinin hazırlanmasında, tərbiyəsində qüvvəsini əsirgəməmiş... Bir uşaq sadəlövhlüyü ilə ürəyini gizləmədən öz nöqsan və kəsirlərinə də göz yummamış...

Respublika prokurorunun müavinlərindən, toqqasını piy örtmüş, qırxıq başı yağ bağlamış Əbdülqədir:

– Çox yamanca boşboğazlığı var, – dedi – bu Məlikzadənin!

Respublika prokuroru cavab vermədi, ancaq Mehman öz yerindən Əbdülqədirə nəzər salıb:

– Əsla! – dedi, – müqəddəs qocadır!.. Özünü işdən əsirgəməyən, səhhətini belə işə fəda edəndir!

Respublika prokuroru öz müavini, boynu piy bağlamış Əbdülqədirə bir nəzər salıb:

– Ağsaqqal alimdir, – dedi.

– Saqqalına nə söz, biz dilini deyirik bu qocanın! – Əbdülqədir deyintili cavab verdi.

– Görünür ki, sizə bu xəşəl qarın barəsində bir az toxunubdur! – deyə respublika prokuroru şişman vücudlu Əbdülqədirə kinayəli söz atdı, iki gün qabaq, bu adamın əli təmiz olmaması barəsində xüsusi şöbəyə daxil olan məktubu xatırladı. – Bəli, keçək mətləbə, – deyib işi dayandırmadan üzünü Mehmana tutdu.

– Mənim, yoldaş respublika prokuroru, – deyə Mehman papkasını açmağa başladı. – İkicə məsəlim var, biri müstəntiq Murtuzovun məsələsidir. Mən o müstəntiqə ardıcıl olaraq istintaq işi etibar edə bilmirəm. Doğrudur, iş tapşırmağa məcbur oluram, ancaq axıra qədər nəzər salmadan, etibar edə bilmirəm. Belə şübhə ilə də onunla işləmək mümkün olmayacaq, əlimizdə olan sənədlər göstərir ki, o, bizim qanunu az təhrif etməyibdir!..

– Bəs təklifiniz?

– Təklifim budur, əlimizdə möhkəm əsas var, onu hüquq işlərindən birdəfəlik kənar etmək lazım gəlir!

Şişman Əbdülqədir stola yayılıb seyrək qaşlarını çatdı:

– Mən keçən dəfə oraya yoxlamaya getmişdim, təcrübəli, işgüzar bir silistçidir!

– Ancaq təmiz adam deyil! Baxanda müstəntiqdən çox, qanlı kababa müştaq olan bir qəssaba oxşayır! – Mehman bu sözləri çox israrla dedi. Əbdülqədirin sallaq sifəti ağardı, onun gözləri qabağında Murtuz Murtuzovun qucağını dolduran bir cüt yağ-bal bəstisi dikəlib durdu.

– Yox, elə deyil! – deyə Əbdülqədir də, dostu Kamilov kimi, cavab verib qulluqbaz Murtuzu müdafiəyə qalxmışdı.

– Lap elədir! – Mehman, Kamilovla qarşılaşır kimi, bir az da dikəldi. Əbdülqədir işi haçalaşdırmamaq üçün yumşaqlığa gedib:

– Yoldaş Mehman, – deyə Kamilova bənzər nəsihətamiz bir sifət aldı.

– Bu müşavirədə kadr məsələsi haqqında sizinlə çox danışdıq! Yoldaş respublika prokuroru şəxsən özü də ətraflı göstərdi, mən bu mənada deyirəm ki, Murtuz Murtuzov yoldaşı saxlamaq, tərbiyə etmək mümkündür!

– Həmişə çürüyü kəsib safı saxlamaq gərəkdir! – Mehman cavab verdi. – Yoxsa bütün orqanizm üçün təhlükə doğura bilər!

Şişman vücudlu, boynu qat-qat olan Əbdülqədir başını bulayıb:

– Məlikzadənin dəftərinizə yazdırtdığı bu formal sözlər, – deyə, o stulda eşələndi, – görünür, siz cavan uşaqlar üçün çox əzbər olubdur!

Respublika prokuroru Əbdülqədirə təkrar acıqlanıb:

– Xəstə Məlikzadəni bir daha bura qarışdırmayın! – dedi.

– Görürsünüz də, – deyə Əbdülqədir ətli əlini qaldırıb Mehmana tərəf yellədi. – Bu, bizə boşboğaz Məlikzadənin yazdırtdığı sözlərdən dərs demək istəyir!

Əbdülqədir:

– Lap Məlikzadənin sözüdür! – dedi.

– Əbdülqədir! – deyə respublika prokuroru zəhmli gözlərini ağartdı. – Siz özünüzü ələ almağı bacarın!..

Əbdülqədir əlini piyli başında gəzdirib fısıldadı.

Mehman, Murtuzovun barəsində təklifinin üstündə dayandı.

Respublika prokuroru Mehmana:

– Mən sizə etibar edirəm, – dedi, – siz həm də Məlikzadənin yaxşı bir tələbəsi olduğunuza görə mən sizə daha artıq arxayın oluram!

– Bəs Murtuzov barəsində konkret nə etmək? – deyə Mehman bir daha aydınlıq üçün sözünü çevirir.

– Əlinizdə maddi dəlil olduğu zamandan istintaqa buraxmayın, mənə teleqram vurun, nəticədə ölçü götürərsiniz!

Şişman Əbdülqədir indi də bütün vücudu ilə şişib, şişib birdən açılışdı.

– Mən qəti etiraz edirəm, – dedi. – Dövlət yolunda ömür-gününü verən, xidmətlər göstərib yerli ispalkomun hörmətini qazanan, təcrübəli bir müstəntiqin taleyinə belə barmaqarası baxmaq ədalətdən kənar bir iş olardı. – Bu təkliflə Əbdülqədir hərdən Bakıya gələrkən, ona hədsiz qulluq göstərən, bir məhrəm adam kimi ev-eşiyinin hər künc-bucağına bələd olan, xörək yeyilən zaman Əbdülqədirin özü kimi piylənmiş zər xələtli arvadı Gülbuta xanımla cınaq çəkişən, özü də qəsdən zər xələtli xanıma uduzan, dərhal şərtə əməl edib ona bahalı paltarlıq alıb gətirən Murtuzovu müdafiə edir, kələfin çözələnib açılmasından qorxurdu. Elə neçə gün bundan qabaq da rəsmən respublika prokurorluğunun xüsusi şöbəsinə daxil olan sənəddə bu barədə danışılmırdımı?.. Bu sənəd qoşa bəstiləri və cınaq çəkişmələrini eynən, yerli-yataqlı göstərmirdimi?.. Əbdülqədir, nə qədər gizlətməyə, işin üstünü öyrətməyə çalışsa da, artıq xoruzun quyruğu görünürdü!.. Respublika prokuroru da sanki müavinini bu sübutlu sənədə tərəf çəkirdi. Əbdülqədir bir an içində rəng verib rəng alırdı:

– Bu birinci dəfə deyildir, – deyə respublika prokuroru şəhadət barmağını stolun bir kənarına çırpırdı. – Siz belə işlərdə az xəbərdar edilməmişsiniz, Əbdülqədir!

– Mənim də öz fikrim ola bilər, – deyə Əbdülqədir əlini yağlı başında gəzdirdi. Mehman bu piylənmiş kəlləyə baxdı. Bu başla o baş, bu Əbdülqədir!ə o Murtuz nə qədər gövdəcə olmasa da, sifətcə, sursuyumca bir-birinə oxşayırdı.

– Çürük fikirlərə biz haqq verə bilmərik, – deyə respublika prokuroru Əbdülqədirin üstünə təkrarən acıqlandı. – Mən sizi qanun sorğusuala çağıracağam, Əbdülqədir!

Onlar bozarışdı, başqa müavinlər respublika prokurorunun sözlərinə qüvvət verməklə, Əbdülqədirin üstünə düşdülər. İndi daha Əbdülqədirin yağlı başı kimi sifəti də şişib qızarır, sanki köz kimi alışıb yanırdı. Belə olduqda Əbdülqədir alovlanmış ayağa qalxdı, kabineti tərk etdi.

– Deyirəm axı, balıq bu yağlı başdan necə pis iylənir?! – deyə respublika prokuroru hamının eşidəcəyi bir səslə qeyd etdi. – Məşğul olarıq! Mövqeyinə, bəzi-para gopbaz “xidmət”lərinə baxmadan yaramazı ifşa etmək – inqilabi qanunçuluğun müqəddəsliyini göz bəbəyi kimi qorumaq deməkdir!..

Mehman yazdığı təliqəsini və ona əlavə olunmuş çıxarışları respublika prokurorunun qabağına qoydu.

– İkinci məsələm də icraiyyə komitəsinin sədri Kamilov barədədir!..

Respublika prokuroru yanındakı meşin cildi açıb, Kamilovun vurduğu teleqramı götürdü, təkrar nəzərdən keçirib yerinə qoydu. Sonra Mehmanın təqdim etdiyi sənədləri diqqətlə oxuyub öz müavinlərinə də göstərdi:

– Məncə bu qərarlarda çox böyük qanunsuzluq var!

– Onda bu barədə Mərkəzi Komitəyə, Komissarlar Sovetinə və Ali Sovetə xüsusi məktub yazmaq, bu çıxarışların da surətlərini rəbt etmək lazımdır!

Mehman:

– Daha mənim başqa məsələm yoxdur, – deyə öz bloknotunu qatlayıb, papkasının arasına qoydu və: – Klub səhnəsinə çıxan bir qadına qəsd edilmişdir – deyə əlavə etdi.

– Bəli, məlumatlarınızı almışam, oxumuşam, xüsusi nəzarət altındadır!..

– Bəli, yoldaş respublika prokuror! Görünür ki, bu cinayət tamamən qadın azadlığına qarşı çevrilmişdir!

– İstintaq qurtarar, – deyə respublika prokuroru ayağa qalxdı, – ali məhkəmənin səyyar heyəti gələr, xalq içində məhkəmə qurular, qatil üstündə göstəriş məhkəməsi olar!

– Murtuzov kimisi malalamaq istəsə, – deyə müavinlərdən biri Mehmanın kəskinliyini təqdir edər kimi əlavə etdi, – eləsini də inqilabi qanunun bütün ciddiyyəti ilə cəzalandırmaq gərəkdir!

– Bəli, biz öz sıramızda baş verən, yaxud baş verə biləcək hər hansı çürüklük əlamətlərinə qarşı bir cərrah kimi hərəkət etməliyik! – deyə respublika prokuroru Əbdülqədirin kölgəsini görər kimi qəzəbləndi, – rüşvətxorlara heç bir aman olmamalıdır!

– Bəli, elədir! – Mehman da respublika prokuroruna səs verdi.

– Ancaq sayıqlıq! Sıralarımızda inqilabi sayıqlıq bizə günəş, su, hava qədər gərəkdir! – Respublika prokuroru müşavirədəki çıxışının yekunu kimi danışırdı. – Bəli, ağzı açıqlıq yox, düşmənə, qatilə, cinayətkara, rüşvətxora qarşı rəhmdillik yox, qılınc kimi kəskinlik!.. Bizim vəzifəmiz oraq-çəkic nişanlı bu al bayrağın müqəddəsliyini qorumaqdır!.. Hər hansı ucqar bir kolxozda, ya bir kooperativ dükanında olsun, fərqi yoxdur: pozğunluğa yol vermək olmaz!.. Bunun üçün də ədliyyə işçisinin, hüquq işçisinin özünün vicdan təmizliyi birinci şərtlərdən birincisidir! Bəli, vicdanı ləkəli bir ədliyyə, ya hüquq işçisi, bizim qanunun müqəddəsliyindən, hansı bir sifət, yaxud hansı daxili bir cürətlə danışa bilər?!.

– Heç bir cürətlə!.. – Mehman həyəcanla dilləndi...

– Sənin Murtuzovun, ya bizim bu boynu qat-qat Əbdülqədirimiz qarğa kimi, qara ləkələrə bulandıqları halda, hansı sabun onların ləkələrini təmizləyə bilər?.. Paltar ləkəsini təmizləmək mümkün olduğu halda, ürək ləkəsini təmizləmək mahal işdir. – Respublika prokuroru üzünü müavinlərinə tutdu. – Belə bir üfunətli Əbdülqədiri neçə qəlib sabun təmizlər?..

– İstintaq etmək, sübut etmək, müqəssiri müttəhim kürsüsünə oturtmaq! – deyə Mehman sıxılıb çəkinməyi unudaraq, Murtuzovu görür kimi hökm oxuyurdu. – Mən də ayrı yol görmürəm, yoldaş respublika prokuror!

– Bax, belə, dönmədən, sapmadan, ictimai əmlak və xalq əmniyyəti naminə mübarizə! – Respublika prokuroru əlini uzadıb Mehmanın əlindən tutdu. – Özünün təmizliyi ilə yanaşı, yan-yörənin təmizliyi, ailənin, ətrafın təmizliyi!

Mehman qara, qıvrımsaçlı başını, özündən böyük prokurorun qabağında, bir ehtiram əlaməti olaraq əydi, sonra buradan çıxıb xəstə professorun yanına getdi, onunla görüşdü. Bu dəfə yüksək hərarət içində olan alim dil-dodağını yalayır, sanki mənalı baxışlarıyla Mehmana axırıncı vəsiyyətini edirdi. Mehman dərin bir kədər içində, Zivər xanım və xəstənin yastığının dibini kəsib, öz göz yaşlarını axıdan Dilguşa ilə görüşüb evlərinə yollandı.

– Bu ağsaçlı professorun axırıncı əlvida baxışları olmasınmı?..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XXVIII

Ani sükutdan sonra Əbdülsalam təkrar güllə kimi qapıdan çıxdı. O, küçənin qatı qaranlıq və işıq düşməyən yerlərilə yanlarını basa-basa yeridi. Aktyor paltarını geyinən həvəskarlar qapıdan bayıra çıxmadan rejissorun qaraltısını gözdən itirincəyə qədər süzdülər.– Yox, tamaşa pozuldu! – deyə əllərini dizlərinə vurdular. – Dərimiz didildi!

19447 dəq
XXIX

Şəxsi fəaliyyət dəməyi tərəfindən böyük həvəslə hazırlanan tamaşanın təxirə salınmağı balaca şəhərdə böyük danışığa səbəb oldu. Klubdan çıxan, küçələr boyu səpələnib evinə dönən hər kəs güclü bir səs-küylə söylənməyə, bu hadisənin səbəbini arayıb özünəməxsus yollarla yozmağa başladı. Kimisi Balışın öz əri anbardardan üz döndərib atası evinə – “Ballıqaya” kəndinə getməyindən, kimisi anbardarın öz halal arvadını qısqanıb səhnəyə buraxmadığından, kimisi də Balışın özünün şıltaqlıq edib qəsdən bu axşamkı tamaşanı pozmağından danışdı. Bu növ söz-söhbətə qulaq verən Məmmədxan hər kəsin gözünə dəymədən, arabərədə hərlənib fırlandı. İstər-istəməz büzüşüb, yığışıldı. Hələlik öz evinə dönməyə cürət etmədi, təkrar anbara girdi, kağızları, anbarda səpələnən sənədləri qurdaladı, sonra da qapını arxadan bərkidib işığı keçirdi. “İşdir, soruşan olsa, deyərəm işləyib-işləyib yorulub, burada mürgüləmişəm” – deyə dolaşıq vəziyyətə düşüb qədəmləri dolaşan anbardar qeyri-müəyyən halda çalıxıb-vumuxmağa başladı. Bir azdan, yox-yox öz əyri yolunu sanki əlinə götürdüyü yarım sönük fənərlə işıqlandırdı, hətta: “tapdım, tapdım” – deyə bir qədər də sevindi. Bəli, daha onun qəsdi bütün şəhər əhli yatana qədər başını burada gizləmək, əl-ayaq yığışılandan sonra bir oğru kimi buradan sivişib çıxmaq, qapını yavaşca açmaq, öz qurbanının izini-tozunu silib süpürüb itirmək idi. Buna görə də anbardar çox sevdiyi parça taylarının arasına girib uzandı, cinayətinin izini necə ört-basdır etmək üçün öz beynində nəqşələr cızmağa başladı...Hər kəsdən də artıq onu xofa salan iki həftə bundan əvvəl axşamüstü səhnəyə hücum çəkdiyi zaman barmağı ilə Balışı hədələdiyi vaxt, prokurorun ona zillənən gözləri idi! İndi də bax, bu zülmət qaranlıqda həmin gözlər sanki təqibedici nəzərlə ona zillənirdi... Açılmasın, örtülməsin, qapansın, bir daş bir quyuya düşən kimi düşsün, iz itsin, çıxsın getsin!.. Bəs belə etmək üçün, bu gözlər, Məmmədxandan üzülməyən gözlər necə olsun? Necə olsun ki, bu gözlər qatili görməsin, bu işin üstü basdırılsın?!. Onda bu prokurorun qabağını bəs nə ilə almaq olar? Bax, Qaloşun bu anbardan alıb apardığı qızıl saatı öz qızıl bağı ilə bir sarı ilana çevirib bu inadkar prokurorun boğazına dolamaq, onu boğmaq, məngənə arasına alıb onu sıxıb, sıxcalamaq gərəkdir, deyən Məmmədxanın qara fikri dolaşmağa başladı. Bax bu işi Qaloş necə hərləyər, Murtuz Murtuzov istintaqda necə döndərə bilər?.. Dəhnədən möhkəm bağlanan arx sürətlə axar, istənilən səmtə döndərilib, istənilən yer suvarıla bilər... Demək bütün mətləb arxı dəhnədən necə bağlamağın üstündədir. Ancaq Mehman qurulan tələyə ilişəcəkdi, ya buradan sağ-salamat çıxacaqdı?.. Axır Məmmədxan qızıl saatı Qaloşa verərkən “yüz gün yaraq, bir gün gərək” deyə prokurora yaxınlaşmaq istəmişdi. “Koxanı gör, kəndi çap” misalını nəzərdə tutmuşdu. Doğrudur, onda hələ də Məmmədxanın belə aydın fikri yox idi!.. Ancaq necə olsa da, həmin qızıl saatı müəyyən mənzur ilə vermiş, üstəlik qızıl saatın prokurorun evində ilişib qalmağına da sevinmişdi. Bu hal Məmmədxanı, prokurorun evinə əl uzatmağın mümkün olduğu qənaətinə gətirmişdi.

19448 dəq
XXX

Balaca şəhərin evlərinə çəkilən əhalisi axşamkı tamaşanın pozulması haqqında öz evində belə xeyli deyindi, birisi bu işə ciddi əhəmiyyət verdi, digəri əlini qaldırıb “eh, Əbdülsalamın oyunxanası ancaq belə olar”, – deyib əlini yellədi... İstər-istəməz Balış barədə olan danışıq ayaqlandı, getdikcə yayıldı. Pəncərələrdən düşən işıqlar bir-bir söndü, müqabil tərəflər qaraldı. Lakin küçələr boyu qoyulan ara-ara işıqlar bir qədər nəfəs alıb öz işıqlarını artırdı. Payızın soyuq küləyi dağlardan üzüaşağı əsməyə, dirəklərdən sallanan lampaları yelləyib cırıldatmağa başladı. Anbarın ağzındakı dirəkdən sallanan lampanın səsi qapıdan içəri dolur, parça taylarının arasında marığa yatan Məmmədxanın narahatlığını birə-min artırır, hər yer Məmmədxana qorxulu, hər şaqqıltı ona təqibedici görünürdü. Xeyli ara verdi, Məmmədxan tayların arasından çıxıb qulağını anbarın qapısına söykədi: dizləri uçundu. Öz-özünü söyüb danladı, işığı tez yandırıb anbarı dördgöz halda seyr etməyə başladı... “İşdir meşə adamlarına qoşularamsa, buranı yarmaq lazım gələrsə, nə qədər qənimət əldə edə bilərik?” – deyə Məmmədxan yenə də anbarın içini tezcə dolduran işığı söndürdü. Özü də anbarla birlikdə qaranlığa qovuşdu. İndi Məmmədxana işıq yox, qaranlıq gərək idi. Sanki qaranlıq Məmmədxanın qolundan yapışır, işıq onun cinayət və xəyanətlərini faş edib anbarda olan kələklərinin və ötən gecənin zülmətində, təqribən, elə gecənin bu vaxtında törətdiyi ağır cinayətin üstünü açırdı... Yox, qaranlıqdan da artıq kömür kimi bir zülmət lazım idi ki, Məmmədxan bu gecə sabaha kimi, ya öz cinayətinin üstünü örtüb yalquzaq kimi ağızburnunu yalayıb sabahdan sakit görkəmdə işə çıxsın, yaxud elə bu gecə, vurub bu şəhərcikdən uzaqlaşsın, əlinə nə oldu silah keçirib qaranlıq meşələrdə gizlənən qolçomaq qalıqları ilə birləşsin, ipə-sapa yatmayan Mehmandan heyfini alsın... Axır bu cavan Mehman Atamoğlanovun yerində o dazbaş Murtuz Murtuzov olsaydı, necə də bu Balışın qətlini istənilən kimi yozar, ortaboylu, tökməbədənli, əldən-ayaqdan çevik Məmmədxan nə söyləsə üzü qarmon kimi qırışıq Murtuz onun bir cüt əfil-əfil yanan çiçək naxışlı xalçasının müqabilində lap sandıqtulasına dönərdi. Ancaq nə edəsən ki, burada başqa bir adam, dönməz, çəkinməz, qayıtmaz bir adam vardı ki, o öz araşdırıcı, nüfuzedici, qaynar, odlu gözlərini bu vurnuxan Məmmədxanın gözlərindən çəkmir, bir an belə onu bu anbarda öz halına-əhvalına buraxmır. Bax, bax oradan o yandakı bir cüt amir gözə görünür, Həmin gözlər Məmmədxanın nəinki zahirini, onun batinini, içini-içalatını yarıb, aləmə göstərir, – yığılın, gəlin, görün, – deyə aləmə haray salır, külli-aləm yığılıb gəlib görür ki, bu Məmmədxan olmazın xəyanətlər törətmiş, xalq əmlakını talan etmiş, hər iki qara əlini qırmızı qana batırmışdır. Gözlər çoxalır, gözlər cinayətkar qatili dəyirman daşlarından da bədtər əzirdi. Təftişdən başlayan ağır, əzici zəhm onu hey basır, əzirdi. Daha Məmmədxan burada, bu vəziyyətdə boğucu rütubətdə dayana bilmədən qapının arxasını boşaldıb bayıra çıxdı, qapını qıfıllayıb əlinin içində kibrit yandırıb surğuc tutdu, buranı möhürlədi, sarı bürünc möhrü cibinə qoydu, nə isə, haradansa balaca bir şıqqıltı onu səksəndirdi. Məmmədxan qurd kimi döyükdü, – “bu belə kim ola?” – deyə əlləri üstə çöngəyib yan-yörəyə boylandı. O diqqətlə süzə-süzə qaranlığa baxdı, heç bir iz-əlamət görmədi. Dirəkdən sallanan elektrik lampası yenə də birdən cırıldayıb səsləndi, anbarın qabağına tökülən həsir parçaları əsən küləyin qabağında yumurlanıb, aşa-aşa aşağıdakı uçuruma yuvarlandı. İndi hər bir şey yalquzaqsayağı çöng oturan Məmmədxanın gözlərində qabarıb dikəlib canlanır, onun qulaqlarında qəribə, müdhiş uğultulu səslər gəzir, törətdiyi cinayətin yerindən əkilib uzaqlaşmaq istəyirdi. Bəli, doğrudan da, indi hər şey Məmmədxana dəhşətli bir təhlükə görünürdü. “Yox, izi-tozu tamam-kamal itirmək, sübhün gözü açılana qədər aradan çıxmaq, meşəyə girmək, vuruşan dəstəni tapmaq gərəkdir!” – deyə Məmmədxan ayağa qalxdı, anbarın həyətindən əyri-üyrü dolaşıq addımlarla çıxdı, gecə növbəsini aparan milis nəfərinin gözünə dəymədən qaranlığın içiylə özünü üzüyuxarı verdi, gedib-gedib evinin qapısında dayandı, sinəsi qopub, ürəyi parçalanmaq istəyincə buraya sığındı. İri qıfıl öz yerindən asılmışdı. Demək burada heç bir dəyişiklik olmamışdı. Məmmədxan açarı çıxarıb qapını astaca açdı. İçəriyə girdi. O, lampanı yandırmadan, otağın içində büzüşdü. “– İndi bəs necə olsun? – Məmmədxan sinəsində mırıldandı. – İndi bu it balasının izini itirmək necə olsun? Buradakı, yandakı, bəlkə anbarın içindəki quyuda o it balasını gizlətmək mümkün olsun? Birdən aradılar, birdən bəlkə bu it balasını tapdılar”. – Məmmədxan daş kimi dayansa da öz murdar taleyini düşünürdü. “– Bəs onda, bəs onda?.. Bəs necə etmək? Bəlkə onu bənd-bənd doğrayıb buradan torbalarda hissə-hissə çıxarmaq! – Axır bir zaman onun əmisi də qısqanclıqdan öz qadını ilə eynən beləcə rəftar etmişdi? O, çar vaxtı qətlə çatdırdığı qadının qan izlərini məharətlə silib-süpürüb itirmişdi. Bu qan izləri, Şura hökuməti zamanında açılınca Araz çayının o biri tayını adlamışdı. Bəlkə elə indi Məmmədxanın əmisi də bu qaranlıq meşədəki bir dəstənin içindədir?.. – Yox, yox, daha belə bir gündə daş kimi dayanmaq, durmaq olmaz!”Məmmədxan ağırlaşan qurğuşun addımlarıyla qaranlıq küncdə gedib gödəksaplı, enliağızlı baltanı sağ əlinə götürüb, ağır-ağır samballadı. Otaqdan anbara açılan qapını tərpədib dayandı, bayıra qulaq verdi. Demək, bu ağır, ovxarlı balta işləyəndə necə olsa da bir səs çıxacaqdır! Bəlkə pusquda dayanan, bu evin dövrəsində dolanan da vardır? O, qaranlıqda qızaran gözlərini gəzdirdi. Mehmanın ona zillənən gözlərini görürmüş kimi vahiməyə düşdü, addım-addım geriyə çəkildi, əlində balta qapıya yanaşdı, nə isə onun qulağına bayırda xısıltı, həm də şübhəli ayaq səsləri gəldi. – “Adamdırmı, küləkdirmi?” – Məmmədxan qapı açıb gözünün ucuyla bayıra baxdı, bir qaraltı onun gözünə dəyib ötdü... – “Bu adamdır, ya mənim gözlərim böyüyübdür?” – Məmmədxan qapını açıq qoyub qəsdən öskürə-öskürə həyətə çıxdı, bir neçə addım da gəzib dolandı, heç bir qaraltı onun gözlərinə dəymədi. Məmmədxan içəriyə dönüb iri-iri boçkalar dayanan anbara girmək istərkən asta bir fit səsi onun qulaqlarına gəldi. – “Belədir, ya mənə belə gəlir?” – Məmmədxan bir qədər gözlədi, pəncərənin pərdəsini çəkdi, bayıra baxdı, yenə də gözlərinə qaraltı sataşdı, arada az-çox toxtayan Məmmədxanı yenə də dəhşət götürüb istər-istəməz uçundu, ancaq bir ümidlə içində baltanı daha bərk tutdu. Lakin bu baltanı burada işlədib azca da olsa səs çıxarmaq cinayət yerində tutulmaq deməkdi... Məmmədxan döndü, gizlətdiyi tapançanı aradı, xeyli eşələndi, tapmadı. O, tapançanın yerinimi azdırmışdı, yaxud onu Balış gizlətmişdir? Ya bəlkə Balış əlaltınca Məmmədxanın silahını milis rəisi Cabirə vermişdi? Bəlkə həmin tapança indi evin dövrəsinə dolanan bir milisin – gözətçinin əlindədir?.. Onda elə qaçarağa düşüncə, öz yanınca bu baltanı götürsün? Bu balta görən, duyan kəsdə bir şübhə oyatmazmı?.. Nə qədər şübhə oyatsa da əlac baltaya idi... Məmmədxan baltanın dəstəsini buraxmadı, onun qulpundan bərk-bərk yapışıb, qapıdan birbaşa çıxdı, həyətə düşüb addımlayınca bir öskürtü eşitdi. O, özünü gözə dəyməyən, ancaq bənd-bərəni kəsən silahlı adamların əhatəsində hiss etdi. İndi bu halda o, qaçmaq, aradan çıxmaq istədi. Ayaq saxladı, bəlkə bəndərgahlarda pusquya duranlar vardır. Birdən onlar gördülər, qışqırıb, əli baltalıya “dayan-dayan!” dedilər. Əli baltalı adam ayaq saxlamayınca odlu güllədən onun qaraltısına dolu kimi yağdırdılar, dəlik-deşik meyit ortada qaldı?! Nəfəsi təngişən, geniş dünya iynə ulduzu kimi başına daralan Məmmədxan qayıdıb qapısına söykəndi. Ona elə gəldi ki, buradan qaçmaq üçün etdiyi cidd-cəhd heç bir vəchlə baş tutmayacaq, o yaxalanacaq, yaxud dolu kimi yağan odlu güllələrin nəticəsində dəlik-deşik olacaqdır. Qalsa necə? – “Buradaca qalsam?.. Bəs necə?.. – deyə Məmmədxan çiyinlərini çatdı, başını qınına saldı. – Qalsam, bəlkə, birtəhər qaldım, anbardan çalıb-çapıb illər boyu yığdığım varın bir qismini, bərkə düşsə lap hamısını Murtuz kimisinin üstünə töküb özümü xilas etdim!.. Verim nəyin yolunu bağlamaz, verim kimin səsini desən boğazında boğmaz. Hələ bax o çıq-çıq, sarı saatın ardınca xeyli qiymətli, dəyərli şeylərdən tökməklə tamahkar Şəhla xanımın yumşaq, ətli əlilə inadcıl kürəkəninin ağzını qapamaq da olmazmı? Məmmədxan qapını bağlayıb nəfəsini dərdi, demək, işin izini ayrı yolla da itirmək olar. O, dolandı, evin içində gəzib bir neçə qulacdan ibarət kəndir tapdı. İçəriyə girib yan-yörəsinə baxdı, öz qurbanını dikəldib asmağa cəhd etdi... Xeyli vaxt keçdi, qaranlıq yavaş-yavaş əridi tər içində çapalayan Məmmədxan dönüb baltasıyla birlikdə yorğan-döşəyə girdi. “Bu zalım qızı həm oynağan, həm də gəzəyən çıxdı”, – deyə Məmmədxanın beyni sıxılıb daralmağa, ürəyi döyünməyə başladı. – İndi, sabahdan məndən soruşacaqlar, “Məmmədxan bəs Balış hanı? Niyə Məşədi İbad pozuldu?” Deyərəm: “Mən nə bilim hanı! Avaranın qızı avara, nə bilim itilib hansı cəhənnəmə gedib?”

194414 dəq
XXXI

Züleyxa “qızıl saat” əhavalatını açıb anasına söylədi. Bir neçə gün sonra o, anasının məsləhət və təkidilə saatı çıxarıb qoluna bağladı və işdən qayıdan Mehmana göstərib:– Neçəyə dəyər? – dedi.

19443 dəq

Başqa şairlərin şeirləri