Ani sükutdan sonra Əbdülsalam təkrar güllə kimi qapıdan çıxdı. O, küçənin qatı qaranlıq və işıq düşməyən yerlərilə yanlarını basa-basa yeridi. Aktyor paltarını geyinən həvəskarlar qapıdan bayıra çıxmadan rejissorun qaraltısını gözdən itirincəyə qədər süzdülər.

– Yox, tamaşa pozuldu! – deyə əllərini dizlərinə vurdular. – Dərimiz didildi!

– Dədəmiz yandı!

– Hələ sən rayon qəzetəsini demirsən, necə də pusqudan qalxıb bar-bar bağıracaqdır!

– Hələ sən mərkəzi qəzetlərdən qorx!

– Hələ sən qorx ki, bizi öz iş yerimizdə də dilə-dişə salsınlar!

– Qoy bizim kimi arsızları lap didim-didim didsinlər!

– Sənətkarda Ərəblinski iradəsi gərəkdir! – deyə hambal geyimli həvəskar sinəsini qabağa verdi. – İndidən darınızı kola tökməyin, canımgözüm, Allah kərimdir!

– Kərimin quyusu min arşınlıq quyudan da dərindir!

Əbdülsalamın qaraltısı həvəskarlarının gözündən itincə geriyə çəkildilər, darıxdıqlarından özlərini təkrar lampa yanan gözlərə verib üstbaşlarını düzəltməyə, əzbərlədikləri rollarını dodaqaltı ifa etməyə başladılar...

Nəfəsi çiyinlərindən çıxan Əbdülsalam indi də özünü Altayın həyətinə saldı. İçəridə oturan Altay maşınkasını təmir etdikdən sonra artıq çox sevdiyi isti qayğanağı hazırlayıb qabağına qoymuş, təzəcə tikələməyə başlamışdı.

– Yoldaş Altay, yoldaş Altay! – deyə Əbdülsalam dəli kimi tarapturupla qapı ağzından içərini səslədi. – Siz, sizsə barı, evdəsinizmi barı?

Bu hövlnak bağırtıdan Altay səksəndi, tikəsini güclə udub qapını açdı:

– Nə var, nə olub, kişi?

Uzunpaltolu, dəripapaqlı, qarasaqqallı, indiki zamanda gözə az dəyən, komsomolun iş dairəsində çətin nəzərə çarpan qoca təngnəfəs halda:

– Yoldaş Altay, – deyə bir neçə dəfə təkrar etdi. – Barı siz buradasınızmı?

– Nə var, əmican, belə qaranəfəs? – deyə Altay heyrətlə qəribə qocanı süzdü, – nə olub sizə? Mənə görə nə qulluq?

– Yoldaş Altay, yoldaş Altay, tamaşa pozulur!

– Nə tamaşası pozulur, əmican?

– “O olmasın, bu olsun” – “Məşədi İbad!”

Altay zənn etdikdən sonra Məşədi İbad roluna girən Əbdülsalamı tanıdı.

– Necə yəni tamaşa pozulur, Əbdülsalam?

– Pozulur, pozulur, məsləkim haqqı pozulur!

– Axı nə üçün pozulur? Niyə, nədən ötəri pozulur?

– Çünki, çünki baş, baş qəhrəman yoxdur!.. Baş qəhrəman yoxdur!

– Bəs sən, bəs sən? – deyə Altay rejissorun beyninin xarab olduğunu güman edib geriyə çəkildi və istədi səhiyyə şöbəsinə zəng edib təcili yardım istəsin.

– Siz hara belə zəng etmək istəyirsiniz? – deyə Əbdülsalam təəccüblə soruşdu. – Haraya axır zəng edirsiniz?

– Bir mühüm yerə, Əbdülsalam!

– Dairəittifaq sədrinəmi?

– Yox, səhiyyə şöbəsinə!

– Yəqin belə güman edirsiniz mənim kəlləm xarab olub, eləmi? – deyə Əbdülsalam acı-acı güldü. – Doğrudan da, kim mənim yerimdə olsa, nəinki dəli, lap zırrama olar!

Altay soyuyan qayğanağa həsrətlə baxıb telefonun dəstəyindən gözlərini çəkdi, daha aramla nəfəs almağa başlayan Əbdülsalam irəliyə gəlib izahat verdi, tamaşaya çox az qaldığını, Məmmədxanın hədərəcavablığını, onu yaxaladığını, qəməltiyə baxdığını söyləyib, üyüdüb tökdü.

– Bəs indi, doğrudan da necə olsun? – deyə Altay bu işin uzun sürəcəyini duyub, soyuyan qayğanağını tez-tez tikələyib ötürdü. Komsomol katibinin belə nisbi soyuqqanlığı müqabilində Əbdülsalamın əl-ayağı yerdən-göydən üzüldü:

– Mən sizə pənah gətirmişəm, yoldaş Altay, – deyə Əbdülsalam başını əydi. – Mən o səhnədə ancaq sizə söykənmişəm, bizim şanlı komsomola!

– Deyirsən yəni mən özüm gəlib hazırlıqsız-zadsız sizin səhnəyə çıxım? – Altay qayğanaq boşqabının dibini də sil-süpür edib, aclığını dəf etdi. – Buyurursan, Əbdülsalam, mən soyunmamış, geyinməmiş, əzbərləməmiş səhnəyə atılım?

– Bizə Balış gərəkdir, yoldaş Altay, ancaq Balış!

– Mən ki, indi dönüb sizdən ötrü Balış ola bilmərəm. – Əbdülsalamı əlhayda görən Altay gülümsədi. – İstəsəm də mən Gülnaz rolunu ifa edə bilmərəm.

– Siz yəqin ki, zarafat eləyirsiniz, yoldaş Altay! Biz isə qan ağlayırıq. – Əbdülsalam qaynayan gözlərini sildi. – Vallah, məsləkim, vicdanım haqqı, lap batan, ölən yerimizdir, Altay yoldaş!

– Düzü çox yaman acmışdım! – deyə Altay əlüzyuyana yaxınlaşıb dönüb əlini boğazına atdı. – Siz özünüz əcəb bilirsiniz ki, bu hal necə böyük biabırçılıqdır!.. Bütün şəhər ayaqlanıb üstümüzə qalxacaqdır!.. Bütün adamlar der-der deyinəcək, bütün biletlər bizim başımıza çırpılacaqdır! Olan-qalan abrımız, hörmətimiz, ismətimiz töküləcəkdir!.. Sonra heç bizim bədbəxt klub yağ da içsə, özünə gəlməyəcəkdir!

– Tamaşanı əsla pozmaq olmaz! – deyə artıq mətləbin bəminə enən Altay Əbdülsalamın gözlərinin içinə baxdı. – Heç bilirsənmi, doğrudan da, nə boyda bir rüsvaylıq olar?!

– Əlac ancaq Balışı tapmaqdadır! – deyə Əbdülsalam az qala ki, Altay qarşısında dəvə kimi dizləri üstündə düşmüşdü. – Əlac yerinə tərkindən, göyün yeddi qatından, indinin bu anında Balışı tapmaq, klubun səhnəsinə çıxarmaqdır!..

– Onda, onda, – deyə Altay telefona yanaşdı, dəstəyi götürüb Mehmanın mənzilini aldı, – Züleyxa xanımdır? – Altay hörmətlə xəbər aldı.

– Mehmanı olarmı?.. Yoldaş Atamoğlanovu?

Mehmanın səsi gəldi. Altay klubdakı tamaşanın pozulmaq təhlükəsi qarşısında dayandığını söyləyib, anbardar Məmmədxanın yaramaz hərəkətlərindən şikayətləndi. Mehmanı dinləyən Altay bütün ciddiyyəti ilə:

– Bu hərəkət qadın azadlığının əleyhinə çıxmaqdır, – deyə neçə il qabaq Bakıda baş verən “Səriyyə məhkəməsini”¹ xatırlatdı, sonra dəstəyi yerindən asıb Əbdülsalamla birlikdə qapıdan çıxıb kluba tərəf yönəldi. Onlar yeriməkdən artıq yüyürürdülər, vaxt artıq səkkizdən ötmüş, salon qabağa qədər dolmuş, klubun həyətini də səs-küy götürmüşdü. Arada əl vurulur, dolu salon partlayırdı.

– “O olmasın, bu olsun”

– Məşədi İbad! Məşədi İbad!

– Muzıka! Muzıka!..

– Heç olmazsa, muzıka!..

Aktyor kollektivi kükrəyib dalğalanan izdihamın qarşısında başını itirmişdi... Hər kəs gözünü buyankı qapıya dikmişdi. Ətəkləri yellənən Əbdülsalamın Balışsız dönməyi, onların olan-qalan ümidlərini də puça çıxardı.

– Bəs necə olsun, yoldaş? – deyə həvəskar kollektivi rayon komsomol komitəsi katibi Altayı əhatə etdi. – Həmişə deyərdiniz, siz cürətlə

¹ Səriyyə məhkəməsi 1930-cu illərdə Bakıda olmuşdur. Yenilik, azadlıq tərəfdarı Səriyyə Əli Bayramov adına “Şərq qadını” klubunda fəal iştirak etdiyinə görə öz əri, atası və qardaşı tərəfindən vəhşicəsinə öldürülmüşdü. Bu hadisə ictimai hiddət və qəzəb doğurmuşdu. Respublika mətbuatı bu qətlə qarşı kütləvi etiraz səsini ucaltmışdı. Sovet məhkəməsi uzun sürən mühakimədən sonra qatilləri ağır cəzaya cəlb etmişdi. səhnəyə çıxın, dar ayağında komsomol sizə dayaqdır!.. İndi bundan da artıq nə dar ayağı?!

– Barı siz bizə kömək edin, Balışı tapın! – deyə ürəyi atlanan Sərvər geyimli komsomolçu ayrıca olaraq xahiş etdi. – Yoxsa lap başımızı itirmişik?!

– İndi elə iş də Balışı tapmaqdadır, – deyə Altayın fikri dolanınca prokuror Mehman Atamoğlanovla milis rəisi Bənnaoğlu Cabir içəriyə girdilər.

– Kimdir o qadın azadlığının əleyhinə çıxan, köpəkoğlu? – deyə milis rəisi döşü atlana-atlana soruşdu, prokuror əlini qaldırıb milis rəisinə işarə etdi.

Aktyor heyəti bir-birinə macal vermədən çətin və çıxılmaz vəziyyətə düşdüklərini söylədi. Mehmanın fikri dolandı. İki həftə bundan qabaq həmin bu səhnənin arxasından Balışa tərəf uzanan hədələyici barmağı xatırladı. Prokuror, Məmmədxanın o yandan bəriyə kömür kimi qaralan sifətini də təsəvvürünə gətirdi, o, bu barədə indilikdə heç bir söz demədi, işarəli bir hərəkət belə etmədi. Sonra Mehman bugünkü tamaşanı sakitliklə dayandırmağı, klub müdirinin səhnəyə çıxıb camaatdan üzr istəməyini məsləhət bildi.

– Bəs soruşsalar nə üçün, onda nə cavab verim, yoldaş prokuror? – deyə Əbdülsalam burulğanda boğulan bir uşaq kimi kəkələyib soruşdu.

– Bilirsinizmi, camaata cavab vermək necə çətindir, məsləkim haqqı!

– Deyin ki, aktyorlarımızdan xəstələnən vardır!

– Bəs desələr kim xəstələnibdir, onda necə? – Əbdülsalamın saqqalı titrəyirdi. – Onda bəs nə cavab verim?

– Bəli, doğrudan da, soruşsalar kim xəstələnib? – Mehman bir an dayanınca hövsələsini yeyə bilməyən milis rəisi əlavə etdi:

– Deyərsiniz, nə isə bu kələk qolçomaq balası anbardarındır!

– Hələ bu barədə heç nə, – deyə Mehman əlini qaldırıb ürəyində dolanan şübhəni büruzə vermədən sözü aldatmağı lazım bildi. – Əgər təkid edərlərsə, onda deyə bilərsiniz, Gülnaz rolunu ifa edən aktrisamız xəstələnibdir!

– Birdən Balışgilin evinə gedib tapmasalar necə?

– Siz indilik tamaşaçıların qarşısında nəzakətlə üzr istəyib tamaşanı dayandırın! – deyə Mehman qərarını bildirdi. – Sonrasını biz qanuna müvafiq yolla özümüz aydın edərik!

Altay Məşədi İbad geyimini geyinən, əzizi ölmüş kimi qara yasa batan Əbdülsalamı tərpətdi, nəhayət, Əbdülsalam Məşədi İbad geyimində səhnəyə çıxdı, o, titrəyən barmaqlarıyla pərdəni araladı. Hamı ona əl vurdu, Əbdülsalam uçunan əlini qaldırıb:

– Möhtərəm tamaşaçılar, – deyə səsini çıxarınca tutulub qəhərləndi. Səs-küy yavaşıncaya qədər o boğazını arıtlayıb təkrar: – Möhtərəm yoldaşlar, – deyə başını aşağı salınca hənalı saqqalı sinəsinə sərildi.

– Nə möhtərəm, tamaşanı verin?!

– Özü də yarım saatdan artıq ləngimisiniz!

– Əziz qardaşlar, – deyə Əbdülsalam kədər içində titrəyib-əsən, qurğuşun kimi ağırlaşan əlini qaldırdı, salon bir anlığa sakitləşdi. – Biz sizdən, bizim hörmətli, əziz tamaşaçılarımızdan çox-çox üzr istəyirik... Biz sizdən...

Salon yenə də dalğalandı.

– Yaxşı da, ləngimisiniz-ləngimisiniz. Məşədi İbadın saqqalına qurbandır!

Əbdülsalam əlini gətirib saqqalını çıxartdı, onun turşuyan sarı, acı sifəti göründü. Əbdülsalamın gözlərində gilə-gilə yaş gəzdi.

– Üzr istəyirəm, bugünkü tamaşa qalır, qardaşlar, bacılar!

– Sabahamı?

– Birisi günəmi?

– Haçana bəs balam?

– Xüsusi elana: baxarsınız – deyə salonun qarşısında çaşan Əbdülsalam tezcə pərdə arxasında itdi. İndilikdə işin belə qurtarmağından yana Mehman razı qaldı. Altay isə hiddətləndi:

– Gərək deyəydin, anbardar Məmmədxanın arvadı Balış gəlmədiyindən tamaşamız pozuldu!

Fikrə gedən, nəyi isə araşdıran Mehmanın başı yelləndi, milis rəisi Cabirin fikri dolandı, onu da dərin şübhə götürdü. Həvəskar kollektivi öz yerində çəkilib məyus-mükəddər halda soyundu, salon deyinə-deyinə söküldü, Mehman təmkinli addımlarla Altaydan ötüb prokurorluğa girdi.

– Görünür, bu xəmir hələ çox su götürəcəkdir! – deyə stolun arxasında dayandı, sonra buradan dönüb ağır-ağır gəzinməyə, var-gəl etməyə başladı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məhtaban 4

Məhtaban naçar qaldı. Qocanın səssiz-səmirsiz için-için ağlamağı onun ağ, yumşaq saqqalından göz yaşlarının süzələnməyi qızı çaşdırdı. Məhtaban bilmədi bu nə deməkdir? Oğlan övladı, xan mal-mülkünə varis, Məhtabanın xanzadə anası olması – hamısı, hamısı ona yuxu kimi gəlir. Pəhləvan Məhəmmədin bikəs qızında, heç bir sevinc doğurmurdu. Ancaq qoca xanın pərişanlığı nə isə, qızın ürəyində tərəhhüm hisslərini, tərpədirdi... Bu hisslər heç də məhəbbətdən nəşət etmirdi. Bu hisslər cavan qızın babası yerində bir qocaya qarşı yazıqlıq hissləri idi. Qocanın hədsiz təlaşı getdikcə qəribə görünürdü. Axı, qoca xan niyə bunca təlaşa düşsün, niyə öz bəzəkli imarətini yetim qıza göstərsin, ondan öz saf məhəbbətinin meyvəsi ola bilən övlad, oğul varisi istəsin?! Gör bu zəhrimar qocalıq xanı necə də çaşdırıbdır!Ölüb-getmək, bu qədər mülki-dövləti öz köhnə yağısının övladına qoymaq, xanın beynin necə də yerindən oynadıbdır! Bu hiss Məhtabanın həvəsinə düşən xana doğrudan da güc gəlirdi! Elə güc gəlirdi ki, qocaya aman-iman vermir, Məhtabanın gözəlliyi ilə birlikdə onun qoca beyninə hakim kəsilirdi. Əgər qoca yıxılıb ölsə, oğul varisi olmayan xanın bütün əmlakı qız varisinə, düşmən sicillisindən olan nəvələrinə qalacaq, bir qədərdən nəvələr də ana-babalarını unudacaq, xanın mal-mülkü düşmən mal-mülkünə qarışacaq, Məmalik ad-sanı itəcəkdir... Pəhləvan Məhəmmədin bikəs qızı olmasın, lap üstü unlu bir dəyirmançı qızı olsun, xana varis gərək idi – oğlan varisi!.. Elə oğlan varisi ki, xanın yurdculu olsun, onun öz sicillisini daşısın, dədə-baba düşməninə dəri diddirməsin... Bu varis gərək Məmalik xanın cavanlığından da tikanlı, kəsərli, ötkəm olsun, düşmənə bac verməyən qədim xanlıq ocağının tüstüsünü Savalana doğru dik çıxarsın, nəinki atasının mülkünü, malını əlində saxlasın, hətta bu mal-mülkün üstünə də gəlsin, böyük hökmran olsun.

8 dəq
Məhtaban 5

Qoca xanın övzai dəyişdi. O, axund əli ilə kəsdirdiyi əqdnaməni bir cadugər kimi Məhtabanın titrək əlində qoyub çəkiləndən sonra bütün yollar-rizlər Məhəmməd qızının üzünə bağlanan kimi göründü. Bismillahla başlanan əqdnamə hər şeyi kilidə saldı. İndi bu kilidi kim açacaqdı? Başqa əl görünmürdü! Deməli, qoca xan öz nəzakət qaydalarını pozub istər-istəməz birtərəfli hərəkət etmişdi. O, qızın razılığını gözləmədən zorakılığa salıb əqdnamə yazdırmış, Məhtaban Məhəmməd qızını şərən özünə arvad etmişdi! Bəs aradakı azman fərq? İyirmi beş yaş! Yetmiş yaş! Məhtabana görə indi bu fərqin təfərrüatına varan, aradakı yaş uçurumuna baxan hanı? Qacar səltənətində belə qanunsuzluğa qarşı başqa bir qanunla çıxan hanı? “Papağınla vur, yıxılmadı qız malındır!”. Halbuki Məhtaban papaqla yıxılan deyildi! O ərgən oğlan kimi qüvvətli, zərli əlbisədə lap gözəldi. Heç bir yetim-yesirlik Məhəmməd qızını meşələrin cır alması kimi vaxtından əvvəl bürüşdürə bilməmişdi! Heç bir yetim-yesirlik pəhləvan qızını sındırıb qırışdıra bilməmişdi.Məhtaban mühitinin amansız məkrlərinə baxmayaraq yenə də həyat istəyirdi. O özü kimi bir cavanla, uzaqbaşı özündən on-beş yaş yuxarı olan bir oğlanla öz həyatını qurmaq istəyirdi.

8 dəq
Məhtaban 6

Həlaku xan gəlini Ərmağanın gözlənilmədən üzə ağ olduğunu, pəjmürdəhal rəxt-xaba düşdüyünü görüncə kobud hərəkət etdiyini başa düşdü. O, oğlu Ərdahanı xəlvət guşəyə çəkib ona təkidlə tapşırdı ki, bu cəngəlli işdə bitərəf dayanmaq daha faydalıdır. Məmalik xanın özünə varis qazanmaq iştiyaqına düşməsi onları nə qədər göynətsə də, gərək hisslərini dərində gizləsinlər, hələ-hələ üzə açılışıb, bir söz deməsinlər. Çünki qoca Məmalik nə qədər atılıb-düşsə də, daldan atılan daş topuğa dəyəcək, Məmalik mülkü həlakuların olacaqdır! Qəzanın qədərindən oğlan övladı olmadığı üçün qoca uduzubdur, indi daha onun vaxtsız banlamağı, Pəhləvan Məhəmmədin yetimçəsini özünə gəlin gətirməyi bicadır.– Birdən qocanın bu əməli baş tutdu? – deyə Ərdahan atasının qarşısında öz nigarançılığını gizlətmək istəmədi. – Birdən Məhəmmədin yetim qızı düzmü, əyrimi pəhləvan babasına bənzəyən bir oğlan varisi doğdu, onda bəs necə?

10 dəq
Məhtaban 7

Daşlı yolda dördəm gedən qığılcım qoparan nal səslərindən səksənən Ərmağan öz rəxt-xabından dik atıldı, balaca pəncərənin qabağında müztərib dayanıb toz burulğanında gedən atasını, onun dövrəsindəki silahlı süvariləri güclə gördü... Deməli, qoca Məmalik qızı Ərmağanın iynəli sözlərini udmamışdı. Deməli, o, dədə-baba düşməni həlakular evində sınmağını istəməmişdi... Qızı gəlin olan, dörd nəvəsi oynaşan imarət qoca Məmalikə pusquda durub, girəvə gözləyən düşmən səngəri kimi görünmüşdü. Məmalikə görə düşmən səngərində dayanmaq olmazdı! Ona öz səngəri, öz istehkamı gərəkdi...Onların münasibətləri bu məqama çatınca, qoca yeganə qızından da biryolluq əlini üzürdü. Axır yeganə qızı qocanı dinləmir, onun dərdinə qalmır, əksinə, atasının mənliyini düşmən malikanəsində təhqir edib: “özünə süni, qondarma varis düzəldirsən” – deyə onu ana bətnində nəşv-nüma tapan övladını şübhə altına alırdı. Qoca Məmalikə görə indi bir Allah özü onu sındırmamalı, onun mülkünü, əmlakını düşmən həlakulara qismət etməməli, Pəhləvan Məhəmmədin yetimçəsindən ona öz varisini, mütləq oğlan varisini verməlidir!.. Yoxsa Məmalikin gözündə Allah ədalətsiz olar. Fürsəti fövtə verən, yuxudan gec ayılan Məmalikin sümükləri qəbirdə od tutub çırtaçırt yanar, tüstüsü də Savalana doğru dumanlanar...

10 dəq

Başqa şairlərin şeirləri