Məhtaban 7
Səhifə 1 / 2
Daşlı yolda dördəm gedən qığılcım qoparan nal səslərindən səksənən Ərmağan öz rəxt-xabından dik atıldı, balaca pəncərənin qabağında müztərib dayanıb toz burulğanında gedən atasını, onun dövrəsindəki silahlı süvariləri güclə gördü... Deməli, qoca Məmalik qızı Ərmağanın iynəli sözlərini udmamışdı. Deməli, o, dədə-baba düşməni həlakular evində sınmağını istəməmişdi... Qızı gəlin olan, dörd nəvəsi oynaşan imarət qoca Məmalikə pusquda durub, girəvə gözləyən düşmən səngəri kimi görünmüşdü. Məmalikə görə düşmən səngərində dayanmaq olmazdı! Ona öz səngəri, öz istehkamı gərəkdi...
Onların münasibətləri bu məqama çatınca, qoca yeganə qızından da biryolluq əlini üzürdü. Axır yeganə qızı qocanı dinləmir, onun dərdinə qalmır, əksinə, atasının mənliyini düşmən malikanəsində təhqir edib: “özünə süni, qondarma varis düzəldirsən” – deyə onu ana bətnində nəşv-nüma tapan övladını şübhə altına alırdı. Qoca Məmalikə görə indi bir Allah özü onu sındırmamalı, onun mülkünü, əmlakını düşmən həlakulara qismət etməməli, Pəhləvan Məhəmmədin yetimçəsindən ona öz varisini, mütləq oğlan varisini verməlidir!.. Yoxsa Məmalikin gözündə Allah ədalətsiz olar. Fürsəti fövtə verən, yuxudan gec ayılan Məmalikin sümükləri qəbirdə od tutub çırtaçırt yanar, tüstüsü də Savalana doğru dumanlanar...
Məmalik üçün mətləb aydın idi. Ancaq Ərmağan üçün qocanın yeni sevgisi yersiz görünən izafi pərdə idi. Ərmağana elə gəlirdi ki, atasının vücudunda od-atəş deyil, heç cüzi qığılcım da yoxdur. Qocanın ürəyində eşq-məhəbbətdən iz də qalmamışdır! Atasında hər nə od vardısa, hamısı sönmüşdür, hər nə vardısa, Sərəncam xanımın dəfni ilə məzara getmişdir! Ərmağanın nəzərində yetmiş yaşında qocada nə sevgi, nə eşq-məhəbbət? Bunların hamısı ondan ötrüdür ki, qoca xan Ərmağan xanımı da, onun həlakular sicillisi daşıyan oğul övladlarını da Məmalik mülk-əmvalından binəsib, bibəhrə eləsin, Pəhləvan Məhəmmədin yetimçəsindən də olsa, özünə varis düzəldib, Məmalik mülk-malikanəsinə oyuq qoysun!..
Ərmağan xanım balaca pəncərədən yol uzunu burulan toza baxır, atasının elə bu toz içində də itib-batıb, bu dünyadan getməsini istəyirdi. Üstəlik, qocanın indiyə qədər də itib-batıb getməməsinə təəssüf edir, əlini dizinə döyürdü... Əgər qoca Məmalik vaxtında ölüb getsəydi, eybini də özü ilə aparardı.
Ərmağan hiddətlənir, mırıldanırdı.
Ərmağan toz içində uzaqlaşan süvarilər baxdıqca daha artıq oyalanırdı:
“Bir gör mehmannəvazlıq göstərib özünü xahan kimi gözə soxan çalbığ Həlaku məqamı çatanda mənim üstümə necə şəmatətlər yağdıracaq. Qoca Məmalikin səfil anadan təvəllüd tapan vaxtsız varisinə necə güləcək, üstəlik məni, öz gəlinini gözükölgəli edib, getdikcə günümü göy əskiyə düyəcəkdir! Yəqin Həlaku oğlu Ərdahan da artıq sir-sifəti qırışan Ərmağanın üstünə növrəstə qız gətirib istehza ilə deyəcəkdir: “Sənin atanın əkdiyini biçirik!”.
Ərmağan yetim qalan yeddi yaşlı qız kimi hər iki əlini üryan sinəsinə çarpazladı:
“Bu yandan da əlim carda, o yandan da. Bu Həlaku balalarına gəlincə, oğullarım da olsa iplərinin üstünə odun yığmaq xam xəyaldır!”.
Qızdırmasını vecinə almayan Ərmağan xanım geyinməyə başladı, yıxılıb yatmağı, yetim kimi boynu buruq dayanmağı yersiz saydı. İndi Ərmağan hər iki tərəflə vuruşmağa hazır idi! Burada həlakularla, orada məmaliklərlə. Ərmağana görə Pəhləvan Məhəmmədin yetimçəsi də artıq Məmalik idi!.. Deməli, Ərmağan xanım iki cəbhəyə qarşı tək-tənha vuruşmalı idi. Deyəsən, Ərmağan üçün iki tərəfin də əmlak-əmvalını caynağına keçirmək, oğlunun ikisinə Həlaku əmlakəmvalını vermək, o biri ikisinə də Məmalik əmlak-əmvalını vermək, nəticədə vahid Ərmağan xanlığı düzəltmək gərək idi: Ərmağanilər!.. Ola bilməzdimi?.. Qadın sicillisi yaramazdımı?.. OLmazdısa, Ərmağan xanım özü başqa bir erkək sicillisi düzəldə bilməzdimi?
Ərmağan xanımın toz burulğanına baxa-baxa dumanlanan beyni ayazıyırdı... Birinci növbədə onun qarşısında bir düşmən dayanırdı. – O da Allahın qocaya müjdə verdiyi, Pəhləvan Məhəmmədin yetimçəsinin bətnində nəşv-nüma tapmaqda olan kiçicik vücud idi! Əgər bu kiçicik vücud qocanın dilədiyi kimi oğlan deyil, qız olsa, onda necə?.. Ərmağan onu bacılığa qəbul edərmi? Əsla! Nə oğlan, nə də qız! Yox, əprimiş qocadan, heç bir övlad ola bilməz, oğlan varisi deyil, qız varisi də olsa, heç zaman Həlaku xanın indi susan, məqamı çatanda isə açılan ağzını yummaq olmaz!..
Həlaku xan da, oğlu Ərdahan da, Ərmağanın gözü su içmədiyi böyük oğlu Ərşad da, o qaradinməz oğlu Gürşad da, bəlkə xırdaların ikisi də qoca Məmalikdən söz salıb gülüşəcəklər, çalbığ babanın ürəyindən xəbər verir kimi, şaqqanaq çəkəcəklər.
Belə olan surətdə Ərmağan xanım Məmalik qızı olduğunu unudub dədə-baba düşmənləri sayılan həlakulara qarışacaqdımı? O, həlakuların istehzalı hərəkət və söhbətlərini görməməzliyə, eşitməməzliyə qoya biləcəkdirmi?..
Məmalik qızı Ərmağan xanım getdikcə yaman tutulur, dəmir barmaqlıq arasına salınan dişi canavar kimi dişlərini bir-birinə sürtürdü. O öz sabahı üçün həyəcan keçirirdi. Sabah ona daha tufanlı, çovğunlu, qasırğalı, fırtınalı görünürdü!.. Ona elə gəlirdi ki, nə Həlaku, nə də Məmalikdi. Əli hər iki tərəfdən üzülüb, havadan asılı qalıbdır. Nə məmalikləri istehzaya qoyan həlakulara qarışa bilir, nə də dörd oğlunu, burada qoyub Məmalik tərəfdən yapışa bilirdi.
Deməli, indidən vaxt-vədəni itirmədən öz qılıncını itiləmək, elə zəhər suyuna çəkdirmək gərəkdir ki, kimə toxunsa, çürütsün, qəhr etsin!..
Ərmağanın qızaran gözləri genişlənir. Allahın müjdə verdiyi qardaşınamı, bacısınamı – Pəhləvan Məhəmmədin qızı Məhtabanın bədənində düyünlənən düyünü görürdü. “Bax birinci düşmən bu vələdüzzinadır! Budur burada məni dilə-dişə salan. Budur orada məni, mənim övladlarımı əmlak-əmval vərəsəliyindən məhrum edən! Düşmən – günüdür!.. O günüdür ki, Sərəncamın rəxti-xabına soxulmuşdur! Anamın ruhunu təhqir etmişdir. Bax, gör mərhum Sərəncamın müztərib ruhu necə də mənə yazıq-yazıq baxıb deyir:
– “Niyə sən öz atanı başlı-başına qoyurdun? Niyə sən evlənmək iştiyaqına düşən atanı abırlı bir tərəfə yönəltmirdin, niyə öz vaxtında xalaqızılarının birini xanəmizə gətirmirdin ki, belə bədnamçılıq olmaya?! İndi bax gör, mənim tör-töküntümlə böyüyən, tikəmlə-təamımla boynunu yoğunladıb pəhləvanlıq eləyən Məhəmmədin yetimçəsi barigahımızda necə tovuz kimi sallana-sallana xanımlığa başlayıb? Buna nə deyərlər qız? Məni çərəldib öldürən atanın adını indi nə çağırmaq olar? Külli İranda hansı xan bu qədər üfunətli lehməyə, rüsvayçılıq bataqlığına düşübdür?”.
Sanki ana ağlayırdı. Bala isə doğrudan da gözlərindən yaş tökürdü. Ərmağan üşüdüyünə görə çiyinlərinə atdığı zərli çarqatının ucu ilə gözlərini silirdi. O, boğuq-boğuq ağlayır, kinindən ovunmaq bilmirdi.
Heç kəs də içəri girmir, onu ovundurmaq istəmirdi. Elə bil ki, bu imarətin içində də bəri başdan iki cəbhə açılmışdı – birində həlakular durmuşdu, birində də Ərmağan tək-tənha dayanmışdı.
Ərmağan xanım, özlüyündə hansı yanı hər necə asıb-kəssə də yenə də zar-zar ağlayır, çırpınırdı. O, indi bir də təzədən qayıdıb yerinə girsinmi, yaxud göz yaşlarını silib dədə-baba düşmənləri həlakuların qabağına çıxsınmı? Heç düşmən qabağına gözü yaşlı çıxmaq olar? Bəs necə olsun? Axı, niyə Ərmağan qız doğulurdu ki, ata evindən də köçürüləydi! Özü də axund-üləmanın araya girməsi ilə, əslində əntər Həlakunun qurğusu ilə, Quran qəsəmi ilə Ərmağan köhnə dədə-baba düşməni həlakular evinə gəlin gəlibdir. İndi də onun uşaqlarından heç biri – nə davakar Ərşad, nə də qaradinməz Gürşad onun yanına qədəm qoymurlar. Bəs kiçiklər necə? Görünür, kiçikləri də Həlaku o biri yana ötürüb ki, analarının yanına girib, onu ovundurmasınlar. Qoy dədə-baba düşməni məmaliklər qızının bağrı çatlasın! Əgər bu Ərmağan özü ilə məmaliklər mülkünü dartıb gətirməyəcəkdisə, daha onun bu xanimanda olmağının nə lüzumu?
Ömrü uzunu usta tərpənən çalbığ Həlaku indi də ayrı bir ustalıqla Ərmağanı qoca atasının üstünə yönəltmək istəyirdi. Həlaku xan Məmalik deyən müjdədən hələ xəbərdar olmasa da bilirdi ki, yetmiş yaşlı qocanın evlənməkdən məqsədi nədir. Həm də Həlaku yaxşısını bilirdi ki, cüzi ehtiyatsızlıq edib, Ərmağana toxunan bir söz desə, gəlin mütləq hürküb gedər, öz atası ilə birləşər, bəlkə də Pəhləvan Məhəmmədin qızından doğulan varisə ürək yandırar.
“Qoy biz zahirən bitərəf qalaq!” – deyə Həlaku bu düyünün ancaq Ərmağanın öz əli ilə açılmasını istəyirdi. Əlbəttə, düyün bir deyildi, düyün-düyünə calanmışdı. Həddi-zatında düyünlər calana-calana, dəmirə dönə-dönə qılınc kimi itilənir. Ərmağanın əlində getdikcə zəhərli gürzəyə dönür, indidən Məhtabanın bigünah balasının, qaranlıqda qorunan kiçicik xilqətin üstünə yönəlirdi.
Məhtaban görməsə də, bilməsə də Ərmağanın məktubundan, atanın, qızına olan münasibətindən vəziyyətin gərginliyini duyub, görməyə başlayırdı. O özü də Qurana qəsəm etməklə, bismillah barısını aşa bilməməklə özünü düyünə salmışdı. Bu düyün haçan, necə açılacaqdır?!
Məhtaban ildə bir neçə dəfə atası evinə qonaq gələn, əndərunu biruna, birunu əndəruna qatıb-qarışdıran Ərmağanı təsəvvürünə gətirdiyi kimi, kin-küdurətə dolan Ərmağan da bənizi saralan, geyindiyi xanım libası əynindən torba kimi sallanan, övlad gözləyən Məhtabanı təsəvvürünə gətirirdi. Bu anda iki nəzər sanki bir-birini süzürdü.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-mehtaban-7
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..
IIMəktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?
IIIÇoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.
IVGünlər çox sürətlə gəlib keçdi. Onilliyi qurtaran hər şagird ali məktəbə ərizə verib daxil olmaq üçün çalışdı. Mehman evlərinə gəlib anasını çağırdı.– İndi məsləhətin nədir, ana, oxuyum, ya yox?..