Səhifə 2 / 2 · 50%

Deyəsən Məhtabanın əzəlki gözəlliyi də, cəsarəti də azalırdı. Onun gözlərində qorxaqlıq, acizlik, yazıqlıq, hələ ümidsizlik də sezilirdi. Deməli, quduzlaşan Ərmağan dişi canavar kimi qəsdinə dolduğu qurbanını parçalaya, təkcə ətini yox, onun sür-sümüklərini də gəmirə bilər! Ərmağan sanki qovula-qovula yorulan, gözlərindən qanlı yaş axıdan ceyran üstünə atılırdı!

Ərmağan anası Sərəncamın hikkəsi ilə yad günü üstünə cumurdu. Sanki burada, xan imarətində heç bir haqqı-hüququ olmayan bir gününün gözlərini çıxarıb, onun öz ovcuna qoyurdu. Sanki Ərmağan bu gününü saçlayıb sürüyür, oyulub yerə tökülən gözlərini də tapdalayırdı:

– Rədd ol burdan öz cəhənnəminə, goruna, səfil! – deyən anabalanın səsi Məhtabanın qulaqlarında bir-birinə qarışırdı: – Rədd ol, çəkil get, xan xanəsindən!.. Get daha bizim gözümüz sənin kimi bihəyanı görməsin!.. Get, möhkəm bir qəzil çatı götür. Özünü Savalan palıdlarının birindən as! Sən hara, Sərəncam xanımın xallı-xalçalı imarəti, bərli-bəzəkli rəxti-xabı hara? Sən hansı hədd ilə xanımın libasını utanmaz-utanmaz öz əyninə geyibsən?! Sən cadusan, sən iblissən, sən şeytansan! Sən haradan gəlib Pəhləvan Məhəmməd qızının adı ilə buraya soxulubsan? Bəlkə sən heç Pəhləvan Məhəmmədin qızı da deyilsən?! Axı, o, əncümən də olsa, qeyrətli kişi idi. Bəlkə sən xan evinə dürtülüb, varis doğmaq istəyən cadugərsən, sehrkarsan?!

– Mən Pəhləvan Məhəmmədin qızıyam, nə cadugər, nə də sehrkaram!

– Əsla biz inana bilmərik ki, Pəhləvan Məhəmmədin qızı belə, nankorluq, nanəciblik edib, hədd-hüdudunu aşsın!

– Mən Pəhləvan Məhəmmədin doğma qızıyam, xanımlar! – deyə vahiməyə düşən Məhtaban üstünə hücum çəkən ana-baladan özünü qorumağa çalışırdı. – Məni bura Qurana qəsəm qılmaq vədim dartıb gətiribdir!

– Nə Qurana qəsəm qılmaq?

– Bəli xan neçə ay əvvəl aylı bir gecədə bizə gəlmişdi.

– Qoca xan aylı, ya qaranlıq gecədə sizə necə gələ bilərdi? Sən cadusan, hamısını özün quraşdırıb düzəldibsən? Biz cadugər sehrkardan doğulan haram övladın halal xanəmizdə gəzməyinə, hələ dönüb varis, vəliəhd olmağına dözə bilmərik! Biz bütün İran axund-üləmasını çağırıb bura tökərik!

– Elə İran axund-üləmasının özü bizim kəbinimizi kəsibdir, heç mənim razıməndliyimi də almayıbdır!

– Bu yalandır, quru, qara böhtandır! Bu sehrlə sən lap müctəhidin də başını tovlayıb, ağlını oğurlaya bilərsən!

– Mən heç kəsi tovlamamışam, ağlını oğurlamamışam, xanımlar! Əksinə, mənim ürəyim oğurlanıbdır!

– Ürəyim, ürəyim!.. Səndə ürək nə gəzir, Savalandan enən səfilsehrkar?!

– Mən dönə-dönə iqrar edirəm, nə sehrkar, nə də səfiləm! Mən bədbəxtəm, Elə bədbəxtəm ki...

Xəyalında rəqiblərilə deyinən Məhtaban doğrudan da ağlayırdı. Qoca ərinin yolunu gözləyən qız amansız ana-balanın hücumlarına məruz qalmış kimi iztirab keçirirdi. İndi Məhtaban dəmir məngənə arasına alınan günahkar kimi sıxılırdı... Sərəncam xanımın həyulaya çevrilən kölgəsi, hücuma keçən Ərmağanın köz kimi yanan qanlı sifəti Məhtabanı boğazlayıb təngnəfəs edirdi. Xan imarətində Məhtabana hava çatmırdı... O, bətnindəki övlad düyününü açmaq, ağır yükdən yapışmaqla bətnindəki düyünü dağıtmaq məqamına çatırdısa, analıq hissi onun qabağını kəsir, aman vermirdi. O, övladının əlindən yapışıb başqa xanlıqları dolaşmalı, palaz-paltar yumaqla uşağını saxlamalı olsa da, özünü analıq istəyindən məhrum edə bilmirdi...

Ərmağan xanım otağın içində vurnuxanda Həlaku babasının gözündən güclə yayınan, nə vaxtdan bəri qəzəbə dolan Ərşad anasının yatdığı otağın qapısını çəkməsinin burnu ilə açıb içəri girdi:

– Gördün də, Ərmağan xanım, neçə saat əvvəl nə boyda ehtiramı yerə çırpıb, müsəlləh gədələrini də götürüb buranı tərk edən bişərəf qocanın nadan oyununu?

– O sənin babandır, biədəb!

– Mən o biədəb qocanı kürəyindən odlu fişənglə nişan alardım!

– Bəs niyə nişan almadın, dərisinə sığmayan Ərşad Həlaku?

– Çünki Həlaku babam mane oldu. Mən atlanıb qocanın ardınca qoşmaq istədim. Ancaq kişi dedi ki, qonağı nə qapıda, nə də yolda atmazlar!

– Sən doğma babanın qatili olub, ona əl qaldırmaq istəyirdin, nəməkbəharam?

– Elə baş töhməti babaya əl qaldırmaq da azdır!.. Onu atının quyruğuna bağlayıb meyitini evinə sürütdürmək gərəkdi!

Ərmağan xanım hiddətlə irəli durub oğlu Ərşadın qabağında dayandı:

– Səndə bu ədavət haradandır, Məmalik babasının duz-çörəyini tapdayan gədə?

– Hər nə olsa da biz həlakular heç kəsinadan hərəkətini udan deyilik!

– Sən nə yaman cilov gəmirirsən, yumurtadan təzə çıxan, babasının pulu ilə geyinib-kecinən qotazlı!

– Mən yumurtadan təzə çıxan qotazlı deyiləm!

– Bəs nəsən?

– Qüdrətli Qacar hərbiyyə dənişgədəsinin zabiti!

– Səni ora indi buradan acıq edib gedən bədbəxt baban qəbul etdiribdir!

– Mən Tehranda təlim alan Qacar zabitləri sırasında Həlaku sicillisindənəm!

– Onda mən də Ərdaha xanlığında Məmalik sicillisindənəm! – Ərmağan xanım oğlunun üzünə tutarlı bir şillə çəkdi. – Biədəb həlakular! Siz heç vaxt bizim məmaliklərin daxili işlərinə müdaxilə etməyin!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

I

Tədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..

19442 dəq
II

Məktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?

19445 dəq
III

Çoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.

19442 dəq
IV

Günlər çox sürətlə gəlib keçdi. Onilliyi qurtaran hər şagird ali məktəbə ərizə verib daxil olmaq üçün çalışdı. Mehman evlərinə gəlib anasını çağırdı.– İndi məsləhətin nədir, ana, oxuyum, ya yox?..

19443 dəq

Başqa şairlərin şeirləri