Səhifə 1 / 5

Getdikcə Mehman təcrübi işə daxil olur, rayonu tanımağa başlayırdı. Rayon partiya komitəsi katibi Vahidov incə, cavan prokuroru çox sevir, onunla söhbət etməkdən zövq alır, arabir onunla şəhər kənarına gəzməyə çıxırdı. Gənc prokurorun raykom katibi Vahidovla belə qoşa gəzməyi Kamilovu bərk darıxdırırdı: “Dünən yox, srağagün bura təşrif gətirən, ağzından süd qoxusu gələn bir para prokuror hara, bir rayonun siyasi ştab naçalniki, saçlarına dən düşmüş bir raykom katibi hara?” – deyə o, üz-gözünü turşudurdu. Baxdıqca, fikir verdikcə, Kamilov bu cəhəti öz sinəsinə sığışdıra bilmirdi. Buna görə o öz katibi Sərrafzadəyə, müstəntiq Murtuzova tapşırıq verirdi ki, bu qoşa gəzən adamları gözdən qoymaq olmaz. Yoxsa niyə bu söhbətdən doymasınlar?.. Ya niyə kənar bir adamı söhbətə daxil etməsinlər?!.

Əlbəttə, Sərrafzadə canla-başla bu vəzifəni yerinə yetirməyə başlamışdı. Qadınlar arasında gedən söhbətləri o öz bacısı Zərrintac vasitəsilə toplayır, Kamilovun ovcuna qoyurdu. Murtuzov isə prokurorluq idarəsində baş verən ən kiçik hadisələr haqqında Kamilova məlumat verdi.

– Bilirsinizmi, bala, sayıqlıq gərəkdir, – deyə Kamilov kabinetdə vurnuxa-vurnuxa gəzinirdi. – Axı nə barədə belə qoşa gəzmək ola bilər?.. Bircə bu “əsası” öyrənsəniz, heç də bəd olmaz!..

– Bu barədə qoy sizin ürəyiniz buz kimi olsun, – deyə Murtuzov sədrə qulluq göstərmək üçün varlığını əsirgəmirdi. – Biz də bizik! Bir də örkən nə qədər uzun olsa, gəlib doğanaqdan keçər!

– Örkən doğanaqdan keçəni gözləmək olmaz, – deyə Kamilov başını bulayırdı. – Belə bir vəziyyət içərisində örkən doğanaqdan keçməyə də bilər...

Murtuzov, Kamilova qatı açılmamış xəbərlərdən verdikcə Mehmana daha da yaxınlıq edirdi. – “Ondan buna, bundan ona”. Murtuzov belə desə də, Mehmandan daha artıq ehtiyat edir, əlbəttə, Kamilovdan bərk yapışır, aradakı ixtilafa, Kamilovun verdiyi atı geri qaytarmasına baxmayaraq, o özü ürək dostu ilə köhnə münasibətini bərkidir, iki daşın arasında da olsa belə, “bir parça çörəyini” unutmurdu. Bəzən Murtuzov arada dayanıb “canları çıxsın” – deyə qırışıq dodaqlarını büzüşdürüb işləri vərəqləyir; astadan fıştırıq çalır, sonra kağızların şıqqıltısını dinləyirdi. – Dəmirim gedir, ya kömürüm?! – Murtuzov üst-üstə qalaqlanmış iş qovluqlarını bir kənara itələyib ayağa durur, həbsə düşmüş kimi həsrətlə pəncərədən bayıra baxırdı. – Bəli, ancaq siyasət, politika... Mən bu vəziyyətimdə politikasız kimə söykənə bilərəm?.. O tərəf itələsə, bu tərəfə söykənmək, bu tərəfə itələsə, o tərəfə söykənmək!.. Elə dünya özü də iki üzdə yaranıbdır, biri gecə, biri gündüz!..

Murtuz Murtuzov çoxdan qəbul etdiyi bu “həyat düsturu”na indi daha da ciddi əməl edirdi. – Yoxsa bir başı gərək öz əlinlə suaşağı axıdasan?.. – Murtuzov göy şüşəli pəncərədən öz əksinə baxır, onun qırış-qırış sifəti bir qarmon kimi açılıb yığılırdı. – Bax, bu bir dolu baş!.. Dünya avamların dediyi kimi qızıl öküz üstə yox, indi dolu baş üstə dayanır!” Beləliklə o, hər tərəfə sədaqət göstərib tez-tez, bu cilddən o cildə girib uyğunlaşır, Mehmanı gördükcə bir kirpi kimi yığışılıb müti bir sifət alırdı:

– Mən yaşca böyük də olsam, balaca bir kiçiciyiniz olmaq istəyirəm, – deyə Murtuzov ətürpədici bir şəkildə yaranırdı. – Ağıl yaşda deyil, başdadır... Sizin danışığınıza mən heyran oluram... Görürəm, biz axırda çevrilib bir ailə olacağıq. Təvəqqe edirəm, buradan bir yana tərpənsəniz, öz qardaşınızı da unutmayasınız... O günləri anaya da demişəm ki, gərək bizim kasıb komamıza gələsiniz, görəsiniz ki, bu kasıb oğlun necə yaşayır?.. Murtuzov irişir, fəqir-fəqir sözünə davam edirdi.

– Bu barədə mən bizim Xatun nənədən çox rica etmişəm, amma nənə deyir ki, Mehman özü bilər!.. Baxıram, görürəm ki, lap öz anamdır. O günləri Züleyxa xanımdan da təvəqqe eləmişəm, o da mənə söz verib ki, özümüzü düzəldib bir sizə gələrik!

Mehmanın altdan-altdan acıqlı-acıqlı baxdığını görən Murtuzov özünü o yerə qoymur, doğrudan da yay gününün atmilçəyi kimi sıvaşırdı.

– Bilirsiniz, yoldaş prokuror, – deyə Murtuzov axırıncı söhbətdə başını Mehmana sarı uzatdı. – Bizim bir tərəfimiz kəndə söykənir... Kənd ki var, bu qara torpaq bərəkətdir!.. Rəhmətlik atam özü şəhərdən olub, dobbaçılıq etsə də, dayılarım kəndçi olublar... Ona görə lap əzəl gündən bizim bir ayağımız şəhərdə, o biri ayağımız kənddə olubdur!. Buna görə indi anamın toyuq-cücəsi, bir inəyi, iki keçisi var... Əgər anam olmasa, biz bu xırda şəhərdə çoxdan başımızı itirərdik. Anam yığışıb sizə görüşə gəlmək istəyir, deyir ki, gərək gedib bacımı görüm. Vallah düzü, ya burada, ya kənddə, söz-söhbət ancaq elə bu barədə olur!

Qara qıvrım saçları pərakəndə halda dağılan, ancaq işlə məşğul olan Mehman yaza-yaza:

– Dostluq ancaq yüksək bir amalla bağlanmalıdır, – deyib davam edirdi. – Yoxsa vəzifə adamlarının ayrı cürə dostluğu onları çox-çox uzaqlara apara bilər!..

– “Dostluq ancaq yüksək bir amalla bağlanmalıdır”. Murtuzov bu dəfə də cib dəftərini çıxarıb yazdı. – Ancaq bir iş də var ki, dünya durduqca şəxsi dostluq da duracaqdır, – deyə əlavə etdi. – Dünyada bir ürək tikəsi kəsməsən bu dünya daha nəyə lazımdır?.. Bu dünya sədaqət, vəfa, bir də məhəbbətdir! – Ələlxüsus bu sosializmin qələbə çaldığı, ellikcə kollektivləşmə əsasında qolçomağın bir sinif kimi ləğv edildiyi, onun külü göyə sovrulduğu zamanda, dövrümüzün bu çağında!.. Düzü adam dönüb ayna qabağında özünə diqqətlə baxanda utanır ki, bu sədaqət məndə niyə bəs belə kasaddır? Vaxta ki, deyirlər sədaqət, gərək sən də başdan-ayağa çevrilib olasan sədaqət!.. – Murtuzov özünü sadiq və birüzlü adam kimi qələmə verməyə çalışır, sədaqətdən dəm vururdu, ancaq çox vaxt Mehman bəlkə də eşitmir, başını qaldırıb Murtuzova cavab vermirdi. Axırıncı bir təşəbbüs edib, özünü gözə verib sədaqət və mərifətdən danışdıqdan sonra, Murtuz öz kabinetinə keçib xeyli fikirləşdi, bir azdan evinə tərəf yollandı. O, arvadı Yavəri barmağı ilə yanına çağırıb onu başa salmağa başladı ki, sabah idarələrdə iş başlananda prokurorgilə gedib bütün xuruşu ilə bir zəfəran-plov düzəltsin. Şişman vücudlu Yavər öz köşək gözlərini döyüb:

– Bu dünyada heç belə də bir şey olubmu? – deyə təəccüblə yerindən soruşdu: – Sən şələlənib onun evinə gedəsən, qolunu çirməyib, “zəfəran-plov” bişirəsən, öz evində onu qonaq eləyəsən?!

– Sən deyilənə qulaq as! – Murtuzov arvadının üstünə xoruzlandı... – Deyərsən ki, bizim yerin dəbi belədir, sədaqəti, etibarı, vəfası belədir!..

– Axı, nə təhər sədaqət, etibar, Murtuz!

– Nə təhər sədaqət, Murtuz! Ölü qızı, ölü! Bəyəm, indi burada bir parça çörək yemək asandır?

– Mən də bilirəm çətindir!

– Onda deyilənə bax. – Murtuzov arvadı Yavəri yaxalayıb dingildədə-dingildədə onu düz evin xəlvəti küncünə çəkdi. – Bu qədər kluba gedirsən, bu dildən də öyrənmirsən ki, bir başını da saxlayasan? Bəs bu danışıqlar ki, boşa gedəcəkmiş, bu “vicdan-məslək”dən bircəciyi də ilişib sənin yadında qalmayacaqmış, daha havayı yerə bu kluba əriş-arğac etmək, ayaq döymək nə üçün imiş? Başına dönüm, qurbanın olum, Yavər!

Murtuzov çox danışdıqdan sonra, arvadının qolundan tutub onu yırğaladı:

– Beyninə batdımı bu sözlər, heç?

– Ancaq Murtuz...

– Ancağı yoxdur, dərsdir, əzbərlə, yoxsa imtahandan kəsilərsən!

– Vallah, mən heç belə dərsdən baş çıxarmıram, Murtuz!..

– Gərək bədənini saxlamaq üçün bu dərslərdən baş çıxarasan, bala!

– Lap quruyub qalmışam bu zəfəranlı plov əhvalatına! Bəlkə elə bu plovun hər bir dəsgahını, lap baş soğanına qədər aparıb qoyub gələm: özləri gəlsin, hə?.. Yoxsa qazan as, plov bişir ki, mən gərək sizdə, sizi qonaq eləyəm?!

– Heyif o kluba ki, – deyə Murtuzov yanıxdı, – sən onun bəzək bölməsində iştirak edirsən!

– Hələ heç bir bəzək də öyrənməmişəm!

– Hamısına baş lazımdır! Murtuzov birdən tutub Yavəri bərk-bərk öpdü. – A qız, vallah, sən qızılsan!..

Nəhayət ki, ərinin tədimi üzrə Yavər müəyyən hazırlıq görüb üçüncü günü idarələrdə iş başlanan kimi şələlənib Mehmangilə yollandı. Yavər, hıqqana-hıqqana pilləkəni çıxdı. Xatun arvad diqqətlə Yavərə baxıb-baxıb təəccüblə soruşdu:

– Bu nədir, ay arvad?..

– Bir şey deyil, sədaqət haqqı, elə bir şey deyil, – deyə Yavər şələli vəziyyətdə ötüb mətbəxə keçdi. – Məslək haqqı, bir şey deyil!..

– Axı, balam, bu nə şələli gəlişdir?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XXXV

Bəli, Mehman işdən dönüncə Şəhla xanım özünü qabağa verib kürəkəninə xüsusi mehribançılıq göstərdi, bir azdan araya söz salıb Mehmana üz tutub təvəqqe elədi ki, prokuror, Məmmədxan gədənin bu şər işində ədaləti əldən buraxmasın, artıq danışığa, şər-şəbətəyə yol verməsin. Mehman da öz növbəsində Şəhla xanımdan təvəqqe elədi ki, onlar ana-bala heç bir zaman prokurorluğun daxili işlərinə qarışmasınlar. Şəhla xanım kürəkəninin bu sözündən rəncidə olub:– Məgər, ana öz oğluna bir söz də söyləyə bilməzmi? – deyə umuküsü elədi. – Mənim də bu dünyada gözümün ağı-qarası bircə qızım var!

19448 dəq
XXXVI

Mehman respublika prokurorluğunda, öz keçmiş məktəb və hüquq fakültəsi yoldaşlarından bir qrupla görüşdü. Gənc prokurorların hamısı bir-biri ilə mehribancasına salamlaşdılar, öz yoldaşlarının iş-gücündən soruşub əhvallaşdılar. Bir ay bundan qabaq hüquq fakültəsində respublika prokurorluğuna işlər müdiri vəzifəsinə keçirilən Katibə xala qoltuğunda dəftər qapıdan boylanıb:– Yoldaş prokurorlar! – deyə onları öz yanına çağırdı. – Rica edirəm, bir mənim öz yanıma zəhmət çəkin!..

19446 dəq
XXXVII

Bayaqdan yol gələn Mehman qan-tər içində özünü fabrikə çatdırdı, soruşub müdirin kabinetini tapdı. Qapıçı müdiri əvəz edən adamın otağını göstərərək:– Bax, ora buyurun, – dedi, – müdir azarlıdır. Onu orada oturan əvəz edir, baş mühəndis!

19443 dəq
XXXVIII

Axşam çıraqlar yananda Mehman qapıya yaxınlaşıb zəngi basdı. İçəridən ağsaçlı bir qadın gəlib qapını açdı. Mehman salam verdi, qadın onun salamını aldı.– Mən professoru görmək istərdim.

194419 dəq

Başqa şairlərin şeirləri