XIX
Səhifə 3 / 5 · 40%
– Raykom komsomolunu buyurursunuz? – deyə torpaq şöbə müdiri Cabbarzadənin beşinci sinifdə oxuyan pioner oğlu sinəsini qabağa verdi:
– Bəli, Altayı, komsomolun birinci katibini, – deyə Mehman təkrar etdi – onu görmək istəyirəm!
– Gərək ki, öz mənzilində olsun! – deyə həmin uşaq qalstukunu tumarlayıb çevikliklə ağac pilləkəni üzüyuxarı qalxıb eyvana çıxdı, açıq qapının yanovundan başını içəriyə salıb özünə isti xörək hazırlamaq üçün maşınka ilə əlləşən komsomol katibinə salam verdi, yenə də qırmızı qalstukunu düzəldib əmrə müntəzir dayandı. Altay üz-gözünü qaralamışdı. O, əlindəki kibrit qutusunu qoymaq üçün dövrə vurmaqla məktəbli pioneri başdan-ayağa süzüb: – hmm... Əleykəssalam, – deyə səsini qaldırdı – Aza-dd!
– Sizi xəbər alan vardır, yoldaş rəhbər!
– Kimdir bizi xəbər alan, yoldaş pioner?
– Ucaboylu, hündür əmi!
Altay pəncərəyə atılan stəkan-nəlbəki dəsmalı ilə əlini sildi, pioner barmağını burnuna gətirib rəhbərinə işarə etdi. Altay pəncərədəki xırda güzgünü götürüb sifətinə baxdı, nə qədər çalışdısa, təmizləməkdən artıq burnunu qaraladı. O, üz-gözünü təmizləmək üçün əlüzyuyana yaxınlaşdı, ağ dəmir əlüzyuyanda bir qətrə də su olmadığını görüncə başını buladı. Qalstukunu tumarlamağı unutmayan pioner çevikliklə vedrəni qapıb taraq-turuqla ağac pilləkəni endi, o, yan küçədəki şirrandan su gətirmək üçün qoparaqlandı. Altay eyvana çıxdı, öz sabiq məktəb yoldaşı Mehmanı görüncə üz-gözünün qaralanmağını unudub:
– Nə əcəb?.. Xoş gəlmişsiniz, bizə, yoldaş prokuror, – deyə həyətə endi. Altay qaralanan əlini Mehmana uzadınca gülümsünüb:
– Subaylıq sultanlıqdır, – dedi. – Səni bizim yeni həyatda, evimizin qənşərində xoş gördük, əlaçı yoldaş! Bayaqdan bəri bir maşınkanı da alışdıra bilmədim!.. Barı qayğanaq da olsa bişirim, kəndə yollanım... Axı bu axşam saat səkkiz üçün komsomol özəklərinin kolxozarası müşavirəsini keçirməliyik!
İlk görüşdən, ağına-bozuna baxmadan şuxluq edən Altay, dostu Mehmanın pörtüb tutulduğunu görüb:
– Bəlkə ikimiz köməkləşib bir maşınkanı yandıra bildik? – deyə hisə bulanmış əllərini göstərdi. – Barı bir yerdə, bir tikə də olsa çörək kəsəydik?.. Bir qədəh də olsa sizin sağlığınıza badə qaldıraydıq?..
– Belə isə bəs siz niyə bizə gəlmirsiniz, – deyə Mehman Altayı süzüb, istehzanı andıran bir əda ilə dodaqaltı gülümsündü. – Biz ki burada evli-eşikliyik?!
– Çağırılan yerə gedərlər. – Altay deyintili Mehmanı gözdən keçirdi. – Siz ki, gərək biləsiniz: “Çağırılmayan qonaq tatardan da pisdir”.
– Bu köhnə məsəldir!
– Həm köhnə, həm də mürtəce məsəldir!.. Prokurorun məntiqi daha tutarlı olmalıdır, – deyə Altay dirsəyilə Mehmanı dümsüklədi. – O gün küçədən keçəndə Xatun nənəyə təzim edib salam yetirmişəm!
– Bəs Xatun nənə necə?
– O məni evinə dəvət etdi!
– Bəs siz nə üçün buyurmaq istəmədiniz?
– Bu məsul tapşırıqlardan göz açanda, yoldaş Mehmanın özünün evdə olacağı bir zamanda gələcəyimi bildirib nənəyə təşəkkür etdim.
– Altay gülümsünə-gülümsünə danışır, Mehmanın gəlişilə doğan sevincini gizləmirdi. – Ancaq Züleyxanı görüb təbrik edə bilməmişəm.
– Nə üçün?
– Çünki siz bizi öz toyunuza dəvət etmədiyinizdən, quru, tələsik toy etdiyinizdən, bizləri unutduğunuzdan Züleyxa xanımı təbrik etmək üçün istər-istəməz borclu qalmışıq!
– Siz onda Bakıda deyildiniz!
– Bəs onda biz harada olmuşuq?
– Görünür burada vəzifə başında!
– Bəli, institutda komsomol katibi işləməyim məni aktivlər siyahısına saldı, nəhayət, pedaqoji müəssisədə qoparıb ucqarlara atdı. – Altay nəfəsini dərdi, sonra da sağ əlini başıqarlı dağlara doğru uzatdı. – Bax oralara qədər bizi tulladı!..
– Mən bilirəm su balığın, komsomol da sizin canınızdır! – deyə Mehman evindəki Murtuz həngaməsini unuda bilmədən başıqarlı dağlar səmtinə göz gəzdirdi. – Lap onillikdə neçə il bizə rəhbər oldunuz?
– Düz üç il o qaynar məktəbdə komsomol katibi işlədim, – deyə Altayın sinəsi qabardı, – səni isə divar qəzetinin redkollegiya üzvlüyündən yuxarı darta bilmədik!
– Bəlkə dartıb qaldırmaq istəmədiniz?
Mehmanın gözləri dolanır, özlüyündə götür-qoy edir, evdə baş verən hadisəni açıb-ağardımmı, deyə daxilində çırpınır, söhbəti kənar-kəsmə aparır, necə deyər, işi özlüyündə bilmək istəyirdi. Altay isə Mehmanı süzür, səyli rəsmi şagirdi göz qabağına gətirirdi.
– Bəli, siz “5” i hər şeydən üstün tutur, qızların müqabilində saman altından su yeridib Züleyxanı Leyliyə çevirirdiniz, daha bizim günümüzə düşüb “3”lə iməkləmirdiniz?!
– Komsomolun gücü ilə siz də heç onilliyi pis qurtarmadınız, – deyə nə qədər öz daxili aləmi ilə məşğul olsa belə, Mehman da Altaya atmaca atır, üzüntülü fikirlərindən qopub azca da olsun zarafata keçmək istəyirdi. Altay isə indiyə qədər danışdığı ictimai işlərin ağırlığından şikayətlənir:
– Ali məktəbdə, pedaqoji fakültəsində, tarix-ictimaiyyət şöbəsində xeyli çalışmalı oldum, – deyə dərindən nəfəsini dərirdi. – Xeyli kitab vərəqlədim, mən də uzun dilim konspektlər çıxartdım.
– Nə əcəb bəs orada tezcənə rəhbər olmadınız? – deyə Mehman gülümsəyib daxili çırpıntılarını gizlədir, necə, nə təhər olsun, – deyə Murtuzun hərəkətlərinin müqabilində, kənarda yox, özündə qüvvət-cəsarət aramaq istəyir, xudpəsəndlik duyğularından yaxa qurtara bilmirdi. “Öz müavinindən şikayətlənmək acizlik əlaməti olmazmı?..”
Bu arada nazik sısqa şirrandan vedrəni dolduran qulluqbaz oğlan böyürdən ötüb, boyun damarları qızara-qızara pilləkən yuxarı dartındı, onlar da danışa-danışa eyvana qalxdılar. Onlar nə qədər söhbət etsələr, Mehman nə qədər özündə daxili cəsarət arayıb, evdə əmələ gələn vəziyyətin həllini başqa vaxta qoymaq istəsə də, yenə də Murtuz Murtuzovun qurğusu nəticəsində əmələ gələn ağrı-acını unuda bilmir, deyinti, göynərti, gizilti Mehmanın ürəyindən çıxmırdı. Bəlkə o, Altaya bir söz desin, düyünü açsın?.. Özünəməxsus yolla dərindən-dərinə düşünmək istəyən Mehman əllərini belində birləşdirib eyvan boyu asta-asta gəzindi.
Altay pionerdən vedrəni alıb dəmir əlüzyuyanı siləbəsilə doldurdu. Sonra suyun üstünə çilənə biləcəyini görüb əlüzyuyanın altındakı ləyəndən yapışdı, pilləkəni enib, bir kənara boşaldıb qayıtdı. O, gəzinən Mehmana mane olmadan əl-üzünü sabunlayıb möhkəm-möhkəm yuyundu, qurunub təmizləndi, Mehmanın saçlarına bənzəyən sıx qara saçlarını üzüyuxarı daradı, dəmir çarpayısının üstünə sərilən yorğandöşəyini sahmana salmadan, boz nazik adyalla örtdü.
– Buyurun, deyə Altay dolaşıq addımlarla eyvanda gəzinən Mehmanı içəriyə səslədi. – Buyurun, mənim gün-güzəranımı qanuna müvafiq bir nəzərlə gözdən keçirin!..
Mehman var-gəldən qayıdıb içəriyə girdi. Otaqçaya göz gəzdirdi. Burada olan heç bir şey öz yerində deyildi. Duzqabı mürəkkəbə bulaşmış, qarğı mərtəbəcikdəki kitablar baş-ayaq halda bir-birinə qarışmışdı. Divara vurulan mismarlardan yana bir çox yer dəlik-deşik olmuşdu. Mehmanın evə göz gəzdirdiyini görən Altay bir daha dostunu tərpətmək üçün:
– Subaylıq sultanlıq deyilmi? – deyə eyni misalı çəkdi. – Bax belə, mənim kimi!
Mehman dinib cavab vermədi. O, subaylığınmı, ya özü kimi evli olmağınmı gərəkli olduğunu müəyyən etmək istəyirdi. Ancaq nə isə Mehmanın nəfəsi daraldı, bir kitab götürüb vərəqlədi. Hər halda bütün çətinliklərinə baxmayaraq cavan adam üçün subaylığın çətin keçdiyini kəsdirib: “Subaylıq çətin, evlilik də çətindir! – deyə söyləndi: – Ancaq elə bir ailə həyatı olsun ki, müqabil tərəflər bir-birini anlasın, həqiqi əməkdaşlıq, həqiqi yoldaşlıq olsun”, – kitabın vərəqləri arasında Mehmanın gözlərinə gülümsəyən Züleyxa, onun yanında qabarıq yalmanlı Şəhla xanım göründü. Mehman götürdüyü kitabı cəld qapayıb yerinə qoydu. Altayı maşınka ilə əlləşən, onu yandıra bilməyən, yenə də üzgözünü hisə-pasa bulayıb, qaralayan gördü.
– Yenə də həmin-həmin! – deyə Mehman mürəkkəb vəziyyətlə çırpışsa belə, Altaya söz atdı, – əbəs yerə siz rəhbər, o pionerə zəhmət verdiniz.
– Sən mənim canımmı? – deyə Altay balaca aynanı götürdü, bu dəfə üz-gözünün daha artıq qaralandığını gördü, təkrar əlüzyuyana yaxınlaşdı, bir daha yuyunub darandı, Mehmanın qolundan tutub:
– Gedək! – dedi. – Sən mənim canım gedək!
– Evdən haraya?
– Yeməkxanaya, – deyə Altay qol saatına baxdı. – İndi pitinin dəm vaxtıdır!..
– Yoxsa evinə gələn qonağını başından eləyirsən? – deyə dalğalarda döyüşən Mehman qolunu çəkdi.
– Mən, qonağımıza hörmət etmək istəyirəm! – Altay qonağının qolundan yapışıb dartdı. – Mütləq sizi pitiyə qonaq edəcəyəm!
– Belə harada, hansı bir yerdə?
– İctimai yeməkxanada!
– İctimai yeməkxana subaylar üçündür!
– Mən ki evli deyiləm, – deyə Bakıda eşq sevdasıyla bağlandığı qızı yadına salan Altay istər-istəməz ah çəkdi. – Bir də əgər... indi... bu an... evli öz evinə subayı dəvət etmirsə? Onda əlac ictimai yeməkxana deyildisə, bəs nədədir?
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-mehman-xix
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəli, Mehman işdən dönüncə Şəhla xanım özünü qabağa verib kürəkəninə xüsusi mehribançılıq göstərdi, bir azdan araya söz salıb Mehmana üz tutub təvəqqe elədi ki, prokuror, Məmmədxan gədənin bu şər işində ədaləti əldən buraxmasın, artıq danışığa, şər-şəbətəyə yol verməsin. Mehman da öz növbəsində Şəhla xanımdan təvəqqe elədi ki, onlar ana-bala heç bir zaman prokurorluğun daxili işlərinə qarışmasınlar. Şəhla xanım kürəkəninin bu sözündən rəncidə olub:– Məgər, ana öz oğluna bir söz də söyləyə bilməzmi? – deyə umuküsü elədi. – Mənim də bu dünyada gözümün ağı-qarası bircə qızım var!
XXXVIMehman respublika prokurorluğunda, öz keçmiş məktəb və hüquq fakültəsi yoldaşlarından bir qrupla görüşdü. Gənc prokurorların hamısı bir-biri ilə mehribancasına salamlaşdılar, öz yoldaşlarının iş-gücündən soruşub əhvallaşdılar. Bir ay bundan qabaq hüquq fakültəsində respublika prokurorluğuna işlər müdiri vəzifəsinə keçirilən Katibə xala qoltuğunda dəftər qapıdan boylanıb:– Yoldaş prokurorlar! – deyə onları öz yanına çağırdı. – Rica edirəm, bir mənim öz yanıma zəhmət çəkin!..
XXXVIIBayaqdan yol gələn Mehman qan-tər içində özünü fabrikə çatdırdı, soruşub müdirin kabinetini tapdı. Qapıçı müdiri əvəz edən adamın otağını göstərərək:– Bax, ora buyurun, – dedi, – müdir azarlıdır. Onu orada oturan əvəz edir, baş mühəndis!
XXXVIIIAxşam çıraqlar yananda Mehman qapıya yaxınlaşıb zəngi basdı. İçəridən ağsaçlı bir qadın gəlib qapını açdı. Mehman salam verdi, qadın onun salamını aldı.– Mən professoru görmək istərdim.