XIX
Səhifə 4 / 5 · 60%
– Sonra, sonra! – deyə Mehmanın qara qaşları düyünləndi, sifəti dəyişib turşudu. – Sonra, münasib bir vaxtda! – Mehman əlini yellətdi, sanki Murtuzovu, Məmmədxanı zəfəran-plov bişirən Yavəri bir-birinə qarışdırıb nifrətlə rədd etdi. – Ayrı bir zamanda!
– Münasib bir maddəyə salandan sonramı? – deyə Altay pərt olmağa başlayan Mehmanın daxili dərdini bilmədən ücəşdi. – Biz Xatun nənənin əlindən pendir-əppəyi də ləzzətlə alıb yeyə bilərik!
– Mən elə-belə səninlə bir görüşməyə, bir gəzib dolanmağa gəlmişdim!
– Yəqin ki, böyük müsahib Vahidov burada yoxdur, ona görə də kiçik müsahib axtarmaq istəmişsiniz, – deyə Altay başını qaldırdı. – Yoxsa ayrı cürə siz böyük mənsəb sahibi biz komsomolu çətin arardınız?!.
– Heyif ki, indi bu gün Vahidov burada yoxdur, – deyə ürək sirrini açmaq istəməyən Mehman udqunub dərindən nəfəsini dərdi, – çox heyf!
– Komsomol partiyanın sadiq köməkçisidir, – deyə Altay döşünə döydü. Lap biriminci müavini, sözündə-ilqarında möhkəm dayanan müavini!
– Elə mən də partiyanın müavini, namizədiyəm!
– Demək hələ partiya üzvlüyünə burada, bizim büroda keçəcəksiniz?
– Əgər özümü doğrulda bilsəm? – Mehmanın qara qaşları mənalı və əsrarlı açıldı və düyümləndi. – Əgər bu yüksək ada layiq ola bilsəm?!.
– Bizim komsomol bürosu əlaçı Atamoğlanova zəmanət verə bilər!
– Gənclər təşkilatı hələ yuxarıda Atamoğlanova namizədlik zəmanəti vermişdir!..
– Komsomol indi də öz zamınkarlığını təntənəli surətdə elan edər, – deyə Altay əlini sinəsinə gətirib cibindəki kitabçanı çıxartdı. – Düz üç ildir ki, Altay Əhmədov kommunist partiyasının şərəfli vəsiqəsini ürəyinin başında daşıyır!..
– Ona görə də siz büro üzvüsünüz!
– Bəli, mən rayon komitəsinin büro üzvü, yeddi nəfərin birisiyəm!
– Bəs Kamilov necə?
– Təəssüf ki, o əyan da bizim rayon partiya komitəsinin büro üzvüdür!..
– Niyə bəs bu qədər də təəssüflə?!
– Çünki o qoca palıd içəridən çürükləmişdir, – deyə Altay hiddətləndi, çünki Kamilov ürəkdən zədələnmişdir. Onun ürəyi əyilmişdir. Bir də ürəyi əyri olanın işi, hərəkəti düz ola bilməz!
– Siz də çürüyü, zədəni, əyrini kəsin, safi, düzü saxlayın!
– Kamilovun məni görməyə gözü yoxdur!
– Niyə bəs səni?
– Çünki o bizim odlu komsomol tənqidini görəndə elə bil qutuda şahmar görür!..
– Demək Kamilov komsomolun tənqidində dəvə nalbənddən ürkən kimi ürkür?
– Dəvədən də artıq, cin dəmirdən ürkən kimi!
– Axır Kamilov niyə tənqiddən bu qədər hərasan olsun? – deyə Mehman başını döşünə salladı, – nə üçün, bu qədər də komsomoldan qorxub çəkinsin?!.
– Çünki Kamilovu üfürüb dağa döndərən yalnız və yalnız, ardıarası kəsilməyən mədhlər, quru, boş təriflər olubdur!
– Bəlkə köhnələn Kamilovun bütün təzəliyi görməyə gözü yoxdur?
– Kamilov komsomola ağzı süd qoxusu verən çağalar kimi baxır, – deyə Altay əlini yumruqladı. – Elə ki onun şöbə müdirlərinin birisinin adını-familini tutub, tək bircə kəlmə nöqsanını deyirsən, kişinin tüstüsü ərşə dirənir. Elə bil ki, bəs bizim bayaqkı pionerin böyük bir tonqalını çatmısan, alovu, aləmə yayılır... Hey fısıldayır, hey deyinir Kamilov! “Biz balam, bu boyda kişi balaca komsomolun işinə qarışmırıq, demirik, siz balacalar, neçə saat, neçə dəqiqə iclas eləyin, demirik, nə boyda, nə uzunluqda, nə endə divar qəzetini çıxarın, ya siyasi meşqin məramnaməsini hər dəfə bizə göstərin! Bəs necə olur ki, bu dağ boyda mən, işimin öhdəsindən gələ bilmirəm, siz, yumurtadan yeni çıxanlar mənə Karl Marksdan dərs deməyə başlayırsınız?.. Hər bir halda ki, mən özüm Karl Marksın “Kapital”ını neçə kərə o üz-bu üzünə vərəqləmişəm, özünü də inqilabi fırtınalarda bayraq kimi başımın üstə qaldırmışam, polisdən-milisdən qorxub bir ləhzə aşağı endirməmişəm?..”
– Kamilov mənimlə də çox yamanca toqquşmağa başlayıbdır, – deyə Murtuzovun əsl istinadgahını görən Mehman da Altay kimi əsəbiləşdi, özü bilmədən o da əlini yumruqladı. – Qılıncı əlinə götürüb çarpışmağa girişibdir!
– Yəqin ki, lap gələn gündən? – Altay komsomolçuluğa xas ciddi sifət aldı. Sənin gözünün odunu almaq istəmişdir... Yəqin Kamilov sənə öz əlinin suyunu göstərmək istəmişdir!
– Bəli, Kamilov gözümün odunu almaq istəyir!
– Demək sənə dəmirdən də artıq polad nizam-intizamı göstərib təlim verib, “cavanları tərbiyə etmək, onlara öz inqilabi təcrübəmdən də dərs demək, mənim müqəddəs borcumdur!” – deyir, yəqin ki, döşünə döyür ki, burada nə prokuror, nə qanun?.. Qanun mənəm! Qanunu mən yaratmışam, komsomol proqramını mən təsdiq etmişəm, nizamnaməsini də mən düzəltmişəm, pionerə qədər nə iş-güc varsa, hamısını öz əlimlə özüm etmişəm!
– Bəli, təəssüf ki, Kamilovun başı belə-belə sözlərlə dolubdur, – Mehman komsomol katibinin də belə bir əqidədə olduğunu görüb sevindi, Altay əlavə etdi:
– Bəs prokurorun bütün bu işlərə apaydın münasibəti necədir?
– Prokuror sovet dövlətinin qanunu ilə düz-düzünə hərəkət edəcəkdir! – deyə Mehman qətiyyətini bildirdi. – Bir tük qədər əyilməyəcək, qanun deyəndən sarpmayacaqdır!
– Bəli, Kamilov da iri-iri daşlardan, qayalardan Murtuz kimisinin əlilə səni qanun təkərinin altına yumalayacaq, sənin qanun qatarını Murtuz kimisinin qurğusuyla öz yolundan çıxarmağa, istədiyi yola salmağa cəhd edəcəkdir!
– Mən güman edirəm ki, Kamilov öz yoğun boynunu tezmi-gecmi bizim sovet qanunu qabağında sındıracaqdır!
– Bəli, o “mənim oğlum yerində”, “mənim qızım yerində”, “mənim balam, körpəm, nəvəm yerində” – deyə aradabir “siyasət” də işlədəcəkdir, – Altay yana-yana söyləndi. – Bu zorbalıqda adamı tutmaq çətin olacaqdır! Haqqa cavanları bir-bir udacaq, özü də heç bir tora düşməyəcəkdir! – Altay bir an dayanıb əlavə etdi: – Mənim işim bir kənardadır.
– Səni dirigözlü udmağa çalışacaqdır! Murtuz kimi bir dazbaşı, hıqqana-hıqqana sənin yerinə itələyəcəkdir, gül kimi Murtuzdan dastan açacaq, vicdana, məsləkinə and içib, ağzı köpüklənə-köpüklənə boğaz gücünə bütün hərəkətlərini doğruldacaqdır!
– Bəs Vahidov?.. Bəs yoldaş katib? – deyə vücudu qızışan Mehman mərtəbəcikdən başqa bir kitab da çəkdi. – Bəs Vahidov yoldaş həlledici ayaqda bu döyüşlərə necə yanaşacaqdır?
– Vahidov düz-düzünə yanaşacaqdır, – deyə Altay tərəddüdsüz cavab verdi.
– Onda məsələlər tam qanunla, tam düzlüklə, tam ədalətlə həll olunacaqdır!
– Ancaq Kamilovun nüfuzu, onun məddahları da heç az deyildir!
– Altay cavan prokuroru bütün ciddiyyətlə xəbərdar etmək istəyirdi.
– Belə ki, özünü “mən firqəsinin köhnə soldatıyam”, – deyə hər yerdə qələmə verməklə Kamilov özünə xeyli məddah toplamışdır!
– Bəli! – deyə Mehman birdən istədi ki, bu gün onların evində baş verən hadisəni və bunun kökünü açıb Altaya nağıl etsin, ancaq yenə də dayanıb çəkindi, qorxdu ki, Altay, “Gördün yemək, daha nə demək?” – söyləyib Mehmanı yaxalayıb zəforan-plova çəksin, “həm plovunu yeyərik, həm də Murtuz Murtuzovun atasını bizim klubda beş yüz komsomolun gücüylə dalına şələlərik”, – desin?!
Mehman əsəbiləşən barmaqlarıyla Altayın mərtəbəciyindəki kitabları düzəldə-düzəldə bu işlərin dərinini dərk edib düşünməyə, hər bir cəhəti aydın nəticə çıxarıncaya qədər öz ürəyində saxlamağı kəsdirdi. Altay isə adəti üzrə Mehmanın kitablara uğraşdığını görüb özünü tərsliyə qoyan maşınkanı yandırmaq istədi, ancaq his basmış piltələr kiçik alovu udub, Altayın qanını qaraltdı...
Uca dağların ətəyində salınan yeni şəhərin özünəməxsus klubu var idi. Bu klub şəhərin ayaq tərəfində sal-sıldırım qayaların üstündə dayanmaqla qanadlarını yanlara gərmişdi. Klubun bir neçə otağı, klub müdiri və kütləvi işçinin şəxsi mənzillərinə çevrilsə belə, yenə də klub çox da böyük olmayan yeni şəhərin əhalisinə özünəməxsus yolla mədəni xidmət göstərirdi. Burada yerləşən kitabxana və qiraət salonu balaca şəhərin bir dəstə oxucusuna xidmət edir, səhnə tərəfdə olan bir neçə xırda otaqcıqda şəxsi fəaliyyət dərnəyinin məşğələləri aparılırdı. Klub müdiri ortaboylu, nisbətən doluvücudlu Əbdülsalam burada cərəyan edən yaradıcılıq işinin mərkəzində dayanırdı. Əbdülsalam rahatlıq bilmir, hey əlləşib vuruşur, ad-san çıxarmaq istəyirdi... O, burada həm müdirlik, həm rejissorluq, həm aktyorluq edirdi. O, səhnədə mövqeyi-tamaşaya qoyulan bu və digər əsərdən asılı olaraq, gah baş rolda, gah orta, gah da kiçik rolda çıxış edir, öz işi, amalı uğrunda özünü oda, közə atır, sivrilib dərisindən çıxırdı. Əgər birdən burada göstəriləcək bir pyesdə bir neçə qadın rolu olurdusa, onda da biçarə Əbdülsalam yetim quzu kimi boynunu burur, əl-ayağını döşünə yığırdı. Bu halda şəhadət barmağını gicgahına dayayan rejissor bir azdan gülümsəyir, məsələni həll edirdi... O, cavan, kök oğlanlardan, bəzən də lap cod qar saqqalı qaşına-qaşına qırxılanlardan belə arvad yaylığında, kofta-tumanında səhnəyə çıxarır, rəqs zamanı yellənən tumanının altından çıxan ala-bəzək şalvarlar hər şeydən də artıq tamaşaçıların hırıltısına səbəb olurdu... Belə müsamirə zamanı əgər qadın rolunda çıxış edib rəqs edəni bir dəfə səhnəyə çağırırdılarsa, “şalvarlı gözəlləri” bis-bislə bir neçə kərə səhnəyə çağırır, salonu hırıltı doldurur, hay-küy klub pəncərələrindən çıxıb, ətrafın daş qayasında əks-səda verir, qanadlanan Əbdülsalam az qala klub tavanını yarıb ərşə qalxırdı. Rayonun görkəmli məsul işçiləri qabaq cərgələrdə oturduqları zaman, yaxud Mərdan Vahidov burada əyləşdiyi vaxtda salonda intizam yaranır, böyük-kiçik sayılır, haqq-hesab alınırdı. Əgər qabaq cərgələrdə rayon idarələrinin adi məmurları, süpürgəçi və kuryerləri yer tuturdusa, onda bu salonda bir vur-çatlasın qopurdu ki, daha “şalvarlı gözəllərin” parlaq nailiyyətləri göz qamaşdırırdı.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-mehman-xix
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəli, Mehman işdən dönüncə Şəhla xanım özünü qabağa verib kürəkəninə xüsusi mehribançılıq göstərdi, bir azdan araya söz salıb Mehmana üz tutub təvəqqe elədi ki, prokuror, Məmmədxan gədənin bu şər işində ədaləti əldən buraxmasın, artıq danışığa, şər-şəbətəyə yol verməsin. Mehman da öz növbəsində Şəhla xanımdan təvəqqe elədi ki, onlar ana-bala heç bir zaman prokurorluğun daxili işlərinə qarışmasınlar. Şəhla xanım kürəkəninin bu sözündən rəncidə olub:– Məgər, ana öz oğluna bir söz də söyləyə bilməzmi? – deyə umuküsü elədi. – Mənim də bu dünyada gözümün ağı-qarası bircə qızım var!
XXXVIMehman respublika prokurorluğunda, öz keçmiş məktəb və hüquq fakültəsi yoldaşlarından bir qrupla görüşdü. Gənc prokurorların hamısı bir-biri ilə mehribancasına salamlaşdılar, öz yoldaşlarının iş-gücündən soruşub əhvallaşdılar. Bir ay bundan qabaq hüquq fakültəsində respublika prokurorluğuna işlər müdiri vəzifəsinə keçirilən Katibə xala qoltuğunda dəftər qapıdan boylanıb:– Yoldaş prokurorlar! – deyə onları öz yanına çağırdı. – Rica edirəm, bir mənim öz yanıma zəhmət çəkin!..
XXXVIIBayaqdan yol gələn Mehman qan-tər içində özünü fabrikə çatdırdı, soruşub müdirin kabinetini tapdı. Qapıçı müdiri əvəz edən adamın otağını göstərərək:– Bax, ora buyurun, – dedi, – müdir azarlıdır. Onu orada oturan əvəz edir, baş mühəndis!
XXXVIIIAxşam çıraqlar yananda Mehman qapıya yaxınlaşıb zəngi basdı. İçəridən ağsaçlı bir qadın gəlib qapını açdı. Mehman salam verdi, qadın onun salamını aldı.– Mən professoru görmək istərdim.