Səhifə 2 / 2 · 50%

– Ərmağanı görmək istəyirəm, – deyə Məmalik Həlakuya üz tutunca Ərdahan öz kiçik oğlunu qabağa verdi. Məmalikin kiçik nəvəsi babasının əlindən tutub, onu anası yatan otağa keçirdi. Məmalik xan içəri girincə Ərmağan hıçqıra-hıçqıra ağladı. Məmalik nəvəsini otaqdan çıxarıb qapını bağladı:

– Sənə nə olubdur, qız?

– Yeganə qızının ürəyini oxlamısan, bivəfa ata!

– Bəlkə sənin atanın bu dünya üzündə heç nəyə haqqı yoxdur?

– Hər nəyə haqqı olsa da, müsünn və ixtiyar çağında qızın bunca xar etməyə, əğyar içində şəmatətdə qoymağa haqqı yoxdur!

– Neyləmişəm ki?

– Yetmişində özünə ərus gətiribsən! – Ərmağan rəxt-xabının içində oturdu, döş-başının açıq olub-olmadığını vecinə almadı, atasına da kürsü göstərib “əyləşib” demədi. Ata ilə qızın gözləri bir-birini düşməncəsinə süzdü.

– Yaxşı, buyur görək həlakular evinə atanı təhqir etmək üçünmü çağırmısan?

– Atam məni həlakular evində daha artıq təhqir edibsə?

– Nə babətdən atan səni təhqir edib, Ərmağan Həlaku?

– Mən qəsdən özüm üçün Məmalik sicillisini saxlamışam!

– Yaxşı, Məmalik sicillisi, buyurun, görək nə üçün namə göndərib qocanı hüzurunuza çağırıbsınız?

– Məmalik sicillisi Ərmağan xanım öz qoca atasını hüzuruna çağırıbdır ki, ona əmr etsin ki, anası Sərəncamın, ulu xan nəslinə mənsub olan xanımın rəxt-xabına soxulan Pəhləvan Məhəmmədin yetimçəsi Məhtabanı, babası yaşında qocanın başını tovlayan sehrkarı bir göz qırpımında məmaliklər malikanəsindən rədd etsin!..

– Əgər qoca xan Pəhləvan Məhəmmədin yetim qızı Məhtabanı ilahi eşq ilə, Sənansayağı sevirsə?

– Ola bilməz, əsla ola bilməz, xan!

– Nə üçün ola bilməz, Ərmağan xanım!

– Sənan bütün Ərəbistanı özünə güldürdüyü kimi, sən də külli İranı özünə güldürmək istəyirsən!

– Əgər böyük Allah özü mənim ürəyimə sönməz eşq atəşini doldurubsa?

– Sən cadulanmısan, qoca!

– Mən Allahın əmri, peyğəmbərin şəriəti ilə Pəhləvan Məhəmmədin qızı Məhtabanın kəbinini kəsdirmişəm, onunla izdivaca daxil olmuşam!

– Deməli, şərən kəbin də kəsdirmisən?

– Bəli, mən böyük Xudanın qabağında nə inamımı, nə də imanımı dana bilmərəm!

– Deməli, qoca Məmalik fərzəndi zükür-vəliəhd iştiyaqına düşübdür?

– Tək Tanrının iradəsi ilə düşübdür, bəli!

– Tək Tanrının iradəsi ilə qoca başını itiribdir!

– Əgər qoca öz başını itirməyibsə?

– Qoca başını hökmən itiribdir!

– Nə üçün hökmən, Ərmağan xanım?

– Yetmiş yaşına dolan, əpriyən qocadan fərzənd ola bilməz!.. Nə ünas, nə zükür!

– Əgər ulu Tanrı özü indidən qoca xana övlad müjdəsi verirsə?

– İlahi, mənim atam divanədir! – deyə döşü-başı açıq Ərmağan xanım əllərini yuxarı qaldırdı. – İlahi, sən aqibətindən saxla! İlahi, bu qoca öz doğma nəvələrindən birisini aparıb ağ-açıq özünə varis edib bunca xəcalət girdabına düşməyə bilməzdimi, Xudaya, sən bizi düşmən şəmatətindən, əğyar tənəsindən, yaman dildən hifz elə!

– Daha qurtardınmı duanı, qız?

– Duanı qurtarsam da sinəmdə yanan sözlərimi qurtarmadım, xan!

– Onda sinəndə yanan sözlərini də qurtar, qız!

– Sözlərim budur ki, quru yerdən özünə süni varis düzəltmə, ata!

– Necə quru yerdən sünai varis, qız?

– Mən Məmalikə indidən dedim, bir də məqamında deyərəm. – Ərmağan kinli gözləri ilə dəlicəsinə atasını süzdü, dönüb yorğanına büküldü, onun hönkürtüsü otağı başına götürdü.

Qapı ağzında pusquda dayanan Həlaku xan oğlu Ərdahanı dirsəklədi, onlar ayaqlarının ucunda geri çəkildilər. Özünü heç nə eşitməmiş, bilməmiş kimi göstərən qoca Həlaku qohumunun şərəfinə açdırdığı təam süfrəsinin hazırlanması üçün uca səslə sərəncam verdi. Ancaq içəridən qəzəbli çıxan qoca Məmalik süfrəyə meyl etmədən öz nəvələri ilə görüşüb, qohumları ilə salamlaşmadan gədələrinin üstünə qışqırıb atları çəkdirdi, heç bir köməkçi gözləmədən atının belinə qalxıb, həlakular imarətini tərk etdi. Həlaku xan pörtüb tərləyən oğlu Ərdahana müraciətlə:

– Atası bilər, bir də qızı! – deyə ilan başına oxşayan şəhadət barmağını qaldırdı. – Bizə heçcə cürə dəxli yoxdur!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XLIX

Mehman Qaloşlu adamı o qədər də eşitmədən aralandı. Lakin Qaloşlu adamın ağzından çıxan bu qırıq-qırıq sözlərin, kinayəli və istehzalı pıçıltıların müqabilində o özünü ələ ala bilmirdi. Mehmanın ürəyi ömründə birinci dəfə idi ki, belə çapar kimi çapır, ağır-ağır döyünürdü. “Nə üçün bu sözləri eşitməzdən qabaq Qaloşlu adamın başı görünməklə mənim sözlərimin daxili məntiqi elə qırılsın?”. Mehman ağır-ağır düşünürdü. O, qurğuşun kimi ağırlaşan ayaqlarını güclə sürüyürdü. Zil qaranlıq, sanki ayrı bir zəhmlə göydən yerə enirdi. “Ağsaçlı müəllimə. Ağsaçlı, balışa dirsəklənmiş xəstə professor... Ağsaçlı, iztirablı, kədərli ana!.. Mehmanın sözlərinə qüvvət verən, onu hörmətlə dinləyən, boynu piyli, başı yağlı Əbdülqədirə qarşı onu müdafiə edən respublika prokuroru!.. Hələ düz on altı gün bundan qabaq rayon partiya komitəsində Vahidovun onu Kamilovdan müdafiə etməyi... Onun məruzəsini böyük maraqla dinləyən beş yüz nəfərə yaxın gəncin qaynar gözləri!”. Bütün bunlar bir xəyal sürəti ilə Mehmanın təsəvvüründə canlanır, bir-birini təqib edərək tez-tez ötürdü, Mehmanın nəzərində yeni-yeni qanada qalxan bir şahin yerə gəlirdi. Mehman dönüb buludlu göyə, zil, sal qaranlığa baxırdı. Yuxarıda, qaranlıq içində sanki ağ saçlar ağarır, bu adamların simaları heyrət və təəccüb içində görünürdü... Mehman birdən büzüşüb üşütməyə başladı. O, qılçaları qırılmış kimi taqətsiz dayandı.– Mən niyə birdən-birə, – deyə Mehman əlini sinəsinə gətirdi. – Axı nə üçün belə oldu? – Sanki onun atlanan ürəyi yerindən qopmaq, hara isə uçmaq istəyirdi. Birdən Mehman qaranlıq içində səndələyib soyuq divara söykəndi. Uca, qarlı dağlardan başlayıb yavaş-yavaş əsən yel Mehmana əsrarlı bir sərinlik gətirdi... Mehman dayanıb qulaq verdi. Ürəyindən bir səs gəlməyə başlayırdı. – Bu nədir?.. Bu çıqqıltı nədir?

194412 dəq
L

Mehman arxasına baxmadan prokurorluğa tərəf addımladı. Qaloşlu adam lampa işıqları altında Mehmanı bir kölgə kimi təqib etdi... Mehman Qaloşlu adama etina etmədən idarəyə çatdı, cibini əlləşdirib açarı çıxartdı, kassanı açdı, balaca sarı saatı qulağına gətirib onu dinlədi, sonra qaytarıb kassanın bir küncünə atdı, qapını çırpıb bağladı:– Ləkə! – deyə o hikkələnib, məsum bir uşaq kimi, yavaş-yavaş doluxsundu, sonra birdən boğuq-boğuq içində ağladı. – Düzdür, ana, dediyin düz çıxdı, Şəhla xanımın xəmrəsi ayrı cür yoğrulmuşdur... İndi bəs bu rüsvayçılıq ləkəsini necə silmək?.. Bütün bu ağsaçlı adamlara, tay-tuşlara, bütün bu müqəddəs qanunlara hansı üzlə, necə cavab vermək? – Mehmanı ağır kədər bürüdü, sükut içində, sorğu qarşısında dayanan müttəhim kimi, o sakit dayanıb qulaq verdi. Yenə də həmin saat asta-asta çıqqıldayırdı. “Bu harada çıqqıldayır?.. Bu kassadan gərək bir səs çıxmasın?.. Bəs bu səs haradan gəlir?.. Nə üçün bu səs susmur?”

194419 dəq
Məhtaban 1

Balaş Azəroğluna və*Mədinə xanım Gülgünə*

3 dəq
Məhtaban 2

Qoca xan imarətinə döndü. O, nə yerdə olduğunu bilmədi. Özünü tanımadı. Bilmədi ki, müqəddəsləşib ya kafirləşib? Zalımlaşıb, ya məzlumlaşıb? Xan qəribə vəziyyətə düşdü. Od tutdu, alışıb yandı. Elə ki, qocanın sümükləri çöllərin quru çırpısı kimi çırtaçırtla alovlandı, tütünü təpəsindən çıxdı... Görünür, qoca son nəfəsinədək sönməyəcəkdi. Məhtaban xanın gözlərindən getmədi, cır-cındır geyinmiş, ağ mərmər heykəl öz varlığı ilə onun gözlərinin qabağında dayandı:– “Xudaya, bu nə cəncəldir, mən düşdüm?!”.

5 dəq

Başqa şairlərin şeirləri